Kulis.az Mirmehdi Ağaoğlunun Yukio Mişima haqqında "Biseksual samuray, monarxist, fetişist" adlı yazısını təqdim edir.
İl – 1970. 25 noyabr. Səhər saat 11 radələrində Yukio Mişima evdən çıxıb “Sipər cəmiyyəti” dörd nəfər üzvünün gözlədiyi maşına mindi. Əynində dizaynını özü verdiyi “Sipər cəmiyyəti” mundiri, bir də orta əsrlərə məxsus qılıncı var idi.
Bəyaz əlcəklərin intiharı
Maşın Özünü Müdafiə Qüvvələrinin İtiyaqadakı qərargahı qarşısında dayandı. Qərargahda Yaponiyanın şöhrətli yazarını və onu müşaiyət edən yoldaşlarını hörmətlə qarşılayıb birbaşa generalın otağına apardılar. General dərhal onun pişvazına çıxdı. Mişimanın yoldaşları başının bir işarəsi ilə generalın əl qolunu bağladılar. Generalın girov götürüldüyü qərargaha elan olundu və tələblər bildirildi.
Mişimanın tələbi ilə Özünü Müdafiə Qüvvələrinin əsgərləri və “Sipər cəmiyyəti” təşkilatının üzvləri meydanda düzüldülər. Saat 12-də Mişima eyvana çıxıb nitqinə başladı. Başında üstündə Yaponiyanın rəmzi olan sarıq, əlində bəyaz əlcəklər vardı. Bəyaz əlcəklər onun fetişi idi.
Artıq bütün Tokio bu hadisədən xəbər tutmuşdu. Televiziya kanalları helikopterlərdən çəkiliş aparırdılar. Polislər isə qərargahı çəpərləmişdilər.
Mişima konstitutsiyaya qarşı çıxırdı: “Siz Yaponiyanı, imperatoru müdafiə etmək üçün ayağa qalxmalısınız... Konstitutsiyanı dəyişmək üçün başqa şansınız olmayacaq!”
Ancaq onun çıxışından ruhlanan, parlament binasına hücum edib ələ keçirmək istəyən tapılmadı, əksinə, kütlə içində hay-küy başladı. Onu ələ salırdılar. Onda Mişima “Yaşasın imperator!” söyləyib içəri keçdi.
Yoldaşı başını üzdü
Təhqir olunmuş Mişimanın ləyaqətli bir samuray kimi həyatına son verməkdən başqa çıxış yolu qalmamışdı. Mişima mundirini əynindən sıyırıb qədimi qılıncı qarın nahiyəsinə köklədi. Bu onun üçün çox da çətin olmadı.
Mişima əsərlərində, çəkdiyi və baş rolunu oynadığı “Patriotizm” filmində də bu səhnəni bir neçə dəfə canlandırmışdı. Lakin qılınc dərinə işlədi və onurğa sütununu zədələdi. Mişima daha qılıncı qarın nahiyəsində gəzdirmək taqətində deyildi. Silahdaşı və sevgilisi Morita boynunu vurmaq istədisə də, qılıncı düzgün tuşlaya bilmədi. İkinci cəhd də uğursuz olduqda bu səfər digər silahdaşı Koqe qılıncı Moritadan alıb can verən Mişimanın başını bədənindən ayırdı.
Janna Darkı kişi bilmişdi
Yazını nahaq yerə Y. Mişimanın həyatının sonundan başlamadıq. O da əsərlərini yazarkən əvvəlcə final səhnəsindən başlayır, sonra isə birnəfəsə əsərin qalan hissələrini yazıb bitirir və heç bir düzəliş etmədən çapa göndərirdi.
1925-ci ildə anadan olan yazıçının əsl adı Kimitake Xiraoka idi. Ailəsi Yaponiyada sayılıb seçilən nəsillərdən idi. Balaca Kimitake yeddi aylığında nənəsinin tərbiyəsinə verilir. Uşaq vaxtı cansız, xəstəhal olan Kimitakenin tərbiyəsi ilə nənəsi şəxsən məşğul olur, onu aristokrat adət-ənənə ilə tərbiyə edir, ənənəvi yapon incəsənətini öyrədirdi.
Nənəsi ona anası ilə görüşməyə demək olar ki, icazə vermirdi. Bu onun psixilogiyasında dərin yaralar salmış, anasına qarşı hədsiz meyl yaratmışdı.
Yeniyetmə Kimitake yaralı cəngavər şəkilləri çəkməyi çox sevirdi. O çox sevdiyi qəhərəmanlıq mücəssəməsi Janna Darkın qadın olduğunu eşidəndə heyrətə gəlmişdi. Bundan sonra Kimitake kişi paltarı geyən qadınlara nifrət etməyə başlayır, buna görə də arvadına şalvar geyinməyə icazə vermirdi.
Oğlanı sevdi
12 yaşı olanda Mişima ox yaralarından ölməkdə olan Əzabkeş Sebastianın şəklinə baxarkən ilk orqazmını yaşayır. Təqribən bu illərdə də oğlan sinif yoldaşına vurulur. Mişima kimilərini Yaponiyada “iki qılıncın sahibi” adlandırırlar. O, qadınlara meyl etdiyi kimi, oğlanlara da meylli idi. 1952-ci ildə Amerika səfəri əsnasında o, Nyu-York barlarını gəzir, yaraşıqlı, cüssəli oğlanlarla tanış olurdu.
O qeyri-adi fetişist idi. Üç şeydən zövq alırdı: qoltuqaltı tüklərdən, tərləmədən və bir də bəyaz əlcəklərdən. İntihar edərkən də əlində bəyaz əlcəklər vardı. O, sadist və ehtiraslı hannibal səhnələr uyduraraq həzz almaqdan xoşlanan qızğın masturbator idi. Onun ölümünü isə masturbasiyanın özünənməxsus forması adlandırmaq olar.
Yasunari Kavabata “Uğurlu yol”unu yazdı
Tokio Universitetində alman hüququnu öyrənən Kimitake Tomas Mann yaradıclığını və Fridrix Nitşe fəlsəfəsini çox sevirdi. Universiteti bitirdikdən sonra Maliyyə Nazirliyində işləyir, elə bu ərəfələrdə də yazdıqlarını göstərmək və fikirlərini öyrənmək üçün Yaponiyanın artıq dünyada tanınan böyük yazıçı Yasunari Kavabata ilə görüşür. Kavabatanın köməkliyi ilə onun “Siqaret” hekayəsi “İnsan” jurnalında çap olundu. Əsərin altında Yukio Mişima imzası vardı. “Mi-şi-ma” yaponcadan tərcümədə “Ölümə məftun olmuş Şeytan” deməkdir.
İlk roman
1949-cu ilin iyul ayında Mişimanın yenicə bitirdiyi romanı “Maskanın etirafları” dərc olundu. Roman yapon gəncləri tərəfindən çox böyük rəğbətlə qarşılandı. Mişimanın şöhrəti bir andaca bütün Yaponiyanı bürüdü. Əsərin mövzusu bir yana, Mişimanın yüksək ədəbi istedadı əsəri xeyli cəlbedici etmişdi. Əsər bir gənc homoseksualın etiraflarından bəhs edirdi. Mişima bu əsərdə özünün homoseksual hisslərini qələmə almışdı.
Ani ədəbi uğurdan sonra Mişima Maliyyə Nazirliyindəki işini atdı və özünü bütünlükdə ədəbiyyata həsr elədi. Mişima 45 illik ömründə 45 romanın, 18 pyesin müəllifi olmuşdu. “Maskanın etirafları”ndan sonra o, “Sevgi atəşi”, “Qadağan olunmuş həzz”, “Qızıl məbəd” və ona dünya şöhrəti qazandıracaq bir sıra roman və pyeslərini yazdı.
Romanlarının 15-nin əsasında bədii film çəkilmişdi. O teatrda, kinoda rejissorluq edir, filmlərə çəkilir, simfonik orkestrdə dirijorluq edirdi. Bunlardan başqa, o, təyyarə sürməyə də vaxt tapırdı.
Karate öyrənməyə başladı
Mişima qəribə enerji sahibi idi. Hər şeyə vaxt çatdırırdı. Cavanlığında cansız və xəstəhal olan Mişima samuray adətlərinə qaşrı hədsiz maraq etməkdəykən birdən-birə qüvvətli, əzələli bir kişiyə də çevrilmişdi .
27 yaşında Mişima dərk elədi ki, gözəl ölüm gözəl bədənin ölümüdü. İdmana meyl edən yazıçı bodibildinq məşqlərinə başladı, karateni və kendo qılınc oynatma sənətini mənimsədi. O artıq kamil samuray idi. Sısqa Mişimadan əsər-əlamət qalmamışdı.
“Vətənpərvərlik” filmi
Mişima 1960-cı ildə “Vətənpərvərlik” adlı hekayə yazdı. Hekayədə dövlət çevrilişi həyata keçirməyə cəhd edən, cəhdləri boşa çıxdıqda xarakiri ilə həyatlarına son verən zabitlərdən bəhs olunur.
Əsərin son sözündə yazıçı belə yazmışdı. “Bu əsər nə komediya, nə da tragediyadı, bu hekayə xoşbəxtlik haqqındadır.” Əzabverici və qanlı ölüm Mişima üçün səadətin ən yüksək təzahür forması idi.
Mişima əsərin əsasında film çəkdi. Baş rolda da yazıçı özü oynayırdı. Yazıçı onu qabaqda gözləyən həqiqi intiharı üçün məşq edirmiş kimi zabitin xarakiri səhnəsini məharətlə canlandırdı.
1966-cı ildə Mişima rəsmi şəkildə radikal sağçılara qoşulduğunu bəyan etdi və Özünümüdafiə Qüvvələrinə üzv oldu. Bu ərəfələrdə Mişima yapon adət-ənənlərini, samuray qaydalaırnı dirçəldən əsərlər yazmağa, monarxiyanı açıq şəkildə müdafiə etməyə başladı. 1968-cı ilin yayında Mişima özünün hərbiləşmiş tələbə təşkilatını “Sipər cəmiyyəti”ni yaratdı. Qəzetlər bu hadisəni “Mişimanın oyuncaq ordusu” kimi qiymətləndirdilər.
Əbədi yaşamaq istəyirdi
Yukio Mişima bir yazıçının, hətta bir insanın həyatda nail ola biləcəyi bütün uğurları qazanmışdı. Üç dəfə Nobel mükafatına namizəd olmuşdu, incəsənətin bütün sahələrində özünü uğurla sınamışdı, bir təşkilatı vardı. Bütün bu nailiyyətlərin sahibinə arzusunda olduğu işgəncəylə dolu bir ölümə çatması üçün bir addım atmaq lazım idi. Lakin heç bir samuray adi ölümlə həyatına son verə bilməzdi. Bir samurayın xarakiri etməsi üçün onun şərəfinin təhqir olunması lazım idi. Qayda belə idi.
Mişima özünün son hekayəsini beləcə yazdı.
1970-cı il noyabrın 25-də səhər son romanı “Mələyin süqutu” nu tamamlayıb redaktoruna yolladı.
Saat on birə qalırdı. Maşın qapıda gözləyirdi. O son dəfə bu cümlələri qeyd etdi: “İnsan həyatı sərhədsiz deyil, mənsə əbədi yaşamaq istəyirəm. Yukio Mişima”.
Və evdən çıxıb onu müştağında olduğu ölümün ağuşuna aparacaq maşına mindi.