Hələ də sovet hakimiyyəti dövründə fəaliyyət göstərən kolxoz, sovxoz, fabrik və zavodları saxlayan Belorusiya qəribəliklər axtaran insanların nəzərində ziddiyyətli bir ölkə təsiri bağışlayır. Bu ölkədə həsəd aparılası işlər də az deyil, diktatura nişanəsi olan, az qala nifrətə səbəb olan işlər də.
Qısa xatırlatma: Bu ölkənin əhalisi təqribən Azərbaycan Respublikasındakı qədər - 9 milyona yaxın, ərazisi isə Azərbaycandan 3 dəfə çoxdur. Ölkə ərazisinin üçdə biri, yəni bir Azərbaycan qədəri meşəlikdir. Hər yan yaşıllıq. Az qala yayın ortasında hər 2 gündən bir yağışlar yağır. Burada çoxlu çaylar, göllər var.
İlk diqqəti çəkən məqamlar pis-yaxşı olmasından asılı olmayaraq qanunların işləməsidir. Ölkədə bir qorxu hökm sürür - kimsənin cəsarəti çatmaz desin ki, get, kimə deyirsən, de. Sənin filan məmurun da belə-belə... Hər il ölkədə ən azı 50-yə yaxın nazir, komitə sədri, icra başçısı, yaxud yüksək çinli digər məmurlar həbs edilir. Bəzən elə də olur ki, zavod direktorunu işdən çıxardır, onu elə həmin zavodda fəhlə, yaxud digər texniki işçi kimi işləməyə məcbur edirlər.
Belorusiya prezidenti bəzən elə televiziya ilə çıxışında bəzilərinin hökmünü verir: filankəsin işini təcili yoxlayın və həbs edin və s.
Belorusiyanın gözəl yolları var. Hətta ucqar kəndlərə gedən yollara yüksək keyfiyyətli asfalt döşənib. Nəinki asfalt döşənib, su novları qoyulub, novdan sonra da asfalt vurulub ki, yamac dağılmasın. Ona görə burada yağış yağıb kəsəndən sonra yolda nəinki palçıq, heç su görmək olmur.
Belorusiyanın nefti olmasa da və benzinin qiyməti bizimlə bərabər olsa da, avtobusda gedişin qiyməti bizdən ən azı 2 dəfə ucuzdur. Avtobuslar isə dəqiqəbədəqiqə qrafikə uyğun işləyir.
Belorusiyada son vaxtlar həbs edilən jurnalist, müstəqil QHT nümayəndəsi, demək olar ki, olmayıb. Çünki bu ölkədə müstəqil mətbuat və müstəqil QHT deyilən bir şey yoxdur. Yerli sakinlər artıq belə şeyləri unutmaq üzrədir. Amma əhalisi bizimlə bərabər olan bu ölkədə qəzetlərin tirajı 70-75 mindir (Bizdə ən tirajlı iqtidar və müxalifət qəzeti olmasından asılı olmayaraq – “Müsavat”, “Azərbaycan” və digər qəzetlərin tirajı 10 min nüsxəni keçmir). Bu ölkədə qəzetlərin səhifəsi bizdən çox olsa da, qiyməti ən azı 2 dəfə ucuzdur.
Bələdiyyəsiz ölkə
Belorusiyada bələdiyyə yoxdur. (Əslində bizdəki kimi adı olub-özü olmayan, icra hakimiyyətlərinin “5-ci təkəri” kimi fəaliyyət göstərən bələdiyyələrin olmasındansa, heç olmaması daha məqsədəuyğun görünür. Belə olanda, bələdiyyə seçkilərinə lüzumsuz xərclər çəkilmir, minlərlə insan kütləvi saxtakarlıq oyunlarına qoşulmurlar).
Belorusiyada bələdiyyələr olmasa da, həmkarlar təşkilatları çox güclüdür. Bizdə təhsil, səhiyyə, dövlət qulluqçuları, rabitə və digər bir-iki sahə istisna olmaqla əksər özəl zavodların, şirkətlərin heç birində həmkarlar təşkilatı fəaliyyət göstərmir və həmin özəl qurumlarda işçilərin hüquqları qorunmur, onların istirahətinə, müalicəsinə vəsait ayrılmır.
Məlumat üçün xatırladım ki, Belorusyadakı sanatoriya və istirahət evlərində ailəliklə dincələn minlərlə ailə “putyovka”lara çox az miqdarda vəsait ödəyirlər.
Belorusiyada demək olar ki, hər kənddə uşaq bağçası var. Kiçik və ucqar kəndlərdən uşaqlar bura avtobusla gətirilir. Səfər yoldaşım Sübhan Hüseynovun Qomel şəhərinə səfəri zamanı müşahidə etdi ki, burada 800-ə yaxın əhalisi olan kəndin 107 şagird yerlik müasir tipli məktəbi var. Şagirdlər yay tətilini kağızda yox, reallıqda məktəbdəki əmək və istirahət düşərgəsində keçirir. Müəllimlərin yarıdan çoxu işdədir.
Lakin burada müəllimlərin əmək haqqı çox aşağıdır. Bizə xidmət göstərən taksi sürücüsü deyirdi ki, onun həyat yoldaşı həftədə 23 saat dərs deyir, ancaq 120 dollar əmək haqqı alır. (Ərzaq və geyim isə bizimlə müqayisədə bahadır). Azad sahibkarlıq basqı altındadır. Bürokratiya baş alıb gedir. Yerli sakinlərin çoxu çörəkpulu üçün Rusiyaya və başqa ölkələrə qaçır. Burada 200 dolları zorla qazanan orada 500-600 dolları rahat qazanır. Qonşu Baltikyanı ölkələrə getmək istəyənlər də çoxdur. Lakin bunun üçün Şengen vizası lazımdır. Belə vizanı isə hökumət asanlıqla vermir. Xeyli sənəddən əlavə 1800 dollar pul ödəməlisən. Hələ bu azmış kimi sorğu-sual edirlər ki, ayda 300 dollar əməkhaqqı ilə səndə 1800 dollar haradandır. Burada pullu olmaq az qala cinayət sayılır. Ona görə Belorusiyada bir ifadə az qala zərb-məsələ dönüb:”Burada yaşamaq rahat, varlanmaq isə çox çətindir”.
Yerli sakinlər deyir ki, aşağılarda rüşvət, korrupsiya demək olar ki, yoxdur. Lakin yuxarıda milyardlarla oynayırlar. Bir milyardlıq tikinti layihələrini reallaşdıran xarici şirkətləri “böyüklərə” 100-150 dollar hədiyyə etdiyi(bax ) barədə söhbətlər dolaşır.
Belorusiya bu il 9 milyon ton taxıl yığıb. Buna şübhə ilə yanaşanlar var - deyirlər, yeni tikililər hesabına itirilən torpaqlara görə hər il taxıl sahələri min hektarlarla azalır. Amma taxıl istehsalı ilbəil artır. Rəqəmlərdə hər hektardan 40 sentner məhsul götürüldüyü göstərilir. Yerli sakinlər onu da bildirdi ki, heç bu qədər taxılı saxlamağa yer də yoxdur. Yığdığını su qiymətinə Rusiyaya verir.
Hər “kənd soveti”nin maşını var
Belorusiya sovet hökumətinin bir çox nişanələrini qorusa da, “raykomlar” ləğv olunub. İcraiyyə komitələri hər rayonun sahibidir. Yerlərdə ən kiçik “kənd soveti”nin də idarə maşını var. Kəndə işləməyə gələn hər şəhərli üçün burada ev tikilir. Eləcə də imkansız, 3 və daha çox uşağı olan ailələr üçün sovxoz ev inşa edir.
Burada həmyerlilərimiz də az deyil. Xüsusən, cənubdan olan insanlar burada bir neçə restoran açıblar. “Şokolad” restoranında bizim xətrimizə də qonaqlıq verdilər.
Masallı rayonunun Ərkivan qəsəbəsində boya-başa çatmış Gülağa müəllim Minskdə Arbitraj məhkəməsinin hakimlərindən biridir, alim və şairdir, bir neçə kitabın müəllifidir.
Yaxın vaxtlarda onun haqqında oxuculara ayrıca yazı təqdim etməyə çalışacağıq. Qardaşı Salam da oradadır və bizneslə məşğuldur.
Belorusiyada da “həyat qadınları” az deyil. Sürücü deyirdi ki, belələri ən çox əyalətlərdən gəlir və müştərilərin pullarını oğurlayıb aradan çıxırlar. Həm də belələrinin qiyməti 1 saat üçün 80-200 dollar arasıdır. Taksi sürücüsü danışırdı ki, hətta beynəlxalq yarışlar zamanı rus fahişələri bura gəlib 40 dollardan müştəri toplayanda onlarla yerli həmkarları arasında dava düşüb ki, niyə “bazarı” öldürürsünüz.
Bir incə məqam da diqqətimizdən qaçmadı. İndi bizdə qadınların çoxu saçlarını süni şəkildə saraltdığı və ağartdığı məqamda, ruslar və beloruslar saçlarını qara rənglə qaraltmağa daha çox meyillidirlər və etiraf edirdilər ki, qara saçlar qadınları daha yaraşıqlı göstərir.
Belorus rublu isə tamam rüsvayçılıqdır. Ən xırda bazarlıq üçün 10-15 kağız pulu işlətməli olursan. 150 manatın təxminən bizim 1 qəpik olduğu bu ölkədə 1 milyon rubl 100 ABŞ dollarına təxmini ekvivalentdir.