Mədəniyyətimizin tərkib hissələrindən biri toy, toy adətləridir. Toy şadyanalığın ən böyük və ən çox sevilən növlərindən biridir. Toy adətləri zaman-zaman inkişaf edərək vahid adət sisteminə çevrilmişdir. Toy bəlkə də yeganə şadyanalıqdır ki, hər bir yeniyetməyə, gəncə arzulanır. Bunun bariz nümunəsi kimi “ay, toy plovunu yeyək” ifadəsini göstərmək olar.
İki gəncin bir-birinə qovuşması, qurulacaq yeni bir ailə həyatının başlanğıcı sayılan toy özü bir çox adətlərlə müşahidə olunur. Toy adətlərinə qızgörmə və ya qızbəyənmə, elçilik (qadın və kişi elçiliyi), nişan, qabqaytarma, gəlin üçün bayramlıq xonçalarının gətirilməsi, məsləhət-məşvərət, qız toyu, “paltarkəsdi”, “xınayaxdı”, kəbinkəsmə, cehiz verilməsi, oğlan evində toya hazırlıq, gəlin aparma, oğlan toyu, üzəçıxdı və ya üç gün pərdəsi, ayaqaçdı mərasimi, qızqaçırtma, ad etmə və ya göbək kəsmə mərasimi kimi adətlər daxildir.
Havzava Lənkəran rayonunun yaşayış məntəqələrindən biri olub, doğulub, boya-başa çatdığım, yaşadığım doğma kəndim, ata yurdumdur.
Böyük etnoqraf alimimiz, tarix elmləri doktoru, professor Qəmərşah Cavadovun vəfatından sonra ailə üzvləri tərəfindən çap edilən “Talışlarda nişan-toy adətləri” kitabını (Bakı 2024; 95 səhifə) böyük diqqət və maraqla oxudum. Mənsub olduğum talış xalqının nişan-toy adətlərindən bəhs etməsi, ailəli, evli bir şəxs kimi bu adətləri görən, onların birbaşa iştirakçısı və eyni zamanda bölgənin tarixi, toponimləri və etnoqrafiyasının tədqiqi ilə məşğul olmağım kitabı mənim üçün daha da oxunaqlı etmişdir. Kitabda doğma kəndimin adının çəkilməsi və böyük etnoqrafın kəndimizdə olması bu qiymətli tarixi-etnoqrafik tədqiqat əsərinin dəyərini bir qədər də artırmış oldu.
Kitabdan oxuyuruq: “Toyun (oğlan toyu – İ.Ş.) sonunda xanəndə bir saata qədər bəzən daha çox bəyi və onun yaxın qohum-əqrəbasını, ata-anasını təriflər, onların şəninə sözlər qoşar, bununla da məclis daha da gözəlləşər, zənginləşər.
Bundan sonra bəy oğlan məclisini üç dəfə musiqi sədaları altında dövrə vurar. Məclisdə oturanlar isə hər dəfə bəyə şabaş, xələt verməlidirlər.
Bu ayin Lənkəranın bəzi kəndlərində icra edilir. Girdəni, Havzava kəndlərində biz bunun şahidi olduq” (Səh. 53-54).
Məhz, “Talışlarda nişan-toy adətləri” kitabındakı bu qeyd Havzava kəndinin nişan-toy adətləri haqqında yazmağıma səbəb olmuşdur.
“Talışlarda nişan-toy adətləri” kitabında qeyd olunan adətlər şübhəsiz ki, əhalisinin etnik mənşəyi talış olan Havzava kəndi üçün də xarakterikdir.
Oğlan toyunda bəyin musiqi sədaları altında məclisi üç dəfə dövrə vurub, şabaş yiğması faktı həyət toyları üçün xarakterik olmuş və bu 1990-cı illərin sonlarına qədər davam etmişdir. 1990-cı illərin sonlarından etibarən bəy (gəlin) tərifdən sonra məclisin ortasında, çalğıçılar qarşısında dayanar, ailə üzvləri, dost-tanışları, qohum-əqrəbaları ona şabaş və xələt verərdilər. Bu adət Havzavaya qonşu Haftoni qəsəbəsindən keçmişdir. Qeyd olunan dövrdə Haftonidən bir neçə nəfərin Havzavaya gəlin gətirilməsi orada olan bu ayinin Havzavada da tətbiqinə səbəb olmuşdur (Mahir Şirvan oğlu Malıyev, Gündüz Tərbiz oğlu Malıyev və Əbülfəz Mirverdi oğlu Quliyevin həyat yoldaşları Haftonidəndir).
Bu gün toylar əsasən şadlıq saraylarında keçirildiyi üçün toyda bəy və gəlinin şabaş yığması ayininə rast gəlinmir.
Digər yaşayış məntəqələrində olduğu kimi Havzavada da 1960-cı illərə qədər toy 2-3 gün davam etmişdir. 2-3 günlük toy 1960-cı illərə qədər ləğv olunsa da, Mehdi Cabbar oğlu Abdullayev oğlu Eynulla müəllim (Eynulla Mənsumov) üçün 1974-cü il avqustun 12-13-də iki gün toy etmişdir. Bu Havzavada iki gün keçən sonuncu toy olmuşdur.
Qeyd edək ki, Eynulla müəllimin toyuna Bakıdan sonradan Xalq artisti adına layiq görülən kaman ustası Habil Əliyev və müğənni Teymur Mustafayev çağırılmışlar.
1967-ci ildə etibarən kənddə toy və hüzr məclislərində atılan (salınan) pulun ayrıca dəftərə yazılması tətbiq olunmuşdur.
Toydan başqa qız və oğlan toyları daxil olmaqla bəybaşı (bəy dəstə) dəftərində də bəyin dost-tanışları, onun özü tərəfindən toya dəvət olunan cavanlar, bir sözlə bəyi müşaiyət edəcək dəstə üzvləri pul yazırdılar. Bu da hər iki siyahıda pul yazdıracaq valideyin üçün maddi cəhətdən problemə səbəb olurdu. Havzava kəndində bəybaşıda pul yazdırılmasını ilk dəfə bu sətirlərin müəllifi olan İldırım Şükürzadə 1996-cı ildə qız (23 avqust) və oğlan (30 avqust) toyunda ləğv etmişdir. Bu addım həm valideyinlər və həm də bəybaşıya çağırılan şəxslər tərəfindən böyük sevinclə qarşılanmışdır.
Təqribən 2000-ci ilə qədər qız toyu üçün tədarük (yemək, içki, meyvə, göyərti, şoraba, musiqiçilərin, video operatorun, mağar (çadır) sahibinin və d. pulu) oğlan evi tərəfindən görülürdüsə (qız tərəfi təkcə soğan alırdı ki, bu da acılığı özündə ehtiva etdiyi üçün oğlan tərəfi onu almırdı), tədricən qız toyunun xərclərini qız tərəfi çəkməli oldu. Bu ənənə hal-hazırda davam etməkdədir. Oğlan tərəfi ailənin imkanları daxilində müəyyən məbləğdə maddi yardım göstərir.
Elm və texnika inkişaf etdikcə toylar da müasirləşirdi. Məhz bunun nəticəsi idi ki, 1990-cı illərin əvvəllərindən etibarən Havzava toylarında video çəkilişlərinnin aparılmasına başlanılmışdır. Kənddə toyda ilk video çəkiliş 1990-cı il oktyabrın 6-da İsmayıl Bağır oğlu Abdullayevin, daha sonra isə Zamir Əhəd oğlu Quliyevin (26 oktyabr) toyunda aparılmışdır. Video operator Masallı rayonunun Boradigah qəsəbəsindən Məmməd Məmmədov olmuşdur. İngilis dili müəllimi olan Məmməd Məmmədov video operator kimi şənliklərdə, toylarda çəkilişlər də aparmışdır.
Qeyd edək ki, Məmməd Məmmədov çağdaş poeziyamızın tanınmış simalarından biri, oxuculara və sosial şəbəkə istifadəçilərinə yaxından tanış olan şair Məmməd Əvəzoğludur.
Şəhər və ayrı-ayrı kənd və qəsəbələrdə şadlıq sarayları tikildiyindən insanlar bu gün mağar yox, daha çox toyların şadlıq saraylarında keçirilməsinə üstünlük verirlər.
Mağar toyları ilə şadlıq sarayında keçirilən toylar arasında müəyyən fərqlər vardır. Ən başlıcası isə mağar toylarında yaşadılan müəyyən nişan-toy adətlərinin (tərif, şabaş, xələt və d.) şadlıq saraylarında olmamasıdır. Bu da həmin adətlərin tədricən sıradan çıxması, unudulması deməkdir.
Yazıda Havzava kəndinin nişan-toy adətləri haqqında tam olmasa da, müəyyən qədər məlumat verməyə çalışdıq.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü