Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sızlar yada düşəndə…




Böyüklər həmişə deyirdi ki, gəncliyin ən gözəl dövrü tələbəlik illəridir. Həmişə, universitetə hazırlaşan abituriyentlərə bir-birindən gözəl vədlər verilirdi: “Balam, sən təki universitetə gir. Həyatın gözəllikləri ondan sonra başlayacaq. İstədiyin qədər gəzə, əylənə, həyatın dadını çıxara biləcəksən…” Əslində isə universitetə girdikdən sonra problemli, stressli həyat başlayır. Təbii ki, söhbət başıbəlalı kasıblardan gedir…

Çox vaxt regionlardan Bakıya oxumağa gələn tələbələrin problemi eyni olur: qalacağı evi, pul qazanacağı işi tapmaq onun üçün ən vacib məsələyə çevrilir. Zəncirvari proses başlayır. Daxil olduğu universitetin nəzdində yataqxana olmadığı üçün kirayə ev tutmalıdır. Bakıdakı kirayə evlərin də qiyməti məlumdur. Kirayə pulunu ödəmək üçün iş lazımdır. Tələbənin normal gəlirli iş tapması da çətin məsələdir. Hələ bunun kommunal xərcləri, yemək pulu, yol pulu, dərslik pulu, geyim-keçimi var. Ailə bacardığı yardımı etsə də Bakıda yaşamaq üçün yetərli deyil. Beləliklə, tələbə ovsunlu “tələbəlik illəri” xəyallarını bir kənara qoyub, xərclərini qarşılamaq üçün var gücü ilə işləməyə çalışır… 

Amma universitetin yataqxanası olsa, tələbə kirayə pulu verməz, xərcləri ikiqat azalar, problemləri səngiyər.

Təəssüf ki, Azərbaycandakı universitetlərin bir çoxunda yataqxana problemi var. Ya yataqxana var, amma şəraitsizdir, həcmi də kiçikdir, ya da ümumiyyətlə yataqxanası yoxdur. Tək-tük universitet var ki, bu cür problemləri yoxdur.

Maraqlıdır, görəsən, yataqxana problemi yaşayan universitetlərin bu problemi nə zaman həll olunacaq? Ümumiyyətlə, bunun həlli düşünülürmü?

Belə universitetlərdən biri olan Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat katibi  Sevinc İsgəndərova ilə əlaqə saxladıq. 

İsgəndərova Pressklub.az-a açıqlamasında  yataqxana probleminin səbəbindən danışdı. Onun sözlərinə görə, universitetin yataqxanalarında qaçqın və məcburi kökün ailələri məskunlaşıb.

“Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətlərini, habelə kanalizasiya sistemini məcburi köçkünlər öz məişətlərinə uyğun dəyişdirib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, ətraf yollar və yaşıllıqlar yararsız haldadır”.

Müsahibimiz bildirdi ki, azad edilmiş torpaqlara köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Nə deyək, təki tezliklə problem həll edilsin.

Tam şəraitli yataqxanası olan universitetlərdən biri Azərbaycanın ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universitetidir (BDU).  Amma şəraiti yaxşı olsa da tələbə sayının çoxluğuna görə, yerləşmə problemi var. 

BDU-nun sözçüsü Kəmalə Quliyeva Pressklub.az-a problemin həlli üçün atılacaq addımlardan danışıb. O, deyir ki, yeni yataqxanaların tikilməsi planlaşdırılır.

“BDU üçün yeni yataqxanaların tikilməsi istiqamətində dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır. Hələ ki, nə zaman tikiləcəyi məlum deyil”. 

Müsahibimizin sözlərinə görə, yataqxanaya daha çox sosial həssas ailələrin övladları qəbul edilir. Həmçinin BDU-nun tələbə evi ən müasir standartlarla təmir olunub: “Hər bir şəraiti var, çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları var”. 

Ümidimiz bütün universitetlərin bu cür yataqxanalarının olmasınadır. Görəsən, bu istəyimiz gerçəkləşə biləcəkmi? Bu istiqamətdə lazımi planlar qurulurmu?

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Pressklub. az saytına danışıb. O, hesab edir ki, bu çox ciddi problemdir və tezliklə həll edilməlidir. 

“Mən dəfələrlə bu məsələni qaldırmışam. Bu, Azərbaycan təhsilində həllini ən çox gözləyən məsələlərdən biridir. Universitetlərimiz çalışmalıdır ki, yataqxana problemini həll etsinlər. Bu həm də universitetlərin reytinqi baxımından xüsusi önəm daşıyır. Bu gün bir tələbə ildə 2 min manat təhsil haqqı verirsə, ondan daha artığını da kirayəyə verir. Beləliklə, təhsilə 4-6 min manat pul xərcləmiş olur. Tələbələrin yükünü azaltmaq üçün mütləq yataqxana məsələsi həll olunmalıdır”. 

Deputat deyir ki, bu bir anda mümkün olmasa da, yavaş- yavaş prosesə başlamalıyıq ki, tələbələri problemdən xilas edək. Ali təhsil haqqında qanunda da sosial yataqxanaların yaradılması nəzərdə tutulur. 

Müsahibimizin sözlərinə görə, əksər universitetlərin yataqxanası var. Amma 20 min tələbəsi olan universitetin min nəfərlik belə yataqxanası yoxdur: “İnanıram ki, bu məsələ həllini tapacaq. Yataqxanaların bir hissəsində məcburi köçkünlər məskunlaşır. Onlar köçməyə başlayacaq. Bununla da tezliklə bu prosesə başlanılacaq. Amma universitetlər də buna maraqlı olmalı, Elm və Təhsil Nazirliyi lazımi addımlar atmalıdır”. 

Universitetlərin böyük qismi Bakıda yerləşdiyinə görə, ən çox tələbə axını da məhz Bakıyadır. Bölgələrimizdən Bakıya oxumağa gələn tələbələrlə yanaşı, xaricdən gələnlər də az deyil. Tələbə çoxluğunu nəzərə alsaq, yataqxana ehtiyacının da nə qədər vacib olduğunu görərik. Buna görə də, problem tezliklə həll edilməlidir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Pressklub.az-av açıqlamasında deyib ki, yataqxana probleminin həlli üçün nə qədər işlər aparılsa da nəticəsi olmur.

“Sanki universitetlər normal yataqxana olması məsələsinə diqqət yetirmirlər. Müstəqillikdən bu yana bütün təhsil müəssisələri tələbələrin yeni yataqxanaya köçürülməsi istiqamətində iş aparır, mövcud texniki şərtlər nəzərdən keçirilir. Amma nəticə olmur ki, olmur”. 

Ekspert deyir ki, universitetlərin mövcud yataqxanalarında məcburi köçkünlərin məskunlaşması bəhanədir. 

Müsahibimiz iddia edir ki, heç bir qurum tələbənin qaldığı kirayə evlə maraqlanmır. Bir ara dini cərəyanlar yataqxanalarına tələbə qəbulu ilə məşğul idilər: Bu gənclər arasında Bakıya ilk dəfə gələnlər az deyil. Universitet yataqxanası təhlükəsizdir. Amma nədənsə bu məsələ diqqətdən çox kənardır. Biz öyrəşmişik, pis hadisələr ola, çoxala və sonra müxtəlif tədbirlər görülə”.

Ekspert təklif edir ki, tələbə yataqxanalarının tikilməsi prosesinə fiziki və hüquqi şəxsləri cəlb etmək olar. Onların yataqxanalarına rəsmi rəy verilə və tələbələr orada qala bilərlər: “Təbii ki, burada xərc məsələsi var. Bakıda kirayə qiymətləri həddən çox baha olduğuna görə tələbələrin əksəriyyəti şəraitsiz evləri seçməli olurlar”. 

Rizvanoğlunun sözlərinə görə, çıxış yolu olaraq Təhsil Tələbə Krediti Fondu bu istiqamətdə kreditlər ayıra bilər. Uzunmüddətli şərtlərlə verilən kreditlər sayəsində tələbələr güvən əldə etməklə yanaşı, normal şəraitli tələbə yataqxanalarında qala biləcəklər. 

Tələbələrə görə mühüm olan yataqxana məsələsinə baxılmalı, həlli üçün lazımi addımlar atılmalıdır. Axı, təhsil millətin gələcəyidir. Tələbələrin təhsilə yaxşı fokuslanması üçün də problemsiz yaşayış lazımdır. Gənclərimizi, gələcəyimizi qorumaq, onların həyat şəraitini yaxşılaşdırmaq üçün hərəkətə keçmək lazımdır. 

Günay Elşən






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10