Aşkar görünür ki, bütün zamanlar və sosial təbəqələr üçün aktual olan “biz-onlar” qarşılaşdırması üzrə dünyanın türkmənlər üçün dini cəhətdən “bölünməsinin” təməli məhz Baba İlyasın şəxsiyyəti işığında qoyulur: bir tərəfdə “onlar”- fəqihlər, qazılar, mədrəsə üləması ilə təmsil olunan rəsmi İslam, o biri tərəfdə “biz”- Baba İlyasın ətrafında toplanan “abdalan”- vəfai, yəsəvi, qələndəri, heydəri dərvişləri və onları özlərininki bilən geniş türkmən kütlələri. Bu mənada babai üsyanı türkmənlərin hakim rejimdən təkcə iqtisadi, siyasi, sosial cəhətdən deyil, həm də dini inanclar baxımından ayrılmağa başladığını təzahür etdirir. Unutmayaq ki, Əlaəddin Keyqubaddan sonrakı dövr Anadoluda qatı bir sünniləşdirmə siyasətinin yeridilməsi ilə xarakterizə olunur və babayilər üsyanı həm də bu siyasətə reaksiya kimi baxılmalıdır. Köçəri türkmən mühitində dini şüurun “qeyri-sünni” istiqamətdə inkişaf etməsində, sonradan ələvi-bəktaşi (şiə) görüşlərinə (Ə.Y.Ocağın qızılbaşlıq və bəktaşiliyi babailiyin şəklini dəyişmiş forması hesab etməsi heç də təsadüfi deyil; yuxarıda bir çox babalarla Baba İlyas arasında körpü rolunu Hacı Bəktaş Vəlinin oynadığına şahid olduq) transformasiya olunmasında həmin ayırıcı xəttin rolu böyük olmuşdur. Ə.Y. Ocağın vurğuladığı bir önəmli məqamı da yaddan çıxarmamalıyıq ki, Anadoluda yalnız XV əsrin sonlarından Səfəvi təbliğatı ilə bağlı başlayan həqiqi şiə təsirlərində belə “əski türk inanclarının damğası sezilmişdir”. Yəni, türkmənlərin şiəliyə təkamül yolunda əski heterodoks görüşləri qətiyyən itirilməmiş, əksinə, qorunub saxlanmış və təməl rolunu oynamışdır...