Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sonyadan Yuliyaya qədər: ərinin qorxulu yolunu davam etdirən siyasətçi xanımları




Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının ölümündən sonra xanımı Yuliya ərinin işini davam etdirəcəyini vəd edib. Müasir tarixdə ərindən sonra onun siyasi yerini tutan qadınlar az olmayıb. BBC belə nümunələrin ən məşhurları haqda material hazırlayıb. 


Koretta Skott Kinq

Korreta Kinq afroamerikalıların vətəndaş hüquqları uğrunda görkəmli mübariz Martin Lüter Kinqin arvadı kimi daha çox tanınsa da, öz irsini də qoyub, ərinin qətlindən sonra da onun işini davam etdirmək üçün əlindən gələni edib.

Koretta Bostonda konservatoriyada oxuyarkən Martinlə tanış oldu. Toydan sonra cütlük Alabama ştatındakı Montqomeri şəhərinə köçdü. Martin buranın baptist kilsəsində pastor oldu. Kilsə tezliklə Alabamada, daha sonra isə bütün ölkədə qaradərililərin vətəndaş hüquqları uğrunda mübarizənin mərkəzi oldu. 

Martin Lüter Kinq 1968-ci il aprelin 4-də Memfisdə, Tenessi ştatında öldürüldü. Koretta onun işini davam etdirdi, ərinin dəfnindən cəmi bir neçə gün sonra ilk dəfə nümayişə qoşuldu. 

 O, Vyetnam müharibəsinə etirazını açıq-aşkar bildirirdi və buna görə bir neçə il FBI-nın nəzarəti altında qaldı. 

Koretta qadın hərəkatlarını dəstəkləyirdi. Bütün dünyanı dolaşaraq, ABŞ-ın irqi və iqtisadi problemlərindən danışırdı. 

O, mərhum ərinin adını daşıyan mərkəz yaratdı. Mərkəzin məqsədi M. L. Kinqin irsinin qorunması və öyrənilməsidir. 

Korettanın fəaliyyətinin kulminasiyası ABŞ-da federal bayramın – Martin Lüter Kinq gününün təsis edilməsi oldu. Həmin gün bütün ölkə üzrə qeyri-iş günüdür. Sonralar Koretta mərkəzə rəhbərliyi oğlu Deksterə verdi, amma özü də onun işində iştirak etməkdə davam edirdi. 

Koretta Kinq 2006-cı ildə öldü. Onun dəfnində dörd prezident (ata və oğul Buş, Cimmi Karter və Bill Klinton) və bir gələcək prezident, o zaman senator olan Barak Obama iştirak etdi.  

Koretta Kinq Corciya ştatı, Atlanta şəhərində ərinin yanında dəfn olundu.

Sonya Qandi

Sonya Qandi 1998-ci ildə Hindistan Milli Konqresi partiyasının prezidenti seçildi. Çox mürəkkəb dövr idi. Pariyanın əvvəlki iki lideri – İndira Qandi və onun oğlu, Sonyanın əri Raciv siyasi qətl qurbanı olmuşdular, partiya özü isə parlament seçkilərində ağır məğlubiyyətə uğramış və bu üzdən üzvlərinin sayı azalmışdı. 

Sonya Qandi və ya qız adı ilə Edviqe Antoniya Albina Mayno İtaliyada doğulub. Özünün gələcək əri ilə Kembricdə ingilis dilini öyrənən zaman tanış olub. Cütlük 1968-ci ildə evlənib və Racivin anası, o zaman baş nazir olan İndira Qandinin evinə köçüb. 

İndiranın 1984-cü ildə qətlindən sonra Raciv baş nazir oldu. Sonya ərinin siyasətlə məşğul olmasına qarşı çıxırdı, amma zərurətlə barışmalı oldu. Raciv 1991-ci ildə seçkiqabağı kampaniya zamanı öldürüldü. 

Sonya əvvəlcə ərinin partiyada varisi olmaqdan imtina etdi və hətta 5 il sonra keçirilən seçkilərdə iştirak etmədi. 

O, öz mövqeyini 1997-ci ilin dekabrında dəyişdi və 1998-ci ilin seçki kampaniyasında iştirak qərarı verdi. Siyasi şərhçilər bu qərarın bir sıra amillərin nəticəsi olduğunu, eləcə də mərhum ərinin adını ləkəsiz saxlamaq və oğlu Rahulun siyasi gələcəyini təmin etmək arzusundan doğduğunu söyləyirlər. 

Sonya ailəsinin partiyasına, Hindistan Milli Konqresinə üzv oldu və bir neçə aydan sonra onun sədri seçildi. 

Həmin rolda özünün ilk müraciətində deyirdi: “Partiyamızın dirçəlməsi, bizim hər birimizin ürəkdən və fasiləsiz işləməsini tələb edən uzun proses olacaq”.

 Sonya bütün gözləntiləri aşdı (HMK 2004-cü il seçkilərində qalib gələrək iqtidar oldu, amma Sonya Qandi əcnəbi olmasının qabardılmasına görə baş nazir postunu özü tutmadı – Press klub).

Korason Akino

Korason Akino 1986-cı ildə, Ferdinand Markos xalq üsyanı nəticəsində devriləndən sonra Filippinin prezidenti oldu. 

O, hakimiyyətə Markos əleyhinə fəal çıxışların dalğasında gəldi. Bu çıxışlar həm də onun ərinin, müxalifətin lideri Beninyo Akinonun 1983-cü ildə qətlə yetirilməsinin nəticəsi idi. 

Tənqidçilər onu sadə və qatı dindar ev qadını kimi rədd edirdilər. Akino həqiqətən dərin inanclı katolik idi və öz çıxışlarında tez-tez tanrıya xitab edirdi. 

O, zəngin və nüfuzlu Filippin ailəsində doğulmuşdu, ABŞ-da təhsil almışdı. 1954-cü ildə Beninyo Akinoya, başqa bir zəngin ailənin övladına və perspektivli gənc siyasətçiyə ərə getdi. 

Onun əri yəqin ki, Filippinin prezidenti seçiləcəkdi, əgər Markos seçkiləri dayandırmasaydı. 

Beninyonu 1972-ci ildə həbs etdilər və təxribatçı fəaliyyətdə günahlandıraraq, 7 il həbsə məhkum etdilər (əslində ölüm cəzasına məhkum edilib – Press klub), sonra da ABŞ-a getməsinə icazə verdilər.

1983-cü ilin avqustunda Markosun ölüm ayağında olduğunu düşünən Beninyo ölkəsinə qayıtdı, amma Manila hava limanında təyyarədən düşəndən bir neçə saniyə sonra güllələndi. 

Ərinin bütün siyasi karyerası boyunca Korason Akino kölgədə idi, evdə, sonra da sürgündə beş övladını böyüdürdü. 

Amma Markos amerikalıların təzyiqi ilə gözlənilmədən 1986-cı ilin fevralına prezident seşkiləri təyin edəndə, xanım Akino birləşmiş müxalifətin namizədi oldu.

Korason Akinonun seçkilərdə qələbəsi Filippində və bütün dünyada eyforiya ilə qarşılandı. O, “Time” jurnalının versiyasına görə ilin adamı seçildi, Nobel sülh mükafatına namizədliyi sürüldü, insan hüquqları sahəsində Eleonora Ruzvelt mükafatı, BMT-nin gümüş medalını və Kanadanın azadlıq uğrunda beynəlxalq mükafatını aldı. 

Onun hakimiyyəti dövründə ölkədə bir neçə hərbi çevriliş cəhdi oldu. Amma duruş gətirərək, yeni doğulan demokratiyanı qorudu. 

Svetlana Tixanovskaya

Belarusda 2020-ci il prezident seçkilərinə qədər Svetlana Tixanovskaya tərcüməçi idi. 

2020-ci il seçkiləri onun həyatını kəskin dəyişdirdi. O, prezident seçkilərində namizədliyini yalnız ona görə irəli sürdü ki, ərini, sahibkar və bloqer Sergey Tixanovskini seçkiyə buraxmadılar. İndi Tixanovski 18 illik həbsini çəkir.

Seçki komissiyası Svetlananı qeydə aldı və seçkilərə buraxılmayan digər namizədlərin tərəfdarları onun ətrafında birləşdilər. 

Rəsmi nəticələrə görə, 2020-ci il 9 avqust seçkilərində Aleksandr Lukaşenko 80%, Tixanovskaya isə 10% səs topladı. Müstəqil hesablamaların nəticələri isə tam əks mənzərə göstərirdi. 

AB, ABŞ və Britaniya seçkilərin nəticələrini və Lukaşenkonun qələbəsini tanımadılar. 

Saxtakarlıq haqda çoxsaylı xəbərlər Belarus tarixində ən kütləvi etirazlara və görünməmiş hökumət zorakılığına səbəb oldu. Basqılar indi də davam edir. 

Tixanovskayanı artıq avqustun 10-da Belarus MSK-na dəvət etdilər. Orada sədrin otağında onunla güc strukturlarının iki yüksək ranqlı nümayəndəsi söhbət etdi. Bundan sonra o Litvaya getdi və çox sonralar danışdı ki, onu uşaqları ilə şantaj ediblər. 

Bununla belə, o, sonrakı günlərdə və həftələrdə etirazların əsas siması, sonra da müxalifətin sürgündəki lideri oldu. 

2023-cü ilin martında Tixanovskaya dövlətə xəyanət də daxil olmaqla bir sıra ağır ittihamlar əsasında qiyabi olaraq 15 il azadlıqdan məhrum edildi. 

İsabel Peron

Argentina prezidenti Xuan-Dominqo Peronun üç arvadından ən məşhuru ikincisi idi: Yeva, həm də Evita. 

Amma hakimiyyətin ən zirvəsinə o deyil, xələfi Mariya Estela Martines Kortes çıxdı. Mariya öz karyerasının əvvəlində rəqqasə idi və özünə İsabel səhnə adı götürmüşdü. 

Özündən 30 ildən çox böyük olan gələcək əri ilə Panamada tanış oldu. Peron hərbi çevriliş nəticəsində devriləndən sonra burada sürgün həyatı yaşayırdı, İsabel isə gecə klubunda çıxış edirdi. 

Əvvəlcə Xuanın katibəsi oldu, sonra ona ərə getdi.

Peron Argentinaya 1973-cü ildə qayıtdı. Həmin ilin sentyabrında keçirilən prezident seçkilərində namizədliyini irəli sürdü və İsabeli də vitse-prezidentliyə namizəd göstərdi. 

Argentinalılar onu İsabelita (kiçik İsabel) adlandırlar. Buna baxmayaraq, Peronun ikinci arvadı Evita kimi xalqın sevimlisinə çevrilmədi. Evitanı əhalinin ən kasıb təbəqələrinin qayğısına qaldığı üçün bu gün də xatırlayırlar və sevirlər. 

1974-cü ilin iyulunda ərinin ölümündən sonra İsabel Peron prezident oldu. Beləliklə o, dünyada ilk qadın prezident oldu, hərçənd ümumxalq səsverməsində qalib gəlməmişdi. 

Prezidentlik İsabel üçün asan olmadı. O cümlədən, peronist partiyada baş verən parçalanma, eləcə də solçu partizanlarla ölkənin hərbi rəhbərliyinə bağlı “ölüm eskadronları” arasında zorakılığın şiddətlənməsi səbəbindən.

1976-cı ildə baş verən çevrilişdən sonra hərbi xunta İsabeli 1981-ci ilə qədər ev dustağı etdi. 

Azad ediləndən sonra İspaniyaya getdi və indiyə qədər burada yaşayır.  

Sirimavo Bandaranaike

Şri-Lankadan olan Sirimavo Bandaranaike dünyada baş nazir postunu tutan ilk qadındır. Özü də üç dəfə tutub.

Onu “xanım B.” adlandırırdılar. 1960-cı ildə, əri Solomon, demək olar, gözünün qabağında öldürüləndən sonra hökumət başçısı oldu.

Xanım B. 1960-1965, 1970-1977  və demək olar, formal şəkildə 1994-2000-ci illərdə, qızı Çandrika Kumaratunqa prezident olanda baş nazir olub. 

Bandaranaike siyasi cütlüyünün əsas xidməti, şübhəsiz ki, müstəmləkə elitasının hakimiyyətdən uzaqlaşdırılması və adanın sinqal çoxluğuna özünüidarə fürsəti yaratması oldu. 

Amma bu, əsasən etnik azlığın, tamillərin hesabına əldə edildi. Bu da 1983-cü ildən 2009-cu ilə qədər davam edən və 80 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə səbəb oldu. 

Mireyya Moskoso

Mireyya Moskoso 1999-2004-cü illərdə Panamanın prezidenti oldu. 

Onun əri, özündən az qala 45 yaş böyük olan Arnulfo Arias üç dəfə ölkə prezidenti olmuşdu, o cümlədən cəmi 11 gün çəkən qısa müddətə.

Ariasın sürgündə ölümündən sonra Moskoso Panamaya qayıtdı və ölkənin prezidenti oldu.

Mireyya Moskos kasıb ailədə doğulub. O, gələcək əri Arnulfo Ariasın seçki kampaniyasında katibə, sonra da fəal kimi iştirak etməyə başlayıb. 

Ariasın dalınca sürgünə getdi, ərinin ölümündən sonra isə onun “Arnulfista” partiyasına rəhbərlik etməyə başladı. İki dəfə də prezident seçkilərində iştirak etdi.

Birinci cəhdi uğursuz, ikincisi isə uğurlu oldu. 

Moskoso Panama kanalı üzərində dövlət nəzarətinə nail olmağa, regionun ekoloji problemlərindən bəzilərini həll etməyə çalışırdı. Amma müxalifətin nəzarətində olan parlamentin dövlət xərclərinə qoyduğu məhdudiyyətlər üzündən islahatlar keçirə bilmədi.

Mireyya Moskoso tədricən elektoratın rəğbətini itirdi və ikinci müddətə namizədliyini irəli sürmədi. 

Xalidə Ziya

Xalidə Ziya Banqladeşin baş naziri postunu 1991-1996 və 2001-2006-cı illərdə tutub. O, müsəlman dünyasında  demokratik hökumətə baş nazir kimi rəhbərlik edən ikinci qadındır (Pakistanda Benazir Bhuttodan sonra).  

Onun əri Ziaur Rəhman 1977-ci ildə prezident oldu. Elə həmin vaxt Banqladeş Milliyyətçi Partiyasının (BMP) əsasını qoydu. O, 1981-ci ildə öldürüldü, vitse-prezident Əbdüs Səttar isə general Ərşadın hərbi çevrilişi nəticəsində devrildi. Ölkədə hərbi vəziyyət elan olundu. 

Ərşadın 9 illik hakimiyyəti ərzində Xalidə Ziya yeddi dəfə həbs olunur. Generalın istefa verməyə məcbur olmasından sonra 1991-ci il fevralın 27-də keçirilən azad seçkilərin nəticəsində Xalidə Ziya ölkənin baş naziri oldu.

Ziya hökuməti qızlar üçün pulsuz ibtidai təhsil tətbiq etdi, ümumiyyətlə təhsilə ayrılan büdcə vəsaitini artırdı, dövlət qulluğuna daxil olmaq üçün yaş həddini qaldırdı.

Xalidə Ziyanın 2003-cü ildə qəbuluna nail olduğu qanuna görə, 330 nəfərlik parlamentdə 30 yer qadınlar üçün ayrıldı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə:https://www.bbc.com/russian/articles/c141yywkxwgo 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10