Yaxud, “doğulmamış qocalan” uşaq başçaları
Bəlli olduğu kimi, əsas vəsaitlər Qarabağda aparılan geniş miqyaslı, möhtəşəm quruculuq işlərinə görə son vaxtlar əyalətlərdə sosial obyektlərin tikintisinə çox az vəsait ayrılır. Yəni, o dövr arxada qalıb ki, hər hansı sosial obyektin təməli qoyulanda bir təntənə düzənlənir, 1-ci mərtəbəsi hazır olanda başqa təntənə, istifadəyə tam hazır olanda başqa toy - büsat. İndi isə əksər rayonlarda ciddi “açılış qıtlığı" var. Necə deyərlər, bu "açılış qıtlığı" dövründə ötən il, ulu öndər Heydər Əliyevin 100 illiyi qeyd olunan zamanda (10 may 2023) Masallıda bir neçə obyektin açılışı oldu- 2 Uşaq Bağçası, bir Tennis Mərkəzi, bir iclas zalı.
Açılışdan 1 il ötsə də, inşaat işləri tam başa çatsa da, həmin obyektlərin böyük təntənə ilə açılışları olsa da, nə Ərkivan qəsəbəsindəki 100 yerlik, nə Masallı şəhərindəki (4 saylı)120 yerlik Uşaq Bağçası fəaliyyət göstərmir. Uşaqlar həmin bağçalara, həmin məkanlara ayaq qoya bilmir. (Bunlardan əlavə 100 yerlik Səmidxan Uşaq Bağçası da həmin taleyi yaşayır). İllərdir ki, uşaq əyləncə yerləri olmayan ərazilərə həmin bağçaların həyətində quraşdırılan əyləncə qurğuları uşaqlara, uşaqlar da o qurğulara baxa-baxa qalıb.
Bir anlıq “unudulmaz” bir mənzərə təsəvvür edir- bir tərəfdə bərbad gündə olan, yarısında məcburi köçkünləri məskunlaşdığı Ərkivan qəsəbə Uşaq Bağçası, bir tərəfdə yenə bərbad gündə olan Ərkivan 1 saylı tam orta məktəbi, elə o bərbad məktəbin 5 addımlığında istifadəyə tam hazır, yaraşığı göz oxşayan müasir tipli Uşaq Bağçası.
(Elə həmin vaxt açılışı olan Masallı Tennis Mərkəzi də açılışdan 10 ay (!) sonra qapılarını idmansevənlərin üzünə açdı).
Kimdir günahkar?
Həmin uşaq bağçalarını iş adamları Məşkur Qasımov və Qalib Məmmədov (Ərkivanda), millət vəkili Məşhur Məmmədovun iş adamı olan övladları (Şəhər 4 saylı) Masallıda öz şəxsi vəsaitləri hesabına tikib. Bu addıma görə onlara çoxlu təşəkkür düşür.
İcra Hakimiyyəti Başçısını da qınamaq olmaz. Hansı icra başçısı istəməz ki, rəhbərlik etdiyi ərazidə yeni sosial obyekt olmasın.
Necə deyərlər, alan razı, satan razı, bəs günahkar kim oldu? Sadəcə bir neçə bürokrat məmur və süni əngəllər.
Həm də nəzərə alsaq ki, 230 min əhalisi olan Masallıda cəmi 1000-ə yaxın azyaşlı Uşaq Bağçalarına cəlb olunub. Faktiki isə Masallıda bu 3 Uşaq Bağçası və digər bir neçə ərazilərdə otaqları boş olan, lakin əlavə qruplar ala bilməyən bağçalar qapıların uşaqların üzünə açsa, 400-ə yaxın uşaq bundan faydalana bilər. Nə qədər qəribə olsa da, şəhərin mərkəzində 120 nəfərlik tam təmirli, 120 yerlik Uşaq Bağçası olduğu halda, 2 ildən artıqdır ki, normadan artıq 120-dən artıq uşaq 1 saylı bağçanın 100 yerlik binasına sığınab. Yəni, 100 yerlik Uşaq Bağçasında 220 nəfər, 2 müdir, 2 aşpaz bir məkanda yerləşib.
Qısası, “doğulmamış qocalan” Uşaq Başçalarını görmək istəyənlər Masallıya gəlsin.
Cenub.az. Zahir Əmənovv