Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kərki qaytarılsa... ora necə qayıdacağıq?


news content
User
Kateqoriyalar

Analitika


“Bu məsələlər həll olunmasa, orada yaşamaq mümkün olmayacaq”

03 İyul 2024

Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.

Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.

Bu kənd Ermənistanın ərazisində olduğuna görə kommunikasiya məsələsi və Naxçıvanla Kərki arasında əlaqənin necə qurulacağı maraq doğuran nüanslardandır. Bu məsələ necə həll olunacaq? 

Mövzu ilə bağlı Pressklub.az- danışan millət vəkili Fazil Mustafanın sözlərinə görə, Kərki ilə bağlı məsələ kompleks həll olunmalıdır: 

“Ermənistan ərazisindən keçən ikitərəfli yolun çəkilməsinə ehtiyac var. Bu məsələlər həll olunmasa, Kərki qaytarılsa belə, orada yaşamaq mümkün olmayacaq. Ona görə də bu kimi məsələlər müzakirələrdə dəqiq həllini tapmalıdır”. 

Deputat bildirib ki, bu məsələ beynəlxalq hüquqla tənzimlənən məsələdir, ona görə də bunun birbaşa, sadə yollarla həlli mümkün görünmür. Amma hansısa məsələ həllini tapacaqsa, onun dəqiq detalları müəyyən olunmalıdır ki, sonradan konflikt mənbəyinə çevrilməsin.

“Kərki kəndinin qaytarılması çox vacibdir. Lakin danışıqlar və delimitasiya prosesi, sözsüz ki, bir qədər zaman tələb edəcək”. 

Bu sözləri isə hərbi-siyasi ekspert Azad İsazadə saytımıza açıqlaması zamanı bildirib.

Müsahibimiz deyir ki, söhbət təkcə Kərkinin qaytarılmasından getmir. Texniki baxımdan desək, Kərki Azərbaycan ərazisi ilə birbaşa bağlı deyil. Həmin problem Gədəbəydə yerləşən Başkənddə də var. Başkənddən Ermənistana gedib-gəlmək üçün bir neçə Azərbaycan kəndinin içindən keçmək lazımdır. İndi orada əhali yaşayır, problem daha mürəkkəbdir: 

“Kərki ilə Sədərək arasında isə erməni kəndi yoxdur. Sadəcə Ermənistana aid ərazidir, oradan da yol keçir. Yəqin ki, hansısa məsələlər həll olunacaq.  Rəsmi Bakı və İrəvan bu məsələni necə danışacaq, bilmirəm. Ermənistan barter məsələsini də təklif edə bilər”. 

Müsahibimiz deyir ki, Kərki ilə bağlı digər problem də var. İrəvandan İran sərhədinə qədər yol dağlıq olduğuna görə, həmin marşrut dolayı yolla Kərki ərazisindən keçir. Bəlkə də bununla bağlı ermənilər bu məsələni uzadırlar ki, təzə yol açsınlar. 

“Amma Azərbaycan irəli sürülən digər şərtlərə razı olmayacaq. Çünki bu günə kimi mövqeyimiz ondan ibarətdir ki, biz barter məsələləri ilə razılaşmırıq və bu kəndi yenidən nəzarətimizə qaytarmalıyıq. Əlavə olaraq, o yeni yol Kərkinin kənarından çəkilməlidir. Sözsüz ki, sərhədin delimitasiya və demarkasiya prosesi də gedəcək. Bu isə vaxt və zəhmət tələb edən işdir” - A.İsazadə sonda bildirdi.

“Qazaxın üç və Naxçıvanın bir kəndi işğal altında qala bilməz. Bu ərazilərin qaytarılması üçün Ermənistan hakimiyyəti artıq real addımlar atmalı olduğunu dərk edir”. 

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Pressklub.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, kənd ilə Azərbaycanın sərhədi arasında Ermənistana aid ərazilər mövcuddur və növbəti demarkasiya prosesini Kərki kəndinin yerləşdiyi ərazilərdə müşahidə edəcəyik. Kərki ilə Naxçıvanın materik hissəsi arasında əlaqənin qurulması isə müxtəlif variantlarda mümkündür. Ona görə də burada birmənalı fikir söyləmək doğru olmaz: “Birbaşa əlaqə yoxdursa, bu problem primitiv variantda - dəhliz açılması ilə həll oluna bilər. Lakin həmin dəhlizin açılması da müəyyən problemlər vəd edir. Zəngəzur dəhlizinin açılmasındakı ləngimələri artıq uzun müddətdir izləyirik. Digər tərəfdən, tutaq ki, dəhliz açıldı. Onu kim qoruyacaq? Ermənistan razı olmayacaq ki, biz qoruyaq, biz isə razı ermənilər qorumasına olmayacağıq”. 

Ə. Verdiyev deyir ki, bu ona gətirib çıxara bilər ki, yenidən hansısa kənar qüvvələr regiona gəlsin və həmin əraziyə yerləşsin. Yəni Laçın yolundakı qayda burada da tətbiq edilə bilər. Lakin nə Azərbaycan, nə də Ermənistan indiki vəziyyətdə kənar qüvvələrin bu ərazidə yerləşdirlməsi üçün ortaq məxrəcə gəlməyəcək. 

Sonda sülh məsələsinə toxunan ekspert vurğulayır ki, sülh prosesi başlayıb, lakin prosesin başa çatması Kərkinin və ya digər üç kəndin qaytarılmaması ilə bağlı deyil. 

“Hansısa bir çərçivə sazişi imzalana bilər. Amma yekun sülh sazişinin imzalanmasını yaxın müddət ərzində gözləmirəm. Çünki Ermənistan tərəfinin üzərinə götürdüyü və yerinə yetirmədiyi öhdəliklər mövcuddur” – ekspert sonda bildirib.

Beləliklə, Azərbaycan ərazisinin daha bir parçasının işğaldan azad edilərək nəzarətimizə qaytarılması prosesi başlayır. Ekspertlərin də dediyi kimi, burada əsas məsələ kommunikasiyaların qurulması, yolların çəkilməsi, sərhədlərin və ərazilərə nəzarətin dəqiqləşdirilməsidir. 

Mədinə Useynova 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10