Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənovun yazısı:- Hansı İcra Başçısının Facebook səhifəsi var?


 


 

“Yox” deməyə tələsməyin. Yaxud da olmasının nə xeyri, ya olmamasının nə ziyanı?

 

Bəllidir ki, böyük yollara giriş kiçik  yollardan başlayır.

Bu baxımdan, belə demək mümkünsə, böyük informasiya bazarına gedən yollar da əyalətin kiçik  informasiya “dükan”larından”  bəhrələnir.

Bəs əyalət rayonlarında etibarlı informasiyanı haradan almalıyıq?

Rayon qəzetləri öz ömrünü başa vurdu. MEDİA haqqında yeni qanuna əsasən ölkədə cəmi 9 rəsmi qurum  qəzet təsis edə bilər ki, bunların da sırasında yerli icra hakimiyyətləri yoxdur.  Düzdür, bəzi icra hakimiyyətləri qeyri-rəsmi olsa da, gülünc abunə aksiyası keçirdib, bu qəzetləri nə səbəbə isə yaşatmaq istəyirlər.(Yəqin,  real məlumatdan, xəbərdən daha çox abunədən yığılan  10-15 min manat bəzi məmurlara daha cəlbedici görünür)

Bir də var icra hakimiyyətlərinin saytları və FB səhifələri. 

Bəs icra hakimiyyəti başçılarının özününşəxsi FB səhifəsi olan varmı? Bəli var. Bu sahədə ilk nümunənin Saatlı Rayon İcra hakimiyyətinin başçısı, əslən 



masallılı Elmir Bağırov göstərib. https://www.facebook.com/elmirbagir?mibextid=LQQJ4d

 Bəlli olduğu kimi, Saatlı rayonunun  44 yaşlı icra başçısı bir çox orijinal və sadəlik nümunəsi olan addımlar atır. Rayonda bazarlığa özü getməsi, axşam saat 6-dan sonra  və istirahət günləri əməkdaşları işə çağırmaması, şəhər parkında axşamlar tək gəzintiyə çıxması, bütün formalarda rüşvətə “yox” deməsi... və sair nümunələrgöstərməsi  çoxlarının diqqətindədir.

Bütün bunlarla yanaşı, bu icra başçısı bir neçə il öncə həm də özünün şəxsi FB səhifəsini yaratdı. (Sonralar İsmayıllı, Ağstafa rayon icra hakimiyyətləri də belə addımlar atdı. (Digərlərini də  bilirsinizsə, şərh bölümünə yaza bilərsiniz). Elmir Bağırovla  bağlı 2021-ci ildə hazırladığımız (“Saatlının masallılı icra başçısı niyə hələ də “orucdur”) yazının linki burada:- 

https://cenub.az/11452-saatlnn-masalll-icra-bas-haqqnda-niy-hl-d-orucdurdeyirlr.htmlZ

Elmir Bağırov 7.500-ə yaxın  izləyicisi olan FB səhifəsi əsasən hökumət yönlü, bitərəf informasiyalar paylaşsa da, o, bu səhifə vasitəsi ilə icra başçısının zövqü, dünyagörüşü və sair haqqında da fikir formalaşdıra bilir. Belə ki, icra başçısının paylaşdığı Saatlı rayonunun təbiət mənzərələri, xüsusən rayonun sübh və axşam  görüntüləri maraq doğurur. Ən azı isə bu səhifənin “şəxsi” bölümü vasitəsi iləonun izləyiciləri birbaşa icra başçısınamüraciət edib, əlaqə qura bilirlər. İcra başçısından nümunə götürüb Saatlı rayonun bir çox aparıcı təşkilatları, eləcə də bütün ərazi nümayəndələrinin öz şəxsi FB səhifələrini yaradıblar.

Yəqin, bəziləri deyə bilər ki, icra hakimiyyəti başçılarının saytlarındakı əlaqə bölümündə göstərilən elektron poçt vasitəsi ilə də məktub yazmaq mümkündür. Lakin bu qaydada yazılan müraciətin icra başçısına dəqiq çatıb-çatmayacağı dəqiq deyiL. (Masallı nümunəsində) 

Həm də Saatlının icra başçısı yazılanlara şəxsən özü diqqət yetirir. Məsələn, icra başçısının Saatlının səhər mənzərələri ilə paylaşmalarına rəy yazargən bildirmişdim ki, bu rayonun səmasındakı gözəllikləri paylaşmaqla yanaşı,  həmin rayonun təkcə göyləri yox, “yerdəki” “mənzərələrini” də paylaşsanız maraqlı olardı. Bu gileyli statusu elə birinci bəyənən icra başçısının özü oldu.

Saatlının icra başçısının bu təcrübəsini yaşadığım Masallı və digər rayonu ilə müqayisə etdikdə qəribə mənzərələrlə rastlaşırıq.

Məsələn, bilmək istəyirəm ki, 2024-cü ildə Masallı rayonunda nə tikiləcək, nə qurulacaq? Heç bilmirəm kimə müraciət edim. 1-ci müavin və “humanitar” məsələlər üzrə müavin, tikinti və arxitektura şöbəsinin müdiri postları aylarla, bəzisi illərlədir ki, boşdur, digər müavin, dostum Adəm Məhərrəmov “küləyin hansı tərəfdən əsməsinə uyğun”mesajlara və zənglərə (əksər hallarda) cavab vermir. Şəhər üzrə nümayəndəsi əvəzi Nazim Muradov da eyni qaydada. Nazim müəllimin FB səhifəsi olsa da, burada Nazim müəllimin ad gününə təbrikiərindən başqa nə isə tapmaq mümkünsüzdür. 

Masallı İHB-nin saytından da ətraflı məlumat almaq müşkül məsələdir. Bəzən günlərlə, hətta həftələrlə bura yeni məlumatlar qoyulmur. Məsələn, 

--ölkə başçısı Masallıda  yol tikintisi ilə bağlı sərəncam verir, icranın saytında yoxdur,  ---Baş prokurorluq rayonda külli miqdarda korrupsiya ilə bağlı məlumat yayır,  icranın saytında yoxdur. 

- Mərkəzi xəstəxananın baş həkimi rüşvətaldığına görə nümayişkaranə halda həbs olunur. İcranın saytında məlumat yoxdur.

Hələ bələdiyyələri demirik. Onların gəlirləri-qazancları elə gizlədilir ki, heç ən məxfi hərbi sirləri belə gizlədilmir. Bir neçə ay öncə icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Masallıdakl 35 bələdiyyədə illik hesabat yığıncaqları keçirildi. Lakin  bələdiyyənin bu hesabatları ilə bağlı icranın saytı  1 kəlmə də yazmadı. (Hələ əksər bələdiyyə sədrlərinin, aparıcı vəzifə sahiblərinin hətta “vatsap” nömrələrinin də olmamasını demirik)

Ümumiyyətlə, icra hakimiyyəti başda olmaqla rayonda digər qurumlarının qapalı işləməsi barədə də onlarla misal çəkə bilərik.

Sirr deyil ki, icra başçısı az qala  həftədə bir dəfə yerlərdə sakinlərlə görüşür. Bu görüşlər video lentə alınır. Həmin videolar harada göstərilir? Yaxud, heç yerdə göstərmirlərsə, niyə çəkirlər?

İcra hakimiyyətinin büdcədənkənar fonduna toplanmış  milyon manata yaxın vəsait haqqında niyə əhaliyə detallı məlumat verilmir. Redaksiya olaraq biz də bu məlumatı almaq üçün çoxlu cəhdlər etsək də, mümkün olmadı.

Biz doğrudan da halallıq və aşkarlıq şəraitində işləyiriksə, bu qapalılıqlar nədəndir?

Dəfələrlə yazmışam, yenə də yazmağa məcburam.  Bilinmir ki, bu rayonun qayğıları, problemləri harada, necə müzakirə olunur? Keçmişdə RİK-nin sesiyaları, PRK-nın plenumları, büroları və sair olardı. Bəs indi? Hər ayda 1-2 dəfə icra hakimiyyətində Şura İclasları olmalıdır. Olurmu? Bu barədə hər hansı bir məlumata rast gəlmisinizmi?

Doğrudanmı, Masallıda müzakirə olunası heç bir problem yoxdur?

Doğrudanmı, 230 minlik əhalisi olan bir rayonda bir normal iqtisadçı yoxdur ki, rayonun iqtisadi, sosial durumunu təhlil etsin?

Yerlərdə sakinlərlə keçirilən görüşlər istisna olmaqla, (bu görüşlər barədə də məlumatlar standart cümlələrdən kənara çıxa bilmir). kəndin adın dəyişsən, mətndə heç nə dəyişməz. Nə qədər eyni adamların sümükləşmiş, nimdaşlanmış, paslanmış fikirlərini (sifətlərini) eşitmək olar.

Qısası, bu məlumatlarda rayonun ruhu hiss olunmur. Son illər bircə qaçış marafonunu çıxmaq şərti ilə hər-hansı rayon miqyaslı tədbir yadıma gəlmir. 

Yaxın keçmişə nəzər salaq- Masallıda 3 il ardıcıl keçirilən Beynəlxalq Folklor festivalı, atçılıq yarışı, rayon miqyaslı tədbirlər... İndi adicə Yeni il, Novruz Şənliyi belə mərkəzdə yox, ancaq yerlərdə, həm də çox primitiv formada keçirilir.

2 il öncə Masallıda bu rayondan olan sahibkar və ziyalılarla görüş keçirildi. Tədbir o qədər sönük və şablon hazırlanmışdı ki, növbəti il belə tədbir keçirməyi heç lazım bilmədilər.

Doğrudanmı əyalətdə xəbər qıtlığı var?

Əlbəttə var.

Bələdiyyələr, əksər məktəblər dar bir çərçivədən çıxa bilmirlər. Hər məktəbin FB səhifəsi olsa da, əksəriyyəti boşdur. Sanki hamı taleyi ilə barışıb, kimi sönüb, kimi  bədbinliyə qapılıb. 

Bəzi icra hakimiyyətləri heç yaxşı işlərini də təbliğ edə bilmirlər.

Bir qrup ancaq tərifləyir, o biri tərəf müxalifəti söyür. Qısası, çövür Tatı, vur tatı.

Bəzən elə şəxslər – həyasızlığı, yaltaqlığı, üzəduranlığı... və digər mənfi keyfiyyətləri ürəkbulandıran şəxslər hakimiyyətin sözçüsünə  çevrilir ki, “Gör, nə günlərə qaldın, ay Balaş ”, yaxud, sözçünü göstər deyim kimsən” deyimini təkrarlamaqdan başqa heç nəyə gümanın qalmır. Ən azı konkret bir şəxs ayrılmalıdır ki, biz arzu olunan informasiyanı ondan ala bilək.

Yaxın, 30-40 ilə nəzər salaq – yerli radiolar, hətta məktəblərdə böyük tənəffüslərdə radio verilişlər olardı. 

Hazırda dünya süni intellekt, 4-cü, 5-ci sənaye inqilabına doğru gedir, az qala balaca uşaqlar da canlı yayım açır, lakin bizim bir çox başbilənlər sosial şəbəkənin, digər internet resurslarının imkanlarından faydalana bilmirlər.

Təsəvvür edin ki, hər gün yerli icra hakimiyyəti 10 dəqiqəlik canlı yayıma çıxır. Buna demək olar ki, heç bir vəsait də lazım deyil. Və bu canlıda həmin gün rayonda baş verənlər barədə, eləcə də rayonun dəyərli insanları barədə məlumat verir. Nə vaxta qədər az qala qonşuda olanlar barədə,  digər mənbələrdən məlumat alacağıq.

Hər yerdə bir qapalılıq hökm sürür. Kimdənsə məlumat istəyirsən, elə bil ona işgəncə verirsən. Bu vaxta qədər gördünüzmü, hansısa icra başçısı, polis rəisi, məhkəmə sədri televiziyada, radioda çıxış etsin. (Bir dəfə Gədəbəyin, bir dəfə də Xaçmazın icra başçısı danışdı, ikisinin də hansı səviyyənin sahibi olduğu aşkarlandı)

Onu da qeyd edək ki, belə hallar təkcə Masallıya yox, əksər rayonlara da aiddir. Bəlkə digərlərində daha acınacaqlıdır.

Nəzərə alsaq ki, yayılan məlumatlara görə, bir neçə aydan sonra icra strukturları ləğv ediləcək, regional idarələr yaranacaq, belə məqamda icra başçılarının hansı əhvalda olduğu bəlli olar. 

Bütün yazdıqlarım o qənaətə gəlməsin ki, biz Masallının icra başçısı Araz Əhmədovun etdiklərinə kölgə salmaq istəyirik. Araz müəllim ən azından əvvəlki icra başçısı Şahin Məmmədovla müqayisədə az qala ideal  rəhbərdir. Belə ki, dar bir dairədə olsa belə, ən azı icra hakimiyyətində  rüşvətsiz bir mühit yaradıb, kiminləsə təmənnalı işlər görmür. 2 il öncə  Masallıda az qala hər idarədə trollar, həyazsızlar qruppası var idi. İndi onların bir çoxu bayrağın dəyişsə də, əvvəlki tək meydan sulaya bilmirlər“Yezidə”“peyğəmbər” deyənlər, əxlaqsızlıq   edə-edə, insanlara ləyaqət dərsi keçənlər ən azında dalana dirəniblər. (Sanki bəziəri İT saxlayır, lazım olanda ona-buna  hürdürmək üçün). Qısası, Masallıya kəlməbaşı qarğış-nalə edən başçıdan sonra, daha səmimi, əsil Allah adamı olan, hətta tədbirlərdə şeir deyən icra başçısı gəlib.

Bizim də icra başçısı Araz Əhmədovla 2-3 dəfə bir neçə saatlıq davam edən, çox səmimi söhbətlərimiz olub və çox normal münasitlərimiz də var.

Araz müəllimin digər müsbət işlərini də sadalamaq olar. Lakin və lakin bu müsbətlərlə yanaşı yuxarıda sadaladığım və hələlik sadalamadığımlz digər qüsurları da var.

Yekun əvəzi.

Doğrudan da halallıqdan və paklıqdan  danışırıqsa, gəlin aşkarlıqdan qaçmayaq. Ümumi sözlər altında xalqa maraqlı olan məlumatları gizlətməyək.

Qapıları xalqın üzünə daha geniş açaq. İnternetin yaratdığı imkanlardan daha çox faydalanaq. İdeya müsabiqələri keçirək. Elə meydan yaradaq ki, hər kəs öz istedadını, nəyə qadir olduğunu göstərə bilsin. 

Anons.

Növbəti yazımız – Masallıda kadr çatışmır, ya kadrlara inam?

 

 

 

 

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10