Ən çox “sevdiyim” söyüş əclafdır
Niyə onu bir çoxları qəbul etmək istəmir?
Rabil Abdinov bir qədər tanıdan bəlkə də onun fərqli düşəncələri, müşahidə etdiklərinə inkarçı yanaşması, bəzən də dərhal cınqı verməsidir. Çox ünsiyyətçi olmasa da, hər halda maraqlı, saf, təmənnasız adamdır. Daim narahatlığı ona tez-tez baş ağrısı gətirsə də, hər halda irəliyə doğru bəzi addımlar ata bilib. Dünənə qədər az qala müəllimliyi şübhə altına alınan Rabil müəllim bu gün layihə qalibi olur, hətta onu istəməyənlər belə Rabil müəllim haqqında fərqli düşünməyə başlayırlar. Rabil müəllim öz səhifələrində bəzən ironiyalı etiraflar da edir. Lakin həmin etiraflar, özü də bəzən davaya oxşayır. Dostları hesab edir ki, Rabil müəllim diskussiya mədəniyyətində bəzən sərhədləri aşır, bir çoxları buna görə onunla heç mübahisə etmək istəmir və s. Bütün bu və buna bənzər sualları Rabil Abdinovun özü ilə aydınlaşdırmağa çalışdıq.
Qısa təürcümeyi-halı
Abdinov Rabil Ramiz oğlu 1979-ci il 4 mart tarixində(əslində 28 yanvarda) Masallı rayonunun Çayqıraq kəndində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini 2000-ci ildə riyaziyyat ali peşə istiqaməti üzrə bitirib Çayqıraq kənd ümumi orta məktəbinə riyaziyyat müəllimi kimi işə qəbul edilib. Sonradan Bədəlan kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətimi davam etdirib. Əlavə təhsil ixtisası üzrə 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun yenidən hazırlanma və ixtisasartırma fakültəsini riyaziyyat və informatika müəllimi hüququ alıb. Hazırda Masallı rayonu Çayqıraq kənd ümumi orta məktəbində müəllim və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində mentor (metodist) kimi çalışır. Ailəlidir və 3 övladı var.
Rabil müəllim, niyə çoxları sizi “çətin adam”, özünüz isə “ən çətin adam” hesab hesab edirsiniz?
İlk öncə qeyd edim ki mən müsahibə alınacaq bir fəaliyyətim olmayıb ki, hansısa KİV vasitəsinə müsahibə verəm, xüsusən sizin kimi nüfuzlu və profesional bir jurnalistə. Lakin qəzetdəki anonsdan və sizə olan hörmətdən yaranan "qorxumdan" sizə müsahibə verməyə məcbur oldum. Həm də sizə qarşı davamlı xoş münasibətlərimdən dolayı müsahibənin effektli alınacağına inanmıram. Qayıdaq suala.
Mən bütün məsələlərə akademik, elmi, hər hansı qanuni çərçivədə baxmağı xoşlayıram. Bu qanun dövlətin, dinin, elmin, bəd ayaqda hətta kriminal aləmin qanunu da ola bilər. Hərçənd kriminal aləmdən uzaq insanam. Lakin mental, yazılmamış qanun, adət, ənənə kimi xararakterizə edilən tabulara etina etmirəm. Etiket mədəniyyəti kimi qaydalar da çox zaman mənim üçün həyat norması deyil və bunu mədəniyyət nümunəsi saymıram. Buna görə də mən "çətin" adam hesab edilirəm.
Özünüz də təsdiqləyirsiniz ki, bəziləri sizi talışçılıqda, bəziləri İrançılıqda, bəzilər mövhumatçılıqda günhalandırır. Qədimdəki şablon suallara bənzəsə də, Siz kimsiniz Rabil Abdinov?
Mən talışam və məni talışçılıqda ittiham etmək gülüncdür. Mən talışçı yox, elə talışın özüyəm. Eləcə də irandilli xalqın nümayəndəsiyəm və bu ittiham da absurddur. Lakin məni möhvumatda heç kim ittiham edə bilməz. Sonu “çı” ilə bitən bütün sözlər və söz birləşmələri həmin predmetdən istifadəni simvolizə edir, nəinki ona sevgini. Yəni kimsə zurnaçıdırsa demək o zurnadan istifadə edir ki, məqsədinə nail olsun. Eləcə də arabaçı arabaya sevgidən bu adı daşımır. Talışçı, irançı, turançı, millətçi məqsədi naminə milli simvollardan istifadə edən insanlara deyilir. Necə ki Samuel Conson millətçiliyi əclafların son sığındığı yer sayır. Biz İran, Rusiya və Türkiyə kimi güclü dövlətlərlə qonşuyuq. Onlardan qorunmaq və onların iqtisadi gücündən bəhrələnmək üçün bu dövlətlərlə dost olmağa məhkumuq. Lakin bu 3 dövlətdə insan hüquqları və vətəndaş cəmiyyəti ilk planda olmadığı üçün bu dövlətlərə simpatiya bəsləmək də mümkün deyil. Sevgi ürəyi olan varlığa mümkündür. İnsana və ya hər hansı heyvana sevgi hissi normaldır. Lakin qəlbi olmayan, yəni yalnız maraqları olan siyasi quruluşa - dövlətlərə sevgi mümkün deyil. Dost dövlət olmur, biz çalışmalıyıq ki, güclü və geopolitik maraqları olan böyük qonşularımızdan özümüzü qoruyaq. Eləcə də bizə qarşı istifadə edilə bilən kiçik qonşu dövlətlərlə də ehtiyatlı və dost münasibətlər qurmağa məhkumuq. Mən müharibəyə qarşıyam, bütün ideyalarım sülhə xidmət edir.
Hər şeyə dərhal çınqı verirsiniz. Bu xasiyyətiniz xoşunuza gəlir?
Ümumiyyətlə, mən çalışıram bir və ya iki dəfə insana güzəşt edim. Lakin üçüncü dəfə əsla güzəşt etmirəm. Əsasən də hansısa insanların dini və milli hisslərinə, şəxsiyyətinə hörmət etməyənlərə hörmət etmirəm. Rumi demişkən, digr insanların qəmindən qəmlənmirsənsə mən sənə insan deyə bilmərəm. Bu mənim devizimdir.
Bu vaxta qədər hansı işinizlə daha çox fərəh duyursunuz?
Yazılarınızda tez-tez söyüş işlədir və haqlı olaraq qınanırdınız. Deyəsən, tərgitmisiniz.
Kriminal aləmdə ”zapret söyüş” anlayışı var. Bu qayda və anlayış mənim xoşuma gəlir. Mən yalnız o söyüşləri söyürəm ki, söydüklərim onları mənə qaytaranda çox da narahat olmayım. Hansıkı mən belə söyüşlər söyəndə əks tərəf də bir o qədər narahat olmur. Yəni, çalışıram barışmağa yer qoyam. Ən çox “sevdiyim” söyüş əclafdır. Lakin birmənalı olaraq söyüş söyən insanlardan, o cümlədən özümün bu xasiyyətimdən zəhləm gedir.
Ən çox xoşunuz gələn 3 statusunuz.
Mənim sosial şəbəkələrdə yazdığım bir çox statuslarım bəyənilir. Buna görə açıq-aydın şərh yazmayıb “like” etməyənlər belə məni mesajda, telefon zəngində və realda təşəkkürünü bildiriblər. Məncə məndə “status janrı” alınır. Yaşamaqdan yorulmuşam, daş altında ilan yata bildiyi kimi bayrağın altında rüşvətxor yata bilir, anamın övlad dağı görməməsi üçün məndən əvvəl ölməyini istəyirəm, cismən əri ölən qadın ruhən ərindən əvvəl ölür, dinə hörmət etmək dindara hörmət etmək öhdəçiliyi yaratmır və sair bu kimi sosial şəbəkə statuslarımı misal kimi çəkə bilərəm.
Təhsil nazirliyinə statuslarınızda xüsusi simpatiya hiss edilir. Doğrudanmı, oradakılar çox pak insanlardır, sadəcə icra hakimiyyətləri bu paklığa ləkə salırlar?
Mikayıl Cabbarov və onun kiçik intellektual komandası Təhsil Nazirliyinə gələndən sonra ən azı özləri rüşvət almadılar. Hərçənd orada hazırda da rüşvət alan şəxslər mövcuddur. Elə şagird var idi ki, 3 məktəbdə adı sinif jurnalında gedirdi. Metrikaların sürətləri ilə siniflər açılırdı. Saxta diplomlarla müəllim işə götürülürdü. Əks fikir bildirən müəllimlər müxtəlif adlarla şantaj edilirdi. Bütün bunlara hazırda son qoyuldu. Nefti milliləşdirən Musəddiq İran xalqı üçün kimdirsə, təhsilimizi dünyaviləşdirən Cabbarov Azərbaycan xalqı üçün həmin adamdır. Hazırda mən Təhsil Nazirliyində elə məmur qalmayıb ki onları sosial şəbəkədə kəskin tənqid etməyəm. O məmurlarla real və virtual həyatda əlaqə quranda da onlar tənqidlərimə normal baxmağa məcbur olurlar. Ölkəmizdə "ağ inqilab" təhsilmizdə başlayıb və indi də davam edir. Adınızı çəkdiyiniz qurumlardan fərqli olaraq ən azı TN hazırda RTŞ-lərdən “aylıq” və ya hər hansı adla heç bir vəsait almır. Mən niyə də bu islahatlara simpatiya bəsləməyim?
Doğrudanmı, elə hesab edirsiniz ki, təhsil şöbə müdirlərini, məktəb direktorlarını birbaşa Təhsil Nazirliyi təyin etsə, hər şey düzələr? Hansı ki, indi güc strukturlarına rəhbərləri birbaşa öz nazirliyi təyin edir. Lakin onlar da icra başçılarını necə lazımdırsa, elə də “eşidir”lər?
Təhsil Nazirliyi direktor və sair əməkdaşlarını digər ölkə və planetlərdən gətirmir. Elə mövcud insanlardan seçir. Regional Təhsil İdarələri yaransa hansısa möcüzə yaranmaz. Lakin təcrübə var - Bakı şəhərində Təhsil İdarəsi yaranıb və xeyli neqativliklər aradan qaldırılıb, şəffaflıq yaranıb. Biz də bu uğurun regionlara gəlməsinin intizarındayıq. Hansıkı bu barədə ölkə prezidenti iradə ortaya qoyub.
Təhsil şöbələrinin saytları nədən şablonlardan azad olmur? Onlar ki, birbaşa Təhsil Nazirliyinin sərəncamındadır.
Nomenklaturaya görə, yerli təhsil idarəetmə orqanlarının müdirlərini İH başçıları təyin edir. Onların əmkdaşları müəllimlərdən azı 2-3 dəfə az maaş alırlar. Buna görə də savadlı insanlar bu vəzifələri tutmurlar. Hər bir rayonun təhsil siyasəti onun İH və təhsilini bariz göstərir. Quba ilə Masallını müqayisə edə bilərsiniz. Quba İH-nın rəsmi qəzeti ilə Masallı İH-nın rəsmi qəzetni müqayisə edin. Mən ilk dəfə o qəzeti görəndə elə bildim ki sizin redkatoru olduğunuz qəzetdir. Quba RTŞ müdirinin, inspektorunun və metodistinin sosial şəbəkə səhifəsinə də baxın. Elə bilərsiniz ki, sadə və aktiv bir müəllimin səhifəsidir. O rayonda gənc müəllimlər çay süfrəsinə yığışanda müdiri də dəvət edirlər ki, onlarla oturub problemlərini dinləsin.
Təhsil nazirliyinin sön vaxtlar bir sıra sahələrdə - müəllimlərin təyinatında, şagirdlərin yerdəyişməsində aşkarlığa meydan açdığı müsbət məqamlara yol açıb. Texniki çəhətdən mümkündür ki, Təhsil nazirliyinin saytına hər məktəbin ştat vahidi (texniki işçilər də daxil) və həmin ştatların verildiyi şəxslər də göstərilməklə yerləşdirilsin. Bu da məktəbləri “ölü” canlardan xilas edər.
Hazırda Təhsil Nazirliyi şagirdlər, texniki və pedaqoji işçilərin də özünə yer aldığı data sistem tətbiq edib. Orada məktəblər barədə bütün məlumatlar əks olunub. Qanunvericilik dediyiniz məsələyə icazə verməlidir. Bu məlumatlar ictimailəşdirilə bilməz. Lakin işçilərin tabeli hər bir müəssisədə qoyulmalıdır. Lakin onu deyim ki, son illərin təhsil islahatı artıq nəinki ölü, hətta savadsız, işini bilməyən "diri" canları belə məktəblərdə saxlamayıb. Bu proses sürətlə inkişaf edir. Son maaş artımları bu sahədə ictimai nəzarət mexanizmini daha da gücləndirəcək.
Xarakterinizə uyğun olaraq deyə bilərsiniz ki, sizi indiki məqamda nələr qızdırır, nələr coşdurur?
Siyahı çox uzundur və bu “zövqüm” hamıya bəllidir. Məni ən çox ədalətsilzik, qanunsuzluq, saxtakarlıq özümdən çıxardır. Lakin artıq "qırx"ım çıxıb və təəccüblü də olsa səbirli adama çevrilməkdəyəm.
Hərdən adam elə gəlir ki, inkarçılıq xəstəliyinə tutlmusunuz vəhər şeyə “mız” qoymaqdan xoşunuz gəlir. Sanki bu sahədə bir öhdəliyiniz var.
İnkarçılıq elmin inkişafını şərtləndirib. Mikayıl Cabbarov demişkən, problem varsa onda iş var, problem yoxdursa iş də yoxdur. Yəni irəli getmək üçün problem ortaya qoyulmalıdır. Hansıki yeni təlim metodlarına görə dərs problemin qoyulması ilə başlamalıdır. Hesab edirəm ki bu xasiyyətim mənə bir qədər uğur gətirib.
Hansı nöqsanlar var ki, artıq onlarla barışmışınız, yaxud “cəhənnəmə ki deyib” yola verirsiniz?
Bunu mən adətən məişət zəmnində kəndçi və qohumlarıma tətbiq edirəm. Lakin hazırda çox aşağı maaş alan məmurun “hədiyyə” adı latında cüzi və könüllü rüşvət almasına “cəhənnəmə ki” deyib keçirəm. Məsələn, həvəslə həkimə 5-10 manat verirəm. Ya da maaşımdan 20 manata qədər öümdən aşağı maaş alan rəhbərlərimə verməyə hazıram. Hərçənd onlar ehtiyat edib məndən bunu qəbul etmirlər.
Bir aylığa təhsil şöbə müdiri olsaydınız, ən başlıca 5 addımınız nə olardı?
Mən hazırda metodist işləsəm də özümü direktor müavini vəzifəsindən yuxarıda görmürəm. Lakin söz xətrinə qoy yazım:
Əvvəla hər hansı adla məktəblərdə pul yığılmasını qadağan edərdim.
Saniyən məktəblərdə normal sanitariya qovşağı yaradardım.
Salisən məktəblərdə normal parta və lövhələrin, yəni sinif otağının təminatına nail olardım.
Rabiən istilik sistemlərini bərpa edərdim.
Xamisən tam dərs rejiminə nail olardım.
Bütün bunlardan sonra isə məsuliyyətin bölüşdürülməsi, hesabatlılıq və biliklərin manitorinqi kimi təhsilin idarə edilməsinin əsas prinsiplərinə keçərdim.
Sizin yaxından tanıyanlar çox səmimi, bir az kontov da olsa saf insan kimi dəyərləndirir. Amma ilk baxışda sizinlə qarşılaşanlar, şəklinizə baxanlar bunun əksi qənaətinə gəlirlər. Siz bu cür dəyərləndirmələrlə razısınızmı?
Məni kimlərinsə münasibəti artıq maraqlandırmır. İlk baxşdan heç nəyə və heç kimə qiymət verməzlər. İnsan sınaq vaxtı bilinir. Şəkildə o qədər də qorxulu və eybəcər deyiləm yəqin. Bəlkə də fotoda fotoqrafın günahı üzündən bir az "pis" düşürəm. Eləcə də davranışda o qədər da təhlükəli və radikal deyiləm. Mübahisə tez-tez eləsəm də dava-dalaş mənlik iş deyil. İnsan qəlbinə dəyəndə narahat oluram. Ümumiyyətlə özümdən razı deyiləm.
Kimlərlə təhsillə bağlı fərdi savaşlarınız olub və bunlardan hansı daha ağrılı olub?
Millət vəkillərindən, nazirlərdən, icra başçılarından, partiya liderlərindən tutmuş primitiv millətçilərə və fanat dindarlara qədər bir çoxları ilə kəskin mübahisəm və mübarizəm olub, eləcə də sizinlə. RTŞ müdirləri, inspektorlar, metodistlərlə savaşlarım isə lokal xarakterli olub. Mənim “davam" böyükdür. Ölkə təhsilinin hər mənada dünyaviləşməsi uğrunda böyük savaşda qarşıma kim çıxıbsa üstündən keçib getmişəm. Mən Təhsil Nazirliyinin ayrı-ayrı əməkdaşlarının deyil, islahat yolunda olan ölkə təhsilinin yanındayam. Kim təhsilin yanındadırsa onun da dostyuam. Kim bu islahatlara qarşıdırsa onun düşməniyəm.
Özünüzə bağışlamadığınız addımlar olubmu, indi də varmı?
Mən 40 illik ömrümdə etdiklərimi özümə bağışlamıram.
Arada elə addımlar atırdınız ki adama elə gəlirdi hakimiyyətə jest edirsiniz. Həm də uğursuz alındığının fərqindəydiniz. Detal soruşmayın, amma suala cavab verməyə də bilərsiniz.
Özümlə bağlı cavab verə bilmədiyim sual yoxdur. Bu suallar varsa belə, bu özümün özümə verdiyim suallar ola bilər. Mən heç vaxt hakimiyyətə və ya müxalifətə qarşı olmamışam. Heç vaxt da onlara simpatiyam da olmayıb. Eləcə də heç vaxt müxalifət və iqtidar liderlərini təhqir etməmişəm. Mən Azərbaycan formatında ölkədə hakimiyyət və müxalifət anlayışını qəbul etmirəm. Heç bir partiyanın da üzvü deyiləm. Sadəcə bircə şeyi bilirəm ki, bütün mənfilikləri ilə birgə Heydər Əliyev olmasaydı bu ölkə olmazdı. Eləcə də hazırkı müxalifət hakimiyyətə gəlsəydi ölkədə əmin-amanlıq yox idi. Mövcud hakimiyyətdə Mikayıl Cabbarov, Ceyhun Bayramov, İnam Kərimov, Sahil Babayev də daxil olmaqla bir-neçə nazirə və məmura simpatiyam var. Bir-neçə nazirə və məmura isə sadəcə loyalam. Lakin nifrət etdiyim nazirlər və məmurlar da var. Lazımdırsa ad da çəkə bilərəm.
Son günlərdə nəticələri elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsində qalib olmusunuz. Bu barədə məlumat verə bilərsiniz?
Bu müsabiqə bir-neçə ildir ki keçirilir. Mən saxtakarlıq olan heç bir müsabiqədə iştirak etmirəm. Müsabiqə "Virtual məktəb" adlanan layihəm qalib olub. Layihəni icra edən zaman sizin saytla əməkdaşlıq etməyi planlaşdırıram. Lakin ümid edirəm ki, layihə barədə oxucularınıza məlumatı bir köhnə oxucu kimi ödənişsiz çatdıracaqsınız.
Təhsil Nazirliyinin Bakıdakı iş yerinizlə, regiondakı iş yerinin nə kimi fərqləri var?
Mən Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsimin Təlimə Dəstək Mərkəzində metodist kimi yeni işimlə bağlı danışsam yerli oxucularımız inanmayacaqlar. Onu deyim ki, rüşvətsiz, mədhiyəsiz, saxtakarlıqsız, hətta texniki işçilərə "xanım", "bəy" müraciət edilən Təhsil Nazirliyinin bu strukturunda gördüklərimdən ilk əvvəl mənə də inandırıcı deyildi. Hətta qəzet pulu vermədən mütəmadi qəzetlərimizin iş masasının üzərində qoyulduğu belə mənə təəccüblü gəlirdi. Mərkəzin və hətta idarənin müdiri, müdir müavini, sektor müdirləri bizdən xahişlə iş tələb edirdilər. Təhsil Nazirliyinin şöbə və sektor müdirləri ilə işgüzar münasibətlər belə nəzakət daxilində qurulurdu. Mən "müzakirə olunmur", "nazir belə deyib", "müdir dedi vəssalam", "göstərişi icra elə" kimi sözləri orada eşitmədim. Ümumiyyətlə biz orada hər şeyi müzakirə edirik. Təssüf ki yaşımın bu vaxtında paytaxta uyğunlaşa bilməməyim, ailəmlə Bakıya köçmək imkanına malik olmamam məzuniyyətdən sonra bu işimdən ayrılmağa məni məcbur edəcək.
Gözlədiyiniz suallardan eləsi var ki, burada görmədiniz.
O qədər var ki...
Hazırladı: Zahir Əmənov