Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Təhsilimiz son 25 ildə hansı “dərdlərdən” hansı “dərdlərə” keçid etdi?


 


Təkcə son illərdə Masallı məktəblərində 40 sinif bağlanıb, 100-dən artıq  ev şəraitində təhsil alan şagird bu imtiyazdan mərhum olub.

Masallı təhsilinin son 24-25 il müddətində qiyabi də olsa, “bəlalar” “sərgisinə” nəzər salsaq, maraqlı mənzərələrlə qarşılaşarıq.

Məhz həmin illərdə Masallı təhsilində “faiz məsələsi” az qala rəsmi hal aldı. Yəni,müəllimlərə verilən əmək haqqının 20 faizinin“qara kassaya”, 80 faizinin müəllimlərə çatması barədə söhbətlər pik həddə yüksəldi.
Məhz həmin illərdə yalançı orta-ixtisas, uydurma ali məktəblərlə -“Gəncə filialı”, “Loğman” Tibb məktəbi, Müstəqil Azərbaycan, Beynəlxalq Universitet və digər buna bənzər, az qala, adı olub, özü olmayan təhsil ocaqları  tələbə alverini qızışdırdı, kütləvi şəkildə, inkubator kimi savadsız “müəllim” ordusu “istehsal” etdi.
Məhz bu illərdən məktəblərdə daha sürətlə repetitorluq cücərməyə başladı. (Bu siyahını xeyli uzada bilərik).
Bu saxtakarlıqlarla mübarizə aparmalı olanlar, bu çirkabın içində üzməyə, belələrinə dəstəkçi olmağa başladı. Təhsil uçuruma yuvarlandıqca təhsildəki işbazların maşınları hündürləşməyə başladı. Daha sonralar təhsildəki kütləvi saxtakarlıqlardan gələn pullar Bakıda evlərə, villalara, sinələrdə orden-medallara... çevrilməyə başladı.

 

Bir qədər sonra “sular durulanda”, “yağış yağıb çatlaqlar bitişəndən sonra” bu şəxslər bizə əxlaqdan, mərdlikdən nağıllar danışmağa başladılar.

Həmin vaxtlar rəhbərlik etdiyim “Masallı xəbərləri”, sonralar “Cənub xəbərləri” qəzetlərində belə nöqsanları ardıcıl və kəskinliklə işıqlandırırdıq, dəfələrlə məhkəmələrə çəkilir, təzyiqlərə məruz qalırdıq. Kiçik bir misal çəkim. Həmin vaxtlar Mahmudavar kənd tam orta məktəbini (rəhbəri Cəmaləddin müəllim) kəskin tənqid etmişdik. Bu məktəbdə saxtakarlıq, qohumbazlıq, hətta müəllimlərə faizlə pul vermək kimi ikrah doğuran vəziyyət kütləvi hal almışdı. Bizim kəskin, adlı-ünvanlı tənqidimizdən sonra həmin direktor işdən azad edildi. Daha sonra nə yollasa, ərazi nümayəndəliyinə yol tapdı. Burada da ciddi nöqsanlarına görə vəzifəsindən uzaqlaşdırıldı. Bəs sonra... ötən il isə həmin direktor YAP-ın Masallı rayon təşkilatının xeyir-duası ilə “Tərəqqi” medalına və mükafata layiq görüldü.

 

Bəs bu gün təhsilimiz hansı bəlalarla üz-üzədir?

Təhsilimizdə gözəgirən nöqsanlar davam edir. Rüşvətin forması gündən-günə dəyişir. Həmin saxta məktəbləri qurtaranlar direktor olur, haqlarında kitab yazılır və sairə.

 

Təhsil bəlalarını sadalasaq, böyük siyahı alınar, hələlik isə 2 məqama toxunmaq istəyirəm.

1. Dünya 4-cü sənaye inqilabınasüni intellektin möcüzələrinə hazırlaşdığı bir vaxtda hələ də təhsilimizdə bəzi direktorlar, hətta bəzi rəhbər təhsil işçiləri internet, “votsap” nədir bilmir.

 

2. Regional təhsil idarələrinin yaranışı ilə bir sıra uğurlara imza atılsa da, bürokratiya baş alıb gedir. Təsəvvür edin ki, uşaq bağçasında bir aşpazın işdən çıxması və yerinə təyinat 45 gündən çox çəkir. Kağızbazlıq, eyni sənədlərin təkrar-təkrar istənilməsi bəzən bezdirici hala gəlir.

LARTİ təltiflləri gözə çox soxsa da, cəzaları adlı-ünvanlı paylaşmağa maraqlı olmur. Guya direktorun, müəllimin nüfuzuna xələl gələr. Bu müqayisə bir qədər qəribə görünsə də, futbolda bəzən ən məşhur futbolçuya da minlərlə azarkeşin qarşısında qırmızı vərəqə göstərib, meydandan çıxardırlar. Onda həmin şəxsin nüfuzuna zərər gəlir?

 

Ən mühümü isə arzu olunan aşkarlıq yoxdur.

 

LARTİ 2022-ci ildə jurnalistlərlə bir dəfə açıq görüş keşirtsə də və belə görüşləri hər il keçirəcəyini vəd etsə də, sonra aylarla bu vədinə əməl etmədi  və etmir. Təhsildə hər işin şəffaflığı nəzərdə tutulsa da, maliyyə və kadr işlərində həmin şəffaflıq yoxdur.

Hər məktəbin feyzbuk səhifəsi var. Deyərdim ki, onların 90 faizindən çoxunda heç nə olmur. Minlərlə müəllimi, şagirdi olan bölgədə, yeniliklər, müzakirələr, yadda qalan , nümunə ola biləcək işlər barədə xəbərlər LARTİ-nin öz səhifəsində solğunluğu ilə adamı yuxuladır.

Məsələn, hər məktəbin FB səhifəsinə o məktəbin “tarfikasiya cədvəli” qoyulsa, hamı bilər ki, hansı məktəbdə hansı ştat var, hansı müəllim hansı saatlarda dərs deyir və sairə.

Bu sahədə bir neçə ay direktor vəzifəsini icra edən, mənim və bir çoxunun “mehriban düşməni” sayılan Rabil Abdinov nümunə göstərib xeyli aşkarlıq yaratsa da, heyif ki, bu nümunədən heç kim faydalanmaq istəmədi, hətta LARTİ rəhbərliyi də.

Bu yazıda ancaq nöqsanları yazıb sizi yormaq istəmirəm. Son illər görülən yaxşı işləri də gözartı etmək niyyətim yoxdur. Yaxşı başa düşürəm ki, illərlə sümükləşmiş nöqsanları bir-iki ilə yoluna qoymaq asan məsələ deyil.

Hələlik isə Masallı təhsilinin timsalında bəzi mənfi və müsbətlərə aydınlıq gətirmək istəyirəm.

2 milyon manata yaxın vəsaitə necə qənaət olunub və Masallı təhsili hansı müsbətlərə imza atıb?

Aparılan optimallaşdırma və  ərazidə olmayan şagirdlərin kontingentdən xaric edilməsi nəticəsində:   

- 40 sinif komplekti (hər sinfə il ərzində təxminən20-25 min manat vəsait ayrılır). (Bu rəqəm dərs saatlarının miqdarından asılı olaraq dəyişir).

- 17 fərdi təhsil və 97 evdə təhsil ləğv edilmişdir.Evdə və fərdi təhsil alan hər bir şagird üçün isə ildə təxminən 4000-4500 manat vəsait xərclənir. (17+97=114.  Bu rəqəmi ortalama 4250 manata vursaq, 500 minə yaxın vəsait edir)

- Təşkilinə icazə verilməmiş dərnəklərə görə isə ayda orta hesabla 30 min manatdan artıq vəsait ayrılmalı idi. (Bu da ildə 300 min manatdan artıq edir).

Beləliklə, həyata keçirilən tədbirlər nəticəsində dövlətin 2  milyon manata yaxın vəsaitinin səmərəsiz xərclənməsinin qarşısı alınmışdır.

(Maraqlı sual yaranır - bir rayonda 40 sinif bağlanır, digər qruplar-dərnəklər bağlanır, 2 milyona yaxın vəsaitə qənaət edilir. Bəs həmin qənaət olunan vəsait hara gedir? Təsəvvür edin ki, son 5 ildə Masallıda uşaq bağçalarında 1 əlavə qrupun belə açılması üçün vəsait alına bilməyib. Hansı ki, həmin qənaət olunan vəsaitlə 100 belə qrup açmaq olardı.

Masallı Təhsil sektorundan aldığımız  məlumata görə,  siniflərin azalması həm şagird sayının azalması, həm ərazidə yaşamayan şagirdlərin kontingentdən xaric edilməsi, həm də düzgün komplektləşdirmə nəticəsində baş  vermişdir. Ən çox şagird şəhər 1 saylı, Boradigah 1 saylı, şəhər 6 saylı, Köçəkli kənd tam orta, Şıxlar kənd 1 saylı ümumi orta və digər məktəblərdən çıxarılıb.

Xatırladaq ki, əvvəlki illərlə müqayisədə Bakı və digər şəhərlərdən ümumi təhsil məktəblərinin yuxarı siniflərinə gələn şagirdlərin sayı minimuma endirilmiş, dərsə gəlməyən şagirdlərin yaşadıqları ərazilərdəki məktəblərə yerdəyişmə etmələri təmin edilmişdir.

Eyni zamanda təhsil müəssisələrində tədris-pedaqoji və kargüzarlıq sənədlərinin təlimata uyğun təşkili, qızların təhsilə cəlb olunması, erkən nikahların qarşısının alınması, icbari təhsilin təmin olunması və digər sahələrdə də bir sıra müsbətnəticələr əldə olunmuşdur.

Bəs Masallı təhsili hansı uğurları ilə öyünür?

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallıdakı Sektorunun müdiri Qoşqar Hətəmovdan aldığımız məlumata görə: 

2022-2023-cü tədris ilində Respublika Fənn  Olimpiadalarında  6 masallılı şagird qalib olmuşdur.

Onlardan:

1 nəfəri I,

2 nəfəri II, 

3 nəfəri isə III  yerə layiq görülmüşlər. 

Masallı məktəblərinin şagirdlərindən:

- 1 nəfəri Kenquru Beynəlxalq  Riyaziyyat Müsabiqəsində III yeri, 

- Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən zona olimpiadasında isə digər 1 şagird  II yeri tutmuşdur.

Mahmudavar kənd tam orta məktəbin 10-cu sinif şagirdi ötən ilin iyun ayının 24-də  Serbiyanın Belqrad şəhərində keçirilən VIII Avropa  Coğrafiya Olimpiadasında iştirak edərək bürünc medala layiq görülmüşdür. 

Həmin şagird 08.08.2023-cü il tarixdə isəİndoneziyanın Bandunq şəhərində təşkil olunan Dünya (İGEO) olimpiadasında respublikamızı  təmsil etmişdir.

- C.Qasımov adına Banbaşı kənd tam orta məktəbin müəllim və şagirdlərdən ibarət komandası 2022 və 2023-cü illərdə ardıcıl olaraq STEAM Azərbaycan Festivalında II yeri tutmuşdur.

- Cari tədris ilində rayonun ümumi təhsil məktəbləri üzrə 519 şagird Respublika Fənn Olimpiadalarının rayon mərhələsində iştirak etmiş və onlardan  119 nəfəri  olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Buraxılış imtahanlarında IX siniflər üzrə 13 məzun, XI siniflər  üzrə 19  məzun 250 baldanyuxarı nəticə göstərmişdir.

Tədris ilinin yekunlarına görə ümumi orta təhsil səviyyəsi üzrə 15 məzun, tam orta təhsil səviyyəsi üzrə isə  21 məzun məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Məzunlardan bir nəfəri isəməktəbi bitirərkən qızıl nişana layiq görülmüşdür.

Həsənli və Boradigah qəsəbə 1 saylı tam orta məktəblərin məzunları Prezident Təqaüdinə layiq görülüb.

Ötən tədris ilində Masallı rayonu üzrə 11-ci sinfi bitirmiş 1751 məzunun 640 nəfəri ali məktəblərə qəbul olmuşdur. Onlardan 75 nəfəri 500-700 bal aralığında, 14 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzunlardan 2 nəfəri Prezident Təqaüdçüsüdür.

500-700 bal toplayan 75 nəfərdən,  31 nəfərini qızlar təşkil etmişdir.

Ümumilikdə 265 nəfər qız məzun ali məktəblərə qəbul olmuşdur.

Sektor müdiri yaxşı işləri sadalayarkən xüsusilə vurğuladı ki, qazandığı uğurların əksəriyyəti LARTİ-nin əvvəlki müdiri Elxan Nəcəfovun  təhsil sahəsində apardığı ardıcıl, prinsipial, cəsarətli və qətiyyətli addımları nəticəsində mümkün olmuşdur.

- Bəs bu müddətdə Masallı Təhsil Sektoru üzrə kimlər cəzalandırılıb? 

Q. Hətəmovun cavabı belə oldu: 

- Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş nöqsanlara görə 1 məktəb direktoru tutduğu vəzifədən azad edilmiş, 3 məktəb direktorunun həvalə üzrə əmək müqaviləsi ləğv edilmiş, 10 məktəb direktoru isə intizam məsuliyyətinə cəlb olunmuşdur. Eyni zamanda qanunsuz xərclənmiş vəsaitin dövlət büdcəsinə qaytarılmasından ötrü 9 məktəb direktoru və 5 məktəbəqədər təhsil müəssisəsinin müdiri cərimə olunmuşdur. Aşkar olunmuş intizam xətalarının dərəcəsi nəzərə alınaraq 5 məktəb direktoruna  və 1 uşaq bağçası müdirinə xəbərdarlıq edilmişdir.

Hazırda rayonun ümumi təhsil müəssisələri üzrə 16 məktəb direktoru, 3 bağça müdiri, 40 təlim-tərbiyə üzrə direktor müavini və təşkilatçı, 6 laborant, 6 kitabxana müdiri, 4 gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və 40-a yaxın psixoloq vəzifəsi vakantdır.

Son əvəzi:

İmkan daxilində təhsilimizlə bağlı bəzi mənfi və müsbət məqamlara nəzər saldıq. Bir gün öncə FB-də təhsillə bağlı verdiyim suala gələn cavablara isə ayrıca yazıda münasibət bildirməyə çalışacağam.

Bu yazının hazırlanmasına imkan yaratdığına və səlahiyyətləri daxilində bizə yardımçı olduğuna görə Qoşqar Hətəmova dərin minnətdarlığımızı bildiririk. Özü də etiraf etdiyi kimi, ideal olmasa da, təhsilimizin inkişafı üçün bütün səylərini sərf edir. Biz də öz müşahidlərimizə görə hələ ki, Qoşqar müəllimin fəaliyyətində hər hansı ciddi xoşagəlməz əməllərlə rastlaşmamışıq. İnanırıq ki, növbəti söhbətlərimiz daha səmimi, daha anlaşıqlı olacaq.

Yazı uzun çıxdığı üçün üzrlü sayın. 

Cenub.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10