Kulis.az Cəmşid Əmirovun romanları haqqında Ağa Cəfərlinin yazısını təqdim edir.
Bu yaxınlarda gənc dostum mənə detektiv yazıçı Cəmşid Əmirovun üç kitabını – “Brilyant məsələsi”, “Qara volqa”, “Şəhər yatarkən” - hədiyyə etdi və sizə doğrusunu söyləyim ki, bu addım məni çox sevindirdi. Azərbaycanda detektiv janrının əsasını qoyan Əmirovun kitablarının yenidən, latın qrafikası ilə çap olunması, gənclərin hələ də onun yaradıcılığına müraciət etməsi, özüm üçün onun yazdıqlarına yenidən qayıtmaq imkanının yaranması, hesab edirəm ki, müsbət məqamlar kimi vurğulana bilər. Amma indiyə baxmayın, Cəmşid müəllimin ilk əsərləri çıxan vaxtlarda heç qardaş qardaşa bu kitabları hədiyyə etməzdi. Görürəm ki, redaktor qımışır, dilinin altında “ta bu qədər də yox da” deyir, doğrudur, bir balaca mübaliğəyə yol versək də, bu fikirdə gerçəklik payı da yox deyil. Nə bilim vallah, mən də “Brilyant məsələsi”nin yeni nəşrinə ön söz yazan Aslan Kənanın yalançısıyam. “Ön söz”də qeyd edilir ki, 1958-1962-ci illərdə qələmə alınmış “Brilyant məsələsi” əsərinə maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər 63-də öz məcrasından çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək müşkülə dönmüşdü. Bu kitabı kitab köşklərində tapmaq qeyri-müşkül idi, üstəlik, kitabxanalarda böyük növbə yaranmışdı, hamı “Brilyant”ı əldə etmək istəyirdi. Oxucular bu kitabı əldə etmək üçün hər gün kütləvi kitabxanalara müraciət edir, növbəsinin nə vaxt çatacağını səbirsizliklə gözləyirdilər. Əsəri yalnız kitab alverçilərindən əldə etmək olardı. Onlar da “Brilyant”ın qiymətini fantastik həddə çatdırmışdılar. Əsər sözün əl mənasında hadisəyə çevrilmişdi. Bunun əsas səbəblərindən biri Azərbaycan ədəbiyyatında detektiv janrına ilk dəfə müraciət edilməsi idi.
Bundan öncə isə Cəmşid Əmirov “Sahil əməliyyatı” povesti ilə məşhurlaşmışdı, deyilənə görə, əsər nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda da yayılıb, bir neçə dilə tərcümə olunub. Buna görə də əsərin ssenarisinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə, povest əsasında “İstintaq davam edir” filmi çəkilir. Ssenarini yazmaq üçün Moskvadan Maklarovski soyadlı bir müəllif də göndərilir. Mövzu kəşfiyyat və əks-kəşfiyyat olduğuna görə, çəkilişə ciddi nəzarət edilirmiş. O vaxt respublikanın təhlükəsizlik idarəsinə Sviqun soyadlı generalın rəhbərlik etməsinə baxmayaraq, filmin çəkilişinə nəzarət o zaman komitənin sədr müavini olmuş Heydər Əliyevə həvalə edilmişdi. Film ekranlara çıxanda isə Əmriovun “Brilyant məsələsi” ilə yanaşı, “Qara volqa” romanları oxucuların stolüstü kitabına çevrilibmiş. Həmin dövrdə Əmirova çoxlu oxucu məktubları gəlirmiş. O məktublar indi də Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Həmin məktublarda oxucular Yədullanın, Klaranın, kapitan Əli Rüstəmovun kimliyi ilə maraqlanırdılar. Məktublardan birində isə tibb bacısı yazırdı ki, Yədulla hazırda Yevlax şəhər xəstəxanasında yatır. Tibb bacısı qeyd edirdi ki, əsərdə təsvir etdiyi cizgilər həmin xəstədə var. Bu məktubdan sonra Əmirov həmin rayonun milis rəisi ilə əlaqə saxlayır, amma məlum olur ki, bu Yədulla o Yədulla deyil.
- Məşhur qazax yazıçı: Azərbaycanlı yazıçılardan heç kimi tanımıram - Müsahibə
- Bir dəfə də sən qucaq aç... - Qardaşxanın şeiri
- Əli bəy Hüseynzadə Abdulla Şaiqi niyə bəyənmirdi? - Elnarə Akimova
Cəmşid Əmirovun həyatı ilə bağlı çox vacib, çox maraqlı məqamları qeyd edək və sonra yenidən yaradıcılıq məsələrinə dönək. Cəmşidin atası Cabbar repressiya qurbanlarından olub. Cabbar Əmirovun həbs orderində oxuyuruq:
“1892-ci ildə anadan olmuş, varlı tacir oğlu, SSRİ vətəndaşı, bitərəf, Sabirabad rayonunda yaşayan, Azərbaycan rayonlarası ticarət idarəsində müdir müavini işləyən, Müsavat parlamentinin üzvü, keçmiş Müsavat zabiti Cabbar Mirzə Nəsrulla oğlu Əmirovun Sovet hökumətinə qarşı apardığı əks-inqilabi fəaliyyəti istintaq tərəfindən təsdiq olunub. Həbs edilsin.
Sumbatov”
Cabbar Əmirov Naxçıvanda müxtəlif vəzifələrdə işləyəndən sonra Bakıya göndərilmişdi. Sabirabadda ticarətin, kənd təsərrüfatının geri qaldığını görən rəhbərlik Cabbar Əmirovu həmin rayona məsul vəzifəyə göndərir. 37-də isə həbs olunur. Maraqlıdır, müstəntiqin “istintaqa məlumdur ki, siz varlı tacir və Müsavat hökumətinin üzvü olubsunuz, bunu təsdiq edirsinizmi?” sualına Cabbar Əmirov belə cavab verir: “Bəli, mən təsdiq edirəm ki, 1918-ci ildə Azərbaycanda Müsavat hakimiyyəti dövründə Naxçıvanda tanınmış ticarətçi olmaqla yanaşı, Millətlər Sovetinin sədri olmuşam”.
“Qara volqa” kitabındakı ön sözdə iddia edilir ki, dindirilmə zamanı qorxmadan “Müsavat hakimiyyəti dövründəki fəaliyyətini açıq şəkildə etiraf edən ilk müttəhim” Cabbar Əmirov olub: “Bu isə ağlagəlməz etiraf idi. Bu etiraf ölümə aparan yol idi. Bu gedər-gəlməz yolun arxasında dörd övladından savayı səbirsizliklə gözlədiyi, lakin üzünü görmək qismət olmayan sonbeşiyinin həsrəti dururdu. Həmin etirafdan sonra Cabbar Əmirov 01.09.1937-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilir və SSRİ Xalq Daxili İşlər Komissarlığının Kirov dəmir yolunun Medvec Qora stansiyasındakı həbsxanasına göndərilir”.
Atası həbs olunanda Cəmşidin 19 yaşı vardı, ailənin bütün ağırlığı onun üzərində idi. Atasının həbsinə, ailəsinin çətin durumuna baxmayaraq, Cəmşid könüllü şəkildə müharibəyə yollanır. Müharibədən 1946-cı ildə qayıdır.
Cəmşid Əmirovun əsərlərindəki Əli Rüstəmov obrazının prototipi olan milis rəisi Səfərəli Rüstəmov jurnalist Cehyun Həmidova verdiyi müsahibəsində deyir ki, 1958-ci ildə nazirdən icazə alan Əmirov onun yanına gəlib və əməkdaşlıq edəcəklərini bildirib. Rüstəmovun dediyinə görə, Əmirov həmin vaxt “Bakı” qəzetinin axşam buraxılışına məsul şəxslərdən biri imiş. Əmirovla Rüstəmov razılaşıblar ki, nə vaxt hadisə olsa, Əmirova da mütləq xəbər edilməlidir: “Hətta gecə saat 3-də də olsa...”
Əmirov hadisə yerinə gəlir, qeydlər götürür, qeydlərini nizama salandan sonra Rüstəmova göstərirmiş, milis rəisi də rəy verirmiş. Bu əməkdaşlığın nəticəsi olaraq “Brilyant məsələsi” kitabı ortaya çıxır. “Brilyant məsələsi” kitabının ön sözündə də qeyd edilir ki, Əmirov Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx surətdə bağlı olub. Yazıçıya nazirliklərin arxivində işləməklə yanaşı, cinayətkarlarla da yaxından görüşməyə, onlarla söhbət etməyə şərait yaradılırdı. Məhz bu amillər, sonralar ortaya çıxan başqa faktlar da göstərir ki, Cəmşid Əmirovun, bəlkə də, bütün əsərləri real hadisələr əsasında yazılıb. Əmirov nəinki milis əməkdaşları ilə, hətta “vor zakonlar”la da görüşür, əsələri üçün məlumat toplayırmış.
Yeri gəlmişkən... Səfərəli Rüstəmovu yada salmışkən... O, bir çox haylı-küylü cinayətlərin açılmasında, indi adı dillərdə dastan olan cinayətkarların tutulmasında mühüm rol oynasa da, onu cəzalandırır, polis sıralarından kənarlaşdırırlar. Əlbəttə ki, heç bir yaxşılıq cəzasız qalmamalıdır, bu mənada, bəlkə də, Sovet hökumətinə haqq vermək olar. Bəzi mənbələrə görə, Rüstəmov ən yüksək səviyyədə rəhbərliyin qəzəbinə tuş gəlib, bəzi mənbələrə görə, erməni böhtanının qurbanı olub. Çətin vaxtlarında Əmirov Rüstəmova dayaq durur, “haqqın zəfər çalmasına nail olur”.
“Qara Volqa” ilk dəfə 50 min tirajla nəşr olunub. Ancaq tələbat yüksək olduğundan, yenidən 50 min tirajla işıq üzü görür. Qısa zamanda 100 min tirajla çap olunsa da, yenə də kitabı tapmaq mümkün olmurdu.
***
Cəmşid Əmirovun əsərləri mənə hədiyyə ediləndə sevindiyimi yazmışdım, amma əsərlərə yenidən qayıdanda Ağa bir az bikef oldu və fikrə getdi.
Bikefliyimin səbəbi oxucu kimi əsərlərin bədii keyfiyyətinin zəif olmağını düşünməyimdir.
İzah üçün gərək ilk növbədə Pəncəli Aslanın kimliyi ilə tanış olaq.
Pəncəli Aslan indiki dillə desək, mafiya başçısıdır. Onun rəhbərlik etdiyi bandalar 1950-60-cı illərdə bir çox səsli-küylü cinayətlər, oğurluq hadisələri, qətllər törədiblər. Sonralar bu cinayətkarların hamısı tutulub. Bu işdə ədəbiyyatın xammalı hamının kişi bildiyi Pəncəli Aslanın kişi yox, qadın olmasıdır. Aslan, sadəcə, kişi kimi yetişdirilib. Aslanın atası bir neçə qızdan sonra oğlu olacağını gözləyirmiş. Nardaranlı Ağamədəd arvadı Qıztamama deyirmiş ki, bir oğlan doğ, adını Aslan qoymaq istəyirəm: “Elə ki, həqiqətən, aslan olsun. Bütün məhəlləyə, bütün Nardarana ağalıq etsin, bütün Bakıya qan uddursun. Elə Aslan olsun ki, başqa adamlar tülkü və dovşan kimi oğlumun qarşısında zağ-zağ əsib, aman istəsinlər”.
Ancaq sanki Allah Ağamədədin belə nanəcib niyyətini bilib, ona bu dəfə də qız göndərir. Ağamədəd yenə qız olduğunu eşidəndə balta ilə arvadını və yeni doğulmuş körpəni doğramaq istəyir, amma sonda vaz keçir, “Aslanın erkəyi, dişisi olmaz deyib”, qızını oğlan kimi böyütməyə başlayır. Ağamədəd uşağa pişiklərin başını kəsməyi, nənəsini, anasını döyməyi, ağır daşlarla məşq edib qollarını qüvvətləndirməyi öyrədir. Aslanın pəncəsi çox böyük imiş, pəncəsi ilə vurduğu adam yerində qalırmış. Pəncəli ayaması da buna görə verilib ona. Bu məlumatlar, əslində, “Qara Volqa”da var, biz də bəzilərini ordan götürmüşük. Amma Əmirov bu məlumatları romanın içində yazıçı ustalığı, peşəkarlığı ilə əritmir, 350 səhifəlik romanın cəmi iki hissəsində Pəncəli Aslanla tanışıq oluruq, o hissələr də elə işlənib ki, sanki roman yox, istintaq materialı oxuyuruq.
Təsəvvür edin, bandadakı ikinci, üçüncü dərəcəli adamlar önə çıxır, milislərlə bağlı hər xırda detala fikir verilir, ancaq romanın sütununu təşkil etməli olan adam haqqında istintaq materialları oxuyuruq. Əlbəttə, detektiv janrın tələblərinə əməl edilir, oxucu daim intizarda, həyəcanda qalır, amma 350 səhifəlik romanda Pəncəli Aslana belə biganə münasibət əsərin bədii keyfiyyətini, məncə, aşağı salır. Sanki, sanki niyə, elə doğrusu belədir ki, bu əsərlər hüquq mühafizə orqanlarının fəaliyyətini tərif etmək üçün yazılıb. Və bu, bütün əsərlərdə özünü göstərir. Buna görə də, elə bil, sənətkarlıq məsələləri bir az kölgədə qalıb. Yaxşı, tutaq ki, Pəncəli Aslan haqqında məlumatları əsərin müxtəlif yerlərinə səpələdik, onu kitabın mərkəzinə yerləşdirdik, bəs oxucu şübhələnməzdi ki, əsas cinayətkar, əsas qatil məhz odur? Belə olan halda, detektiv janrın prinsiplərinə xələl gəlməzmi? Hə, bax, yazıçı ustalığı, yazıçı məharəti elə burda üzə çıxmalıdır da.
Folknerin “Avqust işığı” romanını illər öncə oxuyanda əvvəl-əvvəl düşünürdüm ki, niyə yazıçı bir-birinə aidiyyəti olmayan insanlardan danışır, görəsən, bu işi görməkdə onun məqsədi nədir? Sonrakı səhifələrdə isə gördüm ki, bütün qəhrəmanlar bir-birilə sıx əlaqədə, “ünsiyyətdə”dir. Orxan Pamukun “Mənim adım qırmızı” əsərində biz əvvəldən-axıra bütün qəhrəmanları görürük, tanıyırıq, əksəriyyətindən şübhələnirik, amma ehtimal etmək olmur ki, cinayətkar kimdir. Orxan Pamukun detektiv detallar olan əsərində biz yazıçı master klassının şahidi oluruq.
Yeri gəlmişkən, yazıçı Elçin “Ox kimi bıçaq” povestində Əmirovun yolu ilə gedir. Elçin Qurd Cəbrayılın kim olması ilə bağlı bir-iki cümləlik informasiya verməklə kifayətlənir, halbuki, Qurd Cəbrayıl cinayətkar olsa da, maraqlı həyat hekayəsi var və əsərdə insan taleyini göstərmək istəyiriksə, onun taleyinə də biganə qalmamalı idik.
Bilmirəm, nə dərəcədə uğurlu müqayisə olacaq, amma Əmirovun əsərlərini oxuyanda bir anlıq belə bir düşüncə məni ağuşuna aldı. Təsəvvür etdim ki, Roskolnikov qarını öldürüb, amma biz bunu bilmirik. Əsər boyu hüquq mühafizə orqanı əməkdaşlarının müxtəlif üsul və fəndlərinin şahidi oluruq ki, qatil tapılsın. Qatil isə ortada yoxdur. Min bir əziyyətlə qatil tapılır. Ancaq biz axı sonda qatilin Roskolnikov olduğunu bildik, demək, onun qətldən əvvəlki və qətldən sonrakı həyatı, qarını öldürəndən sonra keçirdiyi iztirablar, özü ilə sorğu-sualları, dünyanın gərdişi ilə bağlı düşüncələri getdi işinin dalınca... Bax, beləcənə...
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, sovet oxucuları heç də boş adam deyilmişlər. Oxucuların əksəriyyəti Əmirovun mətnindən çıxan qənaətlə bu nəticə gəlirmiş ki, Cəmşid müəllim yazıçıdan çox hüquq mühafizə işçisidir. Hətta Klara müsahibələrinin birində elə belə də deyibmiş: “Müstəntiqim də kim olsa yaxşıdı? Cəmşid Əmirov”.
Bax, mən də elə bunu demək istəyirdim. Bilmirəm, deyə bildimmi?