...Onu ötən əsrin otuzuncu illərində Sibirdə sürgündə görənlər də olub. Deyilənə görə, cib yaylığında düyünçələdiyi bir ovuc Masallı torpağını müsəlman dustaqlara göstərib deyərmiş ki: “Mən öləndə bu torpağı qəbirimin üstünə səpərsiniz!”
Sibirin sərt soyuğu, ağır sürgün həyatı Mozunun ömrünə son qoya bilmədi... Onu sürgündən qaçmağa vadar edən bir hissin adı da VƏTƏN sevgisi idi. Doğma Masallıya qayıdan Mozu başına silahlı dəstə yığaraq mübarizəsini davam etdirmişdi.
QOÇAQLIĞA -QAÇAQLIĞA ATILIŞ
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atılandan sonra da bir daha dönməməkdir.
1933-cü ildə Nihal Atsız adlı türk yazıçısı və şairi Ədirnədə “Qəhrəmanlıq” şerini yazanda Masallıda onun həmyaşıdı Qacaq Mozu kəhər atın belində kasıbların haqqını yeyən harınlara, zalım sovet çinovniklərinə qan uddururdu. Azərbaycanda istər çar zamanı, istərsə də kollektivləşmə dövrü “Qaçaq hərəkatı”cəmiyyətdə həll olunmayan problemlərin nəticəsi idi.
...Masallının canlı ensiklopediyası kimi tanıdığım rəhmətlik Hüseyndadaş kişi (Hüseyn Əsədli) deyirdi ki, El qəhramanı Qaçaq Mozunun əsl adı Ağabba idi. Mauzer gəzdirdiyinə görə Mozu deyirdlər. Masallıda şura höküməti təzə-təzə qurulanda milisdə işləyirmiş. Bir dəfə milis komissarı idarəyə gələn şikayətçiləri söyüb, ağır təhqir edir: “Nakişilər... Sizin aranızda bir nəfər də olsun kişi yoxdur!”
Mozu da dözməyib rəisə silah çəkir: “Nakişi sən özünsən, bizim eldə-obada kişi çoxdur, al sənə bu da sübutu!” deyib bir güllə vurur. Beləcə o gündən “Şanapadərə” deyilən meşələrə çəkilib qacaq həyatı yaşayıb... Şura hökümətindən narazı olanlar da gedib qatılıb ona...
UŞAĞIN ADINI MOZU QOYDULAR
Mozunun yolu bir dəfə Xırmandalı kəndinə düşür. O vədə Xırmandalı daxil olmaqla bir neçə ətraf kəndlərin sovet sədri Qəhrəman Nifti oğlu imiş. Mozu ilə aralarında haqq-salam varmış. Qəhrəman kişinin qonağı olan Mozunun adını o gün Xırmandalıda dünyaya gələn körpəyə qoyurlar...
Bir neçə gündən sonra Qəhərman kişi həm “partbleti” , həm də vəzifəsi ilə xüdafizləşməli olur. Amma bu, onun Mozu ilə haqq-salamına görə deyil, Allahsızlar cəmiyyətinə üzv olmaqdan imtina etdiyinə görə baş verir... Kəndin yaşlı sakinlərinin dediyinə görə Mozu at çapa-çapa nişan aldığı hədəfi vururmuş.
Ucaboylu olduğundan dizləri yəhərində oturduğu atın qulağına çatırmış.
ZİNDANDAN QAÇARKƏN...
Qaçaq Mozu Əfşarlar İmperiyasının qurucusu, Asiyanın böyük fatehi Nadir şah Əfşarın Lənkəranda istehkam kimi tikdirdiyi, 100 il sonra(?) çar Rusiyasının, daha 100 il sonra Şura hökümətinin zindana çevirdiyi Qala dustaqxanasından qaçanda, NKVD-çilər onu yaxalayıblar... Dövrün “Qaçaq Mozu əfsanəsinə” doğma vətəndə - Masallının yeddi ağaclığında - Xəzər dənizində birdəfəlik son qoyublar...
...O gün Qala zindanında məhbus olan Qaçaq Mozuya dədə-baba yurdu Xoşçobanlı kəndindən gələn qohumları yekə bir qazan quşplov və başqa ərzaq sovqatı gətiriblərmiş... Pay-puşu məhbus yoldaşlarından gözə dəyən birinə verib:
- Bunu məhbuslara payla, qoy yeyib, qarınlarını doydursunlar. İnşallah, mən bu gün şam çağınacan öz evimdə olacağam... – desə də, bu arzusunun-niyyətinin ürəyində qalacağını ağlına belə gətirmirdi .
...El-oba bayram axşamına hazırlaşırdı. Bəs Mozunun Novruzunu qara gətirən kim idi? Onun zidanda isti aşına soyuq su calayan kim ola bilərdi? Mozunun qılığina girib əlinə fürsət düşən məqamda ona “arxadan zərbə” vurmağa cəsarət edən gerçəkdənmi dustaq idi? Bəlkə bir qazan yeməyi düstaqlar arasında paylaşdırmağı həvalə etdiyi “qılaflı adam”NKVD – nin xüsusi tapşırıqla içəriyə dustaq kimi göndərdiyi milis işçısı imiş...
“Gedər- gəlməz”dən qaçıb canın qurtaran Mozu burdan da qurtula bilər!”
...Dəniz tərəfə açdığı lağımdan çixıb qaçanda yaxaladılar Qaçaq Mozunu. Onu dənizdə boğub - ölüsünə də şər atırlar: “Qaladan qaçarkən dənizdə boğulub!”
MOZUNUN ATI...
...O gün Xoşçobanlıda uşaqlar “Atmindi” oynayırdılar. Oyunun hakimləri öz aralarında məsləhət –məşvərət edəndən sonra birinci dəstəyə üz tutub soruşurdular ki:
- Tapın görək, atlarda kimin atı!
Dəstə düşünür, düşünür, at sahibini yada salmağa çalışırdı...
Hakimlərdən biri bu dəfə əlini “Şanapadərə”yə uzadıb, ikinci dəstədən soruşur:
-Atlarda ey, atlarda... Tapın görüm, kimin atı?
Bu zaman at sahibinin kimliyini him-cimlə,əl-qol hərəkətiylə başa salmağa çalışır. Tapançanı işarə verən sağ əlini yuxarı qaldıranda, ikinci dəstənin başçısi var gücü ilə qışqırır:
- Qaçaq Mozunun atı!
Sonra oyunun hakimləri bir ağızdan əmr edirlər:
- Get, min gəl!
Dəstə başçısı qaça-qaça birinci dəstəyə yaxinlaşır, birinci hakimin sualına dürüst cavab verməyən oyunçunun kürəyinə hoppanır, at kimi onu çapa-çapa öz dəstəsinə gətirir. Bu, Novruz çağı uşaqların oynadığı qədim xalq oyunu idi: “Atmindi”...
BURDAN BİR ATLI KEÇDİ
Dünyanın şər vaxtı çatmışdı... Mozununsa o bayram axşamı yoxluğu hamıdan əvvəl nişanlısının ürəyinə dammışdı. Ağzı dualı ağbirçəklər ona təsəlli verirdilər:
-Gedənin gəlsin, üzün gülsün!
Nişanlı qızın bayram əhval-ruhiyyəsinə elə bil matəm ab-havası çilənmişdi. Hərəkətsiz dayanıb tez-tez dərindən köks ötürürdü. Kənd yoluna dikilən qəmli baxışlarından AYRILIQ həsrəti boylanırdı. Pıçıltıyla dedi:
Atın oynatdı keçdi.
Gün kimi işıq saçdı,
Ay kimi batdı keçdi.
...Robin Qudun da əsl adı Volter olmuşdu. O da meşələrə çəkilib kralın zülm elədiyi kasıb-küsuba dayaq olur, qılıncıyla, oxuyla HAQQ-ƏDALƏT uğruda vuruşurdu. Robin Qud vətən haqqında vətəndaşlıq nəğməsini ingiliscə, Qaçaq Mozu Azərbaycan türkcəsində oxuyurdu. Pobin Qud Şervud meşələrini özünə etibarlı yer seçmişdi. Qaçaq Mozu Alvadı meşələrini. Hər ikisi varlı təbəqədən çırpışdığını kasıblara paylayırdı...
Xalq onun qayğısına qalan qəhrəmanlara balladalar, dastanlar qoşub.
Biz Koroğlunun qəhramanlığı ilə öyünürük... Ona heykəllər qoyuruq. Fəqət öz zamanəsində onu da “yuxarılar” - hakim dairələr sevmirdilər. Qacaq, quldur, oğru, yolkəsən adlandırırdılar. Amma xalqa zülm edən paşalara, xanlara qarşı mübarizəsı ona sadə camaat arasında misilsiz şöhrət
qazandırmışdı.
Mozu da sovet hakimiyyətinin “işğalına məruz qalan” Masallının və ətraf rayonların Koroğlusu idi. Hətta onu Cənubi Azərbaycanda da tanıyırdılar. Elə orda da onu şah xəfiyyələri hiylə ilə tələyə salıb, iki məşhur iranlı qaçaqla dəyişərək, NKVD-nin ixtiyarına vermişdilər.
Sadə xalq Mozunu da öz qəhrəmani, xilaskarı kimi sevirdi. Xalqın qəlbi aynadır! O heç vaxt qulduru, canini, xaini sevməmişdir... Onun sevdiklərinə isə bütün zamanlarda çiyni paqonlu dövlət məmurları nifrət etmişdir. Mozunu əli-qolu bağlı zindana gətirəndə həbsaxana rəisi istehzayla: “Mozu, Mozu bu imiş?”-deyə onu acıqla süzür. Mozu deyir: “ Qollarımı aç, Mozu olduğumu sənə göstərim!”
MOZU HAQQINDA YAZIMA SÖZARDI:
Mozu haqqında dildə-ağızda gəzən söhbətlərin çoxuəfsanəyə bənzəyir. Həyatından, əməllərindən irihəcmli roman da yazmaq olar. Zaman və məkan dəyişsə də səmanın ənginliyində - dünyanın başı üzərində şəfəq saçan Günəş həmən Günəşdi elə. Geçələr dünyanı öz nuruna qərq edən Ay da elə həmin Aydır... Bəs kişilik, mərdlik, el qeyrəti, vətən təəssübü, vətəndaşlıq borcu və başqa insanpərvərlik anlayışları?
Bu fani dünyada hərə bir cür qaçaqlıq və QOÇULUQ həyatı yaşayır... Kimi xalqı talamaqla şan-şöhrət qazanır, kimi bu talançılarla, rüşvətxorluqla mübarizə apardığına görə... Əfsus ki, bu gün ikincilər QANUNU ələrində mum halına salan birincilərə “məğlub” olurlar. Hətta adlarının qabağında fəxrlə “XALQ”, “əməkdar” titulu gəzdirənlər də...
CAVABI MƏLUM SUALLAR
Məni son vaxtlar bir sual düşündürür: Görəsən, Koroğlu, Qaçaq Nəbi, Qoçu Məmməd, Qaçaq Mozu, Qaçaq Kərəm və başqa el qəhrəmanlarımız bu gün – XXI əsrdə insanları rüşvət bataqlığında boğan, şıikayətlərə məhəl qoymayan, sadə vətəndaşın, şəhid ailəsinin əmlakına təzavüz edən, öz vəzifə borclarını yalnız dəbdəbəli villalar, saraylar tikdirib, övladlarına və məşuqələrinə bahalı maşınlar hədiyyə etməkdə “görən” dövlət məmurlarına, bələdiyyə sədrlərinə, İH başçılarına qarşı mübarızə aparsaydılar, “Xalq QƏHRƏMANI” titulu qazana biləcəkdilərmi? Yoxsa QANUN “keşikçilərimiz” onların da cibindən narkotik maddə “çıxardıb” həbsxanalarda – “ölüm düşərgəsində” çürüdəcəkdilər?!!
Axı bu gün uşağın da, böyüyün də bildiyi ACI HƏQİQƏTLƏRİ qırmızıcasına necə danmaq olar? Ən azından yəni bu sualı güzgüyə baxa-baxa özümüz-özümüzə də verə bilmərik?! Axı “Yalan nə qədər QÜDRƏT sahibi olsa da, HƏQİQƏT ola bilməz.” R.Taqor kimi əhli-qələmin bu dahiyanə fikri bir yana qalsın . Mənimsə gözlərim önündə həqiqət üzərində PARLAQ qələbə çalan YALANlara arxa-dayaq duran ixtiyar sahiblərinin siması canlanır. Böyük təəssüf hissiylə deyirəm:
- Ax, yazıq həqiqət, sən ixtiyar sahiblərinin qabağında necə də yetim uşağa, zəif, gücsüz və liluput bir varlığa bənzəyirsən...
P.S: Hə, mənim əziz vətən qardaşlarım, harınlıq, riyakarlıq, saxtakarlıq – yüksək VƏZİFƏ və səlahiyyət sahiblərinin bəd və qudurmuş itləridir. İstədiyi məqamda HƏQİQƏTİ görüb, duyub, dərk edənin və dilə gətirən hər kəsin üstünə qısqırda bilir...
Ona görə çoxumuz hələ də HƏQİQƏTİN yanından ya gözüyumlu ötüb-keçirik, ya da özümüzü “ustalıqla” görməməzliyə vururuq...
Nurəddin ƏDİLOĞLU.
Qaçaq Mozunun şəkli olmadığı üçün şəkillər şərtidir