Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çökən “Ezgi”nin ibrətamiz hekayəti – Türkiyə zəlzələsinin acı dərsləri



Türkiyənin cənubunda baş verən və 50 mindən çox insanın ömrünə son qoyan zəlzələdən bir il ötdü. İndi aydındır ki, əgər bütün tikinti normaları gözlənilsəydi, bir çox həyatları xilas etmək mümkün olardı. İstanbulda yaşayan bir qadın doğmalarının yaşadığı binanın uçma səbəbini aşkar etməyə çalışıb.

Keçən ilin fevralına qədər Nurgül Göksu, öz sözləri ilə desək, adi evdar qadın idi. Xörək bişirməyi sevirdi, ən sevdiyi xörək də “içli köfte” idi. 

Nurgül İstanbulun ucqarında, oğlu Ahmet Kan Zabun isə arvadı və körpə övladı ilə birlikdə Kahramanmaraşda yaşayırdı. 

31 yaşlı Ahmet Nurgülün yeganə övladı deyildi, amma gənc yaşda doğduğu ilk oğlu idi və bu səbəbdən aralarında xüsusi bağ vardı. 

Özü ali təhsil ala bilməyən və məktəbi ekstern bitirən Nurgül oğlunun universitet bitirməsi və nailiyyətləri ilə fəxr edirdi. 

2023-cü il fevralın 6-da onun həyatı baş-ayaq çevrildi: Ahmetin yaşadığı Kahramanmaraş güclü zəlzələnin episentri oldu. Fəlakət zamanı şəhərdə 7 mindən çox bina çökdü, o cümlədən Ahmetin yaşadığı bina. Nurgül dərhal Kahramanmaraşa gedərək “üç övladım” dediyi oğlunu, gəlinini və nəvəsini axtarmağa başladı. 

Ahmetin yaşadığı rayon Kahramanmaraşın digər yerlərindən az zərər görmüşdü. “Ezgi” kimi tanınan onmərtəbəli çoxmənzilli yaşayış binası burada uçan azsaylı tikililərdən biri idi. Ətrafdakı digər evlər, demək olar, zərər görməmişdilər. 

Oxşar hallar zəlzələ zonasının digər rayonlarında da baş verib. Qonşuluqda yerləşən, eyni mərtəbəli, eyni yaşlı və eyni arxitekturalı binaların bəzilərinin dağılması, bəzilərinin isə dağılmamasının səbəbi Türkiyədə çoxlarını düşündürdü. 

Nurgül xilasedicilərin “Ezgi”nin dağıntılarını təmizləməsini səbirlə gözlədi. Səkkiz gün sonra oğlu Ahmetin, gəlini Nesibenin və nəvəsi Asudenin cəsədləri tapıldı. 

Ahmet və arvadı hüquqşünas idilər, qızları 6 aylıq idi. 

“Bir yox, üç övladı itirmək çox ağırdır”, – Nurgül deyir. O, zəlzələdən sonra qoşulduğu sosial şəbəkələrdə tez-tez ailə fotolarını paylaşır. “Ölümlərinin nəticəsiz qalmasını və onları sadəcə unutmağımı istəmirəm” – deyir.

Ahmet Kan xanımı və qızı ilə

“Ezgi”nin çökməsi nəticəsində 35 nəfər həlak olub. Yalnız 2 nəfər sağ qalıb. 

Həqiqət axtarışı üzrə ekspert

Nurgül həqiqəti tapmaq, digər binaların salamat qaldığı halda oğlunun yaşadığı binanın çökməsinin səbəbini aşkar etmək qərarına gəlib. Ona sübutlar və ekspertiza lazım idi. 

O, yerli mühəndislərə və tikinti sahəsi üzrə ekspertlərə müraciət etdi, internetdə “əvvəlki” və “sonrakı” şəkilləri tapmağı bacardı, tikinti normalarını və yenidən planlama icazəsi almaq üçün hansı prosedurlardan keçmək lazım gəldiyini öyrəndi. 

Keçən ilin iyununda Nurgül “Youtube”da BBC-nin Türkiyə xidmətinin bir videoçarxı ilə rastlaşır. Həmin çarxda 2020-ci il zəlzələsindən sonra İzmirdə bir binanın çökməsindən danışılırdı. Nurgül bizə müraciət edərək, “Ezgi” binasının uçmasının analizinə yardım etməmizi istədi. 

Biz onunla bir neçə ay boyu əlaqə saxladıq, o da həmin vaxt “Ezgi”dəki yeni planlamaların düzgün aparılıb-aparılmadığını öyrənməkdə davam edirdi. Biz də baş verən hadisəni illüstrasiya etmək üçün onun gəldiyi nəticələri qrafik halında təqdim edirdik.

“Oğlumun öldüyü yerdən bacardıqca çox informasiya toplamağa çalışdım, əslində isə bunu mən etməməli idim, – Nurgül deyir. – Amma mən etməsəydim, biz heç nə bilməyəcəkdik”.

Nurgül zəlzələ zonasında tikinti normalarının pozulması iddialarından sonra başladılan araşdırmaların sübut çatışmazlığı üzündən qapadıldığını öyrənir. O, “Ezgi” ilə də eyni şeyin baş verməsini istəmir. Bu işi ictimailəşdirmək üçün bir neçə dəfə müsahibələr verir. 

Zəlzələyə qədər sosial şəbəkələrdən başı çıxmasa da instaqramda “Ezgi”nin uçması haqda akkaunt yaradaraq, tikinti mütəxəssislərindən və başqa ölənlərin ailələrindən informasiya toplamağa çalışır. 

Nurgül aydınlaşdırmaq istəyir ki, niyə o ətrafda yalnız oğlunun yaşadığı bina uçub

Nurgül deyir ki, prokurorluq binanın ilkin tikintisi haqqında açıq mənbələrdən informasiya ala bilərdi. O özü isə çöküşə görə məsuliyyət daşıyan hər kəsin cəzalandırılmasını istəyirdi, buna görə də binanın rekonstruksiyasının və yenidən qurulmasının necə aparılması haqda informasiya toplamağa çalışırdı. 

Prokurorluq istintaqa başladı və “Ezgi”nin çöküşü üzrə ekspert rəyi istədi ki, həmin rəy də 2023-cü ilin iyulunda hazır oldu. Nurgülün ifadələri onun əsasını təşkil etdi. 

Rəydə nə deyilir?

Gəlinən nəticəyə görə, binanın konstruksiyasına edilən çoxlu dəyişikliklər mövcud tikinti qaydalarının pozuntusu ilə həyata keçirilib və qanunsuz olub.

İstanbul texniki universitetinin dosenti Beyza Taşkin BBC-yə verdiyi müsahibəsində deyib ki, qonşu binaların salamat qalması “Ezgi”də ciddi struktur problemlərinin olduğunu göstərir. 

Rəydə binanın əsas yükdaşıyan elementlərinin ya əvvəlcədən lazımi şəkildə inşa olunmadığı, ya da sonradan dəyişdirildiyi deyilir. 

Rəsmi laboratoriya analizləri bəzi materialların və proseslərin normalara uyğun olmadıqlarını aşkar edib.

Başqa şeylər də var. 

Birinci mərtəbədəki kafe

“Ezgi”nin çökməsindən sonra birinci mərtəbədəki kafedə daha əvvəl aparılan rekonstruksiya işləri ilə bağlı suallar yarandı.  

Rekonstruksiya üç otağın bir böyük otağa çevrilməsindən ibarət idi. Bundan əlavə, döşəmənin bir hissəsi demontaj edilib, xidməti lift düzəldilib, divarlarda isə ventilyasiya məqsədilə çoxsaylı böyük dəliklər açılıb. 

Daha bir dəyişiklik isə binanın ilkin layihəsində nəzərdə tutulan, amma sonra yoxa çıxan yükdaşıyan divarın sökülməsi, ya da dəyişdirilməsidir. 

“Ezgi”də yaşayanlar görülən işlərin binanın konstruktiv bütövlüyünə zərər vurduğundan şübhələnərək, 2021-ci ildə yerli hakimiyyətə müraciət göndərib, yoxlama xahiş etmişdilər. Cavabda isə yazılırdı ki, “ilkin arxitektura layihəsindən heç bir sapma qeydə alınmayıb”.

İndi Nurgül kömək haqqında müraciətə niyə əhəmiyyət verilməməsi, “hakimiyyətin cavab yazmazdan əvvəl binaya ümumiyyətlə baxıb-baxmadıqları” üzərində düşünür.  

Rəyin ötən ilin yayında açıqlanmasından sonra prokurorluq cinayət işi qaldırdı. Birinci mərtəbədəki kafenin dizayneri və binanın tikilməsinə məsul mühəndis sentyabrda həbs edildilər və indi məhkəməni gözləyirlər. 

 Tikintinin podratçısının da həbsi üçün order verildi, amma tutulmadı – yəqin ki, yaşının çoxluğu səbəbindən. Onun vəkili müştərisinin “Ezgi”nin çöküşünə görə məsuliyyət daşımadığını bildirərək, günahı sonradan görülən işlərin üstünə atdı. 

Kafe sahiblərinin də həbsinə sanksiya verilmişdi, amma gizləndilər və hələ ki, tutulmayıblar. Gizlənməzdən əvvəl də birinci mərtəbədə aparılan təmir işləri zamanı tikinti normalarının pozulmasına görə məsuliyyət daşımadıqlarını bildirirdilər. 

Yerli hakimiyyət isə indiyəcən sorğu-sual edilməyib. Biz vəziyyəti şərh etmək xahişi ilə Türkiyə Daxili İşlər Nazirliyinə müraciət etdik, amma cavab almadıq. 

“Ezgi” ilə qonşu olan binaların hamısı salamat qalıb

“Ezgi” dərsləri

“Ezgi”nin çökməsi ilə bağlı cinayət işi və həbslər unikal deyil. Qüsurlu konstruksiyalar və qanunsuz dəyişikliklərlə bağlı Türkiyənin bütün zəlzələ rayonlarında onlarla cinayət işi açılıb. 2023-cü ilin iyulunda Ədliyyə Nazirliyi həmin işlərin istintaqı çərçivəsində 350-dən çox adamın həbs edildiyini xəbər vermişdi. 

Öz araşdırmasını aparan Nurgül tikinti normaları və mülki tikinti sahəsində biliklərini, eləcə də açıq mənbələrdən informasiya toplamaq vərdişlərini bölüşərək, başqalarına da kömək olur. O, “üç övladı”nın həlak olduğu bina uçqununda günahkar olanların hamısının cəzalandırılmasını və gələcəkdə heç kəsin tikinti normalarını pozmayacağına əmin olmaq istəyir. 

“Bəlkə məhz “Ezgi” sayəsində gələcəkdə belə işlər daha təkrarlanmayacaq, mən bu işin örnək olması üçün savaşıram”, – Nurgül Göksu deyir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə:https://www.bbc.com/russian/articles/c72gv0m75n4o 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10