Kulis.az Rəvan Cavidin "Milyaska körpüləri" reportajının üçüncü hissəsini təqdim edir.
Sarayevoda üçüncü gün günortaya yaxın oyandım. Mostarda keçən on iki saatlıq səfərin yorğunluğu canıma elə hopmuşdu ki, saat on birə kimi ölü yuxusu yatdım. Saat on ikidə Ayla ilə görüşüb Bosniya çayının başladığı yerləri bərabər gəzməyə gedəcəkdik. Ayla bosniyalıdı. Onunla şəhəri gəzmək tanışlığımızdan bəri xəyalım idi. Böyüdüyü küçələri, gəzdiyi yerləri, bütün saflığı ilə xarakterinə və gözəlliyinə yansımış Sarayevonu bir də onun gözlərindən görmək istəyirdim.
- “Azərbaycanım” jurnalının 20 illik yubileyi keçirildi
- Sosial işçi psixoloqdurmu?! - İlahə Ümidli
- Filip Kirkorovun atası həbs edilə bilər
Tramvay məni Nedzariçi adlanan bölgəyə aparırdı. Bəxtimə köhnə qatarlar düşmüşdü. Buna baxmayaraq, səliqəli və təmiz idi. Nedzariçidə Ayla da eyni qatara mindi. Axırıncı dəfə düz bir ay əvvəl Tekirdağda onunla sağollaşıb ayrılmışdıq. Bu bir ay ikimizdə də min ilin hüsranı kimi tünd bir darıxmaq hissi yaratmışdı. Qollarımız bir-birimizə dolandı. Saçlarının ətri qaçaq məhəbbətimizin bütün məsumiyyətini özündə olduğu kimi saxlamışdı. İlıcada qatardan düşüb sadə bir restoranda yemək sifariş etdik. Ayla İtaliyadan mənə “Dekameron”un 1972-ci il nəşrini hədiyyə almışdı. Köhnə kitablara olan marağımı bildiyi üçün Venesiyanın rütubətli bukinistlərini yorulmadan gəzmişdi.
Bosniya çayının başladığı yerə gedirik. Təxminən, üç kilometrlik piyada yolumuz var. Yol nə yol. Hündür, yamyaşıl ağacların göydə qucaqlaşdığı, yerdə bizə yol verdiyi uzun, gümüşü lentin üzərində yeriyirik. Ərəblər və yaşlı boşnaqlar bu yolu faytonla gedir. Bizi kimi cavanlar isə başında sevda dumanı ilə həmin tablonun içindən yeriyərək keçirik. Ara-sıra dayanıb siqaret yandırdıq. Ayla yay boyunca gəzdiyi şəhərlərin – Parisin, Venesiyanın, kiçik alman və Avstriya qəsəbələrinin hekayələrini danışdı. Məndən Tekirdağı, İstanbulu və elə mənim özümü soruşdu. Hava burada şəhərin mərkəzinə nisbətən daha sərin idi. Dörd tərəfimiz yamyaşıl meşələrdən özünə don geyinən dağlar idi. Rənglər bir ağızdan bütün şəhərin nəğməsini oxuyurdu.
Çatdıq. “Vrelo Bosne” Sarayevonun cənub-qərbində, Iqman dağlarının ətəyindədir. Bosniya çayı buradan başlayır. Buz kimi su, xəfifcə əsən külək, yaşıl və mavinin ahəngi, təbii peyzaj, xoşbəxt adamlar. Yəqin cənnət də belə yerdir. Parkı və çayın kənarını xeyli gəzdikdən sonra eyni qaydada faytonlara minmədən İlıcaya qayıtmağa qərar verdik. “Vrelo Bosne”də keçirdiyim dörd-beş saat son illərimin ən sakit saatlarıydı, fərqinə vardım. Müharibə vaxtı (Bosniya müharibəsi) bu meşələrdə xeyli ağaclar kəsilib və yandırılıb. 2000-ci ildən etibarən dünyanın bir çox yerindən ekoaktivistlər parkı yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün birlikdə qollarını çirmələyiblər. Qeyd edim ki, Bosniya suyu və kömüründən sonra meşələri ilə də Balkanların ən məşhur ölkəsidir.
Yolda sahibsiz bir məzar daşı var idi. On altı yaşlı bir gəncin öldürüldüyü yerdə xatirəsinə bəyaz gildən məzar daşı qoyublar. Bu uşaq haqqında bütün şəhər bilir. Sən demə, boşnaq mafiyası bilməməli, görməməli olduğu bir hadisəyə şahid olduğu üçün məktəbli uşağı öldürüb. Kim, nə vaxt, niyə öldürüb bilinmir və polis də araşdırmayıb. Ona görə də, şaiyə var ki, onu öldürənlər, əslində, siyasilərdir. Bilmirəm, bilmirik, yəqin heç vaxt bilməyəcəklər də.
Axşamüstü Başçarşıda Əli ilə görüşdük. Adanalı ələvi yoldaşım sabah geri qayıdacaqdı. Son dəfə Sarayevoda kofe içib sağollaşmaq üçün məkan axtardıq. Ayla bizi bütün Sarayevonu görə biləcəyimiz bir yerə apardı. “Hecco” bu şəhərin ən yaxşı və ən hündür hotellərindən biridir. Damında qurulmuş və dairəvi memarlığı ilə şəhərin hər tərəfini görməyə imkan verən restoranda türk dilini lap jarqon səviyyəsində bilən ofisiant qarşıladı bizi. Hal-əhval tutub bir az söhbətləşəndən sonra Ayla məni ələvi dostumdan ayırdı: – Gəl sənə şəhəri göstərim!
Günəş Dinar Alplarının arxasına keçib yerini yavaş-yavaş Aya verirdi. Şəhərin mükəmməl mənzərəsi var. Barmağı ilə Başçarşının tən ortasını nişanlayıb göstərdi:
– Bax o, katedraldı. Qabağında gördüyün kilsə ortodokslarındı. O da məscid. Arxasındakı da sinaqoqdu. Dur burda şəklini çəkim.
İki yüz metrlik bir yerdə dörd inancın dördü də qürubun sehirli dəqiqələrində mürgüləyirdi. Gözlərim uzaqda bəyaz baş daşlarının qucaqlaşıb düzüldüyü yerə sataşdı:
– Ora haradır?
– Ora sabah gedəcəyik. Şəhid məzarlığıdır.
Əli ilə sağollaşıb, halallaşıb çarşıdan çıxdıq. O, otelə, biz də bilmədiyim bir yoxuşa dırmandıq. Ayla məni şəhərin aşiqlər təpəsinə çıxarırdı. Yoxuşun başladığı yerdə pizza aldıq. Hamı belə edirdi. Deyəsən, bu, yazılmamış qanun idi, ya da ənənə. Əllərində pizzalar və pivələr olan çoxlu gənc bizimlə bərabər qalaya çıxırdı.
“Zuta tabija” – “Sarı qala”. Qala 1727-1739-cu illərdə tikilib. 1878-ci ildə Avstriya-Macarıstan ordularına qarşı müdafiə bürcləri kimi istifadə olunub. Bosniyadakı bütün müharibələr bu qalanı da dəfələrlə yaralayıb. Axırıncı dəfə 1998-ci ildə təmir olunub. Sarayevonun gecə mənzərəsi bu qaladan mükəmməl görünür. Milyaska çayı, üzərindəki xırda və böyük körpülər, gecə həyatı, sarı işıqlar, hələ də qalaya dırmaşan sevgililər, turistlər. Burada hər yaşda cütlük var. Qoca, cavan, məktəbli sevgililər pizzaları və pivələriylə ayaqlarını sallayıb şəhərə qulaq asırlar. İkimiz də susduq, Sarayevo danışdı.
“Sarı qala”nın önündə isə “Bəyaz qala” (Bijela Tabija) var. Hazırda rekonstruksiya dövründə olduğu üçün gedə bilmədik ora. “Bəyaz qala” dəniz səviyyəsindən 667 metr yüksəklikdədir. Qala antik Vratnik şəhərinin qalıqları üzərində inşa edilib. Osmanlı dövründə Vratnik qalası topxana kimi istifadə olunub. Tarixi qeydlərdə adı tez-tez hallanan bu qədim şəhərdə slavyan irqinin mənsubları yaşayıb. Hazırda, Vratnik Sarayevoda bir məhəllə olaraq tarixi ömrünə davam edir.
Sarayevonun gecə mənzərəsi, Aylanın öz şəhəri haqqında iştahla danışdığı rəvayətlər, Milyaskanın uzaqlardan oxuduğu narin nəğmələr səfərimin bəlkə də ən romantik dəqiqələrini bir-birinə calayıb gecənin hüznünə qovuşdururdu məni.
Aylanı şəhərin ən qərbinə gedəcək olan avtobusa yola salıb Milyaskanın kənarı ilə otelə tərəf piyada yol aldım. Körpülər beynimdəki qəribəliyi sahmana salır, gündəliyimə yazacağım cümlələri pıçıldayırdı. Bu qəşəng gecədə həm də ağlımın hansısa qırışlarında Aylanın türkcəyə çevirib zümzümə etdiyi boşnaq mahnı fırlanırdı:
“...Milyaska bütün körpüləri yusa da bir gün,
Səni tapacağam,
Səni tapacağam...”