Moskva hərbi dairəsinin orqanı olan “Krasnıy voin” (Qırmızı döyüşçü) qəzetinin işçiləri 1975-i il iyunun 2-də inanılmaz hadisə ilə üzləşdilər. Artıq 10 ildir ki, nəşrin baş redaktoru olan Aleksandr Yuryeviç Mironenko həbs edildi. Özü də Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşları tərəfindən.
Mironenko müharibə veteranı, tanınmış jurnalist və tərcüməçi, SSRİ jurnalistlər birliyinin üzvü idi. Əsas profili sovet xalqının faşizmə qarşı qəhrəman mübarizəsini işıqlandırmaq idi. Məhz buna görə hərbi profilli qəzetin baş redaktoru təyin edilmişdi. Hətta özünün savaş memuarları üzərində işlədiyini deyirdi.
Belə bir adam niyə həbs edilsin, özü də KQB tərəfindən? Bəlkə yazılarında siyasi səhvə yol verib? Hansısa xarici kəşfiyyata casusluq ehtimalı da ağıllardan keçməmiş olmadı, nə qədər inanılmaz olsa da. Amma gerçəklik daha inanılmaz idi: Mironenko müharibə illərində almanlarla əməkdaşlıq etməkdə, sovet vətəndaşlarını işgəncəyə məruz qoymaqda və öldürməkdə ittiham olunurdu.
***
Mironenko əslində heç Mironenko yox, Aleksandr İvanoviç Yuxnovski imiş. O, 1925-ci ildə Ukraynanın Volın quberniyasının Zelenaya kəndində (hazırda Xmelnitski vilayətində yerləşir) anadan olub. Atası İvan Yuxnovski 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının ordusunda bolşeviklərə qarşı döyüşüb. Görünür, rütbəsi böyük olmayıb ki, Ukraynada bolşevik hakimiyyəti bərqərar olandan sonra repressiyaya uğramayıb. Ya da faktı gizlədə bilib.
1930-cu illərdə ailə Sumı vilayətinin Romnı şəhərinə köçür və ata Yuxnovski burada aqronom işləyir, yaxşı mütəxəssis kimi tanınır. Zahirən loyal vətəndaş kimi görünsə də, sovet hökumətinə qarşı nifrəti sönməmişdi və sovet-alman müharibəsi zamanı ərazi alman işğalı altına düşən gün bu nifrət təzahür etdi. İvan Yuxnovski alman işğal hakimiyyətinin nəzarətindəki polisdə xidmətə başladı və oğlu Aleksandra da orada iş tapdı.
O zaman 16 yaşı olan kiçik Yuxnovski yaxşı zəkaya malik idi, əla oxuyurdu, Ukrayna dilində şeirlər yazırdı, hələ polyak, rus, alman dillərini də bilirdi. Bu üzdən polisdə əvvəlcə mirzə işləməyə başladı, eləcə də əsir düşən, həbs edilən şəxslərin istintaqında tərcüməçilik etdi.
Sorğu-sual döyülmələrlə, işgəncələrlə müşayiət olunurdu. Aleksandr bir müddət prosesi kənardan seyr edir. Az sonra isə özü də döyənlərə qoşulur. İşgəncə aləti olaraq rezin şlanq seçdiyindən əvvəlcə “Aleks Xlıst” (xlıst - qırmanc, qamçı) ləqəbini qazanır.
1942-ci ilin martında Romnıya almanların məxfi səhra polisi (Geheime Feldpolizei, GFP) gəlir. Aleks GFP-721 birliyində xidmətə başlayır. Birlik işğal altında olan bir çox ərazilərdə - Moldovada, Donbasda, Xarkov və Çerniqov vilayətlərində, Rusiyanın Rostov vilayətində - cəza reydləri keçirir və yüzlərlə sovet vətəndaşını öldürür. Bu əməllərdə xüsusi fərqlənən 17 yaşlı Aleks yeni ləqəb qazanır: Lyutı (qəddar, amansız).
Sonralar istintaq və məhkəmə zamanı verilən şahid ifadələrindən:
- Aleks həbs düşərgəsindən qaçan əsiri rezin şlanqla döyürdü, barmaqlarını sındırırdı;
- Yuxnovski gözümün qabağında 17 yaşlı qızı güllələdi. Səbəbini demədi;
- Saşadan xahiş etdim ki, məni vurmasın, heç bir günahım yoxdur, hətta qarşısında diz çökdüm. Amma o, amansız idi. Məni xüsusi şövqlə döyürdü.
Aleks eyni zamanda gizli fəaliyyət göstərən antifaşist dərnəklərin ifşa edilməsində, üzvlərinin tutulmasında fərqlənir. Məhz bu səbəbdən 1942-ci ilin sonlarında təltif olunur: almanların xüsusi təsis etdikləri “Şərq xalqlarının fərqlənmə nişanı”nın I dərəcəsinə layiq görülür. 1943-cü ilin yanvarında isə Almaniyaya gəzinti ilə mükafatlandırılır.
1943-cü ilin yaz-yay aylarında Yuxnovski Donbasda, Stalino (indiki Donetsk) şəhərində fəaliyyət göstərir və burada da məşum şöhrət qazanır. Əsirlər, dustaqlar almanlardan çox Lyutıdan qorxurlar.
Donbasdakı 4/4-bis nömrəli şaxta nasizmin ən ağır cinayət yerlərindən biridir. Burada 1942-ci ilin yazından 1943-cü il avqustun sonlarına qədər yerli əhalinin, yəhudilərin, əsrilərin və partizanların qətli həyata keçirilib. Onlar bəzən öldürüləndən sonra, bəzən də diri-diri şaxtanın şurfuna atılıblar.
Ərazi almanlardan azad edilərkən 365 metr dərinliyi olan şurfun dolmasına sadəcə 30 metr qalmışdı. Ən azı 75 min adamın meyitinin olduğu təxmin edilən şaxtada qətllərin xeyli hissəsini GFP-721 həyata keçirmişdi və bu zaman Yuxnovski yenə fərqlənmişdi.
***
Amma almanlar müharibəni uduzurdular və get-gedə geri çəkilirdilər, o cümlədən Ukraynadan. 1943-cü ilin avqustunda Xarkov, sentyabrda Stalino, noyabrda Kiyev azad edildi. Almanların Ukraynadan tam qovulması isə 1944-cü ilin payızına qədər çəkdi.
Romnı da 1943-cü ilin sentyabrında Qırmızı ordunun nəzarətinə keçdi. Bu zaman ata Yuxnovski yaxalandı və qısa sorğu-sualdan sonra güllələndi və ya asıldı. Oğul isə alman birlikləri ilə qərbə çəkilmişdi. O, 1944-cü ilin avqustunda Odessa ətrafında olarkən almanlardan ayrılır.
Bir ay sonra isə azad edilmiş ərazilərdən birindəki çağırış məntəqəsinə gələrək, Qırmızı orduya yazılmaq istədiyini deyir. Bu zaman da özünə hekayə uydurur. Atası cəbhədə həlak olub, evlərinə bomba düşüb və anası ölüb, üstəlik, bütün sənədlər məhv olub. Soyadının Mironenko (anasının idi), atasının adının da Yuri olduğunu dedi. Təkcə öz adını dəyişmədi.
Adi hallarda belə şifahi iddialara inanılmırdı, ciddi yoxlama aparılırdı, amma hərbi komissarlığın işçiləri, görünür, fikirləşdilər ki, “bığ yeri yeni tərləyən” bu uşaq hansı günahın sahibi ola bilər axı? Ona Aleksandr Yuryeviç Mironenko olduğunu təsdiqləyən sənədlər verdilər və orduya göndərdilər. Beləcə, bir neçə həftə öncə GFP əməkdaşı olan Aleks indi Qırmızı ordu əsgəri idi.
Maraqlıdır ki, sadizmi ilə nasistlər arasında nüfuz qazanan Yuxnovski indi cəsur əsgər kimi sovet komandirlərinin rəğbətini qazanır. Həm də təkcə silahla döyüşmür. Yazdığı şeirlərdə nasist cinayətlərini ifşa, vətənpərvərliyi tərənnüm edir, fədakarlığa səsləyir.
Berlin əməliyyatı zamanı yaralanan Mironenko Varşavanın, Köniqsberqin və Berlinin alınmasına görə təsis edilən xüsusi medallara layiq görülür. Müharibədən sonra daha 6 il ordu sıralarında qalır. Onun son 3 ilini Almaniyadakı sovet qoşunlar qrupunun qəzeti olan “Sovetskaya Armiya”da işləyir. 1951-ci ildə tərxis olunur və SSRİ-yə qayıdır. Elə həmin il evlənir.
1952-ci ildən Moskvada məskunlaşan Mironenko bir neçə qəzetlə əməkdaşlıq edir, alman və polyak yazıçı, şairlərinin əsərlərini tərcümə edir. Jurnalist və tərcüməçi cameəsində tanınmış simaya çevrilir. 1965-ci ildə də “Krasnıy voin” qəzetinin baş redaktoru təyin edilir.
***
Qəribə də olsa, Yuxnovski-Mironenkonun necə ifşa olunması barədə dəqiq məlumat yoxdur. Bir neçə versiya mövcuddur. Bunlardan birinə görə, Mironenko kommunist partiyasına üzv olmaq üçünmü, ya nə üçünsə yazdığı tərcümeyi-halı ilə daha əvvəl yazdığı arasında uyğunsuzluq aşkar edilir: sonuncu yazdığında üç il işğal altındakı ərazidə yaşadığını göstərməyibmiş.
İkinci versiyaya görə, Mironenkonun Yuxnovski olmasını onu Donbasda görmüş və təsadüfən Moskvada rastlaşmış Vera Kravets adlı qadın xüsusi xidmət orqanlarına xəbər verir. Üçüncü versiyaya görə, müharibə illərində işğal olunmuş ərazilərdə kəşfiyyatçılıq edən İbrahim Aqaninin Moskva metropoliteninin eskalatorunda Mironenko üzbəüz gəlir və onu Yuxnovskiyə bənzədir. İzinə düşür və işlədiyi yerimi, yoxsa yaşadığı ünvanımı öyrənərək, KQB-yə xəbər verir.
Hər halda, KQB Mironenko ilə maraqlanmağa başlayır. Belə halda isə ifşa olunmaq zaman məsələsidir. Mironenkonun şəkli işğal altındakı ərazilərdə yaşamış insanlara göstərilir. Hətta kommunistlərin hakim olduqları Şərqi Almaniyada yaşayan GFP-721 veteranları dindirilir, onlara da Mironenkonun şəkli göstərilir.
Nəhayət, yetərli faktlar əldə edildiyinə əminlik yaranandan sonra 1975-ci il iyunun 2-də Aleksandr Yuxnovski həbs edilir. O, gah günahını inkar edir, gah sadəcə tərcüməçi olduğunu və işgəncələrdə, qətllərdə iştirak etmədiyini deyir, gah da atasının təsirinə düşdüyünü bəhanə gətirir. Amma xeyri olmur.
Məhkəmə Aleks Lyutını 2000-dən artıq sovet vətəndaşının qətlində iştirakda günahkar bilərək, güllələnməyə məhkum edir. Onun bağışlanmaq xahişi ilə müxtəlif instansiyalara müraciəti rədd edilir. Aleksandr İvanoviç Yuxnovski 1977-ci il iyunun 23-də güllələnərək edam olunur.