2 2024
Birləşmiş Ştatlar növbəti dəfə təsdiqləyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün baş tutan danışıqları dəstəkləyir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinq zamanı Azərbaycan prezidenti İlham Əliyevlə dövlət katibi Antoni Blinken arasında son telefon danışığı ilə bağlı sualı cavablandıraraq deyib: “Biz Azərbaycan və Ermənistan arasında təmasları dəstəkləyirik və problemin həlli üçün işi davam etdiririk”.
Buna baxmayaraq, Miller danışıqların məzmunu ilə bağlı sualı cavablandırmayıb: "Mən özəl diplomatik danışıqların detalları barədə danışmaq fikrində deyiləm".
Dövlət Departamentinin məlumatında deyilir ki, Blinken Əliyevlə ötən cümə günü danışıb və “gecikmədən” razılığın əldə olunmasının vacibliyini vurğulayıb.
O, həmçinin Azərbaycanı bütün haqsız yerə həbs olunanları “təcili olaraq” azad etməyə çağırıb.
Maraqlıdır, Vaşinqton niyə tələsir? Orada niyə düşünürlər ki, sülh müqaviləsi tez bir zamanda imzalanmalıdır? Ermənilər də iddia edirlər ki, sazişi artıq imzalamaq olar, amma nədənsə Bakı buna uzadır. Bəlkə ABŞ hesab edir ki, bu məsələnin həllinin gecikdirilməsi hansısa yaxşı olmayan nəticələrə gətirib çıxara bilər? Bəlkə onlar belə hesab edirlər ki, belə bir vəziyyət işğalçısı Moskvanın maraqlarına uyğundur?
Amerikalı analitik, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, “The Washington Outsider” nəşrinin baş redaktoru İrina Tsukerman məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun sözlərinə görə, Vaşinqtonun Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə nail olmağa tələsməsinin çox sadə və aydın izahı var.
“Bu izah – ABŞ-da qarşıdan gələn seçkilərdir. ABŞ-ın xarici siyasəti çox kövrəkdir: Bayden var gücü ilə haradasa uğur əldə etməyə və bu diplomatik qələbəni böyük uğur kimi öz ayağına yazmağa çalışır.
Başqa bir narahatlıq ondan ibarətdir ki, Donald Tramp sülh barədə razılıq əldə edilməmişdən əvvəl vəzifəyə gəlsə, ABŞ tərəfinin Bayden dönəmində apardığı danışıqların, eləcə də son nəticənin bütün dividentini özünə götürə bilər. Hətta bu zaman işin böyük hissəsi görülüb qurtarsa da.
Baş verənlərin heç bir dərin əsası yoxdur. Hər şeyin kökündə administrasiyanın hazırda bütün diqqətini ancaq seçkilərə yönəltməsi və baş verən hər şeyə, xüsusən də potensial xarici siyasət uğuruna bu prizmadan baxması durur”, - redaktor qeyd edib.
Amma analitik deyir ki, Rusiyanın istənilən vasitə ilə, o cümlədən erməni müxalifəti ilə birləşib daxili iğtişaşlar yaratmaqla danışıqları pozmağa çalışması da həqiqətdir. Bu da Ermənistan hökumətinin Rusiya tərəfindən niyə qəbul edilməməsini izah edir. “Məsələ onda deyil ki, onlar Bakının həqiqətən də danışıqları ləngitməsinə inanırlar (hərçənd, əlbəttə, Bakının bu prosesdə maksimum güzəşt əldə etməyə çalışması normaldır). Eyni zamanda, ölkə daxilində iğtişaşların nəzarətdən çıxması və ciddi problemlərə səbəb olması ilə bağlı ciddi narahatlıq var. Mümkündür ki, Ermənistanda, hətta Vaşinqtonda hesab edirlər ki, Rusiyanın Ermənistana müdaxiləsi potensial olaraq hökumətin devrilməsinə gətirib çıxaracaq qədər güclüdür və bu, əlbəttə, danışıqları prosesinə son qoya bilər”, - Tsukerman yekunlaşdırıb.
Rauf Orucov