Boğulur, yorulur, bezir, amma dayanmır... Dayanmamaq üçün də müxtəlif üsullara əl atır
Bir kənd təsəvvür edin. Onun bir məhəlləsini göz önündə canlandırın. Və məhəllədə kiçik, təmirsiz bir ev düşünün.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Peşəkar Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü olan bir adamın yaşadığı ev...
Onun bütün həyatı - yeridikcə əsərlərini tapdalamağa məcbur olduğu, yaratdıqlarını o tərəf-bu tərəfə itələyə-itələyə keçdiyi bu balaca emalatxanadan ibarətdir.
Nənəsinin uzun qış axşamlarında danışdığı nağıllardan ilhamlanıb, rənglər dünyasına baş vurub. Bütün ömrünü, enerjisini, hisslərini sənətə - bir gün belə, çəkməyi dayandırmadığı əsərlərinə ötürüb.
Çox vaxt işləməyə kətan, boya tapmır. Emalatxanada boş molbert qabağında oturub fikirləşir, ya da hansısa köhnə bir işinə yenidən qayıdır, zamanında unutduğu detalları əlavə edir. Dayanmamaq üçün müxtəlif üsulları sınaqdan keçirir.
Rəng tapmayan vaxtlarında şam tüstüsü ilə çəkib. Meyvələrin suyu, mürəbbə şirələri ilə əsərlərinə rəng qatıb.
Maddi imkansızlıq ucbatından kətan ala bilmir. Adi kətan... Boğulur, yorulur, bezir, amma dayanmır.
Dayanmamaq üçün müxtəlif üsulları sınaqdan keçirir. Məsələn, şəkər tozu və un doldurulan kisələri əldə edir, kisələrin hər iki üzünü ağ rəngə boyadıqdan sonra onların üzərində çəkir – sənət yaradır.
Lakin heç nədən narazılıq etmir. Yaradıcılığını məişət problemləri səviyyəsinə endirməyi sevmir: “Əsas odur ki, dayanmamışam, dayanmıram, hər gün işləyirəm”, - deyir.
Nəcməddin Hüseynov 1955-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya göz açıb, hazırda da orada yaşayır. Zamanında dolanışıq üzündən ali təhsil ala bilməsə də, rəssamlıq məktəbini bitirib. Rəssamlar İttifaqının üzvüdür.
Özünü “gözə soxan” adam olmadığı üçün, gözdən-könüldən uzaq qalıb. 3 minə yaxın əsərin müəllifidir. Əsərlərinin, demək olar, hamısını özündə saxlayır. Az sayda satdığı əsərləri var ki, onları da xarici ölkə vətəndaşları sosial şəbəkələr vasitəsilə görüb, bəyənib və alıblar.
13 ildir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri bir sıra muzeylərdə və qalereyalarda nümayiş olunub. Lakin bu qədər əsərin müəllifi olmasına, kəndindən çıxmadan yüksək adlar qazanmasına baxmayaraq, hələ də heç nəyin yiyəsi deyil – nə rayon səviyyəsində yardım, nə də üzvü olduğu İttifaqdan hansısa təqaüd alır...