Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məndən sonrakı nazirlərdən təkcə Misir Mərdanov... – Keçmiş təhsil naziri ilə MÜSAHİBƏ




Azərbaycana test imtahanını kim gətiib? Sabiq nazir xələflərindən hansının işini bəyənir? Firudin Cəlilov hansı şairləri oxuyur?

Müstəqil Azərbaycanın ilk təhsil naziri, sabiq deputat Firudin Cəlilovun Bakıvaxtı.az-ın bu və başqa suallarını cavablandırıb.

Onunla geniş müsahibəni təqdim edirik.

Nəvəm Emin Əmrullayevə deyib ki...

- Firudin müəllim, ölkə gündəmini izləyirsiniz?

- Gündəmlə maraqlanmıram. Kitablarımla məşğulam. Hərdən olur dostlar gəlir söhbət edir, nələrdənsə xəbər tuturam.

- Son günlər məktəblərdə kriminal hadisələr baş verir. Sizcə, bu nə ilə bağlıdır?

- Bu, çox ciddi sualdır. Məktəblərlə bağlı çox dəhşətli bir durum yaranıb. Dünən, ya o biri gün idi. Bir video dedilər, açıb baxdım. Deməli, bir cavan müəllim dərs deyəndə şagird ona sual vermək istəyib. O da şagirdə deyib yanıma hazırlığa gəlmədiyin üçün mənə sual verə bilməzsən. Təsəvvür edirsiz bu nə deməkdir?! İndi müəllim lövhədə iki şey yazır, davamını demir. Deyir, yanıma gələrsiz deyərəm. Bəs o məktəbin direktoru, təhsil sahəsində çalışan şəxslər bunu görmür?!Bu cür müəllimləri olan şagirdlər də elə bir-birini bıçaqlayırlar. Təhsilimiz indi bu durumdadır və belə getsə, gəncliyimizin axırı yaxşı olmayacaq.

- Firudin müəllim, təhsil naziri postu sizə yad deyil. Sizdən sonra bu postda müxtəlif şəxslər əyləşib. Onların arasında ən çox hansını bəyənmisiniz?

- Təhsil sistemini idarə edən məmurlar mütləq o sistemin içindən gəlməlidir. Ömründə bircə dəfə auditoriya görməyən adamı gətirib rəhbər qoyurlar. O, nə qədər də ədalətli insan olsa, işləmək istəsə də sistemi yaşada bilmir, islahat apara bilmir. Məndən sonra 5-6 təhsil naziri dəyişib. Onların içində bircə Misir Mərdanov təhsili bilirdi. Yerdə qalanların heç biri auditoriyada bir saat dərs deməyib. Misir Mərdanov təhsilin içindən yetişib çıxıb. Mənimlə birlikdə universitetdə 20 il müəllimlik edib. Təbii ki, o da bu sahədə səhv edə bilər. Amma onun atdığı 10 addımdan 7-si düz olacaq. Çünki bu sahəni bilir. Bu mənada Misiri digərləri ilə müqayisə etmək mümkün deyil. Misir Mərdanov uzmandı, onlar isə təhsildən uzaq adamlar.

Bugünkü təhsil naziri də qonşumuzdur. Yaxşı oğlandır. Mənim balaca nəvəm keçən dəfə blokda onu görüb. Ona deyib belə nazir olar? O qədər kitab yükləyirsən ağırdı apara bilmirəm. Evə o qədər tapşırıq verirsən yaza-yaza yuxuya gedirəm. Həyətə çıxıb uşaqlarla oynamağa vaxtım yoxdur”. Bu, birinci sinifə gedən uşağın nazirdən tələbidir.

-Nazirin nəvənizə cavabı nə olub?

Onu dəqiq bilmirəm. Bunu nazir özü bizim xanıma danışıb. Amma söhbətin təsiri olub. Sonradan eşitdim ki, məktəbdə uşaqların qalın kitablarını yarıya bölüblər. Yarısını bir, digər yarısını o biri yarımildə keçirlər...

Kişi müəllimlər şit-şit danışmır, abırlı geyinirlər, hərəkətlərinə fikir verirlər

-Valideynlər şikayət edirlər ki, məktəblərdə kişi müəllimlər yoxdur. Oğlanlarımız qız kimi böyüyürlər. Firudin müəllim, kişi müəllimləri məktəblərdən kim didərgin salıb? 

- Ən ağrılı yerlərimizdən biri də budur. Ümumiyyətlə, pedaqoq alimlər, professorlar yüz ildən bəri məktəblərdə kişi müəllimlərin sayının qadın müəllimlərin sayından çox olmalı olduğunu deyiblər. Çünki o uşaqlar evdən, küçədən, həyətdən başqa dərsdə kollektivin içində formalaşırlar. Kimə baxıb formalaşırlar? Təbii ki, kişi müəllimlərə. Onların şit-şit danışığı olmur. Abırlı geyinirlər, hərəkətlərinə fikir verirlər. Uşaqlar ondan o tərbiyəni götürürlər. Pedaqoq alimlər illərdir bunu hayqırırlar.

- Sizin dövrünüzdə də kişi müəllimlərin sayı az olub?

Bu halı biz də 1990-cı illərdə yaşamışıq. Həmin dövrdə prezidenti Yaqub Məmmədov əvəz edirdi. Mən də həm təhsil nazirinin müavini, həm də Milli Məclisdə Elm və Təhsil Komissiyasının sədri idim. Müəllimlər, ziyalılar şikayətə mənim yanıma gəlirdilər. Ən çox da kişi müəllimlərin məktəblərdə qalmaması ilə bağlı şikayətlər gəlirdi. Mən başa düşürdüm ki, kişi müəllimlərin məktəbdən getməyi təhsilin belini qırır. Şagirdlərin tərbiyəsini bugünkü hala salır. Ona görə Yaqub Məmmədovun yanına getdim. O da müəllim olub deyə bir-birimizi çox yaxşı başa düşürdük. Vəziyyəti ona bildirdib. Təklifimi soruşdu. Dedim, maliyyə nazirini çağırın, məsələni həll edək. Müəllimlərin maaşı azdır, ona görə kişilər bu peşədə qalmırlar. Ailəsini dolandırmaq üçün gedib bazarda işləyirlər. Maliyyə nazirini çağırdı. Üçümüz oturub danışdıq. Maaşların beş dəfə qaldırmasını təklif etdim. Maliyyə nazirinin gözləri bərəldi, əsməyə başladı. Dedi sən nə danışırsan? Büdcədə pul var onların maaşını artırım? Dedim mənə dəxli yoxdur, haradansa kəs.

Mübahisə elədik, sonda 3-ün üzərində dayandıq. Əlavə olaraq təklif etdim ki, müəllimləri həvəsləndirmək üçün özəlləşdirmə qanununda müəllimləri birinci sırada qeyd edək, evlərini özəlləşdirsinlər. Bu ərəfədə mən ilk “Təhsil haqqında” qanunu hazırlayırdım. Orada bu maddəni də salmışdım. Özəlləşdirmə müəllimlərdən başlanılmalıdır. Hansı ailədə müəllim varsa, o ailə kommunal xərclərdən azad olunsun. Yaqub müəllim fərman imzaladı, bunların hamısı gerçəkləşdi. Hətta məndən sonra da bu qaydalar tətbiq olundu. 1-2 il sonra ləğv etdilər.

Eyni durum bu gün yaranıb. Ona görə abırlı kişi müəllimlər o mühitə dözmür. Özünə başqa iş axtarır. Kişi müəllimlər məktəbdən gedəndə isə uduzan gənclər olur. Bu məsələ ilə çox ciddi şəkildə məşğul olmaq lazımdır.

- Sizcə, Azərbaycan müəlliminin ən böyük problemi nədir?

- Sosial mühitdə müəllim həmişə üstün mövqedə tutulub. Bu, Xruşşova qədər belə davam edib. Bir kəndə qonaq gələndə əvvəlcə müəllimin evinə aparırdılar. Xruşşovdan sonra artıq kolxoz sədrinin evinə aparırdılar. Çünki müəllimin yavaş-yavaş hörmətdən düşməyə başlamışdı. Müəllimin nüfuzu o templə azala-azala gəldi və sovetlər dağılandan sonra da belə bir mühit yarandı.

Əvvəla maaş problem var. Bu, yavaş-yavaş düzəlir. İkinci orta məktəbdən gələn savadsız uşaqların universitetə girib oranı bitirəndən sonra müəllim işləməsidir.

Daha sonra köhnə dərsliklərin dəyişməsi probelmi var. Cəmiyyət dəyişir, tarix dəyişir, dərslik dəyişmir. Müəllim köhnə dərsliklərlə yeni nəsildən olan şagirdə dərs deyir. Dərsliklər dünyada gedən texnoloji inkifaşa uyğunlaşmalıdır. Çoxlu problemlər var... Buna görə hər dəfə məktəblər haqda danışanda əsəbiləşirəm. Gəlin mövzunu dəyişək...

Mən gedib siyasətlə məşğul olmadım, o gəlib məni tapdı

- Firudin müəllim,  siyasətdən uzaq qalmaq necə hissdir?

- Günəş xanım, mən siyasətçi deyiləm. Heç vaxt da olmamışam. Mən müəlliməm. Müəllimliklə yanaşı elmlər namizədi, elmlər doktoru olmuşam. Vəzifələrdən gedəndən sonra da ancaq elmlə məşğul olmuşam. Çünki müəllim işləməyə qoymurlar. Bilirlər ki, mənim dərs dediyim auditoriyadakı uşaqlar inqilabçı olurlar.

Bir ara siyasətlə məşğul oldum. Mən gedib siyasətlə məşğul olmadım, o gəlib məni tapdı. SSRİ dağılmaq üzrə idi. Bizim də Bəxtiyar Vahabzadə, Xudu Məmmədov kimi ziyalılarla milli hərəkatımız var idi.

Sovetlərin dağılması ərəfəsində bizim Güneylə, müstəqilliklə bağlı öz istəklərimiz, arzularımız formalaşırdı. Bu ərəfədə Qarabağ məsələsini ortaya atdılar. Belə bir durumda proseslərdən kənarda qalmaq olmazdı. Bizim üçün bu mümkün deyildi. O mühit gəldi bizə hopdu və siyasətlə məşğul olduq.

Əlimizdən gələni etdik. Xalq mənim kimi 10-15 ziyalını deputat seçdi. Dediyim islahatları apardıq və dövlətimizin müstəqil olması üçün mübarizə apardıq. Ayaz Mütəllibov Rusiyadan ayrılmağımızı istəmirdi, qorxurdu. Bizsə deyirdik ki, müstəqil olmalıyıq. Müstəqillik söhbətini bütün respublikalardan əvvəl başlatsaq da, Mütəllibov o qədər uzatdı ki, onlardan sonra qəbul etdik.

Müstəqilliyi əldə etdikdən sonra siyasətdə qalmağımız vacib idi. Çünki dövlət təzə qurulurdu, yanlış yol almaq olmazdı. Tofiq Köçərli, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə ilə yığışıb məsləhətləşirdik. Qərara gəldik ki, yeni Konstitusiya aktına yazaq. Yeni qurduğumuz dövlət 1918-1920-ci illərdəki dövlətin varisi olmalıydı. Çünki ovaxtkı xəritəni Sovet dövründə kəsə-kəsə gətirib pis günə salmışdılar. Oradakı qanunlar hamısı milli qanunlar idi. Onların əlifbasını, himnini qəbul etdik və s.

Maraqlısı odur ki, o dövlət atributlarını qəbul edən komissiyanın sədri mən idim. O qədər çətin proses idi ki... Mən etməsəydim, o biri etməsəydi, kim eləyəcəkdi? Gəlib Türkmənistanın gününə düşəcəkdik...

-Yaxşı deputat necə olmalıdır? 

- Seçki ədalətli olanda, xalq özü buna qərar verir. Xalqa demək olmaz Əlini, Vəlini seç və s. Xalq tanıdığı insanı seçir. Hər şey seçkidən asılıdır.

Dilimizə türk dilindən sözlərin keçməsi qorxulu deyil

- Son illər dilimizə Türkiyə türkcəsindən keçən sözlər çoxalıb. Bu mövzuda fikirlər haçalanır. Bir kəsim öz sözlərimiz olduğu halda Türkiyə türkcəsindən keçən sözlərdən istifadə etməyimizi məqbul hesab etmir. Digər kəsim isə istifadə etdiyimiz sözlərin çoxunun ərəb-fars mənşəli olduğu bildirir. Həmin sözlərdən istifadə etməkdənsə, türk sözlərindən istifadə etməyimizin daha məqsədəuğun olduğunu deyir. Siz bu haqda nə düşünürsüz?

- Maraqlı söhbətdir… Bu məsələ ilə həvəskarlar yox, mütəxəssislər məşğul olmalıdırlar. Mən filoloq olsam da, ən zəhləm getdiyi adamlar qəzəl yazan şairlərdir. Çünki dilimizə bütün ərəb-fars mənşəli sözləri onlar gətirib. Mənim o sözlərə qarşı bir antipatiyam var. Dilçiyəm və sözlərin dili necə zəiflətdiyini çox gözəl bilirəm. Dildə alınma, beynəlxalq sözlərin işlənməsi normaldır. Bu mövzuda ermənilər kimi davranmağa ehtuyac yoxdur. Dünyada elə bir dil yoxdur ki, onda alınma söz olmasın. Bu, normal prosesdir. Amma bunu siyasətə çevirmək olmaz.

1920-ci illərə qədər Anadolu türkcəsi qədər bərbad türk dili yox idi. Çünki onların ədəbi dilində yazılana baxsaq, işlətdikləri on sözdən doqquzu ərəb-fars mənşəli, sonda feilin türkcə olduğunu görərik. Eyni durum bizdə də var idi. Millət anlayışı yaranandan, Türkiyədə Cümhuriyyət qurulandan sonra yavaş-yavaş bu məsələlər həll olunmağa başladı. Türk dili ilə Azərbaycan türkcəsi arasında əlaqə o vaxtlardan başladı. Dilimizə türk dilindən sözlərin keçməsi qorxulu deyil. Bizim dildən də türk dilinə sözlər keçib. Onlar da bundan qorxmamalıdırlar. Amma onlardan gələn sözləri ələkdən keçirməliyik. Hər sözü qəbul etmək olmaz. 100 illərdir biz kulltura deyirik. Kulturologiya elm sahəsi var. İndi jurnalistlər kültür yazır.

-Kültür yanlışdır?

- Əlbəttə. Bu söz türk dilindən gəlib. Onu mütləq süzgəcdən keçirilməliyik. Məsələn, onlar Bakı demir “Bakü” deyir. Türk əlifbası türk dilini bərbad bir vəziyyətə salıb. O bərbad hala düşmüş sözləri onlardan almaq olmaz. Elə sözlər də var ki, alınmalıdır. Məsələn, ilk dəfə parlamentdə xüsusiləşdirmə qanunu qəbul edəndə təklif etdim ki, bu xüsusi sözü özəl sözü ilə əvəz olunsun. Beləcə rəsmi sənədə düşdü. Bu günə qədər də hamı özəlləşdirmə istifadə edir. Onlar da bizdən sözlər alır, amma yenə də bir az paxıldılar. Bu məsələlərin dərinliyini bilmirlər. Düşünürlər ki, birdən bir Azərbaycan sözü alarıq, öz dilimizə nəsə olar.

40 ildir onlara deyirəm ki, mən Bakıda təyyarəyə və ya “samolyot”a oturub Türkiyəyə gəlirəm. Qayıdanda isə “uçaq”la Azərbaycana qayıdıram. İki sözün qulağından tutub atdım qırağa. Sizdə işlənən təmiz türk sözünü dilimizə gətirdim. Bunu siz də edin. Bakıya “anattar”la gəlib “açar”la geri qayıdın. Bu, dilləri bir-birinə yaxınlaşdırır. Bizdən asılı olmadan bu proses gedəcək. Ortaq türk dili Azərbaycan və türk dilinin vəhdətindən yaranacaq.

- Ortaq türk əlifbasının yaradılması nə dərəcə aktualdır? 

-1990-cı illərdə Türkiyədən bir heyət gəlmişdi. O vaxt rəhmətlik Elçibəy mənə zəng etdi ki, qonaqlarımız var. Məndən soruşdular ki, nə edə bilərik. Dedim ortaq əlifba yaratmalıyıq. Bu, sizə də, bizə də lazımdır, onu yaratmağa kömək edin. Mənə alimlərin siyahısını verin, simpozium keçirək. Bir müddət sonra ora getməyim üçün məktub göndərdilər. 3 günlük simpozium oldu. O vaxt latın əlifbasının bərpası komissiyası yaradılmışdı. Məni də ora rəhbər kimi qoymuşdular. Bu iş mənim boynuma qoyulmuşdu. Bu proyekti hazırladım. Çox çətinliklə keçdi. Hətta rəhmətlik Elçibəylə bir-birimizi qırdıq. O, Türkiyənin əlifbasını götürməyimizi istəyirdi. Dedim biz elə əlifba qəbul etməliyik ki, onlar da onu qəbul etsin. Türkiyənin əlifbasını qəbul etsək, sabah türkmənlər, qazaxlar onu qəbul etməyəcək. Türk dövlətlərinin birliyini istəyirsənsə, bunu etməməliyik.

30 il keçib, AXCP-nin loqosuna fikir versəniz, orada hələ də “AXCP” yox, “AHC” yazıldığını görərsiniz. Yəni “x” olmaz. İndi də bəzi cəbhəçilər Elçibəyin ətrafında olanlar, məsələn, Pənah Hüseyn çıxıb efirdə deyir ki, ortaq əlifbanın qəbuluna icazə verilmədi. Ortaq əlifba deyəndə o türk əlifbasını nəzərdə tutur. Baxın belə adamlarla işləmək çox çətin idi.

Ortaq türk əlifbasını 1992-ci ildə qəbul etmişik. Bu günə qədər də o əlifbanı işlədirik. Çoxu yazdıqları əlifbanın haradan gəldiyini bilmir. Biz bu addımla o biri türk dövlətlərini 30 il qabaqlamışıq. Məsələyə qlobal baxmaq laızmdır. Bir xalqın əlifbasının dəyişilməsi o xalqın tarixində böyük bir hadisədir. Əvvəl imperiyalar tutduqları ərazilərdə ilk olaraq oradakı xalqın dilini assimilyasiya etmək olub. Çünki bundan sonra xalqı asan idarə eləmək olur. Yəni əlifbanı dəyişmək bildiyiniz kimi asan məsələ deyil.

Testi uzun müddət saxlamaq zərərlidir

-Pənah Hüseyn demişkən, o, verilişlərdən birində ölkəmizə test üsulunun gətirilməsindən danışıb. İddia edib ki, test üsulunu Azərbaycana Vurğun Əyyub gətirib. 

- Bununla bağlı çox danışmışam. Konkret iki fakt deyəcəm. Azərbaycanda birinci test imtahanını kim, nə vaxt keçirib? İkinci test imtahanını kim, nə vaxt keçirib? Bunların tarixinə baxmaq lazımdır. Birincini iyun ayında mən keçirtmişəm. İki min tələbəni Türkiyəyə göndərmişəm. Məndən üç ay sonra rəhmətlik Vurğun keçirib. Özü də çox əla. Bu suala cavab tapmaq üçün Pənah Hüseynin, İsa Qəmbərin danışdıqlarına fikir vermək lazım deyil. Vurğun Əyyubun özünün “çıxışları var. Adam özü deyib ki, Firudin bəy məni, Misir Mərdanovu çağırıb Türkiyəyə göndərdi. Dedi, gedin test üsulunu öyrənin gəlin. Mənə inanmırlar heç olmasa, açıb onun çıxışlarına baxsınlar.

Vurğun mənim yaxın dostum idi. Bunlarla yola getmirdi. Mən onu qoruyurdum. Həmişə “Vurğun test gətirdi” deyərək münaqişə yaratmağa çalışırdılar. Özüm qarışmırdım ki, Vurğun gündəmdə qalsın.

- Sonradan isə test üsulunun əleyhinə olmusunuz...

- İndi də əleyhinəyəm. Mən onu yaradanda da əleyhinə idim. Məsələnin mahiyyətini bilməyənlər dediklərimi qavramırlar. Testi ona görə ölkəyə gətirdik ki, universitetlərə ədalətsiz qəbul halları yığışdırılsın. Ədaləti bərpa edək. Testin bir nömrəli məqsədi bu idi. Buna nail olduq.

Amma bu testi uzun müddət saxlamaq zərərlidir. Şagirdlər artıq ümumi fənləri öyrənmirlər. Ümumi savad sıfırlanır. Yazılı imtahan olmadığı üçün yazı qabilliyyətləri aşağı düşüb. Şihafi imtahan vermədiyi üçün nitqi inkişaf etməyib. Məsələn, bu gün testlə qəbul olan abituriyentlər jurnalist olur, -da, də-nin harada ayrı, harada bitişik yazılmalı olduğunu bilmir. Danışıq nitqi yoxdur. Niyə əleyhinə olduğumu izah edirəm. Gərək bu fikirlərim kontekstdən çıxarılmasın.

- Bir az professer Xudu Məmmədovla münasibətlərinizdən danışaq. Bildiyim qədərilə, onunla yaxın dost olmusunuz. Hətta ölümündən öncə danışdığı son adamlardan birisiniz. Onun son iclasa getməyini niyə istəmirdiniz?

- Xudu müəllim Azərbaycanın yetişdirdiyi ən böyük ziyalı idi. Ondan böyüyünü tanımıram. Milli məsələlərdə mən də, Elçibəy də onu özümüzə müəllim sayırdıq. Onun kimi ağıllı, savadlı adam yoxdur. Xudunun yeri başqa idi.

O vaxt Milli Azadlıq Hərəkatında olanlar iki yerə bölünmüşdü: radikallar və liberallar. Radikallar getdi Azərbaycan Xalq Cəbhəsini yaratdı. Başda Elçibəy olmaqla Nemət Pənah, İsa Qəmbər, Zərdüşt Əlizadə orada idi. Zərdüşt sonra gördü ki, mümkün deyil onlardan ayrıldı.

Biz də Qarabağa getdik. Xalq Yardımı Komitəsi yaratdıq. Onlara kömək lazım idi. Bu ərəfədə hələ AXC yaranmamışdı, amma iclaslar keçirilirdi.

Xudu müəllim axşam mənə zəng elədi, soruşdu ki, sabahkı iclasda olacaqsan? Dedim yox, Xudu müəllim, sizə də getməyi məsləhət görümürəm. O, abarılı adam idi. Söz verdiyi üçün getməli idi. Getdi, səhəri gün eşitdim ki, vəfat edib. Sonra araşdırdıq, məlum oldu ki, ora gedənə qədər Nemət Pənahov yolda onu əsəbiləşdirib. Nemət fəhlə olsa da, burnunu hər yerə soxurdu. Yapışıb Xudu müəllimin yaxasından ki, siz qayğı cəmiyyəti yaratmaq üçün pul yığmısınız. O puldan niyə bizim xəbərimiz yoxdur? Xudu müəllim iclasda əsəbiləşib. Adamın ürəyi tutub ölüb. Beləcə böyük bir şəxsiyyəti itirmişik. Onun yeri heç vaxt dolmayacaq...

Qarabağda yaşamaq haqda düşünməmişəm

-Firudin müəllim, “Turan”ın qurulması üçün əvvəlcə hansı addım atılmalıdır? 

-Türk adını “Turan”la əvəz edənlər elə bilir ki, işləri çox rahat gedəcək. Çünki türkəfobiya çox geniş yayılıb. Bu adamların “Turan” sözü haqqında heç bir təsəvvürləri yoxdur. Bilmirlər ki, “Turan” sözü necə yaranıb, nə vaxtdan işlənib. Ən qədim dövrdə “Turan” sözü türklərdə xanım adı olub. Bu, Urartu qaynaqlarında belə işlənib. “Turan” sözündə “tur” hecası var və qədim farsların da bir mifologiyası var ki, “tur” adlı adamdan yarananlar turanlardır. “Şahnamə” əsərində də bu geniş verilib. Guya Turanla İran qarşı-qarşıya qoyulur, Turanın başında da türk xaqanı Alp Ər Tonqa dayanır. O tarixlə bu gün “Turan” adı gündəmdədir. Etirazım yoxdur, “Turan” işlətsinlər, amma “Turan”ı qurmağın yolları var, onu da öyrənsinlər. Çünki o yolu bilmədən “Turan” qura bilməyəcəklər. Turanın qurulması üçün əvvəla, onun mərkəzi olan Təbriz azad olunmalıdır. Yoxsa, yarısı burada , yarısı orada belə “Turan” birliyi olmur. Bu gün Güney Azərbaycanda olan milli ruh heç yerdə - nə bizdə var, nə də Türkiyədə.

“Turan” mərhələli şəkildə qurulmalıdır. Birinci ortaq əlifba, ikinci ortaq dərslik, üçüncü ortaq dil, dördüncü NATO ordusu kimi ortaq ordu yaradılmalıdır. Biz otuz ildir ki, ortaq əlifbanı işlədirik. Türkiyə isə hələ də iki hərfi əlifbasına artıra bilmir. Birinci addımı tamamlamaq üçün hələ 30 il geridə qalıblar. Hələ bu Türkiyədir, o biriləri demirəm...

Turan qurulacaq. Bizim onu görməyə isə yaşımız çatmayacaq. Buna baxmayaraq, “Turan” biriliyi mənim ən böyük arzumdur.

-İşğal altındakı torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Azad olunmuş ərazilərimizə əhalinin köç prosesi davam edir. Maraqlıdır, siz işğaldan azad olunmuş hansı rayonumuzda yaşamaq istərdiniz?

-Mən, ümumiyyətlə, kənd həyatını çox sevirəm. Xızıda həyət evim var. Amma üç ildir ora gedə bilmirəm. Çünki ora elə bir icra baçısı qoyublar ki, kəndlilərə su vermir. Üç ildir 30-40 illik əziyyətlə baxdığım 500-dən çox meyvə ağacım hamısı quruyub.

Qarabağda məsələ bir qədər fərqlidir. Qarabağ savaşı Azərbaycan dövlətçilik tarixində ən böyük hadisədir. Bu qələbənin başında duran adama mütləq heykəl qoyulmalıdır. Çünki ruslar bura gələndən sonra böyük Azərbaycandan qopara-qopara pis günə salıblar.

İlham Əliyev yeganə prezidentdir ki, torpaq alıb.

Qarabağda yaşamaq haqda isə düşünməmişəm.

- “Sovet dövründə təhsil başqa idi” fikrini tez-tez eşidirik. Sizcə, yaxın 10 ildə bu fikirdən qurtula biləcəyik?

- Sovet təhsil sisteminin mənfi və müsbət tərəfləri var idi. Məsələn, hansısa ideologiyaya xidmət ediridi. Göstəriş verirdilər ki, məsələn, Xəzər dövlətinin adını çəkməyin. Bir tarixçi bu dövlət haqqında bilmədən necə tarixçi ola bilər? Belə qüsurları var idi.

Amma müsbət tərəfləri var idi. Pullu təhsil yox idi. Bütün şagirdlər dövlət hesabına oxuyurdular və s.

Bizim çox savadlı yaxşı müəllimlərimiz var. Onlara şərait yaratmaq lazımdır. Yaxın 10 ildə olmasa da, bu, nə vaxtsa olacaq. Dövlətin bir nömrəli məsələsi təhsil olmalıdır.

- İllərdir ölkəmizdə müzakirə olunan məsələlərdən biri də uşaq pulu mövzusudur. Firudin müəllim, sizcə, uşaq pulu niyə verilmir və ya niyə verilməlidir?

- Siyasətdə olmadığım üçün niyə verilmədiyini deyə bilmirəm. Amma verilməlidir. Bəyənmədiyimiz Sovetlər vaxtında bu var idi. Çoxuşaqlı analara ”Qəhrəman ana” ordeni də verilirdi. Bu, bir növ stimul da olurdu. Uşaq pulu həm əhalinin artımına imkan yaradır, həm də ailənin dolanışığı üçün yaxşıdır. Ailə büdcəsinə kömək olur. Demoqrafiya baxımından bunun altını çəkirik. Əhali sayı azalmağa doğru gedir. Rəhmətlik Budaq Budaqovla söhbət edəndə həmişə deyirdi ki, bizim kənddə beş uşağı olana sonsuz kimi baxırlar. İndi isə ailələr bir uşaqla kifayətlənirlər. Bu, birbaşa maddi durumla bağlıdır. Uşaq pulu mütləq verilməlidir.

Axırıcı dəfə metroya 40 il öncə minmişəm

- İctimai nəqliyyatdan istifadə edirsiniz?

-Cavan vaxtlarımda cürbəcür maşınlarım olub. İndi evdən bayıra çıxmadığım üçün ictimai nəqliyyatdan da istifadə etmirəm. Axırıcı dəfə metroya 40 il öncə minmişəm.

- Saat 18:00-dır (müsahibə götürülən vaxt). Bu saatlarda Bakı metrosundakı sıxlığı görmədiyiniz üçün çox xoşbəxt adamsınız...

- Dünyada mərkəzi şəhərlərdə bu problem var. Bir vaxtlar Yaponiyada belə bir qərar çıxarılmışdı ki, avtomobilinin rəqəmi tək rəqəmlə bitənlər həftənin tək günləri, cüt rəqəmlə bitənlər həftənin cüt günləri şəhərə çıxa bilərdi. O qanunu pozanlara da cərimə yazılırdı. Sonra bu qanun necə oldu bilmirəm. Əvvəllər trolleybuslar var idi. Avtobuslar çox idi. İndi o sistem yoxdur. Digər tərəfdən, Bakının arxitektura işlərini həftəbecər hala salıblar. Yeni bina tikirsənsə, onu yoldan heç olmasa 10 metr aralıda tikməlisən. Tıxacların əsas səbəblərindən biri bizdə şəhərsalma mədəniyyətinin olmamasıdır. Bakı xüsusi adamların əlində pul qazanc yerinə çevrilib.

- Şeir sevirsiniz?

- Sabir Rüstəmxanlının, Vaqif Bayatlının yaxşı şeirləri var. Ramiz Rövşənin dili çox gözəldir. Onların şeirlərini özüm oxumuram. Bir məclisdə olanda xahiş edirəm, özləri səsləndirirlər. Rüstəm Behrudi də çox böyük milli ruhlu şairdir. Onun “Salam, Dar ağacı” şeiri milli klassikadır:

Salam, Dar ağacı!

Əleyküm-salam…

Günəş Mərd

Fotolar: İmran Qurbanov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10