Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara. Pensər- tolerantlıq nümunəsi - bura yeganə kənddir ki, ərazidə yaşayan sünni və şiə məzhəbindən olanların məscidləri bir-birindən 100 metr məsafədə yerləşir



Bir də Astaradakı memarlıq abadələri sırasında məscidlərn yeri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Astara rayonunda 102 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Bu abidələrin 47-si arxeoloji, 48-i memarlıq, 5-i dekorativ-tətbiqi sənət nüminəsi, 2-si bağ-park, monumental, xatirə abidəsidir.

   102 abidənin və ya konkret olaraq 48 memarlıq abidəsinin 12-si məsciddir. İnvertar saylarının ardıcıllığına görə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qeydə alınan məscidlər aşağıdakılardır:

1. Astara şəhər Qum məscidi (inv: 4114)
2. Ərçivan qəsəbə Məhəmməd Hənəfiyyə məscidi (4117)
3. Pensər kənd Hacı Cahanbaxış məscidi (4122)
4. Pensər kənd Hacı Teymur məscidi (4123)
5. Şahağac kənd məscidi (4124)
6. Artupa kənd məscidi (4127)
7. Vaqo kənd məscidi (4128)
8. Kakalos kənd məscidi (4129)
9. Maşxan kənd məscidi (4130)
10. Məscidməhəllə kənd məscidi (4132) 
11. Şiyəkəran kənd məscidi (4133)
12. Siyaku kənd məscidi (4138) 

   Astara şəhərinin Qum, Ərçivan qəsəbəsinin Məhəmməd Hənəfiyyə, Pensər kəndindəki Hacı Cahanbaxış, Hacı Teymur və Şahağac kənd məscidlərinin inşa tarixi əsrlə (XIX əsr), Şiyəkəran (1900), Artupa, Məscidməhəllə (1903), Vaqo, Siyaku, Maşxan (1905) və Kakalos (1907) kənd məscidlərinin inşa tarixləri isə konkret olaraq il ilə göstərilmişdir.

   Ərçivan qəsəbəsindəki Məhəmməd Hənəfiyyə və Astara şəhərindəki Qum məscidləri tarixi məscidlər hesab olunur. Məhəmməd Hənəfiyyə məscidi XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınsa da, onun ilk dəfə 1499-cu ildə tikildiyi, Şah İsmayıl Xətainin 1500-ci ildə Ərçivanda olması və bu məsciddə namaz qılması güman edilir. Məhəmməd Hənəfiyyə məscidi ölkəmizdə bəlkə də yeganə məsciddir ki, qibləyə yox, əks tərəfə, Xəzər dənizinə baxır.

   Qum məscidi Sovet dönəmində də fəaliyyət göstərmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Qum məscidində oturur.

   Hal-hazırda Astara rayonunda 32 məscid vardır. Bu məscidlərin 4-ü (Qum, Giləkəran, Kələdəhnə və “Stansiya”) Astara şəhərində, 2-si Kijəbəqəsəbəsində (qəsəbə, Lovayn), 2-si Pensər kəndində (Hacı Cahanbaxış, Hacı Teymur) yerləşir.

   Astara rayonunun məscidləri qırmızı kərpic, mişar daşı və ağac materialdan (Sım, Toradi kənd məscidləri) inşa edilmişdir.

   Astaranın ən böyük məscidi Qum (Astara şəhəri), Hacı Teymur (Pensər kəndi) və Siyəku kənd məscidləri (25 metr uzunluqda), ən kiçik məscidləri isə Sım (4 x 5 metr) və Toradi (5 x 11 metr) kənd məscidləridir.

   Astaranın 7 məscidinin – Astara şəhərinin Kələdəhnə məhəlləsinin (qoşa), Kijəbə qəsəbə, Şahağac, Bala Şahağac (qoşa), Təngərüd (qoşa), Sığaloni (qoşa) kənd məscidlərinin, və Pensər kəndinin Hacı Teymur məscidinin minarəsi vardır. Ən hündür minarə Kijəbəqəsəbə məscidinin minarəsidir (18 metr).

   Astara məscidlərinin çoxu ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra inşa edilmişdir. Müəyyən məscidlər, o cümlədən Toradi və Hamoşam kəndlərindəki köhnə məscidlər sökülərək, yerində indiki məscidlər tikilmişdir.

   Təngərüd (Həzrəti Əli adına; 1989) və Hamoşam (2017) kənd məscidləri Astara rayonunun ən gözəl memarlıq nümunələrindən sayılır. 

   Astara rayonunun Pensər kəndi respublikamızda yeganə kənddir ki, burada yaşayan sünni və şiə məzhəbindən olanların özlərinin ayrılıqda məscidləri vardır. Kənddəki “Cümə” (Hacı Cahanbaxış; 1892) məscidi şiə məscidi, Hacı Teymur (1896) məscidi isə sünni məscidi kimi tanınır. Bu fakt ölkəmizdə tolerantlığın (dözümlülük) bariz nümunələrindən birini özündə əks etdirir.

   Şüvi, Səncərədi (1900), Seləkəran (1904), Qapıçıməhəllə (1905) kənd məscidlərinin və Giləkəran məscidinin (Astara şəhəri) yaşı 100 ildən çoxdur. Yaxşı olardı ki, bu məscidlərə də rəsmən memarlıq abidəsi statusu verilsin.

                                                                                              İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10