Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?



28 Sentyabr 2024

Vladimir Putin Təhlükəsizlik Şurasının iclası zamanı nüvə doktrinasına elan olunan dəyişiklikləri bəyan etdi. Yeniliklər arasında “nüvə çəkindirməsi”ni nəzərdə tutulan dövlətlər və hərbi ittifaqların kateqoriyasının genişləndirilməsi də var.

Bundan sonra istənilən qeyri-nüvə dövlətinin “nüvə dövlətinin dəstəyi ilə” Rusiyaya təcavüzü onların birgə hücumu kimi qiymətləndiriləcək.

Bəs sonra? Cavab olaraq kim vurulacaq? Kiyev, yoxsa Vaşinqton, London və Parisin hamısı bir yerdə?

Hərbi-kosmik vasitələrin - hərbi təyyarələr, qanadlı raketlər və pilotsuz təyyarələr, hipersəs və digər uçuş aparatlarının kütləvi şəkildə Rusiya istiqamətində buraxılması barədə məlumat “nüvə cavabı” üçün başqa əsas olacaq. Bundan başqa, hətta adi silahlarla Rusiyanın suverenliyinə kritik təhlükə yaranarsa, “nüvə cavabı” vəd edilir.

Bundan əlavə, Rusiya Belarusa qarşı təcavüz olduğu halda nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Ümumi səylərlə bu hadisə ətrafında ciddi səs-küy yaratmağa çalışdılar. Bəs, bu yenilənmiş doktrinada taleyüklü və sadəcə yeni olan nədir? Əslində, çox az şey.

İstənilən dövlətin Rusiyaya istənilən hücumu və bu zaman ölkənin suverenliyi və mövcudluğuna təhdid həmişə nüvə silahından istifadə üçün səbəb olub. Amma Sovet İttifaqı dağılandan sonra kim və nə vaxt Rusiyaya hücum edib və nüvə dövlətinə hücum etmək kimin ağlına gələ bilər?

Təyyarələrin, raketlərin və dronların Rusiyaya doğru kütləvi şəkildə buraxılması? Bu da hər zaman baş verir. Bu, Ukrayna ilə sülh əldə olunana qədər davam edəcək.

Belarusa hücum zamanı nüvə silahından istifadə? Amma Lukaşenko kiçicik məqam tapan kimi bəyan edir ki, artıq nüvə silahı var və ondan istifadə edə bilər. Bir də ki, Belarus hökmdarına hücum etmək öz vətəndaşlarından başqa kimə lazımdır?

Cəbhədəki çətin vəziyyət (müharibənin üç ili ərzində Donetsk vilayətinin sərhədlərinə çatmaq mümkün olmayıbsa, bütün təbliğata baxmayaraq, vəziyyət çox çətindir) və artıq “eskalasiyadan” qorxmayan Qərbin Ukraynaya göndərdiyi silahların keyfiyyətinin daim artması Rusiya rəhbərində təhlükə və nüvə Apokalipsisinin yaxınlığı hissini təzələmək üçün xüsusi ehtiyac yaradıb. 

Qərb raketləri ilə Rusiya ərazisində hərbi obyektlərə zərbə vurulması qadağasının aradan qaldırılması ehtimalı əslində çox böyük problemdir. Və bunu müxtəlif yollarla həll etməyə cəhd etmək olardı. Məsələn, Novaya Zemlyada nüvə sınaqlarını bərpa etmək. Gözəl bir şəkil çəkmək və Qərbə göndərmək. Hərbçilər heyran olmayacaq, amma adi seçicilər qorxa bilərdi. Amma bu, çox açıq şantaj olar. Rusiyaya qarşı reaksiya isə son dərəcə mənfidir.

Haradasa Ukrayna ərazisində taktiki nüvə silahından istifadə etmək? Çox maraqlı variantdır. Lakin bu, bütün dünyaya birbaşa çağırışdır. Nəticələri çox ağır ola, hətta Çin və Türkiyə ilə münasibətlərə təsir edə bilərdi. Bu isə artıq fəlakətdir.

Beləliklə, ən sadə, real, belə desək, “işləyən” variant ritorikadır. Putin də elə onu seçdi.

Nüvə silah düşməni çəkindirmək üçün vasitə kimi əladır. Ancaq hər hansı bir çətin vəziyyətdə real tətbiq üçün nəzərdə tutulmur. Çünki bu, bir tərəfə olan biletdir.

Nüvə dəyənəyi tapança deyil. Daha çox böyük müqəvvadır. Rusiya prezidenti indi bu müqəvvanı bir az təkmilləşdirib.

Nə qədər işlək olacaq?

Tezliklə görəcəyik. Tamamilə mümkündür ki, Qərb raketlərinin istifadəsinə məhdudiyyətləri bir müddət saxlamaq mümkün olacaq. Sonra noyabr ayı yaxınlaşır. Birdən Tramp qalib gəlsə və bütün bu “davanı” üç günə dayandırmaq istəsə necə?

S.S.B.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10