Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qurumba kəndi - “dağ yolunun qapısı”, “səs gələn qapı”, “gorlara qapı”, “qəbirlərə qapı”



  Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lənkəran penitensiar kompleksi- cəzaçəkmə müəssisəsi Qurumba kəndində yerləşir.

Qurumba Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 9 km cənub-qərbdə, Lənkəran-Lerik şose yolunun üstündə, Talış dağlarının ətəyində yerləşir. Şərqdən Şağlakücə, cənubdan Bəlləbur kəndləri ilə həmsərhəddir, şimaldan və qərbdən meşə zolağı ilə əhatə olunmuşdur.  

   Ərazisi 160 hektar, əhalisi 1250 nəfərdir. Kənddə 

1989-cu ildə 600 nəfər,

1999-cu ildə 841 nəfər, 

2009-cu ildə 937 nəfər, 

2019-cu ildə 1102 nəfər yaşamışdır.

  Qurumba Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında ərazisinə görə 63-cü, əhalisinin sayına görə isə 55-ci yerdə durur. 

    Qurumba talış dilində Qurumbə adlanır. Kəndin adı ilk əvvəl rəsmən Quruba kimi qeydə alınsa da, yaşayış məntəqəsi faktik olaraq Quruba yox, Qurunba və ya Qurumbaadlanmışdır. 5 oktyabr 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Quruba kəndi Qurumba adlandırılmışdır

   Qurumba/Qurumbə toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Musarza Mirzəyev yazır: “Qurumba talışca Kuronbə sözündən olub, mənası “dağ yolunun qapısı” deməkdir. “Ku” - dağ, təpə, “ron” – yol, “” – qapı adlanır” (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh. 19).

   Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Qurumbanın mənasını “səs gələn qapı” və ya Kuhrönbə - “dağ yollarının girəcəyi” kimi qeyd edirlər (Lənkəran. B., 1990, səh. 303).

   “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabından oxuyuruq:  “Qurumba Qurunba variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku(dağ, təpə), ron (yol) və  (qapı) komponentlərindən düzəlib, “dağ yolunun qapısı” deməkdir. Digər mülahizəyə görə isə, oykonim  qronbə sözündən olub, mənası “qəbirlər qapısı” deməkdir” (II cild. B., 2007, səh. 75).

   Azad Zülaloğlu Qurumbanın talış dilində “Qoronbə” sözündən yarandığını və Azərbaycan dilinə tərcümədə “gorlara qapı”, “qəbirlərə qapı” mənasını verdiyini qeyd edir (Bir qalanın tarixi. “Azad Azərbaycan” qəzeti, 6 iyun 2007).

  Etibar Əhədov Qurumbanın “Kuruvə” sözündən götürüldüyünü (talışca “ku” – dağ, təpə, “ru” – çay, “və” – qabaq, ön) və Azərbaycan dilinə tərcümədə “dağ çayının qabağı, ön hissəsi” mənasını verməsi kimi izah edir (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat.  II nəşr. B., 2017, səh. 330).

   Qurumba toponiminin izahı ilə bağlı müxtəlif etimologiyalar olsa da, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyinə görə Qurumbə/Qurumbanın “Kuronbə” (ku – dağ, ro/ron – yol,yollar - qapı) sözündən yaranıb, Azərbaycan dilinə tərcümədə “dağ yolunun qapısı” mənasını verməsi daha inandırıcı görünür. Buna görə də, “Kuronbə”nin sonradan fonetik cəhətdən Qurunbə/Qurumbə şəklinə düşdüyünü söyləmək olar.

    Qurumba ərazisi qədim tarixə malikdir. Burada daş qutu nekropolu (yunan dilində qəbiristanlıq) aşkar olunmuşdur

Nekropol Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Qurumba daş qutu nekropolu adı altında 1522 invertar sayı ilə Son Tunc-İlk Dəmir dövrünə (e.ə. II – I minilliklər) aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.

   Eyni zamanda kəndin yaxınlığında Bəlləbur qalasının xarabalıqları mövcuddur.Qeyd edək ki, tanınmış arxeoloqlar Fərman Mahmudov və Hatəm Kəsəmənli 1960-cı illərdə Bəlləbur qalası və Sığon qəbristanlığında(Bəlləbur kəndi) arxeoloji kəşfiyyat işləri apararkən Qurumba kəndində - tarix müəllimi Həsənağa Həsənovun evində qalmış və əldə etdikləri arxeoloji nümunələri – qılınc, xəncər, sikkələr, saxsı qab qırıntıları və digərlərini Həsənağa müəllimin evinə yığmış, oradan Bakıya aparmışlar. 

    İndiki Qurumba kəndi əsasən Lerik rayonunun Conu (Coni) və Cəlilabad rayonunun Alar kəndlərindən gələnlər hesabına XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Azərbaycan SSR-in 1968-ci ilə dair inzibati-ərazi bölgüsündə kəndin adına rast gəlinmir. Həmin vaxta qədər Qurumba yaşayış məntəqəsi kimi mövcud olsa da, rəsmən kənd statusu almamış və o Şağlakücə kəndinin məhəllələrindən biri sayılmışdır.

    Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və sitrusçuluqdur.  Sovet dönəmindəkəndlərdə kolxoz və sovxozlar fəaliyyət göstərmişdir.

Qurunba ilk əvvəl Gərmətük kəndindəki (1971-ci ildən qəsəbədir) “Sosialist subtropikası”, sonra isə Kərgəlan kəndindəki “Kərgəlan” kolxozu ilə bir təsərrüfatda olmuşdur. 1960-cı illərin ortalarında Qurumba, Narbağı (Ənoəboğ), Mollakənd (Məlodi), Əşlə, Rvo, Şovu, Təngivan və Siyobili  kəndlərini əhatə edən Babək adına sovxoz yaradılmışdır. Babək adına sovxoz çayçılıq və tərəvəzçilik üzrə ixtisaslaşsa da,  sovxozun eyni zamanda  sitrus bağları və heyvandarlıq ferması da olmuşdur. 1987-ci ildə Babək adına sovxozun illik çay planı 163 ton, tərəvəz planı isə 210 ton olmuşdur. Sovxozun Qurumba kəndi ərazisində sitrus bağları və ferması yerləşmişdir 

   Müstəqilliyimizin bərpasının ilk illərində Qurumba kəndi Babək sovxozunun tərkibindən çıxmış və burada əvvəl  “Qurumba” sovxozu, daha sonra isə istehsalat kooperativi  yaradılmışdır. “Qurumba” sovxozunun 1993-cü ildə illik çay planı 50 ton olmuşdur.

   1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.

  Qurumba kəndində ümumi orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, məscid, yanacaqdoldurma məntəqəsi, ictimai iaşə obyektləri, bərbərxana, mağaza-dükanlar və digər sosial obyektlər vardır. 

   Kənddə məktəb 1958-ci ildə təşkil edilmiş, 1979-cu ildə ümumi orta məktəb statusu almışdır. 2014-cü ildə Qurumba kənd ümumi orta məktəbi üçün müasir tələblərə cavab verən üç mərtəbəli bina inşa edilmişdir.

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən rəsmi açılışı (16 yanvar 2024) edilən Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lənkəran penitensiar kompleksi- cəzaçəkmə müəssisəsi Qurumba kəndində yerləşir.

   Qurumba kəndində icra nümayəndəliyi fəaliyyət göstərir. Qurumba  əvvəl Kərgəlan, sonra Rvo kənd sovetliklərinin, daha sonra isə Rvo kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. 25 oktyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmışdır

   2000-2010 (yanvar)-cu illərdə 7 üzvdən ibarət Qurumba bələdiyyəsi fəaliyyət göstərmişdir. 2010-cu ildə  Qurumba bələdiyyəsi ləğv edilərək Rvo kənd bələdiyyəsinə  birləşdirilmişdir. İnzibati binası Mollakənd kəndində yerləşməklə Rvo bələdiyyəsi Rvo, Qurumba, Narbağı, Mollakənd, Əşlə, Şovu, Təngivan və Siyabilikəndlərini əhatə edir. 

                                                                                                İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10