Səkkiz qülləli Narınqala, Əhəmənilər dövrünə aid saray binası, açıq muzey...
Qədim Şəmkir şəhəri hazırkı rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir. Şəmkir çayının və ipək yolunun üzərində salınan qədim şəhər 30 ha sahəni əhatə edir.
2007-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ərazidə arxeoji qazıntılara başlayıb. 10 il ərzində şəhərin qalıqları torpaq altından çıxarıldıqdan sonra şəhərin əsl əzəməti görünüb.
Qazıntılar zamanı şəhərin mərkəzi hissəsi olan səkkiz qülləli, dörd qapılı Narınqala, onun küçələri, iç qalanın giriş qapıları, Əhəmənilər dövrünə aid saray binası aşkar olunub və abidəni bir açıq muzey halına gətirib. Şəmkir şəhərinin bir tərəfi Şəmkirçayla, digər 3 tərəfi isə təpəliklərlə əhatə olunub. Şəmkir qalasının tikililəri Arran memarlıq məktəbinin ən parlaq nümunələrindən hesab olunur.
Tədqiqatlara görə, V-VI əsrlərə aid olan şəhər IX əsrin ikinci yarısı - X əsrdə inkişaf edərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilib. Şəhərin yüksələn inkişafı XIII əsrdə monqol işğalı ilə başa çatıb.
Hazırda ərazidə tədqiqat işləri dayandırılıb. Uzun illərin əziyyəti ilə üzə çıxan şəhərin qalıqları da açıq ərazidə qalıb. Bu səbəbdən yağan yağış tarixi abidəyə öz mənfi təsirini göstərir. Bəzi yerlərdə uçan yerlər var. Yumşaq suxurların yuyulması uçqunların da sayının artmasını qaçılmaz edir.
Şəhər üzə çıxdıqdan sonra, 2019-cu ildən dövlət başçısının sərəncamı ilə “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qoruğun direktoru Nurlan Həsənov abidənin üzərinin bağlanmasının dövlət qeydiyyatına alındığını, vəsait ayrılacağı təqdirdə bu məsələnin həll ediləcəyini bildirib.