Bu gün Qafqaz regionundakı vəziyyəti sabit adlandırmaq qeyri-mümkündür. Çünki Qafqazın ən azı iki paytaxtında - Tbilisi və İrəvanda ehtiraslar qızışıb. Yalnız Bakıda sabitlik hökm sürür. Hələ bir müddət öncə qəti “qərbpərəst” imici olan Gürcüstanda “rusiyapərəst qüvvələrin” qəbul etməyə çalışdığı “xarici agentlər” barədə qanun müxalifətin və ümumilikdə əhalinin narazılığına səbəb olub. Ermənistanda isə hər şey əksinədir. Bir müddət öncəyə kimi qatı “rusiyapərəst” imici olan bu ölkənin rəhbərliyi hazırda “qərbpərəst” siyasət yeridir və bu da Rusiya ilə sıx bağlılığı olan müxalifəti və kilsəni narazı salıb.
Öz növbəsində Azərbaycan hakimiyyəti Rusiya ilə xoş münasibətlərini saxlayır.
Bəs, baş verənlərin arxasında hansı qüvvələr dayanır? Cənubi Qafqazın adları çəkilən iki ölkəsində vəziyyətin gərginləşməsində kim maraqlıdır? Kütləvi etirazlar, itaətsizlik nəyə gətirib çıxara bilər?
Ermənistan
Artıq bir neçə gündür ki, İrəvanda minlərlə insan hökumətin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı qərarına etiraz edir. Nümayişçilər paytaxtda yürüşlər təşkil edir və magistral yolları bağlayırlar. Etirazlara Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. O, Paşinyan hökumətini impiçmentlə hədələyir. Hakimiyyət də öz növbəsində müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham edir.
Ümumilikdə isə Ermənistanda etiraz yürüşləri, mitinqlər və vətəndaş itaətsizliyi aksiyaları may ayının əvvəlindən başlayıb. Etirazlar hökumətin sərhədin delimitasiyası çərçivəsində dörd sərhəd kəndini Azərbaycana qaytarmaq planları ilə bağlı başlayıb. Tavuş vilayətinin sakinləri Azərbaycan mövqelərinə yaxınlıqda yerləşən evlərini itirəcəklərindən narahatdırlar.
Mayın 4-də “Tavuş - Vətən uğrunda” hərəkatı paytaxta doğru yürüşə başlayıb. Delimitasiya əleyhdarları hakimiyyəti “Bakıya birtərəfli güzəştlər getməklə Ermənistanın ərazi bütövlüyünə ziyan vurmaqda” ittiham edirlər. Bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə yürüşə Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edib. Ona erməni kilsəsinin digər yeparxiyalarının rəhbərləri də qoşulub və Ermənistanın müxtəlif bölgələrindən paytaxta yürüşlər başlayıb.
Mayın 9-da yürüş İrəvana çatıb. Minlərlə insanın iştirakı ilə hökumət evi qarşısında keçirilən mitinqdə arxiyepiskop Baqrat Qalstanyan baş nazirin istefasını tələb edib. “Nikol Paşinyan, sizə istefa vermək üçün bir saat vaxt veririk. Mən bu vaxt ərzində görüşməyə və istefanın bütün şərtlərini müzakirə etməyə hazıram. Artıq siz Ermənistanda heç bir hakimiyyətə malik deyilsiniz”, - o, Respublika meydanında bildirib. Onun fikrincə, hazırkı hökumət “ölkənin idarə edilməsində tam uğursuzluğa düçar olub”.
Şənbə günü müxalifət hökumət binası qarşısında da minlərlə adamın iştirakı ilə mitinq keçirib. Səhər saatlarında etirazçılar arxiyepiskop Baqratın çağırışı ilə İrəvanın bir neçə küçəsini və paytaxtın girişlərini, xüsusən də Azadlıq prospekti, Qələbə körpüsü və Tbilisi şosesini bağlayıblar. Etirazçılara İrəvan Dövlət Universitetinin tələbələri də qoşulub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, küçələrin bağlanmasında iştirak edən 41 nəfər saxlanılıb. Müxalif “Milli Cəbhə” bildirib ki, polis Azadlıq prospektini bağlayan 50-yə yaxın adamı saxlamaq üçün güc tətbiq edib. “Beş hüquq müdafiəçisi” təşəbbüs qrupu mayın 11-də 48 vətəndaşın saxlanıldığını bildirib. Onların hamısı üç saat müddətində inzibati qaydada həbs edilib və sonra sərbəst buraxılıblar.
Mayın 13-də İrəvanda başlayan etiraz aksiyalarında isə 200-ə yaxın adam saxlanılıb.
Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən Tavuş yeparxiyasının keşişidir. Ermənistanın şimalındakı Tavuş rayonu Azərbaycanla həmsərhəddir. Keşiş özü Kanada vətəndaşı olduğu üçün baş nazir postuna iddia edə bilməz. Etiraz aksiyası müxalifət tərəfindən dəstəklənir. Lakin parlament impiçment proseduruna ən azı 36 deputat səs verərsə başlaya bilər. Bu, deputatların ümumi sayının təxminən üçdə birini təşkil edir. Bu zaman “Hayastan” və “Şərəf duyuram” müxalifət fraksiyaları bir yerdə cəmi 35 səsə malikdirlər.
Hakim “Vətəndaş həmrəyliyi” partiyası hesab edir ki, kilsənin iştirakı ilə “dövlət çevrilişi prosesi yaradılır”. Nikol Paşinyan özü mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın kilsə rəhbərliyinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesini dayandırmaq tələbinin yerinə yetirilməsi qaçılmaz olaraq müharibəyə və respublikada marionet rejimin qurulmasına gətirib çıxaracaq.
Ermənistan hakimiyyəti aprelin 19-da bəyan edib ki, Birinci Qarabağ Müharibəsi zamanı işğal edilən və Tavuş vilayətinin tərkibinə qatılan 4 kənd Bakı ilə İrəvan arasında sərhədin delimitasiyası ilə bağlı razılaşma çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılacaq. Aprelin 23-də sərhədin demarkasiyası başlanıb və ilk sərhəd dirəyi quraşdırılıb. Eyni zamanda, cümə günü İrəvanda etiraz aksiyaları fonunda Qazaxıstanda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı danışıqlar keçirilib.
Beləliklə, bu etirazlar böyüyə bilərmi? Bazar günü axşam və bu gün səhər İrəvanın mərkəzində keşiş Baqratın rəhbərliyi ilə yenidən mitinq və etirazlar keçirilib. Bu proses indiki hakimiyyəti təhdid edən real hərəkata çevrilməyə qadirdirmi? Nikol Paşinyan hakimiyyəti itirə bilərmi? Belə olsa, bu, sülh prosesinin hətta ən kiçik nailiyyətlərinin itirilməsi demək olacaq. Bəlkə müxalifətin potensial və imkanları yoxdur?
Pressklub.az-ın suallarını region üzrə ekspert, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Fuad Çıraqovcavablandırıb.
O, Tavuş arxiyepiskopu Baqratın rəhbərlik etdiyi etirazlarda Paşinyan rejimini təhdid edə biləcək heç nə görmür.
“Onlar müxalifətin, din xadimlərinin və radikal erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, küçələrdə kifayət qədər kütlə toplaya və aksiyanın davamlılığını qoruya bilmədilər. Baxmayaraq ki, bunun onlar üçün yəqin ki “son döyüş” olacağını yaxşı başa düşürdülər. Amma küçələri insan kütləsi ilə doldura bilmədilər. Müqayisə üçün Tbilisiyə baxın. İrəvandakı son etirazlar 2020-ci ildə məğlubiyyətdən sonrakı nümayişlərdən heç nə ilə fərqlənmir: biz əvvəllər daha qəzəbli kütlə görmüşük. Düşünürəm ki, etirazlar artıq sürətini itirir və indi biz onun sonunu görəcəyik”, - deyə tədqiqatçı bildirir.
Gürcüstan
Gürcüstan parlamentinin Hüquq Komitəsi ölkədə davam edən etirazlar və Avropa İttifaqının tənqidi fonunda “xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib. Müxalifətdən olan deputat Yekaterina Xerxulidzenin brifinqdə verdiyi məlumata görə, mayın 13-də səhər saat 9.00-da komitənin iclası başlayıb və düz iki dəqiqə sonra başa çatıb.
“Exo Kavkaza” nəşri də bildirir ki, hüquq komitəsi son dərəcə qısa müzakirədən sonra “xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.
Hakim “Gürcü arzusu” partiyası mayın ortalarına kimi qanunun qüvvəyə minməsinə nail olmaq niyyətindədir. Bu qanun maliyyə vəsaitinin ən azı 20 faizini xaricdən alan təşkilatların rəsmi qeydiyyatını tələb edir.Tənqidçilər sənəddə Rusiyada qüvvədə olan “xarici agentlər” qanunu ilə aydın paralellər görürlər. Qeyd edək ki, Rusiya hakimiyyəti bu qanuna əsaslanaraq hökuməti tənqid edən media və təşkilatlara qarşı çox ciddi təzyiq göstərir.
Bütün həftəsonu minlərlə insan Tbilisidə “Xarici təsir haqqında” qanun layihəsinə etiraz edib. “Azadlıq” radiosunun Gürcüstan xidməti yazır ki, son günlər təhlükəsizlik qüvvələri azı 20 nəfəri döyüb və saxlayıb.
Şənbə günü, mayın 11-də Tbilisinin mərkəzində siyasətçilərin, tələbələrin, ictimai fəalların, müəllimlərin və həkimlərin iştirak etdiyi “Avropa marşı” keçirilib. Aksiyada Tbilisi sakinlərindən başqa, Gürcüstanın digər şəhərlərindən gələnlər də iştirak edib. “Visioner” fakt-checking layihəsinin hesablamasına görə, yürüşdə ən azı 200 min insan iştirak edib.
Gürcüstan parlamentinin qanun layihəsinə sabah üçüncü və yekun oxunuşda baxacağı gözlənilir.
ABŞ Konqresi Gürcüstan hökumətini “fəlakət” adlandırdıqları “xarici agentlər” haqqında qanun layihəsini dərhal geri götürməyə çağırıb.
Bu arada Gürcüstanın on ən böyük universitetinin tələbələri mayın 13-dən kütləvi tətilə başladıqlarını elan ediblər. Tətildə tələbələrlə yanaşı, bu təhsil ocaqlarının müəllimləri də iştirak edəcək.
Hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya Pressklub.az-ın xahişi ilə Tbilisidəki vəziyyəti şərh edib.
“Deməliyəm ki, vəziyyət gərginləşir. Faktiki olaraq, paytaxt ali məktəblərinin tələbələri artıq rəsmən aksiyaya qoşulublar - onlar tətilə başlayıblar.
Bu gün parlamentdə qanunun üçüncü oxunuşda qəbulu ilə bağlı tövsiyə verilib. Mənə elə gəldi ki, mən sovetlər dövrünün Ali Sovetinin iclasını izləyirəm. Birincisi, parlamentin hüquq komitəsi öz reqlamentini pozdu. Komitənin sədri sözün əsl mənasında 67 saniyə ərzində Gürcüstan qanunvericiliyinin “Parlament haqqında” qanuna, “Parlament fəaliyyətinin daxili reqlamenti haqqında” qanuna zidd olan bu qanunsuz qərarı qəbul etdi. 1989-90-cı illərdə bu cür sessiyanı yoldaş Rafiq Nişanov, eləcə də sonradan Dövlət Fövqəladə Hallar Komitəsinin üzvü olan yoldaş Lukyanov aparırdılar”, - deyə siyasi elmlər doktoru müqayisə edib.
Onun sözlərinə görə, bu gün etirazçılara qarşı kütləvi repressiyalar olub. “Bununla belə, insanlar parlamentin ətrafını tərk etməyə razı deyillər və sabah mübahisəli qanunun artıq üçüncü oxunuşda qəbul edilməsi planlaşdırılır.
Yeri gəlmişkən, buraya çoxlu sayda beynəlxalq nümayəndə heyətləri gəlir. Bu gün Amerikanın sanksiya siyasətinə nəzarət edən ABŞ dövlət katibinin müavini Ceyms O'Brayen gəlir. Avropa İttifaqının yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri gəlir. Düşünürəm ki, Gürcüstan hakimiyyətinə çox güclü təzyiq göstəriləcək.
Ən əsası isə hakim partiyanın özündə də güclü parçalanma var. Bəzi yüksək vəzifəli şəxslər artıq ayrı-ayrılıqda bu qanunun qəbuluna qarşı olduqlarını bildiriblər. Məsələn, bu fikri son baş nazir İrakli Qaribaşvili deyib. Vəziyyət belədir”, - deyə professor Maisaya yekunlaşdırıb.
***
Beləliklə, bu gün Cənubi Qafqazda bəlkə də yeganə sakit yer Bakıdır. Bir çox ekspert və müşahidəçilər Tbilisi və İrəvan hadisələrinin arxasında Moskvanın əlini, onun daxili siyasi vəziyyəti sarsıtmaq üçün hibrid fəaliyyətini görməyə meyllidirlər. Bəs bu onun nəyinə lazımdır? Mümkündür ki, “nəzarət olunan xaos” yaratmaqla regionda təsirini saxlamaq üçün.
Rauf Orucov