Bakının adı ilk dəfə eramızdan 3500 il əvvəl Misir fironu Menesanın dövründə tərtib edilmiş "Ölülər Kitabı“nda xatırlanılır. Eləcə də Bakının qədim şəhər olmasına Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukkulun Qafqazı işğal etmək məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.
Bakı adı necə yaranıb?
Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. V-VI əsr mənbələrində şəhəri Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) Bakuyə, Bakuh, Baku, rus məxəzlərində (XV əsr) Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi qeyd edilir.
Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar. Bakı da X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, zəfəran becərilməsi, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu - XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrünü yaşayırdı. 1192-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. XII əsrin birinci yarısında şəhərin qala divarları çəkildi. Şəhərin müdafiə sistemində Qız qalası da mühüm rol oynayırdı.
Bakı monqol , rus işğalı və səfəvilər dövründə
XII əsrin 30-cu illərində monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu. Şirvanşah I Xəlilullahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir.
1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya imperatoru I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 28-də I Pyotrun qoşunu Bakını işğal edir. Lakin ruslar 1735-ci ildə şəhəri tərk etməli olurlar.
Bakı Rusiyaya necə birləşdirildi?
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatriçası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi.
1807-ci ildə Bakıda 500 ev, 3000 əhali var idi
Bakıda şəhər həyatının XVIII əsrin birinci yarısı ərzində davam edən düşkünlüyü ticarət yollarının dəyişməsi, feodal ara müharibələri və ölkənin dağılması , həm də Şərqdə odlu silahın yayılması və neftin hərbi texnikada istifadə olunmasına ehtiyacın aradan qalxması ilə bağlı neft ixracının azalması ilə izah edilir. XVIII əsrin II yarısında Bakıda şəhər həyatının və ticarətin bir qədər dirçəlməsi müşahidə olunur. Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır. 1807-ci ildə Bakıda cəmi 500 ev, 3000 əhali var idi.
Dünyada ilk neft quyusu Bakı şəhərində qazılmışdır
Şəhərin yüksəliş dövrü isə əsasən neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1859-cu ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1871-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.
Bakı necə paytaxt oldu
1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı quberniya mərkəzinə çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda qeyd etdiyimiz amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır.
1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.
Neft hasilatının artması nəticəsində Bakı çoxmillətli şəhərə çevrilirdi. 1905 və 1918-ci illərdə Bakıda ermənilər azərbaycanlılara qarşı soyqırım törətdilər. 1918-ci ilin 15 sentyabrında Nuru Paşa başda olmaqla Azərbaycan Ordusu Bakını azad etdi.
Bakı nefti II Dünya müharibəsinin taleyini həll etdi
Lakin cəbhəyə 75 milyon ton neft verən şəhər qəhrəman şəhər statusuna layiq görülmədi
Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr "Qız Qalası" ("Gözətçi qülləsi", "Göz qülləsi"), "Qala divarları", qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş "Şirvanşahlar sarayı" (Xan sarayı), XIV-XVI əsrlərə aid "Buxaralılar karvansarayı" və "Hindistanlılar karvansarayı", "Cümə məscidi" və s. misal göstərmək olar.
Hal-hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistandan qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.
1810-cu ilə olan məlumata əsasən, Bakı şəhərində təxminən 500 evdə 3.000 nəfər,
1850-ci ildə 2.031 evdə 7.400 nəfər, 1854-cü ildə 8.354 nəfər, 1863-cü ildə – 14.500 nəfər əhali yaşamışdır. 1 yanvar 1885-ci il tarixində Bakı şəhərində hər iki cinsdən toplam əhalinin sayı 60.421 nəfər olmuşdur.
Müxtəlif illərdə paytaxtın əhalisinin say dinamikası dəyişmişdir. Belə ki, əgər 2003-cü ildə şəhərdə 2,03 mln. adam yaşayırdısa, artıq 2011-ci ilin sonuna paytaxtda rəsmi qeydiyyatda olan adamların sayı 2 mln. 796 min 300 nəfərə çatmışdır.
Mürvət Abbasov,
AMİ Cəlilabad filialının müəllimi ,
tarix üzrə fəlsəfə doktoru.