Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Küskün dahi: “molla”, “erməni”, “kəşfiyyat şefi”, “Qəmlo”... - XATİRƏ



Bu gün Məlik Dadaşovun 100 illik yubileydir – səssiz-səmirsiz...


...Bir vaxtlar müəllimi Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək, “Bu mükafat Qəmlo obrazına görə, Məlik Dadaşova düşür” demişdi...

İstedadlı adamları heç vaxt ətrafdakılar, onları əhatə edən mühit birmənalı qarşılamır. Onlar haqqında ziddiyyətli fikirlər dolaşır. İstedadlı adamlara qısqanclıqdan, paxıllıqdan badalaq vurulur, bu badalaqlar uğuru ləngidirsə də, qarşını ala bilmir. Adam yaranışından istedadlıdırsa, onun gördüyü ən xırda iş də gözə sanballı gələcək, özünü büruzə verəcək və zaman keçdikcə o şəxs artıq heç nə etməsə belə, adı bəs edəcək ki, ətrafdakıların qısqanclığı birə-beş artsın. Söhbət mədəniyyət aləmindən gedirsə, mədəniyyətin səlahiyyətliləri də o adamın varlığını nə dana bilir, nə də qəbul edə, çünki bu adam özünü yoxmuş kimi apara bilmir, hər addımında “varam” deyir. Onu həm sevənlər çoxdur, həm də sevməyənlər də. 

...Sənətində misilsiz uğurları vardı, oynadığı hər bir obraz şedevr olurdu, bu onun özündən asılı deyildi, genindən, qanından gəlirdi, istedadlı idi adam. Amma ona veriləcək rolu əlinə çathaçatda qamarlayıb alardılar, yüksək bir kürsüyə gedərkən onu badalaq vurub yıxırdılar, başqasını göndərərdilər o yerə. Bütün bunlar onun xarakterinə pis təsir göstərirdi...

Bakıda, neft sənayesində Nobellərlə birgə bir azərbaycanlı da çalışırmış - Yusif  Dadaşov.  Xanımı evdar qadın idi, üç oğul böyüdüb, tərbiyə edirdi. Uşaqların sonbeşiyi Məlik idi. Atası Şöklü Məliyin şərəfinə onun adını belə qoymuşdu.

Sürgün, müharibə, kontuziya

Bu ailə də, dövrünün bir çox imkanlıları kimi, sovet imperiyasının qurbanına çevrildi. Ailənin böyüyü, ata sürgünə göndərildi. Yerdə qalanlar səslərini içlərinə salıb, soyadlarını belə dəyişib, yaşamağa məcbur oldular.

Çox sonralar bəraət alıb vətənə qayıdan ata 1971-ci ildə - xanımının vəfatından sonra dünyasını dəyişir. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş Süleyman Dadaşov – müğənni Brilyant Dadaşovanın atası - riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. Süleyman müəllim həm də qarmonda, pianoda gözəl ifa edərdi. Amma yalnız ailədaxili məclislərdə.

Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış. Bununla belə, orta məktəbi bitirəndə sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan hiss edib ki, yerində deyil, onu səhnə daha çox çəkir. Tale yenə öz işini görür, müharibə başlayır. Məlik Dadaşov müharibəyə getməli olur. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunur. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərir. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə götürülür. Az sonra sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir. Adil İsgəndərovun sinfinə daxil olur.

Səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayır. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Bu tərəf-müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Sofiya oğlu Rafaeli təkbaşına böyüdüb. Tale onları ikilikdə müxtəlif teatrlara atıb, 

Sofiya xanım Naxçıvan Teatrında işləyəndə xalq artisti fəxri adı alıb. Həmin dövrdə Məlik Dadaşov çoxdan Milli Dram Teatrında çalışırdı və ikinci dəfə ailə qurmuşdu.

Milli Teatrda bir-birinin ardınca obrazlar yaradırdı, kinostudiyada filmlərə çəkilirdi. Həm müəllimi Adil İsgəndərov, həm də sənət yoldaşı Həsən Turabov onu teatrda və kinoda bacarığına görə irəli çəkirdilər.

İkinci evliliyindən isə Məlik Dadaşovun iki qız övladı dünyaya gəlmişdi. Qızlardan biri gənc yaşlarında xərçəng xəstəliyindən vəfat edib. İkinci qızı isə hazırda Amerikada ailəsi ilə birgə yaşayır.

Rolunu oynadığı prototip onu ölümlə hədələdi

Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb. Filmdə ilk rolu 1961-ci ildə Lətif Səfərovun Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkdiyi “Leyli və Məcnun” da olur. “Axırıncı aşırım”da Qəmlo ilə kino tarixinə adını qızıl həriflərlə yazıb Məlik Dadaşov. “Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Mehmandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən adam”da Niyazxan, “Fəryad”da Aram Xaçaturyan Məlik Dadaşovun içindən keçirdiyi – yaratdığı obrazlardır.

1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.

Məlik Dadaşov başqa rollara görə də hədə-qorxu ilə üzləşib. “Axırıncı aşırım”da Qəmlonu, “Fəryad” filmində erməni obrazını , “Dəli Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullanı oynayanda.

Qızı Gülnarə Dadaşova deyir ki, atası iki obrazı oynamaq istəməyib: “Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. 

Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev  atama, deyirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı”. 

Xatirələrini bölüşən qızı Gülnarə Məlik Dadaşovun Dolareslə üçüncü nikahından doğulub.

“Onların arasında çox güclü sevgi olub. Anamla atam 1964-cü ildə tanış olublar. Bir yerdə İncəsənət Universitetində işləyiblər və 1966-cı ildə ailə qurublar. Atam anamdan 13 yaş böyük idi. Bu nikahdan yalnız mən doğulmuşam”.

Filmlərdən başı nələr çəkib

“Dəli Kür” filminin çəkilişlərində maraqlı bir hadisə olub. Meyxana səhnəsində Cahandar ağanın bacısı Şahnigar Mollanın-Məlik Dadaşovun üzünə sillə vurmalı idi. Gürcü aktrisası oynayırdı bu rolu. Xanımın ona şillə vurması bir neçə kadr təkrarlanıb, amma yenə alınmayıb. Rejissor Hüseyn Seyidzadə aktrisaya deyir ki, qızım, bərk vur şilləni. Aktrisa isə deyir: “Vura biləmərəm. O qədər yaraşıqlı, yaxşı kişidir ki, ürəyim gəlmir onu vurmağa”. Məlik Dadaşov da özünü saxlaya bilməyib deyir ki, sən, əlli dəfə yavaşdan vurmaqdansa bir dəfə tutarlı bir sillə tutuzdur, canımız qurtarsın.

“Fəryad” filmi ekranlara çıxandan sonra Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi”, - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”.

Daha bir maraqlı məqam yenə “Fəryad” filmi ilə əlaqədardır. Filmin premyerasında sırada ondan arxada oturan tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər. Elə bil onlarla bir zalda əyləşən aktyor Məlik Dadaşov deyil, erməni yaraqlısının özüdür. Evə qayıdanda aktyor qızı Gülnarədən soruşub ki, rolum xoşuna gəldi? Qız cavab verib ki, ata çox əclaf bir obraz yaratmısan. Aktyor “Sən də nifrət etmisənsə atana, demək obraz yaxşı alınıb” deyib.

Onu teatrdan qaçaq saldılar

Uzun çəkişmələrdən sonra bir gün Məlik Dadaşov Milli Dram Teatrını tərk etməli olur. Ona görə uzun çəkişmələr dedim ki, bu tərk etmə qərarı birdən-birə verilmir, vəziyyət bunun üçün yetişir. 

Amma Milli Teatrdan uzaqlaşdırılan Məlik Dadaşov hərdən səhnəsində bəzi obrazlar yaratdığı Rus Dram Teatrına direktor göndərilir. Görünür, bu da bir gediş idi, çünki cəmi iki il sonra aktyor burdan da təqaüd adı ilə çıxardılır işdən.

Gülnarə Dadaşovanın dediklərindən:

“Atamı xoşagəlməz kommersiya əməliyyatında əli olmaqda günahlandırırdılar. Bunun üçünsə heç bir əsas yox idi. Çünki əsl yaradıcı insan olan Məlik Dadaşov kommersiya məsələlərini o qədər də bilmirdi. Onu teatrdan uzaqlaşdırdılar. Hətta aktyor kimi fəaliyyət göstərməsinə belə imkan vermədilər. 1991-ci ildə təqaüdə göndərdilər”.

Aktyor bundan çox böyük zərbə alır və işemiya keçirir. İki ay xəstəxanada yatır Məlik Dadaşov. Müalicədən sonra Həsənağa Turabov onu yenidən “Azdrama”ya dəvət edir. Sənətkarı yalnız sənətkar anlaya bilər. Həsənağa Turabov nazirliyin təhriki ilə Məlik Dadaşovu teatrdan uzaqlaşdırmısa da, çox keçmədən bu günahı içində daşıya bilmədiyindən onu geriyə, teatra qaytarır. Artıq Məlik Dadaşov tək aktyor kimi yox, rejissor kimi də fəaliyyət göstərməyə başlayır. Bir müddət sonra aktyor könüllü şəkildə yalnız müəllimlik fəaliyyəti ilə məşğul olub, teatrdan uzaqlaşır.

Artıq içində hamıdan, zamandan, məkandan, teatr, kino rəhbərlərindən, özündən, dünyadan belə incikliyi vardı Məlik Dadaşovun. Ürək hər gün yeni sarsıntıların qurbanı olurdu.

Səhhəti onsuz da qaydasında deyildi. Bir gün də Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Başı ağrıdığı üçün zalda oturub mizan verirmiş tələbələrə, özü səhnəyə çıxmırmış ki, qalxsa ayağa, təzyiq onu yıxar. Verdiyi epizodu isə tələbə ürəyincə göstərə bilmir, aktyor özünü unudub qalxır ayağa, çıxır səhnəyə. Həmin epizodu necə eləmək lazım olduğunu göstərmək istəyəndə müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayır böyük aktyor. Altı gün ərzində dili də tutulur. Eşidir, görür, amma danışa bilmir. Axırıncı gün qızından qələm-dəftər istəyir. Yazır ki, məni Dram Teatrından götürməsinlər. Kimlərisə dəfninə buraxmamağı xahiş edir. O adamların adını yazır ki, onlar damla-damla Məlik Dadaşovu bu son yataq vəziyyətinə təhrik ediblər. Hər halda o, belə düşünürdü. 70 yaşı vardı, ikinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişəndə Məlik Dadaşov “mən artıq yaşaya bilməyəcəm” demişdi.

1996-cı ildə 72 yaşında dünyasını dəyişən aktyorun dəfnində çox adam vardı. Oğlu Rafael Dadaşov yox idi, çünki incik ata ilə oğul son məqamda da halallaşmamışdılar. Bir də xanımı Dolares əlindəki siyahıda kimlərin adı vardısa, onları buraxmadı dəfnə.

İnsan taleyi belədir, hansı məqamdasa qədri bilinir, qiymətləndirilir, hansı məqamdasa çox ucuz tutulur. Əsas odur özündən sonra xəyallarda, düşüncələrdə qala biləsən. Məlik Dadaşov ikincilərdəndir. Bu gün onun adını çox övladlar daşıyır, onlardan biri də öz nəvəsidir, Gülnarə Dadaşovanın oğlu.

Məlik Dadaşovun isə 100 illik yubileyidir, səssiz-səmirsiz. 


Ramilə Qurbanlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10