Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sərhəd toqquşmasının pərdəarxası: nə, niyə baş verir?




Qarabağda keçirilmiş sonuncu anti-terror əməliyyatından sonra dünən ilk dəfə Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəs pozuldu.


Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Zəngilan rayonu ərazisində Ermənistanın ordusunun Qafan rayonunda yerləşən mövqelərindən açılan atəş zamanı hərbi qulluqçu Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. DSX bəyan edib ki, bu növbəti təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yaralı hərbçi bu gün müalicə olunduğu hospitalda jurnalistlərə hadisəni belə təsvir edib: “Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim…”

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələri Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edək ki, dünən Ermənistan Hərbi Prokurorluğu insidentin araşdırılacağını və günahkarların cəzalandırılacağını vəd edib. 

Amma görünür, bu vəd Azərbaycan tərəfində ciddiyə alınmayıb. DSX fevralın 13-də “Qisas” əməliyyatı keçirildiyi barədə məlumat yayıb. Qeyd olunur ki, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Ermənistan Müdafiə Nazirliyi isə əməliyyat nəticəsində 2 hərbçinin öldürüldüyünü bildirib. Bir qədər sonra Ermənistan parlamentinin Müdafiə məsələləri daimi komitəsinin sədri Andranik Koçaryan 4 hərbçinin öldürüldüyünü, birinin isə yaralandığını açıqlayıb.

Şərti sərhəddə atəşkəsin pozulması Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən dərhal sonra baş verməsi diqqət çəkir. Rəsmi Bakıdan Ermənistanla bağlı normallaşma prosesi ilə bağlı yeni bir açıqlama olmayıb. Prezidentin köməkçisi Elçin Əmirbəyov xarici mediaya müsahibəsində davamlı sülh üçün Ermənistanda Konstitusiya islahatların aparılması, Azərbaycana qarşı ərazi iddialarından imtina olunması vacibdir. 

Amma seçkidən sonra – fevralın 8-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişeldən İlham Əliyevə təbrik zəngi gəldi. Mişel “Tvitter” hesabında yazdı ki, Əliyevlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində ətraflı müzakirələr aparıb: “Biz Azərbaycanın sabit və firavan Cənubi Qafqazı təşviq etmək üçün Brüssel Prosesinin üçtərəfli görüşünü yeniləmək öhdəliyini alqışlayırıq”, – Mişel vurğulayıb.

Ekspertlərə görə, danışıqlar zamanı İlham Əliyev Brüssel formatında Ermənistanla danışıqların bərpa olunmasına razılıq verib.  

Fevralın 10-da isə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə Bakı və İrəvana mesajlarla dolu müsahibəsi yayınlandı. Qaluzin “Rusiyanın iştirakı və yardımı olmadan Azərbaycan və Ermənistan arasında etibarlı sülh razılaşmasının əldə olunması mümkün deyil” deməklə bərabər, Rusiyanın Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazır olduğunu açıqladı. 

Nazir müavininin açıqlamalarında əsas diqqətçəkən məsələ, Rusiya sülhməramlılarına bölgədə iş tapmaq və onun mandatını uzatmaqla bağlıdır: “Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə”. 

Qaluzin daha sonra 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı müəmmalı şəkildə öldürülən 6 yüksək rütbəli rusiyalı hərbçinin məsələsini yada salır: “Azərbaycanın hücumu zamanı Rusiyanın səyləri, o cümlədən altı sülhməramlımızın həyatı bahasına olmaqla, mülki əhali arasında əhəmiyyətli itkilərinin qarşısı alınıb”.

Bu açıqlama Azərbaycana təzyiq, şantaj xarakteri daşıyır və rusiyalı diplomat Bakının Qarabağda etnik təmizləmə aparmağa çalışdığını, lakin sülhməramlıların onun qarşısını alarkən itkilər verdiyini iddia edir. 

Qaluzindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokımov “İzvestiya” qəzetinə geniş müsahibəsində nazir müavininin açıqlamalarındakı tezisləri inkişaf etdirir: 

“Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur”.

Rusiyalı diplomatlar yəqin ki, bilərəkdən Azərbaycanın bölgədəki suveren hüquqlarına etinasız mövqe nümayiş etdirirlər. Ermənilər Qarabağa qayıdarsa, onların təhlükəsizliyi və hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində dövlətin təhlükəsizlik qüvvələri və hüquq mühafizə orqanları tərəfindən qorunacaq. Azərbaycan buna tam qabil ölkədir, onun xarici ölkənin hər hansı yardımına ehtiyacı yoxdur. Eləcə də səfir Yevdokimovun açıqlamasında qeyd olunan tarixi abidələrin və binaların qorunması məsələsi də Azərbaycanın dövlət qurumlarının vəzifəsidir. Sülhməramlılar Azərbaycan ərazisində onu kimdən mühafizə edirlər?!

Nazir müavini və səfirin açıqlamaları Azərbaycanın Brüssel formatında danışıqları bərpa olunmasına ilkin razılıq verməsi ilə bağlı ola bilər. Bu zaman kəsiyində atəşkəsin pozulması da təsadüfi görünmür…

  

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Pressklub.az-a şərhində təxribatın arxasında dayanan geosiyasi səbəblərə aydınlıq gətirib. O, qeyd edir ki, Azərbaycan hərbçisinin yaralanması ilə bağlı hadisə təsadüfi də ola bilərdi: “Hesab edirəm ki, Azərbaycan-Ermənistan şərti sərhədində gərginliyin artması gözlənilən idi. Məlumdur ki, bu münaqişə regionu idarə etmək vasitəsi kimi yaranıb, o vaxtdan da bu şəkildə istifadə olunur. Uzun müddət idi, gərginlik, qarşıdurmalar Qarabağ bölgəsində baş verirdi. Ötən ildən gərginlik mənbəyi olan Qarabağ Azərbaycanın tam nəzarəti altındadır və münaqişə sərhədə keçib. Bu keçid prosesi əslində çoxdan başlayıb, çünki bəyanatlarda, şərhlərdə sərhəd məsələsi qabardılır. Proseslər onu göstərir ki, kənar oyunçular bölgədə bu və ya digər formada gərginliyin qalmasında maraqlıdırlar”. 

Keçmiş nazir vurğulayır ki, coğrafi baxımdan gərginliyin Qarabağdan Azərbaycan – Ermənistan sərhədinə keçməsi artıq yekunlaşıb. Onun sözlərinə görə, istənilən halda kənar oyunçular burada öz iştiraklarını, nüfuz dairələrini yaradıb prosesləri idarə etməyə çalışırlar: 

“Son dövrün əsas xəbərlərindən biri Rusiya sülhməramlılarının bölgədəki gələcəyi barədə müzakirələrin başlamasıdır. Bəllidir, bunlar mandatları bitən kimi hazırki mövqelərini boşaldıb, harasa getməlidirlər. Eyni zamanda, biz başa düşürük ki, Rusiya və başqa oyunçular çalışacaqlar ki, bölgədə idarəetmə üsullarını bu və ya digər formada saxlasınlar. Avropa İttifaqı öz müşahidə missiyasını Azərbaycanla sərhədə yerləşdirib. Digər tərəfdən, biz bilirik ki, 1992-ci ildən Zəngəzur tərəfdə, Ermənistan-İran sərhədində rus sərhədçiləri var. Eyni zamanda, 44 günlük müharibədən dərhal sonra Rusiya orada 3 və ya 4 yeni nəzarət məntəqəsi yaradaraq sərhədçilərdən ibarət olan hərbçiləri orada yerləşdirib. Amma onların yerləşdirilməsi heç bir hüquqi sənədlə tənzimlənmir. Çünki biz Rusiya və Ermənistan arasında bağlanmış sazişə baxanda görəcəyik ki, 1992-i ildə imzalanmış bu sənəd, sadəcə olaraq, MDB-nin xarici sərhədlərinin qorunması üçün Rusiya sərhədçilərini yerləşdirilməsi ilə bağlıdır. Amma yeni qurulmuş nəzarət məntəqələri MDB üzvləri arasında yaradılan yeni məntəqələrdir”.

T.Zülfüqarov hesab edir ki, Rusiya Qarabağdan hərbçilərini çıxarıb Azərbaycan-Ermənistan sərhədlərində saxlamağa çalışacaq. “Söhbət təkcə sərhədçilərdən də getmir. Həm Rusiya, həm də Qərb çalışacaqlar ki, sərhədlərlə bağlı gedən danışıqlarda iştirak etsinlər. Artıq dolayı olsa da buna aid bəyanatlar verirlər. Baxın, son zamanlar SSRİ Baş Qərargahının xəritələri gündəmə gətirilir. Onu gündəmə gətirən həm Lavrovdur, həm də Qranadada Makron. Əslində, qəribə vəziyyət yaranıb, xəritələr kimə lazımdır? Bizim hamımızın cibindəki telefonda Google Map proqramı var, orada sərhədlər xəritələrdən daha dəqiq göstərilir. Bəs nəyə görə bu fikri səsləndirirlər? Lavrov deyir, SSRİ Baş Qərargahının xəritələri bizdədir, bizsiz danışıqlar mümkün deyil, Makron da xəritələrdən danışır. Bu da Moskvaya bir mesajdır ki, həmin xəritələrin əsasında Fransa da danışıqlarda iştirak etmək istəyir. Bunu təmin etmək üçün onlar xüsusi bir missiya da göndəriblər. Ukrayna və başqa qaynar bölgələrdə qarşıdurma içərisində olsalar da, bizim regionda çalışırlar ki, mövqelərini uzlaşdırıb, gücləndirsinlər”, – keçmiş nazir vurğulayıb. 

T.Zülfüqarov deyir ki, məhz ona görə Azərbaycan ikitərəfli danışıqlar formatı təklif edir: “Deyirik ki, gəlin birbaşa müzakirə edək, hansısa nəticələr əldə edək. Biz görürük, eləcə də Ermənistan siyasi elitasının bir hissəsi başa düşürlər ki, vasitəçilər çoxlu sayda vədlər verə bilərlər, amma onların kimin tərəfində oynaması təminat vermir ki, Ermənistanın maraqları müdafiə olunacaq…”

Turqut   






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10