Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda nə baş verəcək?



Ölkə daxilində və xaricində radikallaşma meylləri güclənəcək
Qonşu İranda ölkə prezidentinin və xarici işlər nazirinin helikopter qəzasında həlak olması çoxlu müxtəlif suallar və versiyalar yarada bilər. Hələlik isə bəlkə də, onlardan ən vaciblərinə diqqət yetirmək lazım gələcək.

Bu faciə beynəlxalq siyasi ziddiyyətlərin və qarşıdurmanın nəticəsi ola bilərmi?

Bu hadisə regionda və dünyada geosiyasi vəziyyətə necə təsir edəcək?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bununla bağlı fikirlərini Pressklub.az-a bölüşüb.

Düzünü desəm, qonşu dövlətin prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və bir sıra digər rəsmilərin həlak olduğu qəzanın səbəbləri üzərində dayanmaq istəməzdim. Daha doğrusu, fikrimi bunun səbəbləri üzərində cəmləşdirmək istəməzdim, çünki bütün hallarda bunlar yalnız versiya olacaq. Versiyalar isə müxtəlif komplo elementləri ilə müşayiət oluna bilər”, - ekspert bildirib.

O, qeyd edir ki, ən yaxşısı mövcud faktlara etibar etməkdir.

İran hakimiyyətində yüksək vəzifə tutan iki mühüm şəxs həlak olub. De-fakto, dövlətin ikinci və üçüncü şəxsləri. Təbii ki, bu vəziyyətdə nəticələr müxtəlif ola bilər. Beynəlxalq aləmdə vəziyyətin gərginləşməsi baş verə, İranda daxili siyasi mübarizə daha da sərtləşməyə başlaya bilər.

Bu hadisənin beynəlxalq vəziyyətə müəyyən təsiri olacaqmı? Şübhəsiz, olacaq.

İran daxilində siyasi mübarizə də mütləq kəskinləşəcək - buna əminəm. Çünki buna qədər mübarizə ölkənin ali dini liderinin kürsüsü uğrunda gedirdisə (hazırkı dini lider ayətullah Əli Xamneyinin 85 yaşı var), indi bu rəqabətin arenası genişlənir. Mübarizə təkcə ən yüksək ruhani post uğrunda deyil, həm də əsas siyasi vəzifələr, siyasi hakimiyyət uğrunda gedəcək. Yəni, düşünürəm ki, İran hökuməti daxilində mötədil və mühafizəkar qruplar arasında rəqabət başlayacaq. Kimin islam dəyərlərinə, yaxud İran şiəliyinin dəyərlərinə daha sadiq olması uğrunda mübarizə olacaq. Təbii ki, yeni şəraitdə hər iki tərəf maksimum radikallıq nümayiş etdirəcək. Və bu, şübhəsiz ki, İranın həm xarici, həm də daxili siyasətinə təsir göstərəcək”, - deyə mərkəz direktoru bildirib.

Bu faciə qlobal proseslərə təsir edəcəkmi? O, düşünür ki, mütləq təsiri olacaq. “Nəzərə alsaq ki, İranın Cənubi Qafqaz və Mərkəzi Asiyadan tutmuş, Ərəbistan yarımadasına (yəni bütün Böyük Yaxın Şərq adlandırılan ərazi) qədər bütün regionda proksi gücləri var, bu o deməkdir ki, adı çəkilən geniş coğrafiyada müəyyən fəsadlar ola bilər. İstisna deyil ki, bu şərtlər daxilində hətta İranla regionun bəzi dövlətləri arasında toqquşmalar başlasın.

İstənilən halda mübarizə ən azı yaxın 50 gün ərzində - yeni prezident seçilənə qədər (indi onun funksiyalarını vitse-prezident icra edir) - davam edəcək. Prezident və xarici işlər naziri postu uğrunda şiddətli rəqabət olacaq. Və təbii ki, paralel olaraq gələcəkdə ən yüksək post – ölkənin ali dini liderinin yerini tutmağa hesablanan mübarizə başlayacaq.

Bu vəziyyətdə İranda istənilən cəhətdən vəziyyətin radikallaşması müşahidə olunacaq. Yəni, orada vəziyyətin indiki kimi davam etməyəcəyini istisna etmirəm. Bu, şübhəsiz ki, regiondakı geosiyasi vəziyyətə, daxili siyasi vəziyyətə, İranın qonşuları ilə münasibətlərinə təsir edəcək”, - Ə.Oruclu hesab edir.


Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10