Saatlı rayonunda satışa çıxarılan evin qiyməti hamını şoka salıb. 10 sot torpaqda tikilmiş 8 otaqlı, güllü-çiçəkli bağçası olan mənzil müştərilərə cəmi 14 min manata təklif olunur. Artıq uzun müddətdir ki, əksər rayonlarda bu qəbildən olan evlərin kütləvi satışı ilə bağlı tendensiya müşahidə olunur. Buna başlıca səbəb kimi, regionlarda özünü göstərən işsizlik, iri şəhərlərə, xüsusən də paytaxt Bakıya olan intensiv köç əsas göstərilir. Elan saytlarına nəzər salsaq, bəzən ikimərtəbli, 6-7 otaqlı, geniş həyətyanı sahəyə malik olan evlərin sudan ucuz, yəni 15-20 min manat arası qiymətə təklif olunduğunu görə bilərik. Lakin olduqca aşağı qiymətə təklif olunan evlərin alıcısı da dəyəri kimi olduqca azdır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu tendensiya daha çox turizm imkanları zəif, cəlbedici imkanları olmayan rayonlarda özünü göstərir:
“Ümumiyyətlə Azərbaycanın regionlarında, xüsusən də aran rayonlarında evlərin və torpaqların qiyməti həddən artıq ucuzdur. Amma biz bəzi turizm baxımından məşhur olan, məsələn, Quba, Qəbələ və İsmayıllı kimi rayonlarda bu tendensiyanı görə bilmərik. Saatlı, Sabirabad, Hacıqabul və bu kimi aran rayonlarında fərdi yaşayış evlərinin qiymətləri digərləri ilə müqayisədə xeyli dərəcədə aşağıdır. Bunu əslində tam olaraq iri şəhərlərə, xüsusən Bakıya olan köçlə əlaqələndirmək olmaz. Sadəcə evlərin bazar dəyəri 25-30 min aralığında dəyişir. Bir qədər kəndlərə və rayon mərkəzinə uzaq olan yerlərdə qiymətlər daha da uzulaşır”.
Ekspert rayonlarda ucuz satılan evlərin əksər hissəsinin istismar müddətini başa vurğunu diqqətə çatdırıb:
“Eyni zamanda bu evlərin bir çoxunun artıq istismar müddəti başa çatıb. Baxsaq görərik ki, onların böyük əksəriyyəti yeni evlər deyil. Onların çoxunun, 14-15 minə satışa çıxarılan evlərin əksəriyyətinin sökülüb yenidən tikilməyə, ən azından ciddi təmirə ehtiyacı var. Belə evlər baxımsızlıqdan yararsız vəziyyətə düşür. Elan saytlarında olan evlərin əksəriyyəti köhnə, 60-70-ci illərin, hətta daha əvvəl tikilmiş evlərdir. Köhnə kənd evlərinin bazar dəyəri yeni evlərlə müqayisədə xeyli dərəcədə aşağıdır. Onların bir çoxu istismar müddətini başa vurub”.
Nazim Hacıyev