ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynada müharibəyə son qoymaq planı çərçivəsində Rusiyaya qarşı sanksiyaları yumşaltmağı düşünür. O, bu barədə “Bloomber” agentliyinə müsahibəsində bildirib.
“Biz sanksiyalarla hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm. Mən vaxtilə sanksiyaları İran üçün çox faydalı hesab etdim. Lakin İranla belə, onlara o qədər də ehtiyac yox idi”, - Tramp deyib.
O, birinci prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərdə olduğunu da xatırladıb. “Bizim heç vaxt müharibə təhlükəmiz olmayıb. O, heç vaxt Ukraynaya hücum etməzdi. Mən ona dedim ki, heç vaxt, heç vaxt Ukraynaya girmə”, – Tramp söyləyib.
Onun fikrincə, indi dünya daha təhlükəli hala gəlib. Çünki ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynadakı müharibə dövründə “Rusiya və Çini evlənməyə məcbur edib”. “Onlar evlidirlər. Sonra kiçik əmisi oğlanları İranı, ardınca isə Şimali Koreyanı yanlarına çağırdılar. Onların başqa heç kimə ehtiyacı yoxdur”, - deyə siyasətçi bildirib.
Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, prezident vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Ukraynada müharibəni dayandıra bilər. “Bloomberg”-in yazdığına görə, o, hərbi yardımı kəsmək hədəsi ilə Ukraynanı Moskva ilə danışıqlara məcbur etmək niyyətindədir. Eyni zamanda, Tramp Kiyevə silah tədarükünü artıracağı ilə hədələyərək Rusiyanı danışıqlar masası arxasına oturtmaq istəyir.
Əgər bu bəyanatları bütövlükdə nəzərdən keçirsək, belə anlaşılır ki, ABŞ-ın gələcək prezidenti Ukraynanı işğalçı ölkə qarşısında məğlub vəziyyətə salmağa hazırlaşır.
Bəs, dünyanın ən güclü dövlətinin təcavüzkarı bu formada sakitləşdirmək siyasəti nəyə gətirib çıxara bilər? Bir vaxtlar Hitlerin və Stalinin qonşu dövlətlərə münasibətdə iştahını Qərbin eyni davranışı alovlandırmayıbmı?
Effektiv Siyasət İnstitutunun (Kişinov) direktoru, tarix elmləri doktoru Vitali Andrievski bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O, hesab edir ki, Trampın sülhməramlı ritorikası və Ukraynada müharibəyə son qoymaq vədləri vəziyyətin real qiymətləndirilməsinə əsaslanır.
“Birincisi, dünya bu müharibədən bezib və bir çox ölkələr buna görə itkilərlə üzləşirlər.
İkincisi, müharibə edən tərəflər nəzərəçarpacaq nəticələr əldə edə bilmirlər. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri geri almaq iqtidarında deyil. Rusiya Ukraynanın böyük şəhərlərini - Xarkov, Zaporojye, Nikolayev, Odessanı... ələ keçirmək planlarını reallaşdıra bilmir.
Üçüncüsü, həm bir tərəfdən, həm də digər tərəfdən döyüşmək istəyənlərin sayı getdikcə azalır və insanlar arasında sülh tələb edənlərin sayı artır”, - institut direktoru deyir.
O, əmindir ki, gec və ya tez, Trampla və ya Trampsız müharibə dayandırılacaq.
“Tramp bu tendensiyanı yaxşı tutub və özünü sülhməramlı kimi təqdim edir. Siyasətçinin üçün əla gedişir.
Bundan başqa, Trampın əlində kozırları var. Bunlar təzyiq rıçaqlarıdır. Ukraynaya təzyiq edir ki, sülh danışıqlarına getməsəniz, silah və maliyyə yardımı etməyəcək. Rusiyaya təzyiq edir ki, əgər sülh danışıqlarına razı olmasanız, biz Ukraynaya yardımı artıracağıq, Amerika raketləri ilə Rusiyanın bütün ərazisinə zərbə vurulmasına icazə verəcəyik...
Bütün bunlar birlikdə problemin sülh yolu ilə həllinə şans verir. Amma əlavə edim ki, müharibənin müəyyən müddətdən sonra yenidən alovlanmayacağına zəmanət yoxdur. Ona görə də ikinci mərhələ vacibdir - sülh təminatı. Amma Tramp hələlik bu problemin həllini təklif etməyib”, – Andrievski bildirib.
Rauf Orucov