Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlayn ticarətin inkişafı: Ənənəvi satış sıradan çıxır?



Müasir dövrdə internetin imkanları bir sıra sahələrdə özünü əsaslı şəkildə göstərir. Bu cür sahələrin başında isə onlayn ticarət platformaları gəlir. 

Artıq əksər insanlar bir çox məhsulları ənənəvi mağazalar və ticarət obyektlərindən deyil, onlayn alış-veriş saytlarından və sosial şəbəkə səhifələrindən almağa üstünlük verir. Alıcıların onlayn satış platformalarından istifadə etməsinin isə müxtəlif səbəbləri var. 

Ənənəvi mağazalardakı məhsulların qiymətləri ilə müqayisədə onlayn satış zamanı təqdim olunan məhsullar daha ucuzdur. Digər tərəfdən mağazaları gəzib, uyğun məhsulu tapmaq insanlara yorucu gəlir. 

Lakin bu tendensiya ənənəvi və pərakəndə ticarətlə məşğul olan sahibkarların etirazına səbəb olur. Bu qəbildən olan sahibkarlar hətta onlayn ticarətin imkanlarının inzibati yolla məhdudlaşdırılmasını tələb edirlər. 

Ancaq bu tələb istər azad sahibkarlıq, istərsə də liberal iqtisadiyyatın tələblərinə kökündən ziddir.  

Yenisabah.az bu mövzuda bir sıra iqtisadçı-ekspertlərin fikirlərini öyrəndik. 

İqtisadçı-ekspert Elmir Səfərli onlayn ticarətin qarşısının alınmasının yolverilməz olduğunu vurğulayaraq, bu cür ticarətin olduqca əlverişli olduğunu dilə gətirib.

“Birinci növbədə bütün dünya qloballaşır və elektronlaşdırılır. Belə olduqda ticarətin də elektronlaşdırılması vətəndaşların rahatlığı üçün nəzərdə tutulmuş addımdır. 

Düzdür, bu pərakəndə satışa, xüsusən də ənənəvi mağazalara təsir edir, amma biz dünya təcrübəsinə baxsaq həmin mağaza və şirkətlərin də öz sosial media səhifələri və saytları vasitəsi ilə onlayn satışlarını etdiklərini görərik. Bu istiqamətdə dünyanın bir çox tanınmış markası artıq bu vasitə ilə satışlarını yetərincə artırıb. 

Ona görə də, onlayn ticarətin qarşısını almaq istər hüquqi, istərsə də rəqabət baxımından mümkünsüzdür. Hətta elektron ticarətin inkişafı dövlətin də marağındadır. Çünki elektron ticarətin genişlənməsi şəffaflıq, ödəmə, vergi həm də iqtisadiyyatın inkişafı baxımından çox əlverişlidir”.

Ekspert Emin Qəribli ənənəvi sahibkarların yeni dövrlə ayaqlaşmalı olduğunu qeyd edib:

“Sahibkarlıq və ticarət yeni dövrlə ayaqlaşmalıdır. Əgər hansısa mağaza və ya sahibkarlıq obyekti müasir dövrün tələblərinə cavab vermirsə, onlar artıq tarixə qovuşmalıdır. 

Ənənəvi ticarətlə məşğul olan insanlar əgər rəqabətə tab gətirə bilmirlərsə, o zaman onlayn ticarətin imkanlarından faydalanmalıdır. 

Tutaq ki, biz onlayn ticarətin imkanlarını məhdudlaşdırdıq, o zaman ticarətin və iqtisadiyyatın inkişafına nail ola biləcəyik? Təbii ki, xeyir. Belə olsa, biz yeni nəsil ticarətdən uzaqlaşmış olarıq. 

Digər tərəfdən ənənəvi ticarətlə məşğul olan bir çox mağazalar var ki, onlar paralel şəkildə sosial şəbəkələr və satış saytları üzərindən də fəaliyyət göstərir. Buna görə də biz yeni nəsil ticarətin imkanlarını stimullaşdırmalıyıq. 

Əsas məsələ isə odur ki, onlayn satış platformalarında təqdim olunan məhsullar ənənəvi mağazalarla müqayisədə olduqca ucuz və sərfəlidir. Alıcı üçün isə məhz bu önəmlidir”

İqtisadçı Xalid Kərimli ənənəvi sahibkarların bəzi nüanslarda haqlı olduğunu deyib. O, ənənəvi sahibkarların üzərinə qoyulan vergi yükündən bəhs edib:

“Təbii ki, onlayn ticarət həmişə olacaq. İnternetlə əlaqədar olan satış platformalarının qarşısı alına bilməz və alınmamalıdır. 

Lakin ənənəvi sahibkarların haqlı olaraq narahat olduğu əsas məsələ ondan ibarətdir ki, müştəri onlayn alış edəndə 300 dollara qədər aylıq, 3600 dollara qədər isə illik limit verilir. Azərbaycanda hər hansı vətəndaş çox nadir hallarda illik 3600 dollardan çox alış-verişə pul xərcləyir. 

Bu baxımdan yerli sahibkarların şikayətləri sonuna qədər əsaslıdır. Məsələn eyni məhsulu siz həm mağazadan, həm də onlayn satış platformasından alımısınız. Onlayn sifariş zamanı vergi verilmir, amma ənənəvi satış zamanı vətəndaş vergi ödəməli olur. Bu isə xırda sahibkarların və tacirlərin həddən artıq əziyyət çəkməsinə gətirib çıxarır. 

Ona görə də hər iki sahəyə bərabər imkanlar və şərait yaradılmalıdır. Onlayn ticarəti məhdudlaşdırmaq yerinə vergi şərtlərinin eyniləşdirilməsi daha məqsədə uyğundur”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10