Bir də təşkil olunmuş şikayət əsasında onun “3-cü katib” kimi fəaliyyətini yoxladıqdan sonra, niyə Əlişovun vəzifəsini daha artırıb Rayon Partiya Komisinin 2-ci katib etdilər?
49-il öncə, 1975-ci ildə rəhmətlik Heydər Əliyevin idarə etdiyi tədbirdə o hansı təklifləri səsləndirdi və həmin təkliflər necə reallaşdı?
Niyə Masallıda məşhur “konserv işinə” görə 12 nəfər şəxs həbs edilsə də, həmin zavodun direktoru Əli Əlişov cəzalandırılmadı?
Əli Əlişovun Masallı üçün çoxlarının edə bilmədiyi hansı faydaları olub?
Əli Əlişov nələri özünə bağışlamır?
Əli Əlişovu sizə ideal, yaxud qəhrəman kimi təqdim etmək fikrimiz yoxdur.
Bu yazımızda artıq 86 yaşı adlayıb, ömrün ahıl dövrünü yaşayan, həyatının az qala 60-a yaxın ilini komsomol-partiya-təsərrüfat işlərində rəhbər vəzifələrdə çalışmış Əli Əlişovu olduğu kimi sizə təqdim etməyə çalışacağıq..
Öncə Ağalar İdrisoğlunun Əli Əlişovun 80 yaşı ilə bağlı paylaşdığı yazıdan qısa qeydlərlə tanış olaq:
“Atalarımızın belə bir məsəli var: “Paklıq ucalıqdır.
Əli müəllim: “Mən kasıb bir ailədə doğulmuşam və böyümüşəm. Amma vəzifədə olanda həmişə bacarıqlı, savadlı, təşkilatçı insanları qabağa çəkmişəm. Çünki bilmişəm ki, belə insanlar təkcə özlərinə yox, rayon camaatına da başucarlığı gətirər. Çox yaxşı ki, heç vaxt fikrimdə yanılmamışam”.
Qısa arayış: Əli Mahmud oğlu Əlişov 1938-ci ilin aprel ayının 17-də Masallı rayonu Köhnə Alvadı kəndində anadan olub. O, ali təhsilli iqtisadçıdır.
Əmək fəaliyyətinə kolxozçu və fəhlə kimi başlayıb. Masallı Rayon Komsomol Komitəsinin 2-ci, sonralar 1-ci katibi, Rayon Partiya Komitəsinin katibi və sonralar 2-ci katibi, Şərəfə, Digah və Köhnə Alvadı ərazilərdəki sovxozların rəhbəri və Masallı Konserv zavodunun direktoru vəzifələrində çalışıb.
Son iş yeri Masallı rayon İcra Hakimiyyətində Baş Məsləhətçi vəzifəsi olub. O, 2000-ci ilin noyabr ayından Dövlət qulluqçusu kimi təqaüdə çıxıb”.
Bu, Əli müəllimin, necə deyərlər, rəsmi tərcümeyi-halıdır.
Bəs onun mənəvi tərcümeyi-halında nələr var?
Əli müəllimin həyat yolundan özünün müəllifi olduğu “Haqq danılmazdır”, “İnsan və insanlıq”, “”Kəndimiz və sakinləri”, eləcə də nəvəsi Əkrəm Ənvər oğlunun onun həyat yoluna həsr olunmuş “Mənəviyyat adamı” kitablarından daha dolğun öyrənmək olar.
60 ilə yaxın məsul vəzifələrdə, bir-birindən fərqli 10-a yaxın rəhbərlərlə çalışmaq, (özü də sovet dövründə) kimlər üçünsə “pis adam” olmamaq çətin olsa da, Əli müəllim bu qarışıq zamanda yaxşı insan adını qoruya bilib.
Əli müəllim hazırda, 86 yaşında Bakının Əhmədli qəsəbəsində, sadə bir mənzildə övladı ilə kirayədə yaşayır. Gümrahdır, yenə mütaliə edir, şeir oxumağı və dinləməyi də tərgitməyib. Kifayət qədər təmkinli, dinləməyi bacaran, olduqca səmimi insandır.
Rayonumuzda onu “canlı ensiklopediya”adlandıranlar da az deyil.
40 ildən artıq tanışlığımız var. Onu həmişə insanlara hədsiz mehriban, qayğıkeş insan kimi tanımışam.
Son illər Qurana çox tapınıb. Ən böyük nisgili 65 il birgə yaşadığı həyat yoldaşını və 54 yaşlı oğlunu itirməsidir. Əli müəllim deyir ki, özümü onların qarşısında çox borclu sayıram. Elə bilirəm ki, onlar üçün lazımi qədər, layiq olduqları qədər çox şey edə bilmədim.
Əli müəllimin fərdi yaxşılıq etdiyi, dəyər verdiyi insanlar çox olub. Lakin onun həyatında elə məqamlar var ki, bu əməlindən yüzlərlə insan faydalanıb. Bir də Əli müəllim qədər, təzyiqlərə, şantajlara, qarayaxmalara, necə deyərlər, Kremlə qədər gedib çıxan, həmin dövrdə kütləvi şikayətlərlə qarşılaşan ikinci rəhbər şəxs tapmaq çətindir.
Bütün bunlara görə onun həyatından bir neçəməqamı xüsusi ilə qabartmaq istəyirik.
Sovet hökumətinin qəribə qaydaları
Əyalətin “xarakterini” dəqiq bilməyən “yuxarıdakılar” bəzən reallıqla uyuşmayan qaydalar qəbul edirdilər.
Əli Əlişov – Təsərrüfatlarda ot yığımı vaxtı belə bir normativ müəyyənləşmişdi ki, yerli sakinlər bu yığıma cəlb olunan zaman 10 ot topası qədər yem yığırdılarsa, bunun üçün cəmi 1 topasının pulu onlara çatırdı. Qısası, 10-dan 9-u hökumətin, 1-i vətəndaşın. Bunu da pula çevirəndə qəpik-quruş edirdi. Yəni, gün ərzində işlə, 100 topa ot yığ,əvəzində qəpik-quruş qazan. Mən təklif etdim ki, biz heç olmasa hər 10 topadan 3-4-ünü vətəndaşa verək. Bu təklif yuxarılarda bəyənildi və əhali daha çox ot toplandı. Bundan sovxoz da qazandı, əməkçilər də.
Buna bənzər başqa bir addım da atıq. Otu texnika ilə biçəndə çoxu yerdə qalırdı. Razılaşdıq ki, dəryazla biçsinlər. İtkilər azaldı, məvacibsə çoxaldı.
Ən başlıcası, rayonun saxtakarlıqla şişirdilmiş tərəfəz planını 40 faizə endirə bildik.
Bütün bunlar indi çox primitiv və yorucu söhbət olsa da, bu dəyişiklik onlarla, hətta yüzlərlə insanın daha çox qazanmasına kömək oldu.
"Konserv işi" və Əli Əlişov
Əli Əlişov:- Ötən illərdə Masallının çox çətinlikləri, eləcə də uğurları olsa da, onun yaxın tarixinə ləkə salan saxtakarlıqlar da az olmayıb. Onlardan biri də “konserv işi” idi. Bu məsələyə görə rayonda aylarla istintaq getdi, onlarla adam cinayət məsuliyyətinə cəlb olundu. Həbs olunan 12 nəfər sırasında rayondakı məşhur tayfanın da nümayəndələri var idi . Mən zavoda təyinat alanda gördüm ki, buranın əksər aparıcı vəzifələri bir tayfanın 2-3 adamının əlindədir. Anbardar da özləridir, qəbulçu da, digər məsul şəxsləri də. Rəhbərliyə başlayan kimi həmin şəxsləri vəzifələrindən azad etdim. Hətta rayonun 1-ci şəxsi, hüquq-mühafizə orqanların o vaxt ki rəhbərləri də mənə sifariş göndərdi ki, onları əvvəlki vəzifəsinə qaytarım. Lakin buna əməl etmədim. Bəlkə də lazım olduğundan çox sərtlik göstərdim. Bunlar da gecə-gündüz, kütləvi şəkildə məndən şikayətlər etməyə başladı.
Həmin “Konserva işi” ilə bağlı 12 nəfər şəxs həbs edildi. Bu şəxslər həzm edə bilmirdilər ki, niyə bu qədər adam həbs edilir, amma sonradan bu zavoda rəhbər təyin edilən Əli Əlişov həbs olunmur. Müvafiq orqanlara məktublar sel kimi axırda. Haqsız şikayətlərinə müsbət cavab almayan bu şəxslər on min manatlarla vəsait sərf edib, Moskvaya, Kremlə 40-a yaxın şikayətçi yolladılar. Sonda Kremildəkilər bu 40 nəfərin cəmi 5 nəfərin qəbul etdi, şikayəti araşdırıldıqdan sonra onlara da şikayətçilərin haqsız olduqları bildirdi.
Əlişovdan şikayətçi olanlar onun yüksəlişinə necə səbəb oldu?
Əli Əlişov söhbətinə davam edir:
Heydər Əliyevin idarə etdiyi iclasda nələri dedim?
-Zöhrab Ömərovun idarəçiliyi dövründə Masallı rayonu çox acınacaqlı durumu düşmüşdü. Demək olar ki, heç bir tikinti getmir, iqtisadi göstəricilər günbəgün aşağı düşürdü.
1975-ci il idi. Bizi, RPK-nın bütün büro üzvləri ilə birlikdə Mərkəzi Komitənin geniş tərkibdə keçirilən iclasına dəvət etmişdilər. Artıq Zöhrab Ömərovun işindən yuxarıları da narazı olduğu üçün həmin iclasda ona yox, hesabatla çıxış etmək üçün mənə söz verdilər. Ümumi qayda da çıxış etdikdən sonra, ümummilli liderimiz Heydər Əliyev məndən soruşdu ki, başqa bir sözün var? Dedim bəli. Həmin iclasda əsasən 5 təklif irəli sürdüm
Birinci təklifim o oldu ki, suya ciddi ehtiyacımız var, amma rayonda Viləşçay Dəryaçasının tikintisi nəzərdə tutulsa da, inşa edilmir.
İkinci təklifimdə bildirdim ki, Masallı 1960-cı ildən şəhər statusu alsa da, rayonda 1-2 yaşayış binasından başqa heç nə tikilməyib.
3-cü. Bizim üçün vacib olan obyektlər inşa edilmədiyindən, Tara bazası, Tərəvəz bazası, Yanacaq Anbarı Lənkəranda yerləşir. Bu idarələrdə ayrı-seçkiliklə, süründürməçiliklə üzləşirik. Yük vaqonları verilmədiyindən tərəvəzi sərnişin vaqonlarında daşıyırıq. Qız-gəlinlərimiz 10-15 kiloqramlıq tərəvəz yeşiklərini 2-3 metr hündürlüyündə olan maşınlara yükləyirlər.
4-cü təklif. Məhkəmə, hüquq-mühafizə orqanlarının binaları olduqca yarıtmaz tikililərdən ibarətdir. Hətta Masallı üçün nəzərdə tutulan Rabitə binası qonşu rayonlara verilir.
5-cü. Rayonda 95 məktəb var idi ki, onun da 90-dan çoxu vaxtı ilə sovet hökumətinin müsadirə etdiyi, yararsız binalardan ibarət idi.
Bu təkliflərdən sonra H. Əliyev kreslosunu mən tərəfə çevirib, müvafiq göstərişlər verdi.
200 nəfərlik o iclasda bu təkliflər yüksək dəyərləndirildi.
Həmin iclasdan cəmi 6 gün sonra Z. Ömərov Masallı RPK-nın 1-ci katibi vəzifəsindən uzaqlaşdırıldı və həmin vəzifəyə Ələddin Həsənov gəldi. Mənim MK-dakı iclasda söylədiyim təkliflər daha da genişləndirilib 27-yə çatdırılaraq yuxarı təşkilata təqdim olundu. H. Əliyevin rəhbərliyi və şəxsi tapşırığı ilə həmin təkliflər qısa müddətdə reallaşdı, Masallı əsaslı şəkildə abadlaşmağa başladı.
Belə söhbətlər çoxdur. İmkan daxilində çalışırdım ki, saxta, əliəyri adamlar yüksək kreslolara ayaq açmasın. Özüm manqa rəhbəri, briqadir, kolxoz sədri və sair vəzifələrdə çalışdığımdan rayonu yaxşı tanıyırdım. Nə qədər mülayim olsam da, lazım gələndə çox sərtlik göstərirdim. Saxtakar, əliəyri insanların düşməni idim. Buna görə məndən inciyənlər, mənə qara yaxmaq istəyənlər də çox olurdu.
Heç-vaxt haqqı nahaqqa verməmişəm, kimsənin qabağında üzükölgəli deyiləm. Sərvət düşkünü olmamışam. İndinin özündə də kənddəki ata yurdundan başqa evim, digər mülküm yoxdur. Özüm də, övladlarım da Bakıda kirayə evlərdə yaşayırıq.
İxtisasım iqtisadçı, fəaliyyətim təsərrüfatçşı olsa da, ədəbiyyata, xüsusən poeziyaya həvəsim böyükdür. Sonralar çox təəssüflənirdim ki, həyatımıın ən qaynar çağlarımı vəzifələrə yox, gərək elmə həsr edərdim.
Bu illərdə çalışdığı insanlarla bağlı maraqlı xatirələr söylədi. Hişkədərəli Arif Əhədovu, Yasər Əhədovu, Həsən Abdullayevi, Adil Abbasovun, Məmməd Məmmədovu, MürşüdQurbanovu və digərlərini çox hörmətlə xatırladı.
Beləliklə söhbətimiz çox şaxələndi. Onun başına gələn qəribə hadisələrə, bəzi rəhbərlərin gülüş doğuran hərəkətləri və sair haqqında danışdıq.
Sonda razılaşdıq ki, hər birimiz qarşılıqlı olaraq bir-birimizə sual verək.
Mən bu imkandan istifadə edərək soruşdum:
-Əli müəllim, ömür yolunuzda elə addımlar olub ki, daim onun xəcalətin çəkirsiniz?
Cavab: - Tam səmimiyyətlə deyirəm ki, heç bir xəcalətli əmələ yol verməmişəm. Çünki pula çox meyilli olmamışam. Bəzi hallarda rəhbər vəzifələrdə olan dostlarım mənə yardımçı olublar. Bir mahnıda deyilmişkən “bir özgə aləmdir gözün toxluğu”. Sadə, halal həyat yaşamışam. Allahın da mənə mükafatı odur ki, mənə bu qədər yaşamaq şansı verib.
Sual növbəsi Əli müəllimə çatanda isə gülə-gülə bildirdi:
-Bir yazıya bu qədər ki, əziyyət çəkirsən, 2 dəfə, ümumilikdə 7-8 saat vaxt sərf edirsən, buna görə, nə isə qazanırsan?
- Qazancım odur ki, sizin kimi yaxşıların, necə deyərlər, axıra qalanlardan biri kimi siz kimi insanın maraqlı, çoxları üçün unudulmaqda olan həyat yolunu insanlara çatdırıram.
Bu görüşdən geri dönəndə isə özüm üçün Əlibaba Məmmədovun oxuduğu məşhur mahnıdan misraları züm-zümə edirdim:- Yaxşı ki dünyada yaxşı var imiş, yoxsa qərq olardıq yaman içində.
Cenub.az. Zahir Əmənov