Ölkə üzrə tanınmış FB qruplarından olan “Cənubbölgəsi və ziyalıları” qrupuhəmişə ciddi, yadda qalan paylaşmaları ilə seçilir.
2 il öncə yaradılmış qrupun 12 mindən yuxarı izləyiciləri var. Qrupda Cənub bölgəsinin tarixi, abidələri, toponimləri, etnoqrafiyası, yaşayış məntəqələri, ziyarətgahları və tanınmış ziyalıları, şəxsiyyətləri haqqında informativ məlumatlar verilir. Bölgədən olan şair və yazıçıların əsərlərindən nümunələr paylaşılır. Qrupun adminləri dəyərli tarixçi İldırım Şükürzadə, fədakar müəllim Ceyran Həsənova və Yardımlının tanınmış ziyalılarından olan Malik Balaşov bu şəbəkənininsəviyyəsinin qorunması və daha böyük uğurlara imza atması üçün olduqca ciddi fəaliyyət göstərirlər.
Bu günlərdə isə qrupun 15-dən artıq üzvü Lənkəranda bir araya gəlib. Astaradan, Cəlilabaddan, Biləsuvardan, Masallıdan gələn qonaqlar öncə şəhər mərkəzində, Xan muzeyinin yaxınlığındakı çayxanada, daha sonra Osakücədəki istirahət mərkəzlərinin birində toplaşdılar.
Tədbirdə iştirak edən Bilal Alarlı (Cəlilabad), Zahir Əmənov (Masallı), Tarix Vüsallı (Biləsuvar), şair İlham İlhami, Malik Cəbiyev (Astara), eləcə də Lənkərandan şairlər AğamirCavad, Xatirə Xatun, bu yaxınlarda Təhsil Nazirliyinin müsabiqəsində müsabiqə qalibi olmuş RəsidəMəmmədova, jurnalistSəbahətİsmayılova, Moskvadan gəlmiş həmyerlimiz Kamil Qurbanov çıxışlarında olduqca maraqlı təkliflər səsləndirdilər.
Sonda hamı razılığa gəldi ki, belə görüşlər tez-tez olsun, cənub bölgəsinin tarixi, dəyərli övladları bu qrupda daha dolğun təqdim edilsin.
Tədbirə ilk dəfə qatılan cenub.az saytının rəhbəri Zahir Əmənov öz çıxışında bu qrupun fəaliyyətinə ciddi və hərtərəfli dəstək verəcəyini vəd etdi. Tədbirdə səslənən şeirlər, mahnılar, aşiq Vaqifin sazda səsləndidiyi havalar görüşədaha şirinlik, daha xoş ab-hava qatdı.
Həmin görüşün səhəri günü qrupun bir neçə üzvü Astaranın tarixi, bu rayonun Qobustanı adlandırılanekzotik SIM kəndinə səfər etdilər.
Həmin səfər barədə İldırım Şükürzadənin yazısını aşağıda təqdim edirik.
cenub.az
ASTARANIN “QOBUSTAN”I
18 iyul 2019-cu il tarixində admini olduğum “Cənub bölgəsi və onun ziyalıları” virtual qrupunun rəhbəri Ceyran Həsənova başda olmaqla qrupun bir neçə üzvünün Lənkəran rayonunun Osakücə kəndində yerləşən “Rahat Məkan” istirahət mərkəzində görüşü keçirilmişdir. Görüş zamanı bir neçə nəfər qərara gəldik ki, səhərisi Astara rayonunun Sım kəndinə gedək. Beləliklə, iyulun 19-da saat 10.30-da Hacı Allahverən Nəzərovun maşınında Hacının həyat yoldaşı Hacı Zeynəb xanım, Ceyran Həsənova, onun qızı Həcər, şair Xatirə Xatun və mən Lənkəran şəhərindən Astaraya, Sım kəndinə yola düşdük.
Saat 13.00 radələrində Sıma çatdıq. Sım kəndinə getmək üçün Astara rayonunun Çayoba (Telman), Pensər, Təngərüd, Maşxan, Deqədi, Vənəşikəş, Ovala, Sipiyəpart, Pəlikəş kəndləri və Kijəbə qəsəbəsindən keçməli olduq. Şindan qalasının yaxınlığında, İranla sərhəddə yerləşən Sım nəinki, Astaranın, bölgənin, hətta ölkənin ən qədim yaşayış məntəqələrindən biri sayılır.Rayon mərkəzindən 40-42 km şimal-qərbdə olan Sım dörd tərəfdən əzəmətli Talış dağları ilə əhatə olunmuş, sıldırımlı, qayalı, enişli-yoxuşlu yolları olan bir kənddir. Kəndin relyefi yaşayış məntəqəsinin adında da öz əksini tapmışdır. Beləki, Sım sözü talış dilində “sıldırım” mənasını verir.
Dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən və 150 evdən ibarət olan Sımda təqribən 700 nəfər əhali yaşayır. Pəlikəş kənd inzibati ərazi dairəsi və Pəlikəş bələdiyyəsinə daxil olan Sım kəndində tam orta məktəb, klub, kitabxana, məscid, tibb məntəqəsi, mağaza-dükanlar, ictimai-iaşə obyektləri vardır. 2016-cı ildə tikilmiş 2 mərtəbəli məktəb binası arxetekturasına görə rayonun ən gözəl məktəblərind ən sayılır (180 nəfər şagirdi var).
Yuxarıda qeyd olunduğu kimi Sım ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Burada qədim və orta əsrlərə aid 20-yə qədər qəbiristanlıq, qədimdən qalma 7 dəyirman vardır. Kəndin Utey adlanan ərazisi daşlı, qayalı bir muzeyə bənzəyir. Uteydə üzərində petroqlif yazı olan qayalar, “Ulduzlu-səmalı” qaya, “İşarəli qaya”, Daş “təndir”, Oyuqlu daş, “Padşah taxtı” və digərlərinə rast gəlinir. Utey ərazisi “Sım yaşayış yeri” adı altında 828 invertar sayı ilə IX-X əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. Çox əfsuslar olsun ki, hər bir qarışında, hər bir qayasında böyük tarix yatan Sımda hələ də arxeoloji qazıntı işləri aparılmamışdır. Tarix elmləri doktoru, mərhum arxeoloq Tufan Axundov Sımda arxeoloji kəşfiyyat işləri aparmış və bu barədə “Astarada 20 gün” kitabında geniş məlumat vermişdir (B., 2009, səh. 23-38). Tarix kitablarında ölkəmizdə qayaüstü rəsm əsərlərinə Qobustan (Bakı), Gəmiqaya (naxçıvan) və Dəlidağda (Kəlbəcər) rast gəlindiyi yazılsa da, Utey bu faktın yanlış olduğunu söyləməyə əsas verir. Çünki, burada qaya(lar) üzərində primitiv şəkillər, rəsm əsərlərinə rast gəlinir. Maraqlıdır ki, kəndin ərazisində yolboyu, müxtəlif ərazilərdə və hətta hər bir həyətdə sal qayalar vardır.
Sımın relyefi dağlıq olduğundan əhalini əsas məşğuliyyəti heyvandarlıq və arıçılıqdır. Kənddə qoz və alma ağacları daha çoxdur.
Sım qədim tarixi ilə yanaşı, həmçinin əsrarəngiz təbiətə malikdir.
Kənddə 70-ə yaxın bulaq,
2 şəlalə (biri 30, digəri 25 metr hündürlükdən tökülür),
yaşı 1000 ilə yaxın olan müxtəlif növ ağaclar,
təbii buzxanalar (yayda soyuq, qışda isti olur) vardır.
Təngərüd çayı kəndin ərazisindən axır. Kəndin mərkəzindəki balaca şəlalə diqqəti cəlb etməklə göz oxşayır.
Təqribən 5 saat Sımda olduq. Bu müddət ərzində kəndin saf bulaq suyundan doyunca içdik, yemək və çay stolu arxasında maraqlı söhbətlər etdik, 30 metr hündürlükdən tökülən şəlaləyə doyunca baxıb, bu gözəllikdən zövq aldıq. Saat 16.45-də kəndi tərk edib xoş əhval-ruhiyyə ilə geri qayıtdıq.
Tədqiqatçı-tarixçi olaraq Sım kəndi, Sım yaşayış yeri abidəsi haqqında kifayət qədər məlumatlı olub, bu barədə müxtəlif kitab, qəzet və jurnallarda oxumuşam. Hətta, müəllifi olduğum “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri” kitabında (B., 2018, səh. 19-20) haqqında məlumat vermiş və sosial şəbəkədə paylaşım etmişəm. Bu gün Sıma səfər etməklə kənd haqqında daha geniş və əlavə bilgilər əldə etmiş oldum. Kəndlə tanış olarkən özümü sanki Türkiyədəki məşhur Kapadokiyada və ya Qobustanda hiss edirdim.
Sım səfəri zamanı bir məqamı da xatırladım. “Cənubxəbərləri” qəzetinin 10 iyul 2009-cu il tarixli sayında Zahir Əmənovun Sımdan bəhs edən “Cənnətə gedən cəhənnəm yolları” başlıqlı geniş yazı dərc edilmişdir. Həmin yazını böyük maraqla oxuduqdan sonra kəsib şəxsi arxivimə qoymuşdum. Sım səfəri ilə bağlı təəssüratlarımı yazarkən bir daha həmin “Cənnətə gedən cəhənnəm yolları” yazısını nəzərdən keçirtdim. Məqalədə qeyd olunmuş “cəhənnəm yolları”ndan əsər-əlamət qalmamışdır. Kəndin girişinə qədər asfalt yol çəkilmişdir. Məhz bu yolun çəkilməsinin nəticəsi olaraq Sımda kənd turizmi inkişaf etdirilir. Buranəinki, Astaranın, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən insanlar istirahətə, dincəlməyə gəlir. Sımda olarkən Bakıdan, Sumqayıtdan, Lənkərandan gələnlərlə rastlaşdıq.
Tədqiqatçı-tarixçi olaraq Sımda olmaq çoxdankı arzum idi. Bu arzumu reallaşdırdıqlarına görə səfərin ideya müəllifi Ceyran Həsənovaya, bütün xərcləri öz üzərinə götürən Hacı Allahverən Nəzərova və kəndlə bağlı mənə bəzi məlumatları verən Sım kənd tam orta məktəbinin direktoru hörmətli Nəbi Xalıqova dərin təşəkkürümü bildirirəm. İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi