Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanı silkələyə biləcək üç gün



Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin yaratdığı təlatüm kulminasiya nöqtəsinə çatır. Hadisələr inkişaf etdikcə görmək olur ki, çəkişmə bir layihə ətrafında yox, iki mühüm məsələ üzərindədir: hakimiyyət və pul. Bunlar isə bütün siyasətlərin əsasında dayanan mətləblərdir.

Gürcüstan hökuməti və parlamentində israrla bildirirlər ki, bütün daxili və xarici etirazlara baxmayaraq, layihə mayın 13-də sonuncu oxunuşa çıxarılacaq. Müxalifət və ölkənin qeyri-hökumət təşkilatları isə onları qabaqlamaq üçün mayın 11-ni “ümummilli itaətsizlik günü” elan ediblər. Həmin gün gürcü xalqı öz hökumətinə “dur” deməlidir.

Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti gözlənilən etiraz aksiyasına kəskin reaksiya verib. Onun press-relizində bu “provokasiya”nın “xaricdən maliyyələşdirildiyi” və “zor tətbiq edilməsini nəzərdə tutan destruktiv ssenarilərin” həyata keçirilməsi məqsədi güddüyü bəyan edilir. Hazırlanan mitinqlərə “Ukraynada döyüşən gürcü könüllülərin” də cəlb edildiyi deyilir. DTX Tbilisidə növbəti “rəngli inqilab”a cəhd göstəriləcəyi, inzibati binalara hücumlar olacağı, nəqliyyatın iflic ediləcəyi, vətəndaş qarşıdurması yaradılacağı qənaətindədir.

Axı rəsmən “Xarici təsirin şəffaflığı” adlanan bir qanun layihəsi nəmənədir ki, narazılıqların bu həddə çatmasına səbəb olub, barışmaz maraqları yerindən oynadıb? Məsələ o dərəcədəmi prinsipialdır ki, Gürcüstan hökuməti uzun illər “əlindən çörək yediyi” ABŞ-la, Avropa İttifaqı ilə, hətta BMT ilə münasibətlərini korlamaqdan belə çəkinmir, onların xahiş və tələblərini eşitmir, dəvətlərinə getmir? Bu qanun layihəsinin özündə, arxasında nə var ki, xalqın böyük bir qismi dünən səs verib seçdiyi rəhbərlərini bu gün “rus yolu” getməkdə, hətta Gürcüstanı Rusiyaya “satmaqda” ittiham edir? Və nəhayət, Gürcüstandakı hadisələrin Azərbaycana da “isti-soyuğu” olacaqmı, bizim də qonşu dövlətdəki kimi “xarici agent” problemimiz varmı?

Azərbaycan mediası Gürcüstanda cərəyan edilən hadisələrə diqqətlidir. Xüsusən telekanallar tez-tez bu mövzuya toxunur, ekspertləri danışdırır, küçə sorğularında vətəndaşların məsələyə münasibətini öyrənirlər. Onları dinləyəndə bir daha əmin olursan ki, Tbilisidə nəyin üstündə dava getdiyini əksər “rəyçilər”in heç özləri də bilmirlər və bu barədə izahata Azərbaycan cəmiyyətinin ehtiyacı var. 

Gürcüstanın yeni qanun layihəsində nə deyilir və həqiqətənmi o, ölkəni Rusiyanın yolu ilə aparır?

Layihə xaricdən maliyyələşməsi ümumi gəlirinin 20%-dən artığını təşkil edən gürcü QHT-ləri və KİV-ni “xarici agent” kimi qeydiyyata götürməyi nəzərdə tutur. Əgər “agent” xaricdən aldığı vəsait barədə vaxtında deklarasiyada məlumat verməzsə, 9000 dollaradək cərimə oluna bilər. Ədliyyə nazirliyinə şübhəli bildiyi təşkilatda monitorinq aparmaq və tədbir görmək hüququ verilir.

Rusiya bu qanunu 2012-ci ildə qeyri-kommersiya təşkilatları barədə qəbul edib, ondan sonra dəfələrlə genişləndirib, mediaya və hətta fiziki şəxslərə şamil edib. Orada xaricdən hətta cüzi yardım alan tərəf “xarici agent” hesab edilir, qeydiyyata alınır, necə deyərlər, rəsmən “damğalanır”. Qanunun bu sahədə qoyduğu tələbləri pozanları 3200 dollaradək cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. “Xarici agent” elan olunmuş şəxslərin hətta fundamental azadlıqları məhdudlaşdırırlır, məsələn, bir neçə gün əvvəl (mayın 6-da) qəbul edilmiş daha bir qanuna görə, onlar seçkilərdə iştirak edə, müşahidəçi, yaxud namizədin nümayəndəsi ola, heç yerdə seçkili vəzifə tuta bilməzlər!!! 

Gürcüləri nə qorxudur?

Göründüyü kimi, Tbilisinin təklif etdiyi qanun layihəsi Moskvanın işlətdiyi qanundan yumşaqdır. Bununla belə, Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini etirazçılar “rus qanunu” adlandırırlar. Hökumət bu analogiyanı inkar edir, öz layihəsinin yalnız “şəffaflığa və xarici donarların mümkün “antidövlət” layihələrinin qarşısını almağa” xidmət etdiyini bildirir.

Amma Gürcüstanın vətəndaş cəmiyyətinin təşvişinə ciddi əsaslar var:

  1. Rusiya da bu qanunu əvvəl kifayət qədər yumşaq formada qəbul etmişdi, ancaq addım-addım onu sərtləşdirdi və fundamental hüquqların (seçki, vəzifə tutmaq və s.) məhdudlaşdırılmasına qədər gətirib çıxardı;

  2. Dövlət orqanına QHT və KİV üzərində istədiyi vaxt monitorinq aparmaq hüququ vermək təhlükəlidir, ən azı ona görə ki, monitorinqin çərçivələri göstərilmir və o, hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar bütün sahələri, bütün məlumatları əhatə edə bilər;

  3. Gürcüstanın Avropa ilə münasibətləri pisləşəcək, Avropaya inteqrasiya prosesi pozulacaq, iş, təhsil, müalicə və s. üçün vizasız gediş-gəliş imkanı itiriləcək və Gürcüstan tədricən Rusiyanın qoynuna qayıdacaq;

  4. Gürcüstan QHT-lərinin, yaradıcı təşkilatlarının tam əksəriyyəti, medianın, xüsusi ilə onlayn KİV-lərin çoxu xaricdən əhəmiyyətli yardımlar alır, onlar “xarici təsir agenti” kimi alçaldıcı qeydiyyatdan keçirilməyə müqavimət göstərəcək və nəticədə bağlanacaqlar. Bu, hökumətin bir çox sahələrdə fəaliyyətini, ilk növbədə seçkilərin təşkilini və keçirilməsini nəzarətsiz qoyacaq, insanları humanitar, hüquqi yardımlardan məhrum edəcək.   

Gürcü ekspertlərinin əksəriyyətinin fikrincə, bu qanun 2024-cü ilin oktyabrında parlament seçkilərinə ictimai nəzarəti zəiflətmək və saxtakarlığa yol açmaq üçündür və İvanişvilinin Qərbin onu devirmək istəyində olduğu qənaətindən irəli gəlir.

Rusiya kimi Gürcüstanın da bu qanunu qəbul edərkən Amerika təcrübəsinə istinad etdiyini söyləməsi nə qədər düzgündür?

Qərb ölkələri də, gürcü etirazçıları da “xarici agentlər” haqqında yeni qanunun demokratik proseslərə ciddi zərbə vuracağını deyirlər. Gürcüstan rəsmiləri isə onlara Rusiya siyasətçilərinin istifadə etdikləri arqumentlə cavab verirlər, deyirlər ki, sənədi hazırlayarkən elə “demokratiya carçısı” ABŞ-ın özündən nümunə götürüblər. 

ABŞ-da həqiqətən FARA (Xarici agentlərin qeydiyyatı aktı) adlanan qanun mövcuddur. Ancaq o, 1938-ci ildə nasist təbliğatına qarşı qəbul edilib və tamamilə, yaxud əsasən xaricdən maliyyələşən şəxslərə aiddir. Həm də bu, artıq çoxdandır ki, “işləməyən qanunlar” sırasındadır: son 50 ildə ABŞ-da “xarici agentlərlə” bağlı cəmi 7 iş qaldırılıb və onlardan da yalnız biri məhkəmə hökmünün çıxarılması ilə yekunlaşıb. Rusiyada isə müvafiq qanun təkcə 2023-cü ildə 350 inzibati cəza kəsilməsinə və bir neçə cinayət işinin qaldırılmasına rəvac verib. Odur ki, 86 il əvvəl doğulmuş FARA-nı indi dartıb qəbirdən çıxarmaq cəhdi gürcü siyasilərinin faktla manipulyasiya etmək cəhdindən başqa bir şey deyildir. 

Gürcüstan yeni qanununu qəbul etsə, bu Azərbaycan qanunvericiləri də eyni həvəsə gələ bilərmi?

Azərbaycanda “xaricdən maliyyələşməni” nəzarətdə saxlayan normativ aktlar çoxdan mövcuddur və mexanizmlər güclüdür. Bu barədə geniş müddəalar ən azı iki qanunda, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş iki qaydalar toplusunda, həmçinin qanun pozuntuları haqqında kodekslərdə detallı şəkildə əksini tapıb. Media subyektlərinin xaricdən maliyyələşməsinə kiçik istisna ilə yol verilmir. Nəinki yardım alan yerli qeyri-hökumət təşkilatları, hətta onlara yardım göstərən xarici qurumlar da burada dövlət orqanlarında qeydiyyata düşməli, hər bir müqavilə üçün ayrıca icazə almalıdırlar. İcazəsiz yardımlar üzrə bank əməliyyatlarının keçirilməsi qadağandır. Qaydaları pozanları aldıqları vəsaitin müsadirəsi ilə yanaşı, böyük həcmdə cərimələr gözləyir.

Əlbəttə, bu o demək deyil ki, Azərbaycan hökuməti “xaricdən maliyyələşmə”, onun yaradacağı, yaxud dəstək verə biləcəyi proseslərdən narahatlıq keçirmir. Ancaq Bakının problemi başqadır, o, qanuni məhdudiyyətlərin qoyulması mərhələsini çoxdan adlayıb və indi bu məhdudiyyətlərdən yan keçmək istəyənlərin qarşını almağın yollarını “təkmilləşdirir”.

Beləliklə, əgər biz yalnız qanun layihəsinin özündən danışırıqsa, Gürcüstanda baş verən hazırkı prosesin Azərbaycana ciddi təsirindən danışmağa elə bir əsas yoxdur. 

Ancaq bütün iş qanunvericiliklə bitmir və Gürcüstan DTX-nın son açıqlaması da problemin kökünün harada olduğunu və məsələnin hansı “rəng” ala biləcəyini göstərir. Odur ki, mayın 11-dən Gürcüstanda nələrin baş verəcəyini Avropanın bir çox paytaxtlarında, Vaşinqton və Moskvada olduğu kimi, Bakıda da maraqla gözləyirlər.

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10