Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yalançı möcüzə, dağılan tifaq, saxta qəhrəmanın faciəli sonu


news content

Sovet dövrünün ən böyük siyasi fırıldaqlarından birinin inanılmaz tarixçəsi

22 Sentyabr 2024

Sentyabr, 1960-cı il. “Baltika” gəmisi SSRİ, Bolqarıstan, Macarıstan və Rumıniya nümayəndə heyətlərini Nyu Yorka, BMT Baş assambleyasının 15-ci sessiyasına aparır. Heyətlərə ölkə liderləri rəhbərlik edir: müvafiq olaraq, Nikita Xruşşov, Todor Jivkov, Yanoş Kadar və George Georgiu-Dej. Bu sessiya Xruşşovun məşhur çəkmə olayı ilə yadda qalacaq, amma bizim mövzumuz o deyil.

 

Sessiya sentyabrın 18-də işinə başladı. Sentyabrın 23-də Xruşşov çıxış edəcəkdi. O, bir gün əvvəl bu çıxışa hazırlaşarkən fikrini dağıdan xəbər aldı: Ryazan vilayətinin partiya rəhbəri Aleksey Larionov ölüb. Bəlkə də intihar etdiyini dedilər. Çünki Larionovun əcəli ilə, yoxsa könüllü ölməsi bu gün də mübahisə mövzusudur. Sıradan bir hadisə olmasa da, çətin ki, Xruşşov təəccübləndi: son iki il ərzində baş verənlərin məntiqi sonluğu idi. 

 

*** 

Aleksey Nikolayeviç Larionov 1907-ci Arxangelsk quberniyasında anadan olub. Həddi-buluğa çatandan komsomol və partiya strukturunda işləyib. 1938-1940-cı illərdə Yaroslavl vilayət partiya komitəsinin üçüncü, 1940-1942-ci illərdə ikinci, 1942-1946-cı illərdə də birinci katibi olub.

 

Larionov üçüncü katib işləyərkən atdığı bir addım SSRİ-nin siyasi tarixində önəmli iz buraxır. Vilayət komsomol təşkilatının birinci katibi Yuri Andropov haqqında vilayət rəhbərliyinə donos daxil olur. Donosda çox ciddi ittihamların yer almasına baxmayaraq, Larionov Andropovu müdafiə edir və ən azı, karyerasını xilas edir. Həmin Yuri Andropov 1982-1984-cü illərdə SSRİ-nin siyasi lideri oldu.

 

1946-cı ildən Moskvada işləyən Larionov 1948-ci ildə Rusiyanın ən geridə qalmış bölgələrindən birinə, Ryazan vilayətinə birinci katib göndərildi. 

 

Ryazan vilayəti 1937-ci ildə Moskva vilayətindən ayrılaraq yaradılmışdı (Tula vilayəti də həmçinin). O vaxta qədər Moskva vilayətinin ucqar ərazisi olan vilayətdə iqtisadi vəziyyət acınacaqlı idi. Adambaşına düşən gəlirə görə ölkədə ən aşağı yerlərdən birini tuturdu. Stalin Larionovu “Ryazanı zibil quyusundan çıxarmaq” üçün buraya göndərdi.  

 

Larionov da pis çalışmır. Artıq 1949-cu ildə böyük dəzgahqayırma zavodunun, bir il sonra radiozavodun tikintisinə başlanır. 1949-cu ildə vilayətdə Kənd Təsərrüfatı İnstitutu, 1951-ci ildə Radiotexnika İnstitutu açılır. 1950-ci ildə Moskva Tibb İnstitutu Ryazana köçürülür. Bəzi ali təhsil müəssisələrinin yerli filialları açılır. Beləcə, Aleksey Larionov qısa müddət ərzində Ryazanı sənaye və gənclik şəhərinə çevirir. 

 

1953-cü ildə Stalin öldü və SSRİ-nin yeni lideri Nikita Xruşşov oldu. O, iqtisadiyyat sahəsində sələfindən fərqli siyasət yürüdürdü. Stalin dövründə daim xalqdan dövlət üçün fədakarlıq tələb olunurdusa, Xruşşov hesab edirdi ki, artıq dövlət də xalq üçün bir şey etməli, onun həyat səviyyəsini yüksəltməlidir. Bunun üçün isə iqtisadiyyatın sosial yönümlü sahələri - yüngül sənaye, tikinti, gündəlik tələbat mallarının istehsalı və ələlxüsus kənd təsərrüfatı inkişaf etdirilməlidir. 

 

Ölkədə mənzil tikintisi vüsət aldı, yüngül sənaye müəssisələrinin sayı artdı, xam torpaqların mənimsənilməsinə start verildi. İstiqamət doğru idi, bircə Xruşşova məxsus maksimalizm və avantürizm olmasaydı. Məsələn, mütəxəssislər ona deyirdilər ki, xam torpaqları tədricən mənimsəmək lazımdır. Yoxsa problemləri yaranacaq: saxlamaq üçün elevatorlar çatmayacaq, daşımaq üçün yol və nəqliyyat problemi ortaya çıxacaq. Amma Xruşşov qulaq asmırdı və ağır zəhmətlə yetişdirilən taxılın bir hissəsi paymal olurdu. 

 

SSRİ-də heyvandarlıq sahəsində də vəziyyət ürəkaçan deyildi. Xruşşov kolxozçuları ev heyvanları saxlamağa həvəsləndirmək üçün həyətyanı sahələrdən tutulan vergiləri azaltdı, kolxozlardan ət və ət məhsullarının alış qiymətlərini qaldırdı. Nəticədə, müəyyən müsbət tendensiya müşahidə olundu. Bu meyli davam etdirmək, tədricən sürət yığmaq lazım idi. Amma Xruşşov kiçik uğurlardan ehtizaza gəlib qrotesk hədəflər müəyyənləşdirməsəydi, Xruşşov olmazdı. 

 

1957-ci il mayın 22-də Leninqradda kənd təsərrüfatı işçilərinin zona müşavirəsində iştirak edən Nikita Sergeyeviç özünün məşhur şüarını səsləndirdi: “Adambaşına düşən ət, süd və yağa görə üç il ərzində Amerikaya çataq və ötüb keçək!”. ABŞ-yə çatmaq üçün isə ət tədarükünü 3,5 dəfə artırmaq lazım idi. Mütəxəssislərin fikrincə, o zaman ABŞ-də olan göstəricilərə SSRİ yalnız 1975-ci ildə nail ola bilərdi. Doğrudur, ABŞ-nin də yerində saymayacağını nəzərə alsaq, bu heç də “çatmaq” olmayacaqdı. Deməli, çatmaq və ötmək üçün daha uzun müddət gərəkirdi.

 

Xruşşov isə gözləyəcək adam deyildi. O, mütəxəssisləri nəzərdə tutaraq, deyirdi: “Onlar buna necə yanaşıblar? Adəti üzrə, karandaş götürüblər və hesablayıblar, neçə il ərzində mal-qara nə qədər arta bilər. Yoldaşlar, hazırda sovet xalqında hansı qüvvənin yığıldığını anlamaq lazımdır. Bu, siyasi hadisədir, bizim partiyanın çoxillik işinin nəticəsidir”. 

 

Məlumdur ki, Xruşşov kommunizmin mümkünlüyünə, sosialist quruluşunun üstünlüyünə səmimi inanırdı. Bəlkə də son sovet lideri idi buna inanan. Bununla belə, heyvandarlığın inkişafını siyasi quruluşla, xalqın qüvvəsi ilə əlaqələndirməyin absurd olduğunu anlamaq olardı axı.

 

Doğrudur, daha yaxşı qulluq sayəsində heyvanlardan daha çox ət almaq olar, amma bu halda söhbət faizlə artımdan gedəcək. Üç dəfə artım üçün mal-qaranın sayı artmalıdır ki, bunun da sosializm quruluşuna, sovet xalqında yığılan qüvvəyə dəxli yoxdur, təbiətin öz qanunları var. İnsanları staxanovçuluq, sosializm yarışı, “Hər şey Vətən üçün” və ya “Amerikaya çataq və ötüb keçək” kimi şüarlarla daha çox işləməyə sövq etmək olar, fəqət heyvanlar nə sosializm qanır, nə Amerikanı ötməyin əhəmiyyətini.

 

Hələ o da vardı ki, heyvandarlıq müstəqil, kənd təsərrüfatının başqa sahələri ilə əlaqəsiz şəkildə inkişaf edə bilməzdi. Heyvan sayını artıranda həm də yetərincə yem tədarük etmək lazımdır. Yem tədarükü üçün əkin sahələri genişlənməlidir, əkin sahələrinin genişlənməsi isə gübrə istehsalının çoxalmasını tələb edir və s. 

 

Zatən 1957-cü ilin nəticələri də heyvanların siyasi şüurunun aşağı olduğunu nümayiş etdirdi. Ət artımı cəmi 3% oldu. Bu, mütəxəssislərin mümkün hesab etdiklərindən də xeyli aşağı idi. Belə templə ABŞ-yə nəinki çatardın, hətta çox irəli buraxıb, gözdən itirərdin. 1958-ci ildə Moskvadan yerlərə göndərilən göstərişdə növbəti, 1959-cu ildə ət tədarükünü kəskin artırmaq tapşırıldı. 1959-cu il yanvarın sonlarında Kommunist partiyasının XXI (növbədənkənar) qurultayını keçirmək qərara alındı. Gündəlik xalq təsərrüfatının yeddiillik inkişaf planının qəbulundan ibarət idi.

 

Heyvandarlıqda irəlidə olan regionlardan biri Ryazan idi. Vilayət südçülük üzrə ölkə lideri idi. SSRİ-də iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən üç sağıcıdan biri - Praskovya Kovrova da Ryazanın “Sosializmin fundamenti” kolxozunda çalışırdı. Hətta “Süd - Ryazan vilayətinin markasıdır” şüarı yaranmışdı. 

 

Larionov bacarıqlı təşkilatçı olduğu qədər də çevik konyunkturçu idi. O, Xruşşovun rəğbətini qazanmaq üçün ət tədarükündə də önə keçməyi qərara aldı. Qurultaya qədər yaddaqalan demarş etmək lazım idi və edildi. “Pravda” qəzetinin 1959-cu il 9 yanvar tarixli nömrəsində Ryazan kolxozçularının “Sovet İttifaqının bütün kənd təsərrüfatı işçilərinə” müraciəti çap olundu. 1958-ci ildə 50 min ton ət tədarük edən ryazanlılar 1959-cu ildə birdən-birə üç dəfə çox ət təhvil verməyi öhdəsinə götürür və hamını da buna çağırırdılar. 

Xruşşovun üç ildə ət tədarükünü üç dəfə artırmaq planı avantüra idisə, Larionovun eyni şeyi bir ildə etmək öhdəliyinin tam absurd olduğunu anlamaq üçün heyvandarlıq üzrə mütəxəssis olmağa ehtiyac yox idi. Amma Ryazan partiya komitəsinin 23 yanvar tarixli plenumunda 150 min ton ət tədarükü planı qəbul edildi. Moskvada da Larionovu alqışladılar, onu başqa vilayət rəhbərlərinə nümunə göstərdilər, o cümlədən qurultayda. Belə absurd plan qarşısında qalan digər vilayət və respublika rəhbərlərinin hansı hisslər keçirdiyini isə yalnız təxmin etmək olar. 

 

Fevralda Xruşşov Ryazana gəldi və xalq təsərrüfatı sahəsində qazanılan uğurlarına görə vilayəti Lenin ordeni ilə təltif etdi. Bu barədə fərman hələ 1958-ci ildə imzalanmışdı. Amma Xruşşovun şəxsən gəlib ordeni təqdim etməsi həm də üçqat ət planı ilə bağlı idi. Təntənəli mərasimdə çıxış edən Xruşşov 150 min ton ət öhdəliyinə də toxunaraq, təşəbbüskarları təriflədi.

 

*** 

Təriflər, təntənələr yekunlaşandan sonra ət planının yerinə yetirilməsinə başlandı. Normal plan, yəni 50 min ton, normal üsullarla 1959-cu ilin avqustunda yerinə yetirildi.  Amma bu, qrafikdən geri qalma demək idi. Qalan dörd ay ərzində 100 min ton ət vermək lazım idi. Bunun üçün qeyri-normal yollara əl atıldı.

 

Əhalinin həyətyanı sahəsində olan heyvanlar pulla alındı, özü də təkcə mal-qara deyil, toyuq-cücə, hind quşu. Ətini təhvil vermək üçün dovşan bəslənilirdi. Məktəblilər dərsdən sonra dovşanlar üçün yem tədarük etməli idilər. 

 

Dövlət fondlarından pul götürərək, qonşu vilayətlərdən mal-qara almağa cəhd edildi. Amma qonşular anlayırdılar ki, ryazanlılar bu il üçqat plan versələr, eyni şey gələn il onlardan tələb olunacaq. Buna görə də heyvan satmağa həvəsli deyildilər. Belə olduqda, ryazanlı emissarlar uzaq Qazaxıstana getdilər. Oradan inək, qoyun, camış, donuz, at gətirdilər. Sentyabrın sonlarında elan edildi ki, Ryazan vilayəti artıq 100 min ton ət verib. 

 

Burada artıq suallar yarana bilərdi. Necə olur ki, vilayət ilk 50 min tonu səkkiz aya verir, ikincisini isə bir aya? Amma nədənsə belə naqolay suallar üzərində düşünən yox idi. Qarşıdakı üç ay ərzində isə daha 50 min ton ət vermək lazım idi. 

 

Üçüncü planı yerini yetirmək üçün edilənlər Ryazanın heyvandarlıq təsərrüfatına qarşı cinayətdən başqa bir şey deyildi. Kəsim yaşına çatmamış gənc heyvanlar, buzovlar və quzular kəsildi. Ryazanı süd tədarükündə ölkə birincisi edən südlük inəklər kəsildi, qəhrəman sağıcı Proskovya Kovrova inəksiz qaldı. Damazlıq inəklər də eyni aqibəti yaşadılar. Amma plan dolmadı. Qazaxıstandan almaq üçün fondlarda da pul qalmamışdı. Belə olduqda, sovet iqtisadiyyatının ənənəvi metoduna - “pripiska” deyilən saxtakarlığa müraciət edildi. Sonrakı yoxlamalar zamanı aydın olacaq ki, bütün kəsilən, satın alınan heyvanlardan əlavə 30 min ton “pripiska” olub. 

 

“Pripiska” iqtisadiyyatda əldə olunan gerçək rəqəmlərin şişirdilməsinə deyilirdi. Kağız üzərində məhsul istehsal olunur, kağız üzərində müəyyən sənaye müəssisəsinə təhvil verilir, kağız üzərində hansısa məhsul istehsal olunur və ticarət obyektlərinə verilir, kağız üzərində də əhali alıb yeyirdi. Hamıya da sərf edirdi: kolxozun da planı dolurdu, sənaye müəssisəsinin də, ticarət obyektinin də. Plan dolanda isə hələ mükafat da alırdılar. 

 

1959-cu ildə də ryazanlılar guya xeyli ət və ət məhsulları yemişdilər, əslində isə mağazalarda ət tapılmırdı. Sonrakı illərdə də tapılmadı. 

Ryazanlılar da Moskvaya yaxın digər regionların əhalisi kimi defisit malları almaq üçün paytaxta üz tutmalı oldular. İnsanlar cümə günü axşam qatara oturur, şənbə günü Moskvaya çatıb alış-veriş edir və gecə yenə qatara oturub, evlərinə qayıdırdılar. Həmin cümə-şənbə qatarlarına “kolbasa qatarları” deyirdilər, hərçənd səfər zamanı təkcə kolbasa və təkcə qida məhsulları alınmırdı. 

 

Pripiska məhsulun keyfiyyəti ilə də bağlı olurdu. Aşağı keyfiyyətli xammal rüşvət müqabilində daha yüksək keyfiyyətli kimi qəbul olunurdu. Ondan da “yüksək keyfiyyətli” məhsul istehsal edilirdi. Məsələn, Azərbaycan istehsalı olan “əla növ” çayları heç kəs almadığına görə mağazalarda toz basdığını xatırlayıram. 

 

Əlbəttə, baş verənlər haqqında Moskvaya siqnallar gedirdi. Amma nə Xruşşov, nə də Rusiyanın formal dövlət başçısı (RSFSR Ali sovetinin Rəyasət heyətinin sədri) sayılan Nikolay İqnatov onlara əhəmiyyət verdilər. Çoxu anonim olan məktublar elə Larionova yönəldilir, o da yazılanları şər-böhtan adlandırırdı. Anonim müəlliflər aşkar ediləndə onları vəzifədən və partiyadan çıxarılmaq kimi cəzalar gözləyirdi. 

 

1959-cu il dekabrın 16-da Ryazan vilayəti 150 min ton ət öhdəliyini yerinə yetirdiyini elan etdi. Ertəsi gün, qarlı havaya baxmayaraq, Ryazanda təntənəli mitinq keçirildi. Larionov öz çıxışında “Ət Vətənimizin ABŞ ilə böyük tarixi yarışında qartal qanadlarına yiyələnmiş ilk qaranquşdur” kimi səfsəfə söylədi. 

 

Bütün İttifaq mətbuatı Ryazandan və onun bacarıqlı rəhbərindən yazırdı. Kommunist partiyası Mərkəzi Komitəsinin 22-25 dekabr tarixli plenumunda ən çox təriflənən adam Larionov idi. Plenumun son günündə Aleksey Larionova Sosialist Əməyi Qəhrəmanı adı verildi. Yeni qəhrəman gündəliyində yazırdı: “Hələ də sərməst kimi gəzirəm. Ölkədə Qəhrəman adı alan ilk vilayət katibi mənəm. Sovet hakimiyyətinin mövcud olduğu 42 il ərzində birinci!”

 

Bu zaman vilayət heyvandarlığına dəyən zərəri yalnız Batı xanın Ryazana hücumu ilə müqayisə etmək olardı. 

 

*** 

Bir ildə ət tədarükünü üç dəfə artıran vilayətdən, aydın məsələdir ki, növbəti ildə də yüksək nəticələr gözləyirdilər. Ryazan bu dəfə 200 min ton ət təhvil vermək öhdəliyi götürdü. Amma talan olunmuş heyvandarlıqla bunun kiçik faizini belə yerinə yetirmək mümkün deyildi. Çıxılmaz vəziyyətə düşən Larionov içkiyə meylli şəxsdən alkoqolikə çevrilməyə başladı. 

 

Çox keçmədi ki, Ryazandakı gerçək vəziyyət Kremlə məlum oldu. Rəhbərlik çətin dilemma qarşısında qaldı: bir neçə ay bundan əvvəl bütün mətbuatın təriflədiyi, əmək qəhrəmanı adı verilən şəxsə qarşı hansı tənbeh tədbiri görmək olardı? İyulda Mərkəzi Komitənin RSFSR üzrə Bürosunun Larionovu içki düşkünlüyü ilə bağlı iclası oldu. Cavabdeh zərərli vərdişini tərgidəcəyinə söz verdi. 

 

Digər müttəfiq respublikalardan fərqli olaraq, Rusiyanın öz kommunist partiyası yox idi. 1956-cı ildə Xruşşovun təşəbbüsü ilə Rusiyadakı vilayət, diyar partiya komitələrinin işinə nəzarət və rəhbərlik etmək üçün MK-nın RSFSR üzrə Bürosu yaradılmışdı. 1966-cı ilə qədər mövcud olan Büronun formal rəhbəri Xruşşov, sonra da Leonid Brejnev idi. Faktiki rəhbərliyi isə Büro sədrini müavini həyata keçirirdi. 

 

Vaxt keçdikcə “Ryazan möcüzəsi”nin “Ryazan fırıldağı”na çevriləcəyinə şübhə yeri qalmırdı. Belə halda içkidən uzaq durmaq mümkün deyildi. Artıq Moskvada vəziyyətin çıxılmaz olduğunu anladılar və vilayət rəhbərini dəyişməyi qərara aldılar. 

 

Məhz bu zaman, 1960-cı il sentyabrın 22-də Aleksey Larionov öldü. Onun ürək çatışmazlığından öldüyü deyilsə də, yuxu dərmanı və ya tapança ilə intihar etməsi haqqında şayiələr yayıldı. Amma SSRİ dağılandan sonra da intiharla bağlı sübutlar tapılmadı. 

 

*** 

SSRİ-nin bütün qapalılığına baxmayaraq, Ryazan biabırçılığını ört-basdır etmək mümkün deyildi. Gizlətmək mümkün olmayan bir şeyin isə müqəssiri olmalı idi. Avantüranın ideya müəllifi özü olsa da, Xruşşov bütün günahı RSFSR üzrə Büroda müavini olan Averki Aristovun üztünə atdı. Partiyanın nüfuzlu rəhbərlərindən olan Aristov Polşada səfir kimi kiçik vəzifəyə göndərildi. 

 

Amma Nikita Xruşşov məsuliyyətdən qurtula bilmədi. 1964-cü ilin oktyabrında partiyadaxili qəsd nəticəsində vəzifəsindən çıxarılanda, ona bir çox nöqsanları ilə yanaşı “Ryazan möcüzəsi”ni də xatırlatdılar.  

 

Bundan bir il əvvəl isə, 1963-cü ildə “Vilayət komitəsinin katibi” adlı film çəkildi. Larionov filmin personajlarından birinin - Artyom Artamanovun prototipi idi…






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10