Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlara inanmaq olarmı?



Çoxumuz dünən baş verən hadisənin mahiyyətinə o qədər də varmırıq. Çünki ümumi olaylar fonunda, bu tarix bir qədər kölgədə qalır. Amma əmin olun ki, illər sonra tariximizdə mayın 15-nə xüsusi, çox önəmli yer ayrılacaq. 


Mayın 15-də Rusiya sülhməramlıları (hərbi kontingenti) Qarabağı tərk etdi. Bu, həm də Rusiya hərbçilərinin Azərbaycanı tərk etməsi deməkdir. Əlbəttə, mümkündür ki, bölgədə son yekunlaşma işlərini başa çatdırmaq üçün kiçik qrup - 10, 20, bəlkə də 50 hərbçi qalacaq. Bəlkə də qalmayacaq. Qalsa belə, bu artıq Rusiya hərbi kontingenti deyil. Tarixdə isə rus hərbçisinin Azərbaycanı tərk etməsi kimi mayın 15-i göstəriləcək.


İlk baxışdan, Rusiya sülhməramlılarının gəlişi də, gedişi də asan proses kimi görünə bilər. Gəldilər, 3 il 6 ay burda qaldılar və getdilər. Nə fəaliyyətləri yadda qaldı, nə də bir iş gördülər. Amma bu, doğrudan da belədirmi?


Tarixə qayıdaq. 


Azərbaycan ordusu cəbhədə bir-birinin ardınca qələbə qazanır. Artıq Şuşa şəhəri qaytarılıb, bizdədir, ordumuz Xankəndinin girəcəyindədir. Hətta əsgərlərimizin Xocavəndə girdikləri barədə xəbərlər gəlir. Azərbaycana tabe olmayan Qarabağ erməniləri demək olar ki, tam şəkildə bölgəni tərk ediblər. “DQR prezidenti” Araik Arutyunyan Xankəndi ilə vidalaşdığı görüntülər yayır. Müharibənin bitməsi, ermənilərin 20 minlik qruplaşmasının tam mühasirəyə düşməsi an məsələsidir.


Amma... İnternetdə həyəcanlı xəbərlər yayılır. 15-ci əlahiddə motoatıcı briqadasnın ilk hərbçiləri - Rusiya desantçıları Ulyanovsk-Vostoçnıy aerodromundan İl-76 təyyarəsində havaya qalxaraq, Azərbaycana doğru uçur. Rusiya mənbələri məlumatı təsdiqləyir. Azərbaycan hökuməti susur.


Gecə ilə Naxçıvan istiqamətində çox müəmmalı şəkildə Rusiya helikopteri vurulur, heyət həlak olur, Moskvanın əlinə Azərbaycanı ittiham etmək üçün ciddi bəhanə verilir. Eyni saatlarda Bakı, Abşeron, Sumqayıt, Xırdalan sakinləri raket partlayışının səsini eşidirlər. Yeri gəlmişkən, bu müəmmalı partlayışa bu gün belə, tam aydınlıq gətirilməyib. 


Ardınca, Azərbaycan prezidentinin xalqa müraciətinin anonsu verilir. Və artıq hər kəs işin nə yerdə olduğunu anlayır. Bir qədər sonra 10 noyabr Üçtərəfli Bəyanatının imzalandığı elan olunur, Rusiya hərbi kontingentinin sülhməramlı adı altında Qarabağa girməsi rəsmiləşir. 


Əlavə şərhə ehtiyac varmı? Var! Heç kim onları bura könüllü olaraq dəvət etməmişdi. 


Və daha bir məqam. 


Şərtlərə görə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda atıcı silahlarla silahlanmış 1960 hərbçisi, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası, 4 Mi-8 və Mi-24 helikopteri, 7 PUA-sı olmalıydı. Başqa heç bir qüvvə. Ən uzağı 1960 hərbçiyə qulluq edən xidməti personal (aşpaz, camaşırxana işçiləri və s.) ola bilərdi. Hərçənd ki, Rusiya ordusunda bir müddət əvvələ qədər bu funksiyanı da hərbçilər özləri yerinə yetirirdilər.


İndi başqa məqama toxunaq. 2024-cü il aprelin 16-sı. Rusiya sülhməramlılarının Azərbaycanı tərk edəcəyi ilə bağlı razılaşmanın olduğu barədə ilk xəbər və görüntülər yayılır. Aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Pskov rəsmi şəkildə bu xəbəri doğrulayır. O gündən etibarən, hər gün, hər iki gündən, hər üç gündən bir... Rusiya hərbçilərinin hərbi texnikanı Qarabağdan çıxarımasının görüntüləri yayılırdı. Sonuncu görüntülər də mayın 14-nə təsadüf edir. Düz bir ay ərzində Azərbaycandan texnika daşıdılar. 


Bu qədər texnika hardandı? Axı, sülhməramlı kimi Qarabağa gələndə, barmaqla sayılan günlər ərzində gəlmişdilər. İndi nə qədər qüvvə yığıblarmış ki, onu bir aya daşıyıb güclə qurtardılar? Nəzərə alaq ki, bəzi mənbələr bundan əvvəl Rusiyanın razılaşmanı pozaraq müəyyən vaxtlarda Qarabağdakı hərbi kontingentin və texnikanın sayını dəfələrlə artırdığını deyirdilər...


Yuxarıda Rusiya sülhməramlılarının gəlişi və gedişinin asan proses kimi görünə biləcəyini qeyd etmişdik. Amma Şuşanın girişində nümayişçilərlə, hətta Azərbaycan hərbçiləri ilə qarşıdurmanı xatırlayırsınızmı? Və ya Laçında keçid-buraxılış məntəqəsi qurulan məqamları? Yaxud, Azərbaycan Qarabağda hərbi əməliyyatlar keçirərək, bəzi mövqeləri geri qaytaranda, qarşımıza qoyulan ultimatumları? 


Heç nə asan başa gəlməyib! 


Nəhayət, mayın 15-də sülhməramlılar Xocalı aeroportunu tərk edən zaman  Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforovun bəyanatı. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər”.


Eyni bəyanatla dəfələrlə digər Rusiya rəsmiləri, məsələn Mariya Zaxarova da çıxış edib. Yəni, bütün “bəlaların” kökündə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması duru. Yəni, bu olmasaydı, biz buranı tərk etməyəcəkdik! Və əmin olun ki, tərk etməmək üçün hər oyuna gedəcəkdilər. 


Onlara inanmaq, bağışlamaq olarmı? Bizi düz 4 il geri atdılar, tam qələbəmizi təxirə salmağa məcbur etdilər.


Amma necə olsa da, Azərbaycan hakimiyyəti son 10 ildən bir qədər artıq müddətdə ikinci dəfə Rusiya hərbçilərini birdəfəlik yola salır. Birinci dəfə 2013-cü ildə Qəbələ RLS-dən çıxararaq, yola salmışdıq. Amma fərqli ad altında qayıtdılar. İkinci dəfə 2024-cü ildə yola saldıq. 


Yəqin ki, bu dəfə həqiqətən də birdəflik. 


Ümid edirik! 


Və inanırıq!

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10