“Elə cəld və möhkəm üfürür ki, yalan, ya gerçək olduğunu seçmək mümkün deyil”…
Bu sözləri uşağını çöpçüyə aparan Sumqayıt sakini Dilarə Musayeva Pressklub.az-ın əməkdaşı ilə söhbəti zamanı deyib. O, çöpçüyə inanmadığını bildirib, hətta onları “saxtakar biznes-ledilər” adlandırıb.
“Oğlum bərk xəstələnmişdi. Qızdırma, qusma, iştahasızlıq uşağın halını lap xarab eləmişdi. Rəngi-ruhu da qaçmışdı elə bil. Dedilər ki, uşağın yüz faiz çöpü qalıb. Mən heç vaxt çöpçü məsələsinə inanmamışam. Heç indi də inanmıram. Güc-bəlayla, qohumların təkidi ilə usağı çöpçüyə apardım. Qapısında da bir ordu adam növbəyə düzülmüşdü. Yarım saat gözlədikdən sonra, nəhayət, içəri keçdik”...
Dilarə xanım deyir ki, çöpçünün nə oyun oynadığını sonradan anlayıb: “Əvvəlcə soruşdu ki, uşaq meyvə yeyəndir? Dedim, hə. Əllərini yuyub gəldikdən sonra uşağa yaxınlaşıb, başladı dodaqaltı mistik sözlər deməyə. Tam eşitmədim, amma deyəsən, ərəbcə dua oxuyurdu. Özündən nə oxuduğunu soruşdum, dinmədi. Deyəsən, heç özü də bilmirdi. Oxuya-oxuya uşağın boğazını 5-10 saniyə ovxaladı və bir göz qırpımında əyilib, uşağın burnuna üfürdü. Elə əyildi ki, heç nə görünmürdü. Əlində də əlcək-zad yox idi. Bir də gördüm, ovcunda çoxlu çürümüş qarışıq meyvə qabıqları, alça dənəsi var. 3 manata naz elədi, biz də 5 manat verib, çıxdıq”.
Dilarə xanım deyir ki, çöp çıxarmağın heç bir xeyrini görməyib: “Uşaq sağalmaq bilmirdi. Həkimə aparıb müalicə etdikdən sonra sağalmağa başladı. Onda bir daha əmin oldum ki, çöpçü-filan boş şeydir. Getdiyimə də sonradan çox peşman oldum. Çöpçünün elə uşağın nə yediyini soruşmasından bəlli idi fırıldaq edəcəyi”…
***
Azərbaycanda geniş yayılmış çöpçülük sənəti əhalini iki yerə bölüb - inananlar və inanmayanlar. Maraqlısı da budur ki, çöpçülüyün tibb elmində heç bir qarşılığı yoxdur. Və nə hikmətdirsə bu sənət türk xanımlarına Allah tərəfindən xüsusi istedad kimi verilir. Onlar Türkiyədə “üfürükçü”, Azərbaycanda isə “çöpçü” adlanırlar. Nəinki başqa millətlərdə, heç türk bəylərdə də bu vergiyə rast gəlinmir. Elə bil, həmin xanımlar bu sənəti özünküləşdirib, xüsusi “vergi”nin verilməsi üçün də sövdələşmə ediblər. İndi də bu “peşə”ni inhisarda saxlayırlar.
Dünya təcrübəsində “çöpü” qalan şəxslərin “çöpü”nü tibbi yolla endoskopiyadan sonra lor cərrahlar çıxarır. Ona görə də doktorların çoxu çöpçülük sənətini inkar edir, bunu yalnız sehrbazlıq və ya fırıldaqçılıq adlandırırlar. Ancaq cəmiyyətdə çöpçülüyə inanan insanların, eləcə də ziyalı təbəqənin mənsubları da az deyil. Bunun da bir neçə səbəbi var: ölkədə səhiyyəyə olan inamsızlıq, tibbi müdaxilə prosesinin uzunluğu, uşağın narkoz qəbul etməsibə ehtiyatlı yanaşma və maddiyyat.
Məsələn, tibbi yolla boğaza düşmüş yad cismin çıxarılması klinikalarda 250-300 manata başa gəlir. Ona görə də insanlar prosesin təhlükəli olub-olmamasına məhəl qoymadan 5-10 manata problemi həll etməyi seçirlər.
Tarixi və mənşəyi məlum olmayan, amma deyilənə görə kökləri ta qədimlərə, ulu babalarımızın dövrünə gedib çıxan çöpçülük sənətinin xalq təbabətinin bəhrəsi olduğu düşünülür. Kim bilir, bəlkə həqiqətən də o zamanlar tənəffüs yollarında yad cisim qalarkən, buruna üfürüb çıxarırmışlar.
Bəs çöpçülər bu sənəti haradan öyrənib? Doğurdan da bu, onların deyimi ilə, “Allah vergisi”dir?
Əvvəlcə özlərinə baş çəkək. Sumqayıtın tanınmış çöpçüsü Məryəm xanımın ünvanına yollandıq. İçəridə iki uşaqlı ailə vardı. Dedilər ki, uşaqlarının tez-tez çöpü qalır. İlk vaxtlar həkimə aparırmışlar, amma xeyri olmurmuş. Həkimlərə pul tökməkdən yorulan valideynlər artıq bu hal təkrarlananda çöpçüyə gəlirlər. Çöpçü də 1-2 dəqiqəyə problemi həll edir. Onların çöpüyə inamları da, ümidləri də yüksək idi. Məryəm xanım əllərini yuyub gəldikdən sonra ustalıqla uşaqlara yaxınlaşdı, sıra ilə 2 dəqiqənin içində uşaqları üfürüb, yola saldı. Həqiqətən çöpünü çıxarıb-çıxarmaması isə qaranlıq qaldı. Çünki saçları səhnəni elə bağlamışdı ki, yalnız onun kürəyi və uşağın ayağı görünürdü. Amma valideynlər böyük razılıq və minnətdarlıqla oradan ayrıldılar.
Növbə əməkdaşımıza çatdı. Çöpçü isə onun boğazına toxunub, “çöpü olmadığını” dedi. Bunu necə bildiyini soruşanda isə dedi ki, çöpü qalan adamın boğazına əlini vuran kimi bilir: “30 ilin çöpçüsüyəm. Həm illərin təcrübəsi, həm də yüksək hissiyyatım sayəsində çox vaxt yanıma gələn insanların üzünə baxan kimi, boğazına toxunan kimi çöpü qalıb-qalmadığını bilirəm. Çöpü qalan uşaq isə burnunu ovxalayır, qızdırması olur, halsız, iştahasız olur, rəngi də solğun olur. Belə uşaqlar çox vaxt işləmə-qusma ilə gətirilir. Çöpünü çıxaran kimi isə dirçəlir və qızdırma düşür”.
Əməkdaşımız fürsətdən istifadə edərək Məryəm xanımı söhbətə tutub, bu sənəti necə öyrəndiyini soruşdu.
Məryəm xanım Pressklub.az-ın əməkdaşı ilə söhbətində iddia etdi ki, çöpçülük sənəti ona Allah vergisidir.
“Çöp çıxarmaq bizdə vergidir və nəsillikcə gəlir. Bu verginin kimə ötürüləcəyini heç kəs müəyyən edə bilməz. Bu, Allah tərəfindən verilir. Kiməsə öyrətməklə və ya öyrənməklə olmur. Mənim anam da, nənəm də, ulu nənəm də çöpçü olub. Onlardan da mənə keçib. Ancaq mənim qızıma keçməyib. Öyrətməklə olsaydı, öyrədərdim, amma olmur”.
Çöpçü xanım deyib ki, uşağın çöpünü bağlamağı da bilir. Elə edir ki, bir də uşağın çöpü qalmır. Ancaq bunun sirrini gizli saxladı.
Xidmət haqqına gəlincə, Məryəm xanım dedi ki, əvvəllər sabit məbləğ yox idi. Kim nə qədər istəsə, verirdi. Amma indi kiçiklərin çöpünü 5 manata, böyüklərinkini isə 10 manata çıxarır. Onun sözlərinə görə, yanına təkcə uşaqlar yox, böyüklər, ziyalı şəxslər, hətta həkimlər də gəlir. Bəli, bəli, həkimlər.
Təbiblərimizin bəziləri həqiqətən bunu inkar etsə də, bəziləri həm öz yaxınlarını çöpçüyə aparır, həm də xəstələrini çöpçüyə göndərir. Hətta təcili tibbi yardımların (TTY) belə xəstəni çöpçüyə apardığı zamanlar olur.
Bu məqamda Bakıda baş vermiş maraqlı hadisəni xatırlatmaq istərdik. Uşağın boğazında balıq sümüyü qaldığına görə valideyn TTY çağırıb. TTY isə uşağı xəstəxanaya aparmaq yerinə, çöpçüyə aparıb. TTY-dakı tibb bacısı deyib ki, uşağın çöpü qalıb. Həkimlik iş yoxdur.
Hadisə həm gülməlidir, həm də ağlamalı. Əlbəttə, TTY bu məsələdə təqsirlidir. Amma biz məsələnin digər tərəfi ilə maraqlanırıq.
Görəsən, həkimləri çaş-baş qoyan “çöp çıxarmaq” hadisəsi gerçəkdirmi? Ümumiyyətlə, çöp qaldığı zaman onu tibbi üsulla necə çıxarırlar?
Bununla bağlı Pressklub.az-a açıqlama verən pediatr Elşən Tağıyev deyib ki, çöpçülüyün heç bir elmi əsası yoxdur. Hətta xeyrindən çox zərəri var. O, təəssüflə bildirib ki, insanlar həkimə getməzdən öncə çöpçüyə gedirlər.
Doktor deyib ki, çöpün çıxarılması prosesi antisanitariya şəraitində aparılır. Bu da sağlamlıq üçün risklidir. Doğurdan da uşağın yuxarı tənəffüs yolunda, burnunda yad cisim qala bilər: “Üfürmə ilə bu yad cismi çıxarmaq mümkün deyil. Yad cismi yalnız xüsusi alətlərlə müdaxilə edərək çıxarmaq olar. Çöpçü üfürdükdə yad cisim aşağı tənəffüs yollarına və bronxlara düşə bilər. Bununla da uşağın boğulma riski olur. Nəticədə uşağın vəziyyəti daha çox ağırlaşa bilər”.
Müsahibimiz deyib ki, çöp qalma diaqnozu yoxdur: “Anatomik olaraq yuxarı tənəffüs yollarında, boğazda böyük həcmdə cisim qala bilməz və çöpçü onu çıxara bilməz”.
Doktorun sözlərinə görə, bəzən yuxarı tənəffüs yollarında yad cisim qala bilir. Bu zaman da mütəxəssis xüsusi cihazlarla, endoskop vasitəsilə onu çıxarır.
Həmsöhbətimiz bildirib ki, çöpçüyə müraciət etmək təhlükəlidir. Çünki çöp çıxarma prosesi həm antisanitar şəraitdə aparılır, həm də çöpçünün nəfəsindən qarşısındakına hava-damcı yolu ilə yayılan xəstəliklər, viruslar keçə bilər. Çöp çıxarma zamanı boğulma riski də yüksəkdir. Hətta ölümə qədər gətirib çıxara bilər. Ona görə də, heç olmasa, çöpçüdən sağlamlıq haqda arayış tələb etmək lazımdır.
Maraqlıdır, ali təhsili olmadan “həkimlik” edənlər, insanların həyatını təhlükəyə atanlar barədə qanunvericilik nə deyir?
Hüquqşünas Şamil Paşayev Pressklub.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 210.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Hüquqşünasın sözlərinə görə, həmin şəxslər tərəfindən müalicə zamanı digər şəxsə zərər vurulubsa, zərərə adekvat olaraq cinayət məsuliyyəti də yarana bilər: “Bu, zərərin dərəcəsinə görə müəyyən edilir. Şəxs ölərsə, ən azı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Ona görə də xalq təbabəti ilə məşğul olan şəxslərdən müvafiq icazəsinin olub-olmadığını sorğulamaqda fayda var”.
Beləliklə, çöpçülərin fəaliyyətinin real olub-olmadığını bilməsək də ən azı, bu fəaliyyətin qanunsuz və təhlükəli olduğunu anladıq. Hətta qanunsuz olması bəzi vətəndaşların marağında olmasa belə təhlükəli olması hər kəsin marağında olmalıdır. Çünki antisantariya şəraitində aparılan bu proses ciddi infeksion xəstəliklərin yayılmasına, eləcə də ölümə səbəb ola bilər. Ona görə də diqqətli olmalı, elmin inkişaf etdiyi dövrdə sağlamlığımızı türkəçarə metodların ümidinə buraxmaqdansa, peşəkar doktorların, tibbin imkanlarına güvənməliyik.
Günay Elşən