Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Boeing” faciəsi: 10 ilin sirləri və cəzasını gözləyən günahlar



Rusiya istintaqla əməkdaşlıqdan yayınır, həqiqəti tapmaq müşkülə dönüb

19 İyul 2024

2014-cü il iyulun 17-də, Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında döyüşlərin getdiyi Donbasın üzərində MH17 reysi ilə uçan “Boeing” raketlə vuruldu. Təyyarədəki 298 nəfərdən heç biri sağ qalmadı. Üstündən 10 il keçməsinə baxmayaraq, hadisənin detallarının çoxunu bilmirik, təfərrüatlar dar çərçivədə şəxslərə məlumdur ki, onlar da, ola bilsin, heç vaxt danışmayacaqlar. Amma əsas sualın cavabı çoxdan məlumdur. Bunu Haaqadakı məhkəmə müəyyənləşdirib. Hətta günahkarlardan biri barmaqlıqlar arxasındadır, doğrudur, başqa səbəbdən. 

MH17 işi üzrə məhkum olunanlar indi haradadırlar?

2022-ci ildə Haaqa dairə məhkəməsi Malayziya “Boeing”inin qəzasına görə üç nəfəri müqəssir bilib və ömürük həbsə məhkum edib: 

Qondarma DXR-in “müdafiə naziri” və istefada olan FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti) polkovniki İqor Qirkin (daha çox İqor Strelkov kimi tanınır);

DXR-in keçmiş hərbi kəşfiyyat rəisi, eləcə də istefada olan QRU (Rusiyanın hərbi kəşfiyyatı) polkovniki Sergey Dubinski;

Dubinskinin tabeliyində olan Leonid Xarçenko (o, müttəhimlər arasında yeganə Donbas sakini və Ukrayna vətəndaşı idi).

Onlardan heç biri məhkəmədə iştirak etmirdi, buna görə də cəza qiyabi kəsilib. Amma üçlükdən biri barmaqlıq arxasına düşüb, doğrudur Haaqada yox, Rusiyada və “Boeing”lə əlaqədar olmayan məsələyə görə. İqor Strelkov 2024-cü ilin yanvarında ekstremizmə çağırışlara görə 4 il həbsə məhkum olunub. 

Formal olaraq onu teleqram kanalındakı iki yazısına görə tutublar. Birində iddia edirdi ki, Krım gizli danışıqlar vasitəsilə tezliklə Ukraynaya qaytarıla bilər, ikincisində isə DXR-in iki alayına ödənişlərin edilməməsini tənqid edirdi. 

Amma həbsin gerçək səbəbi, çox güman, ondan ibarətdir ki, Strelkov tam miqyaslı savaşın lap əvvəlindən Rusiyanın hərbi rəhbərliyini və şəxsən Putini sərt tənqid edirdi. Müharibə Strelkovun şəxsinə marağı artırdı: saxlanılan gün teleqram kanalının 875 min izləyicisi vardı, bu da RT rəhbəri Marqarita Simonyanın izləyicilərindən az qala iki dəfə çox idi. 

Digər məhkum, Leonid Xarçenko da təcridxanada olmağa fürsət tapdı, yenə də MH17 ilə bağlı olmayan məsələyə görə. 

O, 2020-ci ilin martında DXR-də qanunsuz silah - tapança - saxlamağa görə həbs olundu. Xarçenkonun yoldaşları iddia edirlər ki, silahı “şəxsi təhlükəsizliyinin təmini üçün” elə Donetsk güc orqanları vermişdi. Bir neçə aydan sonra Xarçenkonu buraxdılar - həbsi kimi qəflətən - və o, Rusiyaya getdi. BBC-nin məlumatına görə, Rusiya vətəndaşlığı aldı və indi Krasnodar vilayətində, ya da ilhaq edilmiş Krımda yaşayır. 

Niderland prokurorluğunun məlumatına görə, məhkumlar arasında təkcə Xarçenko MH17-ni vuran raketin buraxıldığı yerdə şəxsən ola bilərdi. 

Sergey Dubinski isə, BBC-yə məlum olduğuna görə, pensiyaya çıxıb və Rostov vilayətində yaşayır. 

Hazırda Dubinskinin 61 yaşı var. Jurnalistlərlə ünsiyyətdən qaçır. Ukraynaya indiki müdaxilədə fiziki iştirakı barədə sübutlar yoxdur. Amma 2023-cü il mayın 9-da SBU (Ukrayna Təhlükəsizlik Xidməti) mətbuat xidməti Ukrayna ordusunun hərəkəti barədə məlumatları Dubinskiyə ötürən qadının saxlanılmasını xəbər vermişdi. 

Məlumata görə, qadın Donetsk vilayətində yaşayıb və keçmiş kəşfiyyatçını şəxsən tanıyıb. Məhkəmə onu 12 il azadlıqdan məhrum etdi. 

MH17 işində dördüncü şübhəli də vardı - Oleq Pulatov (2014-cü ilin yayında Rusiya desant qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı). Məhkəmə onun müqəssir olması barədə sübutları yetərsiz saydı və Pulatova bəraət verdi. Məhkəmə zamanı Pulatov vəkilləri vasitəsilə Ulyanovskda yaşadığını bildirmişdi. 

Kim atəş açıb?

İstintaq onlarla foto və videonu, eləcə də ələ keçmiş yüzlərlə telefon danışığını araşdıraraq sübut edib ki, təyyarə “Buk” zenit-raket kompleksinin raketi ilə vurulub. Həmçinin, sübut olunub ki, atəş “Donetsk ordusu”nun nəzarətində olan ərazidən açılıb, “Buk” da oraya Rusiyadan, Kursk vilayətindəki 53-cü HHM briqadasından gəlib. 

Cavablar burada bitir və suallar başlayır. Nə Strelkov, nə Dubinski, nə Pulatov atəş yerində şəxsən olmayıblar. 

Arada söndürülən telefonun geolokasiyasına və ələ keçirilən telefon danışıqlarının məzmununa istinad edən müstəntiqlər bilavasitə atəş yerində Leonid Xarçenkonun ola bilməsini təxmin edirlər, o da müşayiətçi qismində.

Məhkəmə onlardan heç birinin raketin atəş düyməsinə basmadığını müəyyən edib. Bəs atəşi kim açıb?

“Buk”un heyəti, bir qayda olaraq, dörd nəfərdən ibarətdir. Ona leytenant rütbəsində zabit başçılıq edir, heyətə həm də serjant və iki sıravi - raketin atəş düyməsinə basan operator və sürücü - daxildir. “Boeing”i vuran həmin “Buk”da neçə nəfər olub, aydın deyil. 

Niderlandın məlumatına görə, MH17 faciəsinə bir neçə gün qalmış iki “Buk” qurğusu hərbi hissədən çıxarılıb. Onlardan biri yolda xarab olduğundan təyinat nöqtəsinə çatmayıb.

Donetskə gəlib çatan “Buk” üzərində 3...2 rəqəmləri olub (ortadakı rəqəm silinib və müəyyənləşdirmək mümkün olmayıb). “Bellingcat” qrupunun tədqiqatçılarının fikrincə, bu, o deməkdir ki, kompleks 53-cü briqadanın 3-cü taborunun olub. Bu da “Boeing”ə atəşin potensial iştirakçılarının sayını 30 nəfərə qədər azaldır. Amma atəş zamanı qurğunun daxilində olan 3-4 nəfəri müstəntiqlərin əlində olan məlumatlar əsasında müəyyənləşdirmək mümkün deyil. 

53-cü HHM briqadasına 2013-2016-cı illərdə polkovnik Sergey Muçkayev rəhbərlik edib. O, tutduğu vəzifəyə əsasən “Buk”un yerdəyişməsi barədə məlumatlı olmalıdır. Amma istintaq onun bu işdə iştirakı və ya atəş zamanı hadisə yerində olması barədə təkzibolunmaz dəlillər tapa bilməyib. 

Muçkayevi dindirmək haqda Niderlandın Rusiyaya göndərdiyi bütün sorğular cavabsız qalıb, baxmayaraq ki, Kreml istintaqa buraxılmamasından şikayət edir. 

Muçkayev Sergey Şoyqunun rəhbərlik etdiyi Müdafiə Nazirliyinə tabe idi. Amma “Buk”un Donetsk vilayəti ərazisinə gətirilməsində və hava hədəflərinə atəş açmağa razılıq verilməsində Şoyqunun iştirakı haqda bilavasitə dəlillər yoxdur.  

Əvəzində “Vladimir İvanoviç” kod adlı şəxsin ZRK-nin daşınmasında iştirakına işarə edən xeyli telefon danışıqları ələ keçirilib. 

BBC-yə hələ 2020-ci ildə məlum olub ki, bu ad altında FSB direktorunun indiki birinci müavini general-polkovnik Andrey Burlaka gizlənə bilər.

Müstəntiqlərin ictimailəşdirdiyi telefon danışıqlarında DXR nümayəndələri “Vladimir İvanoviçi” Ukraynanın şərqində keçirilən bütün əməliyyatın rəhbəri adlandırırlar. DNR-in keçmiş müdafiə naziri İqor Strelkov isə birbaşa “Vladimir İvanoviç”in əmrlərinə tabe olduğunu deyirdi. 

BBC, personal məlumatlar bazasına çıxışı olan mənbədən generalın 2014-cü ildəki yerdəyişmələri haqqında informasiya alaraq aydınlaşdırıb ki, “Boeing” vurulan gün Andrey Burlaka Rostovda olub. BBC-nin sorğusu əsasında aparılan fonoskopik ekspertiza isə general Burlakanın və “Vladimir İvanoviç”in səsində çoxsaylı oxşarlıqlar aşkar edib. 

Mənbələrdən biri də BBC-yə deyib ki, 2014-2015-ci illərdə Ukraynanın şərqindəki müharibənin aktiv mərhələsi yekunlaşandan sonra general Burlaka irəli çəkilib və “Rusiya qəhrəmanı” adını alıb. Açıq mənbələrdən isə görünür ki, Andrey Burlaka 2014-cü ilə qədər general-leytenant olub, sonra general-polkovnikliyə yüksəlib. 

Rusiya nə deyir? 

Rusiya təyyarəni kimin və necə vurması haqqında öz versiyasını bir neçə dəfə kökündən dəyişib. Niderland məhkəməsi bu versiyaları gözardı etməyib, onların hamısı diqqətlə araşdırılıb.  

Rusiya Müdafiə Nazirliyi və istintaq komitəsi əvvəlcə iddia edirdilər ki, “Boeing”i Ukraynanın hərbi təyyarəsi - ya Su-25, ya MiQ-29 - vurub. Amma bütün bu illər ərzində sanballı sübutlar təqdim etmədi. 

Ukrayna özünün bütün hərbi təyyarələrinin 2014-cü il iyulun 17-də uçuşları barədə məlumatları Niderlanda verib. Bütün uçuşlar döyüş zonasında kənarda baş verib. 

Rusiyanın “Almaz-Antey” konserni - “Buk” zenit komplekslərinin istehsalçısı - 2015-ci ilin yayında öz versiyasını irəli sürdü: guya “Boeing” həmin vaxt Ukrayna qüvvələrinin nəzarətində olan Zaroşenskoye qəsəbəsi ətrafından buraxılan raketlə vurulub. 

Tezliklə məlum oldu ki, həmin ərazi ukraynalıların yox, DXR qüvvələrinin nəzarətində olub. Bunu separatçıların özlərinin dinlənilən danışıqları sübut edir. Bundan əlavə, Zaroşenskoye sakinləri jurnalistlərə raket atəşini eşitmədiklərini deyiblər. 

Amma Rusiya tərəfi yenə də bu versiyadan imtina etməyə tələsmirdi. Müdafiə nazirliyini guya ukraynalılara məxsus “Buk”un Donetsk vilayətindəki Ukrayna bazasını tərk etdiyi əks olunan peyk şəkilləri paylaşdı.

Niderland həmin şəkillərin orijinalını xahiş etdi. Rusiya Müdafiə nazirliyi 6 il sonra cavab verdi: orijinallar saxlanılmayıb. 

Rusiya məmurları, kremlyönümlü KİV və “Almaz-Antey” konserni öz versiyalarını daha bir neçə dəfə dəyişdirərək, müxtəlif atəş yerləri səsləndirdilər: gah Amvrosiyevka yaxınlığında sahədən, gah Yenakiyevodan, gah Snejnının şimalındakı fabrikdən. Amma bütün variantlar əsassız idi: ya atəş yeri raketin mümkün trayektoriyası ilə uyğun gəlmirdi, ya da yerli sakinlər və DXR hərbçiləri kimi şahidlər həmin nöqtələrdən atəşin mümkünlüyünü inkar edirdilər. 

Rusiya təbliğatçıları, paralel olaraq, Ukrayna hərbi təyyarəsi barədə müxtəlif əfsanələr uydururdular. Onlar guya “Boeing” qəzasından sonra müəmmalı şəkildə yox çıxmış aviadispetçer Anna Petrenkodan bəhs edirdilər. Ya da guya “Boeing”i vuran ukraynalı hərbi pilot Vladislav Voloşindən. 

Niderland nümayəndələri onların ikisini də tapdı. Voloşin iyulun 17-də hərbi uçuş keçirmədiyini hələ 2015-ci ildə istintaqa deyib. Ukrayna HHQ-nin sənədləri də bunu təsdiq edir. Voloşinin komandiri də istintaqa həvəslə ifadə verib. 

Dispetçer Petrenko isə, sən demə, heç yerə yox olmayıb. O da müstəntiqlərlə danışıb və öz radarında hərbi təyyarə görmədiyini deyib. Rusiyadan fərqli olaraq, Ukrayna radar məlumatlarını təqdim edib. 

Əvəzində istintaq 2014-cü il iyulun 17-də səmada raket izi görən 20 şahid tapıb. Onların hamısı həmin gün DXR nəzarətindəki ərazidə olublar. 

Səkkiz nəfər raketin səmada uçuşunu bilavasitə görüb, daha dörd nəfər isə əvvəl gurultu eşidib, sonra səmada iz görüb. 

Raketin buraxılmasının mümkün yeri barədə suala cavab verərkən, şahidlərin çoxu Snejnoye yaşayış məntəqəsindən sol tərəfdəki istiqaməti göstərib (Snejnoye 2014-cü ilin iyulunda da, indi də qondarma DXR nəzarətindədir).

Bəziləri daha dəqiq lokasiya göstərirdilər: Saur-Moqila yaxınlığı, ya da Pervomayskoye kəndi. 

Bu ifadələrin etibarlılığını yoxlamaq üçün hakim şahidlərin telefon billinqini araşdırıb. Onların hamısı iyulun 17-də həqiqətən də dedikləri ərazidə olublar. 

Bəs sonrası?

Niderland hökuməti 298 nəfərin ölümünə və bu işi lazımi qaydada araşdırmadığına görə Rusiyanı məsul bilmək üçün hələ 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Məhkəmə hələ də davam edir. 

Niderland hökuməti hesab edir ki, Rusiya bu fəlakətdə həlledici rol oynayıb və hadisə ilə bağlı Kremlin apardığı dezinformasiya kampaniyası ölənlərin qohumlarının vətəndaş hüquqlarının kobud pozuntusudur. 

Moskva özünə yönələn bütün ittihamları qətiyyətlə rədd etməkdədir. 

Son qərarın çıxarılmasına illər gedə bilər. Əgər Rusiya məhkəməni uduzarsa, AİHM onun üzərinə zərərçəkənlərə kompensasiya ödəmək öhdəliyi qoya bilər. Praktikada bu qərar simvolik olacaq.

Ukraynaya təcavüzə başlayandan sonra Rusiya, qəbul etdiyi qanuna görə, AHİM-in  2022-ci il martın 15-dən sonra qüvvəyə minən qərarlarını icra etməkdən boyun qaçırır. 

Amma bu ödənişlərin son müddəti yoxdur. Moskvanın AİHM qərarlarına görə borclandığı kompensasiyaların tarixçəsi Rusiya imperiyasının xarici borclarının SSRİ tərəfindən ödənilməsi ssenarisini təkrar edə bilər. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cgrl1zkwk72o  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10