Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pezeşkianı gözləyən təhlükələr



İranda prezident seçkisi hakimiyyət daxilindəki bir sıra problemləri üzə çıxarıb. 

Məlum olub ki, hakimiyyət daxilində mövcud olan iki qrupdan birinin - mühafizəkarların öz içində belə fikir ayrılığı var. Əks halda, ali rəhbər ayətullah Seyid Əli Xaməneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ilə parlament sədri Məhəmmədbaqer Qalibaf prezidentliyə namizədliklərini irəli sürməzdi. Belə çıxır ki, onların hər birinin arxasında mühafizəkarların fərqli qüvvəsi durur. Elə səsvermənin ikinci turuna bir gün qalmış Qalibafın öz tərəfdarlarını Səid Cəliliyə səs verməyə çağırması da ziddiyyətin göstəricisi sayıla bilər. 

O biri iki namizəd kimi Mustafa Purməhəmmədin oyundan çıxmamasını da bu münasibətin təzahürü saymaq olar. 

Sual yaranır: Onlar bu davranışı ilə ali rəhbərə hörmətsizlik edir? Əlbəttə, yox. Əslində, Xamənei tərəfindən bu məsələ ilə bağlı təklif almaqları onlar üçün böyük şərəf sayıla bilər. Ancaq ali rəhbərə bu lazım deyil. Onun üçün əsas olan seçki süzgəcindən keçən iddiaçıların və sonra namizəd olaraq qeydə alınanların kimliyidir. Qalan məsələ Xamənei və ali rəhbərliyin oyuna tamaşası üçündür. 

Onun bu siyasi kampaniyada ikinci hədəfi seçicilərin sayının çox olması idi. Birinci turda o, bunun az olduğunu özü də etiraf edib. Deyilənə görə, ikinci turda səsverməyə gələn seçicilərin sayı 10 faiz artıb. 

Məsud Pezeşkian seçiləndən sonra Xaməneiyə təşəkkür ünvanlayıb. Bildirib ki, onun dəstəyi ilə bu vəzifəyə seçilib. 

İran hakimiyyəti daxilində çox maraqlı vəziyyət yaranıb. Ali rəhbər və ali icraedici orqanın başçısı türkdür. Öncədən qeyd edək ki, bunun Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına heç bir müsbət təsiri yoxdur. Çox az ehtimal var, ola bilsin ki, İran Ana Yasasının ana dilində təhsilə dair 15-ci maddəsi qismən icra olunar, ya da özlərini icra edirmiş kimi göstərə bilərlər. Ancaq bu da konstitusiyanın uyğun maddəsinin gözdən salınması üçün edilər. Bununla da ölkənin əsas qanunundakı milli mədəni hüquqların təmininə dair maddələri birdəfəlik basdırarlar. 

Məsud Pezeşkianın türkcə danışması, Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd söyləməsini, yaxud seçkilərdən çox-çox əvvəl konstitusiyanın 15-ci maddəsinin icra olunması haqqında söylədiklərini, habelə seçkiqabağı kampaniya zamanı sözləri Ənvər Əlibəyliyə, musiqisi Rauf Hacıyevə məxsus məşhur “Azərbaycan” mahnısının ifa edilməsini və s. əldə bayraq edib, ondan milli qəhrəman düzəltməyə çalışanlar, elə özləri mili hərəkata zərbə vururlar. 

Heç kəsə sirr deyil ki, İranın yeni seçilən prezidenti ayətullah Ruhullah Xomeyninin qatı tərəfdarlarından olub. O da “xətti-imam” (Xomeyni tərəfdarları belə də adlanır) ideologiyasının daşıyıcılarındandır. Başqa sözlə, Livandakı “Hizbullah”ın  siyasi-ideoloji düşüncə sisteminin adamıdır. 

Bəziləri az qalır Məsud Pezeşkianı milli lider səviyyəsinə ucaltsın. Bəlkə də ola bilərdi. Ancaq indi o, İranın bütün vətəndaşlarının prezidentdir. 

Ona görə, yeni seçilən Prezidentə böyük zərbəni vuranlar ondan türk olduğu üçün səlahiyyətindən artıq əməl gözləyənlərdir. Çünki o, bunu, istəsə belə, edə bilməz. Yeni hökumətin formalaşması üçün İranın keçmiş xarici işlər naziri, əslən İsfahandan olan Məhəmmədtağı Zərifin başçılığı altında yaradılan şura isə faktiki olaraq, prezidentin mühasirədə saxlanması deməkdir. Bu şuranın məsləhətçiləri isə Məhəmməd Xatəmi, Həsən Ruhani, Qulaməli Həddad Adildir. Bu dördlük fars şovinizminin çağdaş liderləri sayılır. Bu baxımdan, Pezeşkiana zərbə vuracaq digər dəstə islahatçı adı altın gizlənən bu panfarsçılardır. 

Başqa bir zərbə ona ordudan, daha doğrusu, İnqilab Keşikçiləri Qvardiyasından (SEPAH) dəyə bilər. SEPAH-ın komandanı, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, inqilabla əlaqəsi olan bəzi qüvvələr onun rəqibinə səs versələr də yeni seçilən prezident Pezeşkian bütün xalqların, hər insanın prezidentidir və onu inqilabi qüvvələr dəstəkləyib. Bunu SEPAH-ın doktora ismarışı kimi də qiymətləndirmək olar. Yəni, “inqilabi qüvvələr səni dəstəkləyib, xətdən çıxma”.

Pezeşkian zərbəni keçmiş rəqibləri - Səid Cəlili və Məhəmmədbaqer Qalibafdan da ala bilər. Nəzərə almaq lazımdır ki, Səid Cəlili nüvə proqramı üzrə danışıqlarda iştirak edib və Həsən Ruhani hökumətinin əldə etdiyi nəticəyə qarşı kampaniyanı təşkil edənlərin başçısıdır. 

Seçki kampaniyasında işarə etdiyi hicabın ləğvi istiqamətində addım atarsa, mühafizəkar xəttin nümayəndələrini qarşısına almış olacaq. 

Ən böyük zərbə isə Xaməneidən gələ bilər. Həm dövlətin faktiki rəhbəri olduğunu, həm də nüfuzunu nəzərə alsaq, ali rəhbərlə doktor arasında müəyyən razılaşmanın olduğunu ehtimal etmək mümkündür. Odur ki, Pezeşkianın müstəqil addımlar atmaq, milli-mədəni planda öz qərarı ilə nəsə etmək cəhdi anlaşmanın pozulması deməkdir. Bu isə yeni hökumət rəhbərinin siyasi və bəlkə də hətta cismani həyatının sonu demək olar…






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10