Sənətkarlar diyarı və müasir texnologiyaların istilasına qarşı əsrlərin müqaviməti
Lahıc sənətkarlar diyarıdır. Burada misgərliklə yanaşı digər sahələrdə də ad-san qazanmış ustalar var. Belə ustalardan biri də dərzilik və papaqçılıq sahəsində ad qazanmış usta Abdulla Dadaşovdur.
AYNA-nın müsahibi olan usta 72 illik ömrünün 55 ilini dərziliyə həsr edib. 13-14 yaşlarından dərzi yanında şəyird (şagird) işlədiyini deyən sənətkar artıq 17-18 yaşlarında usta kimi püxtələşib. O gündən bu günə iynəsini yerə qoymayıb.
Bazara uyğun olaraq, əsasən müxtəlif cür papaqlar, jiletlər tikir. Bununla yanaşı, hər cür parçadan istənilən formada geyimlər hazırlamaq bacarığına da sahibdir.
Onun yarım əsrlik dərzilik dövründə özünün də zövq aldığı, yaddaqalan işləri olub.
Belə işlərdən birinin İsmət Qayıbova tikdiyi “layka” (aşılanmış dəri) plaş olduğunu deyir: “Mən sovet vaxtında layka plaşlar tikirdim. O dövrdə layka dəri kontrabanda sayılırdı. Sorğu-sual edirdilər ki, bu dəri hardandır, hardan almısan. Bir gün rəhmətlik İsmət Qayıbov İsmayıllıda prorkuror olanda yanına çağırdı ki, mənə plaş tik. Dedim, dəri yoxdur. Qorxurdum da, çətin vaxtıydı. Dedi, “yox e, sən sənətkarsan, mənə bir plaş tikəcəksən, qiyməti də ki, camaata neçəyə tikirsənsə, mənə də elə - ucuz demə””.
“20 günə tikdim - nətər lazımdır, hər bir incəliyinə qədər. Səhər-səhər döydüm qapını, girdim içəri. Açdım plaşı, İsmət Qayıbov geydi, o baş-bu başa getdi. Boyu da hündür, qəşəng də yaraşır. Gəldi tutdu məni, qucaqlayıb üzümdən öpdü. Dedi, “a kişi, sən nə yaradıbsan?!”. Soruşdu ki, neçə verəcəm. Mən də 350-400 manata tikirdim. Dedim ki, 400. Çıxarıb 450 manat verdi ki, “halalındır, elə bil ki, sən bunu mənə havayı veribsən”. Havayı ha - 450 manata. O iş mənim yadımdan indi də çıxmır”, - deyə həmsöhbətimiz danışır.
Bu gün alıcısı çox olmasa da, sənətkar öz fəaliyyətini dayandırmır. Həftə ərzində 2-3 məhsulunun satıldığını deyir. Materialına, dərisinə və tikilişinə görə hər qiymətə papaqlar hazırlasa da, onları heç vaxt dəyərindən daha artıq qiymətə satmır. Lakin əl işini də qiymətdən salmır. Dadaşovun fikrincə, ucuz qiymətə meyl edənlər çoxaldıqca sənətkarların da əl əməyi dəyərdən düşür.