Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çin və Azərbaycanı birləşdirən əsas məsələ - TƏHLİL



“Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər”.

Bu, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yazılıb.

Sənədə göz gəzdirərkən diqqətçəkən ilk məqam onun qətiyyətli və konkret dildə yazıldığı, yayğın ifadələrdən mümkün qədər istifadə olunmamasıdır.  

Tərəflər razılaşıblar ki, bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. 

Bəyannamədə əsas müddəalardan biri ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyin təsdiq olunmasıdır. “Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”, - sənəddə qeyd olunur. 

Çin tərəfi isə Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.

Diqqətçəkən əsas məqamlardan biri Azərbaycan və Çinin milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazır olduqları barədədir.

Bəyannamədə əskinin tapan müddəalardan biri tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinməsidir. 

Əlaqələrin tənzimlənməsi müntəzəm olaraq hər iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə siyasi məsləhətləşmələr yolu ilə həyata keçiriləcək.

Sənəddə iki ölkə üçün də prioritet əhəmiyyət daşıyan məsələ - ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazır olduqları qeyd olunub.

Maraqlı məqamlardan biri Azərbaycanın Bəyannamədə Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsi, hökumətlər arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirməsidir.

Qeyd olunur ki, “tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar”.

Habelə Bəyannamədə vurğulanır ki, Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.

Ən mühüm məqamlardan biri Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarıdır. Qeyd olunur ki, tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.

Sənədin 4-ü maddəsində qeyd olunur: “...Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər”.

Bundan başqa, Bəyannamədə Azərbaycanın Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəklədiyi, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir.

Yekunda qeyd olunur ki, Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Bəyannaməni şərh edən politoloq Fərhad Məmmədov sənəddə çox vacib olan bir neçə sahənin qeyd olunduğunu deyib. Onun sözlərinə görə, sənəddə Birləşmiş Çin haqqında böyük mətndə Çinin Tayvanla bağlı formullarının tam təsviri və ona dəstək ifadə olunmasının qarşılığında Pekin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmanı saxlamağa yönəlmiş geosiyasi intriqaları qeyri-məhsuldar hesab edir. Ekspert hesab edir ki, bu kontekstdə BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycana qarşı təxribatlar zamanı Şuranın daimi üzvü olan Çinin dəstəyi mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın Çinin təklif etdiyi “Bir kəmər - bir yol” layihəsinin dəstəklənməsini qeyd edək ekspert, Bəyannamədə yer alan “Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafı haqqında Sazişin imzalanması prosesinin sürətləndirilməsi” öhdəliyi qeyd olunmasına diqqət çəkir. “Yəni Çin Azərbaycan üzərindən yükdaşımalarda tam iştirak edəcək”, - o vurğulayıb.

Politoloq bildirir ki, sənəddə “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birlərinin səylərini dəstəkləyəcəklər” maddəsi kommunikasiyaların təhlükəsizliyini beynəlxalq mövzuya çevirir, təhlükəsizlik mövzusunda əlavə dəstək isə Bakı üçün həmişə xoş xəbərdir.

F.Məmmədov deyir ki, Bəyannamədə Çin Orta Dəhlizin tikintisi və istifadəsində fəal iştirak etməyə, bu istiqamətdə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə daha sıx işləməyə hazır olduğunu bildirir: “Cənubi Çin-Avropa yük qatarı dəhlizinin rahat işləməsi və sürətli inkişafı, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait yaradılması, sənaye təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyini birgə təmin etmək öhdəliyi götürülür. Bu, Çinin Orta Dəhlizin həm tikintisində, həm də istismarında birbaşa iştirakına dair növbəti öhdəlikdir”.

Sənəddə yer almış geosiyasi məsələlərə gəlincə, ekspert Çinin Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-lə bağlı Azərbaycanın səylərini dəstəkləməsi mühümdür. 

“Bu, Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi və BRİCS-ə üzvlük niyyətinin elanıdır. Beləliklə, Azərbaycan dünyanın iki geosiyasi mərkəzindən biri olan Çinlə strateji tərəfdaş olan ölkələr siyahısına qatılıb. Yeri gəlmişkən, güman etmək olar ki, İrandan keçməklə Naxçıvana gedən dəmir yolu yenidən aktuallaşacaq”, - ekspert qeyd edib.

F.Məmmədov Azərbaycanın ardıcıl olaraq ərazi bütövlüyü prinsipini dəstəklədiyini yada salaraq, Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanımasının qeyri-adi məsələ olmadığını vurğulayıb: “Regional layihələrdən kənarda qalan yeganə ölkə hələ də ABŞ-la strateji tərəfdaşlığı rəsmiləşdirməyi planlaşdıran və Hindistanla əlaqələr quran Ermənistandır. ABŞ və Hindistanın Çinlə hansı münasibətlərdə olduğu hamıya məlumdur. Pekində də Nensi Pelosinin Tayvana, daha sonra İrəvana səfərini yaxşı xatırlayırlar və burada o, sitat gətirilir: “ABŞ-dan Ukraynaya, Tayvandan Ermənistana qədər dünya seçim qarşısındadır...”

Politoloq qeyd edir ki, imzalanmış Bəyannamə üçüncü ölkələri şərt kimi qoşmadan ikitərəfli münasibətlərin necə rəsmiləşdirildiyinə bir nümunədir.

“Cinin Azərbaycanla əməkdaşlığa yanaşması Bakı ilə münasibətlərdə bu və ya digər formada Ermənistanla əlaqələri şərt kimi qoyan ABŞ və Aİ-dan keyfiyyətcə daha yaxşıdır” – deyə, F.Məmmədov vurğulayıb.

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10