Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Məmurların, mollaların səslərini yazmışam" - Onu İrandan niyə qovublar? - Eksklüziv müsahibə



Kulis.az Amerikada yaşayan məşhur iranlı müğənni, bəstəkar, musiqiçi Mohsen Namjoonun Hafiz Əhmədova verdiyi müsahibəni təqdim edir. 

– Azərbaycanlı olduğumu biləndə ilk nə fikirləşdiniz?

– Təəssüf ki, mən sizin gözəl ölkəniz Azərbaycanda olmamışam. Tətil və ya konsertlər üçün Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm. İllər öncə COVID-19 səbəbiylə Azərbaycanla bağlı bir neçə layihəm tamamlanmadı. (Azərbaycan mediasına müsahibə və Nyu-Yorkdakı Azərbaycan rəqs qrupu ilə layihə və s. - red.) Bu, mənim Azərbaycanın mədəni ictimaiyyəti ilə ilk söhbət və müsahibəmdir.

– Sizə motivasiya verən nədir?

– Hazırda həyatımda çox şeylər müsbətə doğru dəyişib. Əvvəlki kimi tənha deyiləm. İndi evliyəm və çox xoşbəxtəm. Bəlkə də, mənə ağıllı, əyləncəli, çox güman ki, sənətçi ruhlu, müstəqil düşüncəli biri lazım idi. Və çox şanslıyam ki, indi bütün bu xüsusiyyətlər həyat yoldaşım Azadə Axlaqidə cəmlənib. O, İrandakı tarixi hadisələri əks etdirən dizayn fotoqrafıdır. Həm də o, tarixçidir və bu barədə çoxlu kitabı var. Mən ondan ölkəniz haqqında çox şey öyrəndim. Sizə deyə bilərəm ki, bu evlilik mənə gələcək üçün çox motivasiya verir. Sənət və musiqi ilə bağlı çoxlu planlarım var. Yeni layihələrim olacaq.

Mohsen Namjoo və həyat yoldaşı Azadə Axlaqi

– Uğurlarınıza görə kimə, yaxud nəyə borclusunuz? Ümumiyyətlə, ən böyük uğurunuz nədir?

– Hazırkı siyasi-ictimai situasiyalarda, hadisələrdə dürüstlük görmürəm. Və buna görə də mən xarici həyatımda deyil, daxili – şəxsi həyatımda optimistəm. Uğurla bağlı sualınıza gəlincə, mən özümü, həqiqətən, uğurlu insan hesab etmirəm. Çünki uğur nisbi bir şeydir. Həmçinin, insanın uğurla bağlı fikirləri tez-tez dəyişir. Məsələn, 20-25 yaşım olanda mənim uğurumun zirvəsi İran musiqisindəki yaşlı maestrolarımdan bəzilərini məmnun etmək idi. Məsələn, İran musiqisinin nəhəngləri Kayhan Kalhor, Hüseyn Əlizadə, Məhəmməd Rza Dərbişi və ya Pərviz Meşkatyan. Onların məni qəbul edib, işimi təsdiqləmələri mənim üçün çox önəmli idi.
Həbs olunanda, univeristetdə təhsil alanda, 25 yaşımda hərbi xidmətə gedəndən sonra pulsuz, motivasiyasız qalanda, sənətlə bütün bağlarım kəsiləndə çox ağır günlər yaşadım. Sadəcə, xəyallarım vardı. Amma 31 yaşımda həmin musiqi maestroları məni qəbul etdilər. Bəziləri isə mənimlə şəxsi münasibət qurdular, musiqimlə bağlı müsahibələr də verdilər. Bunun uğur olduğunu düşünürdüm. Amma indi uğur anlayışım dəyişib. Populyar olub-olmamasından asılı olmayaraq, daha çox sənətlə məşğul olmağı planlaşdırıram.

– Dəyərlərinizi musiqiyə necə tətbiq edirsiniz?

– Bu, çox yaxşı sualdır və məni düşünməyə vadar etdi. Musiqi və ədəbiyyatın böyük dünyasında mən onların arasında seçim edə bilmərəm. Çünki istənilən dildə sözə, saitlərə, səslərə, əlifba hərflərinə formalist yanaşma kimi, “forma” dediyimiz hər şeyin mənim üçün bir xarakteri var. Onlarla oynamaq, onları yan-yana qoymaq... labirintlərə, mürəkkəb ritm dünyasına daxil olmaqla... mən öz dəyərlərimi musiqiyə belə tətbiq edirəm. Əslində, musiqi, ritm, melodiya, harmoniya elementləri arasında mənim üçün birinci dəyər ritmdir. Fikrimcə, melodiya sizə romantika hisslər, müxtəlif emosiyalar ötürür, ritm isə şüurunuzu itiləyir. Məsələn, bir ay sonra işıq üzü görəcək sonuncu kitabım ritm nümunələrindən bəhs edir.

– Mahnılarınızın ilham mənbəyi nədir?

– Mahnılarımın ilham mənbəyi mütləq həyatın özüdür. Təbii ki, nadir hallarda mənim ilhamımın ictimai və ya siyasi fəaliyyətlərdən qaynaqlanması da baş verir. Amma mən həmişə bundan qaçıram. Bunun sənət olduğunu düşünmürəm.


– Haqqınızda ən böyük yanlış təsəvvür nədir?

– Müxtəlif yanlış təsəvvürlər var idi. Onlardan biri bu idi ki, mən fars dilində heç bir mənası olmayan şeir axtarıram. Qətiyyən belə deyil. Formaları sevirəm. İnanıram ki, forma öz yerində olanda mütləq sizə çoxlu məzmun növləri də bəxş edir. Bu, yalnız əlifbanın hərflərini və sözləri sevmək deyil. Həmçinin, o demək deyil ki, mən mənalı şeylərdən uzaqlaşacağam. Siz, sadəcə, məna haqqında danışmırsınız və həm də formanın gözəlliyinə diqqət yetirirsiniz. Şübhəsiz ki, bu gözəllik sizə çoxlu məzmun və məna verir. Əslində, ən yaxşı məzmun yaxşı formadadır.

Başqa bir yanlış təsəvvür isə şəxsi həyatımla bağlı idi. İllər boyu bəzi insanlar mənim çox yaramaz və ya şən, həmişə, hər şeylə əylənən bir insan olduğumu düşünürdülər. Amma doğru deyil. Səhər yuxudan oyanıram və mütləq musiqi, yazmaq, oxumaq və ya kinoya aid bir şeylə məşğul oluram. Bu yay çox xoşbəxtəm, çünki həyətimdə yaxşı bitkilər əkmişəm. Mənim həyatım çox sadə və sakitdir.
Bir çox insan düşünür ki, Namjoo bütün musiqilərində şərq və qərbi qarışdırır. Amma yox, sadəcə, bir neçə mahnı və ya musiqi parçasında belə etdim.
Haqqımdakı ən böyük yanlış fikir isə qeyri-iranlı tamaşaçıların və ya medianın mənim siyasi sənətçi olduğumu düşünməsidir.
Bu, həqiqətən, kədərli təsəvvürdür. Mən siyasi sənətçi deyiləm.

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– 19-20 yaşımda olanda bir kitab oxumuşdum, təəssüf ki, fars dilindən başqa heç bir dilə tərcümə olunmayıb. Bu kitab fransız dilini bilən və fransız dilində çoxlu kitablar yazan Darius Shaikhan tərəfindən yazılmışdı. Adı “Qərbin qarşısında Asiya” idi. Darius Shaikhanın o kitabı, həqiqətən də, həyatımı dəyişdi. Düşüncəm dəyişdi: biz qədim zamanlarda şərqin bir hissəsi idik, indi isə üçüncü dünya ölkələrinin bir hissəsiyik.

– Aşdığınız ən böyük maneə nə olub?

– Cavab bəllidir, əlbəttə! Mənim vətənim! İndi siyasi məsələlərə görə uzaqdayam... vətənim üçün çox darıxmışam. Anam üçün çox darıxırdım, dünyasını dəyişdi... O daha bu dünyada yaşamır. Ölkəm və doğma şəhərim, Xorasan, Məşəd üçün darıxıram. Küçələr, insanlar, mağazalar və dilim üçün darıxıram. Bu, ən böyük maneədir. Mən hələ də ümid edirəm...


– Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

– Həmişə fikirləşirəm ki, vaxt qiymətlidir, həyat isə qısadır. Biz, sadəcə, qaçmalı, qaçmalı, qaçmalı və nəsə etməliyik. Mən isə artıq qocalıram. Həm də mükəmməlliyim getdikcə azalır. Düşünürəm ki, yarım qalmış layihələrim var. Çoxlu melodiyalar, ideya və sözlər var ki, onları istehsal etməliyəm. İlk işim İranın İslam İnqilabından sonrakı müasir tarixinə şifahi və ya bəlkə də, səsli səyahət haqqında layihəm olacaq.
Sadə insanların, dövlət adamlarının, mollaların və şeyxlərin səslərini yazmışam, cizgi filmləri və televiziya musiqilərini, mühazirələri toplayıb çoxaltmışam. Və demək olar ki, layihə hazırdır. 50-55 dəqiqəlik musiqi olacaq. Bu, yalnız bir trekdir.

Dediyim kimi, ritmlərdən bəhs edən bir kitab üzərində çalışıram. Kitabın adı isə “Hanzala”dır. O, fars dilində yazan ilk şairlərdən biridir. Həmçinin, həyat yoldaşım İranın müasir tarixində baş verən hadisələrin real fotolarından ibarət yeni layihə üzərində çalışır. Mən də ona kömək edirəm.

– Tərəqqiyə doğru atdığımız addımlar insanlığımızdan nələri götürdü?

– Bu, mənə verdiyiniz ən fəlsəfi sualdır. Biz itmişik. Düşünürəm ki, inkişaf etdiyimiz bir vaxtda, - hazırda hər şeyin asan və əlçatan olduğuna görə saxta xoşbəxtik. Bəlkə, bir neçə il sonra evimizin qapısının açarını, smartfonumuzu və ya hər şeyimizi əlimizdə skan edə bilərik. Yaxud da insan geninin dəyişdirilməsi. Bu məni çox qorxudur. Həqiqətən də, bu, inandığım dünya deyil. Tərəqqi aldadır, itirdiklərimizi görmürük.
İnsanların izləyicilərinə itaət etdikləri kimi... Biz, sadəcə, nəyisə, kimisə “follow” edirik. Hamı özü üçün ustad, ali rəhbər ola bilər. Amma sivilizasiya və tərəqqi ideyası bizi quzuya, qoyuna çevirir. Mən bu irəliləyişlə bağlı optimist deyiləm.

– Sizcə, azadlıq nədir?

– İlk növbədə, azadlıq və ədalət arasındakı paradoksa nəzər salmalıyıq. Tarix boyu onlardan birini tapıb, digərini əldən vermişik. Məsələn, 19-cu əsrin sonlarında marksistlər ədalət və bərabərlik axtarırdılar və hər şey hamı üçün eyni olmalı idi. Axmaqlıqdı! Beləliklə, biz hər şeyə nəzarəti tamam hökumətə veririk və o, hər şeyi hamımıza bərabər şəkildə çatdırır. Nəticə nə oldu? Azadlıq əldən getdi. Azadlıq qurban oldu, öldürüldü.

Məsələn, Kanada, ABŞ və Avstraliya da hər kəsə azadlıq vermək istəyir: daha ağıllı olanlar daha çox pul qazana bilər və ya daha çox çalışıb hamını ötə bilərsən!
Nəticə? Bu ölkələrdə də ədalət öldürülür. Həmin ölkələrdəki müxtəlif gəlir məbləğləri, həqiqətən də, inanılmaz və ədalətsizdir.
Bu, insanın əbədi mübarizəsidir: ədalət və azadlıq. Bu iki şey bir-biri ilə əbədi mübarizə aparacaq və bunun həlli yoxdur. Biz, sadəcə, tarazlıq axtarırıq.


– Dinin həyatınızdakı rolu nədir? Dinlə bağlı fikirləriniz maraqlıdır.

– Özümü qətiyyən dindar adlandıra bilmərəm. Mən yeniyetmə ikən bunu yavaş-yavaş parodiya etməyə başladım. Bu, 29-30 yaşıma qədər, bəlkə də, immiqrasiyadan öncəyə kimi davam etdi. 2008-ci ildə İrandan çıxmağa məcbur edildim. Hər halda, o illər ərzində fikirləşirdim ki, dindar olmaq ağılsızlıqdır və din bizim problemlərimizi həll etmir. Başıma gələnlərdən sonra bunu daha da yaxşı başa düşdüm. Nəticə budur ki, bu yaşda dindar olmaq lazım deyil. Ancaq şübhəsiz ki, üçölçülü dünyadan başqa bir şey də var. Allaha və ya başqa bir şeyə inana bilərik. Təbiət təkcə gördüyüklərimizdən ibarət deyil. İnanıram ki, təbiətdə bəzi qüvvələr də var. Mən dindar deyiləm. Dindarlara da hörmətim var.

– Ən böyük qorxunuz nədir?

– Ən böyük qorxum anam üçün darıxmaqdır. Və tənha qalanda başıma gələnləri xatırlaya bilirəm. Bu, Nyu Yorkda 2019-cu ildə baş verdi. Çoxlu konsertlər... tamaşaçılar, insanlar və dostlarım... Amma mən tamamilə tənha idim. Ailəmin digər üzvlərini itirməkdən də qorxuram.

– Bizi insan olaraq xeyirlə şər arasında seçim etməyə vadar edən bir şey varmı?

– Bu da yaxşı sualdır, çünki bu barədə heç vaxt düşünməmişəm. Biz, həqiqətən də, yaxşı və pis arasında seçim etmirik. Sanki kiməsə və ya nəyəsə çevrilirik; varlığımızın bir hissəsi yaxşı şeyə inanmaqdan, o bir hissəsi isə pisliyə inanmaqdan ibarətdir. Biz qismən yaxşıyıq, həm də bacarıqlıyıq. Bunu seçmirik. Düşünürəm ki, bu, bizim başımıza gəlir. Bu, fəlsəfi baxımdan o demək deyil ki, determinizm və ya seçim gücü arasında mən birinci olacağam. Yox. Mən insanın hər yola cəhd edən canlı olduğuna inanıram.

– İranın gələcəyini necə təsəvvür edirsiniz? Məşhəd şəhərinə nə vaxt qayıdacaqsınız?

– İranın gələcəyi haqqında "demokratiya", "azadlıq", yaxud başqa poetik-romantik ifadələrlə danışmaq istəmirəm. İran haqqında danışmağa oradakı vəziyyətə uyğun “rejim” sözüylə başlamaq olar.
Mən İran xalqına inanıram. Qonşularımız olan digər ölkələr haqqında danışmayacağam. Amma İran xalqı hər dəfə bir krallıqdan qurtulmağa çalışdıqda, başqa bir krallığın müstəmləkəsinə çevrilir.
Görünür, despotizm və ali liderlərə tabe olmaq bizim DNT-də var. Məsələn, söz azadlığı əldə etdikdə bir-birimizlə danışmırıq, bir-birimizi öldürürük. “Twitter”dəki (X) iranlıları və bir çox başqa nümunələr göstərə bilərəm. Bizə İranda demokratiya lazımdır. Hesab edirəm ki, parlament sistemi İran üçün daha yaxşıdır. Əgər müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərsə və insanlar onlara səs verə bilsə, o zaman istənilən partiya baş naziri və ya prezidenti seçə bilər. Bu kifayət qədər yaxşıdır. Amma İsveç, Danimarka və ya Avstriya kimi ölkələrin, ümumiyyətlə, qərb yolunun İran üçün uyğun olduğunu düşünmürəm.

– Azərbaycandakı dinləyicilərinizə nə sözünüz var?

– Xüsusən də, ailə qurduqdan sonra Bakıya aşiq oldum. Çünki həyat yoldaşımdan Azərbaycan haqqında çox şey eşitmişəm. Bizim Avropaya ilk çıxış təcrübəmiz Bakıdan keçirdi. İrandakı bir çox mədəniyyət xadimləri, siyasilər xaricə getməli olanda Bəndər-i - Ənzəlidən, Rəştdən Bakıya gələn gəmilərə minirdilər. Daha sonra Bakıdan dəmir yolu və ya maşınla Avropaya gedirdilər.
Bakı mənim üçün, həqiqətən, mənası olan şəhərdir. Bakıda konsert vermək istəyirəm. Ümid edirəm ki, bir gün gerçəkləşəcək...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10