Araşdırma nəticəsində məlum olmuşdur ki, Masallı ərazisində yaşayan insanların nitqində elə xüsusiyyətlər mövcuddur ki bu xüsusiyyətlərin bəzilərinə nə ədəbi dilimizdə, nə də ki dilimizin digər dialekt və şivələrində rast gəlmirik.
Masallı rayonun tarixi, mədəniyyət abidələri, coğrafiyası, toponimləri, eləcə də folkloru barədə 10-dan artıq kitab çap olunub. Bu günlərdə isə Rövşən Qurbanovun müəllifliyi ilə, onun elmi işi kimi “Azərbaycan dilinin Masallı rayonu şivələri” haqqında dissertasiya müdafiə edilib.
Hazırda R. Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında və Masallı Dövlət Reional Kollecində müəllim işləyir.
R. Qurbanov bu il, 2024-cü il martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adina Dilçilik İnstitutunda Masallı rayonunun dil-şivə xüsusiyyətləri ilə bağlı “Azərbaycan dilinin Masallı rayonu şivələri” adlı dissertasiya işini uğurla müdafiə edərək alimlik dərəcəsi almışdır.
Tədqiqat işi üç fəsil (fonetika, leksika, qrammatika), “sözlük” və “dialektoloji mətnlər” bölmələrindən ibarətdir.
Tədqiqatçı rayon ərazisindən topladığı şivə səciyyəli dil materiallarını ədəbi dilimizlə və yazılı abidələrin dili ilə müqayisəli şəkildə araşdırmış və maraqlı nəticələrə gəlmişdir. Məlum olmuşdur ki, Masallı ərazisində yaşayan insanların nitqində elə xüsusiyyətlər mövcuddur ki bu xüsusiyyətlərin bəzilərinə nə ədəbi dilimizdə, nə də ki dilimizin digər dialekt və şivələrində rast gəlmirik.
Nümunələrin bəziləri ilə tanış olaq; qo ʻağacın koğuşunda çürüntüʼ, qouz ʻdüyü qabığıʼ, salayçi ʻsözgəzdirənʼ, tümənçə ʻdivara vurulan həsirʼ; dərinkə ʻqabʼ, şalpa//şəlpə ʻdöşəmə silmək üçün parçaʼ, çərtmə ʻquşatanʼ kimi isimlərin, alaşa ʻhayasızʼ, çomə ʻaraqarışdaranʼ, hənik ʻavamʼ; yoğuzi̔ ‘qorxmaz̕ , kümlü ʻkifliʼ, qələmi ʻtünd göyʼ, tezto ʻtələskənʼ, nərçə ʻcüssəliʼ, ipləmə ʻsahibsizʼ, çalpaşıq ʻdolaşıqʼ, atgə ʻnadincʼ, şitnə ʻyersiz zarafat edənʼ, qaço:kə ʻevsiz-eşiysizʼ, oğrağ//oğurağ ʻxeyli qocaʼ boynubürüm ʻbonuyoğunʼ, qurudamağ ʻlovğaʼ kimi sifətlərin, həylənçiy, heylənçiynə, belənçiy, belənçiynə, nöşün, nəişə ʻnə üçünʼ, nəyçün//neyçün, hayni ʻhanıʼ, nağadə//nağbil//nəqbil ʻnə qədərʼ, havaxt// havaxtacan, hər zad, hessad//heç zad. kimi əvəzliklərin, toxumağ ʻəzib-keçməkʼ, cıllıtmağ ʻoğurlamaqʼ, dahımağ ʻdanmaqʼ, curramağ ʻtanış etməkʼ, gürşətdəməx´ ʻbərk yağmaqʼ, tuallaşmax ʻxarab olmaqʼ, süməyləşməx´ ʻağarmaqʼ, karıxmağ ʻçaşıb-qalmaq, gicəlməkʼ, bıyıxmağ ʻbüzüşməkʼ, dilbəhmlix´ etməx´ ʻsöz güləşdirməkʼ, qayıllığ etməx´ ʻqane olmaqʼ və s. kimi feillərin işlənməsi, bununla yanaşı ədəbi dilimizdə təsadüf edilməyən çoxlu leksik şəkilçinin işlənməsi, şıvə səciyyəli köməkçi nitq hissələrinin dörd variantlı şəkilçilərin iki, bəzən də bir variantlı şəkildə işlənməsi və s. bu kimi dil-şivə xüsusiyyətləri Masallı şivələrinin zənginliyindən xəbər verir.
Masallı rayonunda səciyyəvi şivə xüsusiyyətləri, demək olar ki, bütün kəndlərdə özünü göstərir, lakin rayonun Xırmandalı, Qızılağac, Təzə Alvadı, Köhnə Alvadı, Göyəçöl, Xocavar, Güllütəpə kimi kəndlərində şivə materiallarının daha zənginliyi ilə diqqəti cəlb edir.
Bu tədqiqat əsərində Masallın yüzlərlə şivə xüsusiyyəti araşdırılmışdır.
Qeyd etməliyik ki, bu araşdırma Masallı rayonunun dil-şivə xüsusiyyətlərinin öyrənilməsi baxımından ilk elmi araşdırmadır.. Tədqiqat işi yaxın gələcəkdə monoqrafiya şəklində elmi vəsait kimi nəşr olunacaq.
Rövşən müəllimi bu uğuru münasibəti ilə təbrik edir və arzulayırıq ki, bu araşdırmalar daha da genişlənsin.
Turan Əlisoy. Cenub.az