Yardımlıda 800 nəfərə yaxın əhalinin yaşadığı, 2 deputatı, 2 alimi, 1 Xalq Şairi, 1 prokuror, 1 polis rəisi yetişdirən kənd.
Hamarkənd Yardımlı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzi olan Yardımlı şəhərindən 5 km cənubda, Talış sıra dağlarının Peştəsər silsiləsinin ətəyində yerləşir.
Hamarkənd əhalisinin sayına görə Yardımlı rayonunun iri yaşayış məntəqələrindən sayılır. Kənd əhalisinin sayı təqribən 800 nəfərdir. Lənkəran qəzası üzrə əhalinin 1849-cu ilə dair kameral siyahıyaalınması zamanı Hamarkənddə (Zevirs)
7 evdə 20 kişi dövlət kəndlisi, 13 evdə 49 kişi bəy tabelisi və
3 evdə 8 bəy,
ümumilikdə kənddə 23 evdə 77 kişinin (qadınlar siyahıyaalınmaya daxil edilməmişdir) yaşaması faktı öz əksini tapmışdır.
Kənddə
1859-cu ildə 18 evdə 162 nəfər (kişi 94, qadın 68),
1911-ci ildə 46 evdə 241 nəfər (k 139, q 102),
1933-cü ildə 139 nəfər (k 74, q 65),
1986-cı ildə 438 nəfər,
1999-cu ildə 492 nəfər (k 221, q 271),
2019-cu ildə 720 nəfər,
2020-ci ildə isə 764 nəfər qeydə alınmışdır.
Kameral siyahıyaalınma sənədlərinə nəzər saldıqda məlum olur ki, kəndin adı ilk əvvəl Zivirs və ya Zevirs olmuşdur.
1930-cu illərdən etibarən kənd Hamarkənd adlanır. Hamarkənd Azərbaycan dilində şəffaf toponim olub, relyeflə bağlı yaranan yer adıdır. Toponim “hamar” və “kənd” komponentlərinin birləşməsindən yaranaraq “düzənlikdə yerləşən kənd”, “düzənlik, hamar yerdə salınan kənd” mənasını verir.
Hamarkənd həmçinin aktiv toponimdir. Yəni, Hamarkənd kənd adından başqa həm də çay və düz (düzənlik) adıdır.
Hamarkənd qədim tarixə malik olan yaşayış məntəqələrindən sayılır. Burada ilk orta əsrlərə (V-XI əsrlər) və ya III-V əsrlərə aid küp qəbirlər aşkar edilmişdir.
Kənd ərazisində ölkə əhəmiyyətli arxeoloji abidə kimi VII-IX, XVI-XVII əsrlərə aid “Yaşayış yeri” (inv: 1221) qeydə alınmışdır. Bu yaşayış yeri Hamarkənd adı altında kənd tipli yaşayış yeri kimi Azərbaycan Respublikasının Son orta əsr arxeoloji abidələri sırasına daxil edilmişdir (Azərbaycan arxeologiyası. Orta əsrlər. VI cild. B., 2009, səh. 318).
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Sovet dönəmində burada kollektiv təsərrüfat - əvvəl kolxoz, sonra isə sovxoz yaradılmış və təsərrüfat sovet partiya və dövlət xadimi Mir Bəşir Qasımovun (1879-1949) adını daşımışdır.
M.B.Qasımov adına sovxoz heyvandarlıq və tütünçülük üzrə ixtisaslaşmışdır. 1997-ci ildə keçirilən Aqrar islahata əsasən kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.
Hamarkənd kəndində tam orta məktəb, kitabxana, folklor evi, həkim ambulatoriyası, poçt şöbəsi, ATS, məscid, ticarət-iaşə və digər sosial obyektlər vardır.
Kənddə məktəb 1929-cu ildə açılmış və Barxudar Muxtaroğlunun evində yerləşmişdir.
İlk müəllimi astaralı Güləli müəllim olub. Sonrakı illərdə Lənkərandan İsrafil Məmmədov, Bakıdan Həsən Məmmədov kəndin maariflənməsində yardımçı olublar. Bir müddət ötəndən sonra məktəb Miryəhyanın evində fəaliyyətini davam etdirmişdir (Fəzail Əkbərov. Yardımlıda maarifin inkişafı. B., 1999, səh. 27).
1930-cu illərdə məktəb üçün ayrıca bina tikilmişdir. 1969-cu ildən tam orta məktəb statusunu daşıyan şəhid İlqar Şəkərov adına Hamarkənd kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu hesabına 2005-ci ildə müasir tələblərə cavab verən birmərtəbəli bina inşa edilmişdir.
Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir.
Hamarkənd kəndinin ərazisi Səfəvilər dövründə
Təbriz (Cənub torpaqları) bəylərbəyliyinin,
xanlıqlar dövründə Talış xanlığının Ucarud mahalının,
qəza dövründə müxtəlif vaxtlarda
Xəzər (Kaspi) əyalətinin (1840-1846),
Şamaxı (1846-1859) və Bakı (1859-1929 quberniyalarının tərkib hissələrindən biri sayılmış Lənkəran qəzasının əvvəl
Zuvand nahiyəsinin, sonra isə Vərgədüz dairəsinin tərkibində olmuşdur.
Sovet dönəmində (1920-1991) isə Hamarkənd ilk əvvəl Vərgədüz rayonunun (Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlanmışdır) Bürzünbül kənd şurasının tərkibində olmuşdur. Bürzünbül kənd şurası Bürzünbül, Abbasabad, Anzov, Allar, Hamarkənd, Osnakəran, Solqard, Şıxhüseynli və Zəngəran kəndlərini əhatə etmişdir.
Sonralar Hamarkənd kənd Sovetliyi yaradılmış və Sovetlik Hamarkənd, Bürzünbül, Anzov, Abbasabad, Solqard və Zəngəran kəndlərini birləşdirmişdir.
Qeyd edək ki, kənd (qəsəbə) Sovetlikləri 1991- 2009-cu illərdə inzibati ərazi vahidi, 2009-cu ildən isə inzibati ərazi dairəsi adlanır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Bürzünbül Hamarkənd kənd inzibati ərazi dairəsinin tərkibindən çıxarılaraq Bürzünbülkənd inzibati ərazi dairəsi yaradılmışdır.
1999-cu il dekabrın 12-də respublikamızda yerli özünüidarəni həyata keçirmək üçün ilk bələdiyyə seçkiləri keçirilmişdir. Seçkilərin nəticəsi olaraq 2000-ci ilin yanvar ayında yerlərdə, o cümlədən Hamarkənddə bələdiyyə yaradılmışdır. Hamarkənd bələdiyyəsi
Hamarkənd və Zəngəran kəndlərini əhatə etmişdir. 2010-cu ildə Anzov və Abbasabad bələdiyyələri ləğv edilərək Hamarkənd bələdiyyəsinə birləşdirilmişdir.
Beləliklə, Hamarkənd mərkəz olmaqla Hamarkənd kənd inzibati ərazi dairəsi və eyni zamanda Hamarkənd bələdiyyəsinin Hamarkənd, Anzov, Abbasabad, Solqard və Zəngəran kəndlərini əhatə edir.
Hamarkənd öz ziyalıları ilə tanınan yaşayış məntəqələrindən sayılır. Kəndin tanınmışlarına misal olaraq
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı,
AMEA-nın müxbir üzvü, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı,
uzun illər Azərbaycan Respublikası Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, DİN-nin Pasport Şöbəsinin rəisi, Lerik, Lənkəran və Astara rayonlarında Polis Şöbəsinin rəisi vəzifələrində işləmiş, daxili xidmət polkovniki Əlövsət Əliyev,
prokuror vəzifəsində çalışmış Abusalam Heydərov,
Azərbaycan Respublikası Prezident Aparatında kənd təsərrüfatı şöbəsində işləmiş, aqrar elmlər (kənd təsərrüfatı) üzrə fəlsəfə doktoru Lətif Qasımov,
tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru, tərcüməçi-yazar, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu (Rüstəmxanlı),
uzun müddət hüquq mühafizə orqanlarında çalışmış hüquqşünas Natiq Mirzəyev,
Yardımlı rayonunda rəhbər vəzifələrdə (Rayon İcra Hakimiyyəti; Mədəniyyət Şöbəsinin müdiri) işləmiş Ayaz Əliyev,
tanınmış həkimlər Araz Əliyev, Xalid Muxtarov (Cəlilabad),
tanınmış jurnalistlər Aqil Lətifov,
“Bakı Post” və Medicina.az saytlarının baş redaktoru Elçin Zahiroğlu və digərlərini göstərmək olar.
Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, Hamarkənd respublikamızda bəlkə də yeganə kənddir ki, o kənddən olan iki nəfər (Sabir Rüstəmxanlı və Musa Qasımlı) hazırda Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü