Kateqoriyalar
Araşdırma
Nikahların və çoxuşaqlı ailələrin sayı azalır, boşanmaların sayı eyni qalır…
27 Sentyabr 2024
Elə hadisələr, proseslər, mənzərələr var ki, onların mahiyyətini, yaratdığı təhlükələri yalnız statistik rəqəmlərlə ifadə etmək mümkün deyil. Məsələn, kəsilən ağacların, quruyan çayların, abortla məhv edilən uşaqların, vəfat edən insanların, tələf olan canlıların... sayı. Bu halların hər birinə dair aydın statistik məlumatlar toplamaq çətin deyil. Çətin olan onların hər birinin nəticəsində təbiətə və cəmiyyətə, hətta bəşəriyyətə yaranan təhlükələri təsəvvür etməkdir. Bir çayın quruması ətraf təbiətdə nə qədər ağır fəsadlara səbəb olur. Uşağın doğulmamış məhv edilməsi nə qədər böyük faciədir. Bir canlının tələf olması təbiətdəki tarazlığa necə təsir göstərir... Bax, boşanan ailələrin sayının artması da cəmiyyətə, onun genofonduna, nəticədə demoqrafik potensiala o qədər ağır təsir göstərir. Üstəlik, ümumi mənzərə nə qədər narahatlıq doğurursa, hər bir boşanma faktı özlüyündə, ailənin hər bir fərdi üçün də ciddi sosial-psixoloji fəsadlara səbəb olur...
***
Rəqəmlər nə qədər aciz olsa da, problemin statistik ifadəsi belə bu sahədə ciddi narahatlıq olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəmizdə 26 min 837 nikah və 12 min 370 boşanma faktı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Nikahlar azalır, boşanmalar artır, çoxuşaqlı ailə nadir hadisəyə çevrilib. Bu, həm də əhalinin sayının azalması deməkdir. Əlbəttə, əhalinin azalmasının tək səbəbi bunlar deyil. Təbii fəlakətlər, ölüm hallarının artması və s. amillər də var. Amma bu amillər insanlardan asılı deyil.
Bu yazıda nikahların azalmasının demoqrafiyaya vura biləcəyi fəsadları araşdıracağıq.
Nikahların sayının azalması tendensiyası təkcə Azərbaycanda yox, qonşu ölkələrdə, eləcə də digər ölkələrin bir çoxunda özünü göstərir. Məsələn, ABŞ, Rusiya, İspaniya, İtaliya, Yaponiya nikahların azaldığı, boşanmaların isə artdığı ölkələr sırasında ilk beşlikdədirlər. Ermənistanda isə 2024-cü ilin yanvar-iyul aylarında 8974 nikah qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 nikah azdır. Bu ilin 7 ayı ərzində 2626 boşanma qeydə alınıb ki, bu da ötən illə müqayisədə 36, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 49 fakt çoxdur.
Həmçinin Türkiyə və Gürcüstanda da ötən illərlə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
Təbii ki, hər cütlüyün boşanmasının, ailələrinin dağılmasının səbəbi müxtəlifdir. Necə deyərlər, xoşbəxt ailələrin hekayəsi eyni, bədbəxt ailələrinki isə fərqli olurmuş. Amma məsələyə ümumi yanaşanda bütün bu müxtəlifliklərin ortaq cəhəti olduğunu görmək mümkündür.
Pressklub.az-a Azərbaycandakı boşanmalardan və nikahların azalmasından danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, boşanmaların nikahları üstələməyə başlamasının bir çox daxili və xarici amilləri var. Müharibə, pandemiya, uşaqların məsuliyyəti, tərbiyəsi, inkişafı ilə bağlı, o cümlədən, qadınların fiziki və psixoloji zorakılığa məruz qalması, ailənin maddi durumunun aşağı olması və s. kimi müxtəlif səbəblər ola bilər.
Müsahibimiz hesab edir ki, ətrafda baş verən hadisələr bizim həyatımızdan təsirsiz ötüşmür. 19-cu əsrin sonlarına qədər çoxailəlilik, icma şəklində yaşamaq, bir-birinə dəstək vermək çox geniş yayılsa da, indi icma şəklində münasibətlər zəifləyib, hətta yox dərəcəsindədir. Böyük ailələrdə subordinasiya, vəzifə bölgüsü, dəstək və digər hallar mövcud idi. İndi isə təəssüf ki, qohumların ailəyə mənəvi, psixoloji dəstəyi azalıb, hətta görülmür.
Həmsöhbətimiz deyib ki, valideynlər işləyə bilmək üçün bir neçə yox, bir uşaqla kifayətlənirlər: “Bu da demoqrafik göstəricidə özünü göstərir. Boşanmalar daha çox səbirsizlik, bərabərhüquqluluq məsələsində tərəflərin bir-birini qəbul etməməsi, əsasən də kişilərin buna qarşı çıxması və qadını dəyişməyə çalışmasından irəli gəlir. Ailədə fiziki və psixoloji zorakılıq münasibətlərin gərginləşməsinə, pik həddə çatmasına gətirib çıxarır. İcmayönümlü ailələrdə böyük sözü, böyüyün məsləhəti və ya dəstəyi həmin ailələrin qorunub saxlanılması ilə nəticələnirdi. İndi nüfuz məsələsi gündəmdən düşmüş məsələdir. Bundan başqa, bir çox psixoloqlar çağırış edir ki, cütlüklərin əksəriyyətində seksual uyğunsuzluq var. Ailədə dəyər sistemi olmayanda daha çox fikir oraya yönəlir. Bu da boşanmalara gətirib çıxarır”.
Zeynalovanın sözlərinə görə, problemin həlli üçün kiçik və dəstəksiz ailələrə dövlət dəstək olmalıdır. Təəssüf ki, ailələr kifayət qədər diqqətdən kənarda qalır. Ailə dəstək mərkəzlərinin çoxalmasına, eləcə də cütlüklərə məsləhət verəcək yaxşı mütəxəssislərə ehtiyac var: “O cümlədən, ailələrlə işləyən sosial işçilər evlərə getsələr, yaxşı olar. Bütün bu sadalananlar kompleks şəkildə hər bir ailədə fərqli həddədir. Həmçinin dini nikahların sayının çoxalması da qeyri-rəsmi nikahların sayının artmasına gətirib çıxarır. İnsanlar aliment ödəməkdən, əmlakı bölməkdən, məsuliyyət və öhdəlikdən qaçırlar. Bu, mühüm məsələlərdən biridir. Bunlar boşanmalara və qeyri-rəsmi nikahların artmasına gətirib çıxarır”.
Statistikaya görə, nikahlar azalıb, boşanmalar isə, demək olar ki, olduğu kimi qalıb. Hesab etmək olar ki, evlənənlərin onundan doqquzu rəsmi nikahlansa da, boşananlarda vəziyyət fərqlidir. Məhkəmə prosesinin uzun sürməsi, mal-mülkün bölünməsi, aliment məsələsi və daha nələr-nələr... Məhz bu səbəbdən ayrılan cütlüklərin bir hissəsi dədə-baba üsulu “boşanmağı” seçirlər. Boşanmağın sənəd üzərində, rəsmi qaydada olmasından savayı bütün qaydalarına əməl edirlər.
“Təəssüf ki, son illər bu tendensiya artan sürətlə davam edir. Bunun bir çox səbəbləri var. Mənzil problemləri, dolanışıq problemi, uşaq saxlamağın çətinlikləri və s. kimi səbəblərə görə gənclər ailə qurmaqda çəkinir. Quranlar isə bir müddət sonra tab gətirə bilməyib, ayrılıq qərarı verirlər”.
Bu sözləri Pressklub.az-a açıqlama verən iqtisadçı ekspert, ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.
Partiya sədri bildirib ki, problemdən çıxış yolları illərdir müzakirə edilir: “Gənc ailələrin mənzil əldə etmə imkanları asanlaşmalı, onlara öz mənzillərinin olması üçün fürsət yaradılmalıdır. Digər məsələ illərdir müzakirə olunan, amma heç bir nəticə verməyən uşaqpulu məsələsidir. Birinci uşaq olmasa da, heç olmasa, ikinci, üçüncü uşaqlara dövlət tərəfindən ciddi yardım olunmasına ehtiyac var”.
Müsahibimiz hesab edir ki, son 10 ildə Azərbaycanda demoqrafik vəziyyət getdikcə pisləşir: “Düzdür, hələlik cənubi Qafqazdan və digər respublikalardan, postsovet məkanında, Orta Asiya respublikalarını çıxsaq, digər ölkələrdən daha öndəyik. Amma bu, müvəqqətidir. Belə davam etsə, bir müddət sonra bizdə də Gürcüstanda, Ermənistanda yaşanan demoqrafik problemlər yaşanacaq. Ona görə də ailə institutunun dəstəklənməsi üçün dövlətin yeni bir proqram qəbul etməsinə ehtiyac var”.
Ekspertlər hesab edirlər ki, təxminən 15-20 il sonra bu problem milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxa bilər. Problem çoxşaxəlidir, müxtəlif aspektlərdən yanaşma tələb edir. Lakin ən təhlükəli tərəflərdən biri gələcəkdə əhali arasında yaşlıların artması və uşaqların azalması, gec evlənmə, boşanma hallarının artması, rifahın azalması ola bilər ki, bunun da qarşısı alınmasa, demoqrafik vəziyyətin pisləşməsi qaçılmaz olacaq.
Günay Elşən