Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Dedi, Bakının polisi də, prokuroru da, hakimi də mənəm...” - MÜSAHİBƏ



O, adı Bakı ilə bütünləşmiş insanlardan biridir. Paytaxtın tarixini, estetikasını, ümumiyyətlə, taleyini düşünərkən onun adını xatırlamamaq, çəkməmək mümkün deyil. Bakıya sevgisi o qədər böyükdür ki, bu hissini ifadə edərkən “qorxuram, obyektiv olmayam” deyir. Hər kəlməsi Bakı, İçəri Şəhərdir. 

Rəhbərlik etdiyi qurumun binasında qarşıladı bizi. Özünə xas olan geyim tərzi, aksessuarları ilə yaxşı mənada təəccübləndirir adamı. Yaşı 70-i ötsə də, həmişə gənc, enerjili Elbay Qasımzadə. Azərbaycan Memarlar İttifaqının sədri, Bakı şəhərinin keçmiş baş memarı, “Şöhrət”, “Şərəf”, “Əmək” ordenli sənətkarımız.

Pressklub.az üçün müsahibə istəmişdim. Gəlməmişdən əvvəl haqqında araşdırma aparıb, xeyli müsahibələrini oxumuşdum. Necə deyərlər, “zəif yerini” bilirdim, elə oradan da başladım.

Elbay müəllim, sizin adınız və fəaliyyətiniz Bakı, onun tarixi, memarlığı, estetikası ilə qəribə bir şəkildə bağlıdır. Sehri nədədir bu bağlılığın? Bu şəhərdə hər mənada sizi özünə çəkən nə var? O “nəsə”nin adını tapmısınızmı?

- Məncə, hər hansı şəhərdə doğulmuş insan öz şəhəri üçün bu sözləri deyə bilər. Mən də Bakıda doğulmuşam, böyümüşəm. Özü də İçərişəhərdə. Bakı mənim üçün müqəddəs bir yerdir. Dünyanın harasında oluramsa, bir müddət keçəndən sonra Bakı üçün darıxıram. Həyatım, uşaqlığım da burada keçib. Burada bir çox insanlarla ünsiyyətdə olmuşam, insanlara bağlanmışam.

- Müsahibələrinizin birində demisiniz ki, şəhərlər qocala-qocala dəyişməsə, onlar da ölər. Bakı dəyişməsə, yeni nəfəs, yeni ruh olmasa, ölərdimi? 

- Bəli, demişəm. Gəlin etiraf edək ki, bu gün gördüyümüz Bakının, yəni bayır şəhərinin cəmi 200 il yaşı var. 18-ci əsrin sonunda Bakı qala divarlarını aşıb, çıxıb bayır şəhərə, yuxarı və aşağı şəhərə. 200 il bundan qabaq qala ətrafı necə olub, kim təsəvvür edər? Heç kəs. Yəni hər şəhərə olan münasibət, məhəbbət bir ömür müddətidir. İnsan nə qədər yaşayırsa, o məhəbbət də var. Dünyasını dəyişəndən sonra, onun keçirdiyi hissləri heç kim təkrar hiss edə bilməz. Mümkün deyil. Başqa adam başqa cür sevir Bakını. Əlbəttə, şəhərlər insanlardan fərqli olaraq qocalır və ölmür. İnsanlar qocalır və ölür. Çünki insanların yenilənmə imkanı yoxdur. Şəhərlərin isə yenilənmə, müasirləşmə imkanı var. Bu da insanların istəyi ilə deyil. Burada həyat özü elə bir şərait yaradır ki, şəhərlər simasını dəyişir. Məsələn, ətrafdakı məhəllələri götürək. Bu gün buradan yuxarı hissədə mərkəzi park yerləşir. Yəqin görmüsünüz, o vaxtı siz uşaq olmusunuz. “Sovetski” deyilən vaxtı, nə gündə idi oralar. Bərbad gündə idi. İnsanların yaşadığı şərait insanlara layiq olmayan vəziyyətdə idi. Bəli, orada da 19-cu əsrdə tikilmiş binalar var idi. Amma o binaların həm texniki, həm estetik görkəmi nə gündə idi? Onları o günə gətirən kimlər idi? İnsanların özləri. Orada yaşayan insanlar. Bəli, bu gün onları dağıdıblar, onlar çıxıb gedib. Şəhərin bu hissəsi müasirləşib, cavanlaşıb, park salınıb. Bu park yüz illər yaşayacaq. Bakı da bu parkla bərabər yüz illər yaşayacaq.

- Yəni modern Bakı, qədim Bakının ruhunu öldürməyib deyirsiniz, doğrudurmu?

- Gəlin köhnə-təzə söhbətini kənara qoyaq. Bunlar emosiyadır. Köhnədir, təzədir... Bəli, məndə Bakını gəzəndə hərdən elə bir yerdə oluram və fikirləşirəm ki, hə, burada hamam var idi. Yadıma gəlir, mən uşaq idim, körpə idim, anam məni bu hamama gətirirdi. Bu o demək deyil ki, o hamam ömür-billah orada qalmalıdır. Təkcə ona görə ki, mənim yaddaşımdadır. Əsas odur ki, onun tarixi mahiyyəti varmı? Ümumiyyətlə, qədim binaların hansını həqiqi mənada abidə saymaq olar? Düşünürəm ki, burada onun yaranma yeri kifayət deyil. Onun görkəmi, maraqlı plan quruluşu, orada olan hansısa bəzək elementləri əsasdır. Ya da orada elə şeylər olmalıdır ki, xalqımın, millətimin qədim tarixini layiqincə əks etdirsin. Baxın, bura ilə üzbəüz bir mərtəbəli bina var. 

Əli ilə pəncərə tərəfi göstərdi. Sonra bir qədər susdu.

- Çıxanda görəcəksiniz. Abidələr siyahısındadır. Amma düşünürəm ki, xalqımın mədəniyyətini niyə bu bina təmsil etməlidir? Xarici ölkədən adam gəlir. Deyir ki, bu daxmanı niyə saxlamısınız burada? Biz də deyirik ki, sən bilmirsən, bu bizim tarixi abidəmizdir. O da düşünür ki, bunların keçmişi nə olub ki, abidəsi də nə ola. 

Sonra yenə susdu... Əlini çənəsinin altına qoyub, yenidən fikrə getdi.

- Xan Sarayını başa düşürəm. Möminə Xatunu da başa düşürəm, həqiqətən də abidədir. Gülüstan, məsələn, dəhşətdir, zirvədir, yaradıcılıq zirvəsidir. Amma hər binaya abidə adını qoymaq olmaz, bircə ona görə ki, bu, 19-cu əsrin sonu tikilib. Düzgün deyil. Belə edərək biz şəhərin inkişafına mane oluruq. Biz şəhəri məcbur edirik ki, inkişaf etməsin. Bu, mümkünsüzdür. Bizim buna gücümüz çatmayacaq. Bizim nəsil çıxıb gedəndən sonra, sizin nəsil eyni qənaətə gələcək ki, bu məhəlləni dağıtmaq, yerində müasir, insan həyatına layiqli binalar tikmək lazımdır. 

Baxın, bu bina abidədir. Buna toxunmaq olmaz. Çünki bu, nadir bir binadır. Amma 19-cu əsrdə tikilmiş hər binaya da abidə statusu vermək, məncə, düzgün deyil.  

Ətrafıma baxdım, oturduğumuz otağı memarın sözləri ilə incələməyə başladım. Divarlardakı əl ilə işlənmiş bəzəklər, tavan, heykəllər... Hər biri o qədər möhtəşəm idi ki! Abidə idi, özü də toxunulmaz abidə. Hər detalı o qədər valeh etdi ki, indi burada əməyi olan insanları düşünməyə başladım. Amma müsahibədən də yayınmaq olmurdu...

- İçərişəhər ovsunlu bir yerdir mənim üçün.  Hər dəfə gedəndə yeni bir yer kəşf edirəm. Amma 60-cı illərdə bu məkanla bağlı plan var imiş... Sakinləri oradan köçürmək istəyiblər. Sizcə, o plan doğru idimi? Doğru deyildisə, qarşı çıxdınızmı?

- Əlbəttə. Mən hesab edirəm ki, bu yanlış fikir idi. Çox yaxşı ki, bu plan baş tutmadı. Onun qarşısını alan da o vaxt Bakının baş memarı işləyən Hənifə Ələsgərov oldu. O, bu layihənin əleyhinə çıxış etdi. Hətta o layihəni hazırlayan adamları günahlandırdı ki, siz bilərək bizim tariximizi silmək istəyirsiniz. Onlar istəyirdi ki, İçərişəhərdə yalnız ən görkəmli binalar saxlanılsın, qalan yaşayış evləri dağıdılsın, sökülsün, yerində park salınsın və İçərişəhər dönsün muzeyə. Bayaq da dediyim kimi, mən İçərişəhərdə doğulmuşam. Özümü İçərişəhərli hesab edirəm. Düşünürəm ki, İçərişəhərdə ən qiymətli olan orada yaşayan insanlardı. İçərişəhər sakinsiz heç kimə gərək deyil. O zaman ölmüş şəhər olacaqdı.

- Hansı memarlıq üslubunu bəyənirsiniz? 

- Mən müasir adamam. Müasir dövrdə yaşayıram. Düşünürəm ki, memarlıq yarandığı dövrə məxsus olmalıdır. 21-ci əsrdir, hərdən Bakıda da olur, burada da tikirlər - kapitel, kalon, meymun şəkilləri. Bu düzgün deyil. Bu arxaikadır. Memarlıq müasir olmalıdır. İnsanlar müasir geyinir, elədirmi? Bu gün nə çarıq geyinən var, nə başına əmmamə qoyan var, nə də əba geyinən var. Hamısı İtaliya kostyumlarında gəzirlər. İnsanlar və geyimlər müasirdilərsə, memarlıq niyə müasir olmamalıdır? Ona görə də mən düşünürəm ki, bu gün ən düzgün memarlıq üslubu modern üslubdur. Yəni müasir memarlıqdır. Bu, həm də insan təfəkkürünün inkişafını göstərir. 

- Elbay müəllim, Bakıya müasirlik yaraşırmı?

- Bəli. Sadəcə olaraq, o müasirliklə tarixin sintezini tapmaq lazımdır. Onların toqquşan nöqtəsi necə olmalıdır ki, bir-birlərinə xələl gətirməsinlər? Burada miqyas və mərtəbələrin hündürlüyü məsələsi var. Hamı ritm sözü deyəndə şaquli ritmdən danışır. Amma elə deyil. Əsas, bax, bu ritmdir (əli ilə havada diaqonal xətt cızır – M.U.). 

Yeni binalar köhnə binaların yanında tikilir. Əlbəttə, tikilə bilər. Amma onların mərtəbələrinin hündürlüyü köhnə binalar ilə uyğunlaşdırılmalıdır. Baxın bura, hündürlüyü 4 metr yarımdır. Bunun yanında indi bina tiksələr, kimsə fikirləşəcək ki, neynirəm bu hündürlüyü, mən bu 4 metr yarıma iki mərtəbə tikərəm. Buna yola vermək olmaz. Pəncərələrin altı  bir səviyyədə olmalıdır. Dəyişəndə dissonas yaradır. Müasirliklə qədimlik mütləq bir yerdə yaşamalıdır. İnsanlar necə yaşayır? Cavanlar ilə yaşlılar bir evdə yaşamırlar? Çətinliklər var, problemlər var, düşüncə fərqi var. Amma onları uyğunlaşdırırlar, elə deyilmi? Zəka nə üçündür? Memarlıqda da bu olmalıdır. Mütləq olmalıdır.

- “Cavanşir” körpüsünün sökülməsi, sizcə, doğru addımdırmı?

- Birincisi, mən o körpünü “Qaqarin” körpüsü kimi tanıyıram. Çünki 1961-ci ildə Qaqarin kosmosa uçanda o küçəyə onun adını verdilər. Körpü də var idi, o da oldu “Qaqarin” körpüsü. Cavanşirin ona nə aidiyyatı var, bilmirəm. Məncə, Cavanşir, ümumiyyətlə, Bakıda olmayıb. Qaqarin olub amma Bakıda. O, fantastik ideya idi. O vaxt Bakının fantastik bir meri var idi. Bu, onun ideyası idi və onun adını qoydu Cavanşir körpüsü. Bürüncdən tökülmüş Cavanşirin xırda heykəlciklərini də kənarlarına düzdülər. Mənə maraqlı olan odur ki, onlar bürüncdən idi. Onlara nə oldu, onları nə etdilər görəsən? Nəsə... Bu gün həmin körpünün mahiyyəti itib. 

- Niyə elə düşünürsünüz? 

- Çünki oradan dəmiryolu keçirdi. Yük limanına. İndi orada yük limanı da yoxdur. Köçürülüb. Dəmiryolu da işləmir. Körpü bircə ona görə idi ki, nəqliyyat üstdən, qatarlar isə körpünün altından keçsin. Bu yoxdursa, o körpü gərəkdirmi? Altı nə idi onun bilirsiniz? Zibilxana. Köhnə maşınları atırdılar ora. İndi açılacaq, orada park salınır, küçə yeni küçə olacaq - enli və rahat. Bəli, bir müddət narahatlıq var. Oradan gedib-gəlməyə öyrəşən adamlar marşrutlarını dəyişiblər. Müvəqqətidir, dedilər 3 aydan sonra açacaqlar. 

- Bakının baş planında nə vaxtsa dəyişmək istədiyiniz, amma dəyişə bilmədiyiniz bir şey olubmu?

- Qızım, ümumiyyətlə, baş plan elə bir sənəd deyil ki, orada heç nəyi dəyişdirmək olmasın. Baş plan proqnozdu. Bax, belə ola bilər. Həyatın öz qanunları var və o qanunlar bəzi məsələləri korrektə edir. Məsələn, nəzərdə tutulub ki, “Xutor” deyilən ərazidə yeni yaşayış məhəllələri salınacaq. Baş plan 2040-cı ilə qədərdir, düzdürmü? 

- Bəli...

- Bu gün 2024-cü ildi. Çox qalmayıb, cəmi 16 il. Biz tam əminikmi ki, 16 il ərzində elə bir investor tapacağıq ki, gəlsin desin, hə, mən “Xutor”daki evlərin hamısını alıram, camaatın pulunu verirəm və ya mənzil ilə təmin edirəm, sonra da burada yeni yaşayış kompleksi tikəcəm. Ola bilsin ki heç olmasın belə bir adam. Ola bilsin, 2040-cı ildə o problem yenə də Bakının üzərində qalsın. Baş planın müddəti bitdisə, həyata keçməyəcək. 

- O zaman yeni Baş plan yaranacaq? 

- Yeni baş planda yenidən və daha dəqiq fikirləşmək lazımdır ki, bunu ümumi bir kompleks kimi götürək və ya hissələrə paçalayaq? Bəlkə bunu hissə-hissə həyata keçirilməsinə meylli adam daha çoxdur və ya tez tapılar?

- Əsas odur ki, tapılarmı? 

- (Gülür) Bax, bu, böyük sualdır. Şəhərin inkişafı və dəyişməsi mütləq iqtisadiyyat ilə bağlıdır. Bu gün dövlətin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə abadlıq, tikinti işləri həyata keçirib, insanları yurdlarına qaytarmaqdır. Bəlkə bu gün kimsə düşünür ki, büdcə hesabına dediyim birmərtəbəliləri sökəcəklər, onların yerində yeni nəsə inşa edəcəklər, xeyr, etməyəcəklər. Çünki ora, yəni Qarabağ daha vacibdir. Buradakı işləri görmək üçün iş adamları lazımdır. Onları da məcbur etmək olmaz ki, sən gəl hökmən bunu elə. Əlverişlidirsə, edəcək. Deyilsə, etməyəcək. Ona görə baş plan proqnozdur, təxmini sənəddir. Bakının inkişaf yollarını və hansı sahələrdə daha diqqətli olmaq lazım olduğunu deyir. 

- Bəs baş planda diqqət tələb edən əsas sahələrdən biri nədir?

- Məsələn, baş planda ən əsas məsələdən biri nəqliyyatdır. Şəhər nəqliyyatıdır. Çünki şəhər nəqliyyatı həqiqətən ağır vəziyyətdədir. Şəhər böyüyür, əhali çoxalır. İnsanların da, görünür, rifah halı elədir ki, hər ailədə maşın var. Bayaq bir tanış gəlmişdi, onunla söhbət edirdik. Bu gün bağçaya da maşınla aparırlar uşaqları. Bizi məktəbə piyada aparırdılar. Baxmayaraq ki, atam nazir idi. Anamın heç təsəvvürünə də gəlməzdi ki, məni maşına mindirib məktəbə aparsın. Bazara da trolleybusa minib gedirdi. Bu gün o biri tindəki dükana getmək üçün, bu tindən maşına minib gedir, çörək alır, qayıdır evinə. Camaatın düşüncəsi dəyişib. Ona görə də nəqliyyat bu gün çox gərgin vəziyyətdədir Bakıda. Ən böyük problem elə nəqliyyatdır.

- Az öncə dediniz ki, dövlətin əsas məqsədi Qarabağı abadlaşdırmaqdır. Razısınızmı orada gedən yenidənqurma işlərindən? Qane edirmi sizi?

- Gəlin ondan başlayaq ki, hər bir yenilik, müsbətə doğru atılan addım bizi sevindirməlidir. Çox təəssüf ki, bizim adamlarda bu çatışmazlıq var. Onları heç nə sevindirmir. Deyirlər, filankəs qızını ərə verir. Deməkdən ki, Allah xoşbəxt eləsin, deyirlər, cehizi nədir? Qarabağda görülən işlər hər birimizi sevindirməlidir. Birinci ona görə ki, 30 ildir biz bu işlərin həsrətində qalmışıq. Siz cavansınız. Mən qorxurdum ki, yaşıma görə Qarabağı görməyəcəm. Bilirdim ki, gec-tez Qarabağ azad olunacaq. Amma deyirdim birdən ömrüm çatmaz, görmərəm. Gördüm. Xoşbəxt oldum. 

- Nə hiss elədiniz?

- İlk dəfə müharibədən sonra Şuşada Xarı Bülbül festivalı keçiriləndə mənə Heydər Əliyev Fondundan bir xanım zəng etdi. Dedi ki, Elbay müəllim, biz Şuşaya gedirik. Orada Xarıbülbül festivalı keçiriləcək. Amma yollar çox bərbad gündədir. Sizə əziyyət olmazmı? Bizimlə getmək istəyirsinizmi? Dedim ki, qızım, piyada getməyə, hətta qaça-qaça getməyə də hazıram. Çünki mən ora getməyi 30 il gözləmişəm. Bu gün 30 ildən sonra baxın görün nə miqyasda işlər görülür. Mən bunu sizə tam məsuliyyət ilə deyirəm ki, dünyada ikinci elə bir yer yoxdur ki, o boyda ərazidə həmin miqyasda işlər görülsün. Eyni zamanda söhbət təkcə puldan, iqtisadi dəstəkdən getmir. Burada insan resursu var. Sən demə, bizim bu qədər ustalarımız, mütəxəssislərimiz var. Ya biz tanımamışıq, ya onlar yer tapmayıb ki, öz bacarığını göstərsinlər. Görün nələr olub. Fizuliyə baxın. Bu yaxınlarda Şuşada idim. O yeni binalara gedib baxanda həyəcanlandım. İnsanlar üçün necə gözəl şərait yaradıblar. Bunların hamısına sevinmək lazımdır. Nöqsansız olmur. Nöqsan axtarmaq gərək deyil. Nöqsan özü özünü göstərəcək, onu düzəltmək lazımdır. O nöqsanı böyük bir problemə çevirib bütün dünyaya car çəkməyin xeyri kimədir? Düşmənə. Yalnız düşmən sevinər. Nə mən sevinmərəm, nə siz sevinməzsiniz. Səhv ediblər, düzəltsinlər. Yanaşma belə olmalıdır.

- Nöqsan demişkən, Türkiyənin böyük bir bölgəsi zəlzələ nəticəsində dağıldı. Binalarda aşkar edilən çatışmazlıqlar da dağıntının o qədər geniş miqyasda olmasının əsas səbəblərindən idi. Sizcə, Bakıda da güclü zəlzələ olsa, binaların taleyi necə olar?

- Onu deyim ki, Bakıda elə yüksək ballı zəlzələ təhlükəsi yoxdur. Bakı Abşeron yarımadasında yerləşir. Abşeron yarımadasının da əsas torpaq tərkibi qumdur. Qum o zəlzələdən gələn təkanı yatırır, söndürür. 2000-ci ildə Bakıda 5.6 bal gücündə zəlzələ oldu. 

(Xəyala daldı...)

Zəlzələ olan gün rəhmətlik qayınanamın ad günü idi. Mən də orda idim. Beşmərtəbəli binada yaşayırdılar. Birdə gördüm bina yellənir. Körpə nəvəm var idi yanımda. Götürdüm qucağıma, küçəyə çıxdıq. Dördüncü mərtəbədən düşdük aşağı, həyətə çıxdıq. Mən isə çoxmərtəbəli binada yaşayırdım. Elə indi də orada yaşayıram. Yoldaşım mənə dedi ki, bizim binalar yüz faiz dağılıb. Gedək? Dedim, yox, getməyək. Ordan çıxıb getdik Mərdəkana bağa. Ailəmi yerləşdirdim bağa, özüm də şəhərin baş memarı vəzifəsində işləyirdim. Sürücümə dedim, qayıdaq İçərişəhərə. Gəldik, keçdim iş otağıma. Zənglər başlandı. Dövlət telefonu ilə. Səhər açıldı. Saat 07:00 idi. Sürücümə dedim ki, gedək bizim evin yanına. Yolda gedə-gedə fikirləşirəm ki, gedib görəcəm ki, evimiz dağılıb. Gəlib gördüm heç nə olmayıb. Sonra başladıq şəhəri gəzməyə. Yeni binalardan birinə də zərər dəyməmişdi. Hamısı yerində idi. Hətta bir bina tikinti ərəfəsində idi. Neçənci mərtəbədəsə kərpicləri elə-belə qoymuşdular ki, sonradan istifadə etsinlər. O kərpiclər belə yerə düşməmişdi. Çünki müasir layihələndirmədə seysmik davamlılıq üçün xüsusi tələblər var, o tələblər yerinə yetirilməyibsə, o layihələr ekspertizadan keçmir. Nəyinsə xatirinə kimsə göz yumsa ona, onun axırı pis olacaq. 

- Bəs Bakıda elə bir bina varmı, baxanda deyirsiniz ki, onun yeri bura deyil?

- Var. Çox binalar var. 

- Məsələn?

- Mən vaxtı ilə həmin binaların əleyhinə çıxış eləmişəm. Baş memar olduğum dövrdə belə binaların sənədlərinə imza da atmamışam. Belə binalardan biri Mərkəzi Bankın binasıdır. Fizuli küçəsində. Mən ona icazə verməmişəm. Ora bulvar olmalı idi. Elə binalardan biri də Flame tower-dir. O binanın yeri yanlışdır. Gərək aşağıda olaydı. Dəniz sahilində. Elə olsa idi, daha gözəl görünərdi... 

(Bir neçə dəqiqə ortaya səssizlik çökdü)

- Vaxtı ikən Musiqili Teatrın binası söküldü. Yeni teatr binasının tikilməsi məsələsi müzakirə olunanda mən dedim ki, teatrı orada tikməyin, Fəvvarələr meydanında tikin. İndi isə plaza dayanıb orda. Boş idi əvvəl. Dedim, teatr binasını orada tikin, qarşısında park var. insanlar yay foyesi kimi o parkdan istifadə edə bilsinlər. Sözümə baxmadılar, tikdilər həmin yerdə. Bu gün oraya camaat tamaşaya gedəndə böyük çətinliklərlə qarşılaşır. Nəqliyyatı saxlamağa yer yoxdur. İnsanlar hara gəlirsə, maşını atır və o teatrda tamaşa olan günləri o tərəfə getməmək məsləhətdi ki, gedib orada ilişib qalmayasan. Belə şeylər var.

- 2001-ci ildə vəzifənizi tərk eləmisiniz. Səbəbi nə oldu?

- Səbəbi o oldu ki, Bakının yeni icra hakimiyyəti başçısı ilə bizim həm dünyagörüşümüz, həm münasibətimiz üst-üstə gəlmədi. O hesab edirdi ki, bütün qərarları yalnız o qəbul etməlidir, hər şey onun dediyi kimi olmalıdır. Son söhbətimizdə ona dedim ki, mən şəhərin baş memarıyam və bu, hesab edirəm ki, belə olmalıdır. Mənə dedi ki, şəhərin baş memarı da mənəm, prokuroru da mənəm, polis rəisi də mənəm, hakimi də mənəm. Dedim, böyük adamsan... Döndüm və çıxıb getdim. Vəssalam. Baxmayaraq ki, Heydər Əliyev məni buraxmırdı, demişdi ki, nəbadə vəzifəsini tərk etsin. Mən onun sözü ilə 5 ay o şəraitə dözdüm. Sonra gördüm mümkün deyil. İş başqa yerə gedəcək və əlimdən bir xəta çıxacaq. Ona görə döndüm və çıxıb getdim.

- Son sualımı vermək istəyirəm. Azərbaycan gəncliyi sizi qane edirmi?

- Azərbaycan gəncliyi özünü göstərdi. Bəs müharibəni kim uddu? Gənclərimiz udmadılarmı? Mənim kimi yaşlı adamlar müharibədə olmayıblar. Gənclərimiz torpaqları qaytardılar. Ona görə mən düşünürəm ki, oğlanlarımız namuslu, qeyrətlidirlər. Qızlarımız da özlərini onların yanında ləyaqətlə aparırlar. Gəncliyimiz çox yaxşıdır. Çox razıyam. Arxayın idim mən, bu ölkənin gələcəyi sizsiniz. Biz hamımız gedəcəyik. Siz qalacaqsınız, siz idarə edəcəksiniz bu ölkəni.

Mədinə Useynova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10