Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rahid Ulusel: "Dini təriqətləşdirən, siyasiləşdirən qüvvələr..." - Müsahibə



Rahid Ulusel: "Dini təriqətləşdirən, siyasiləşdirən qüvvələr..." - Müsahibə

FƏRİD HÜSEYN: Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cibran Xəlil Cibranın “Peyğəmbər” əsəri sizin sevdiyiniz əsərdir? RAHİD ULUSEL: Yaradıcılığı ilə tanış olduğum 40 ilə yaxın bir zaman sürəcində Cibran Xəlil Cibran Sözünə sevgim də böyüyüb, yaşa dolub, bar verib: onun haqqında esselər yazmış, əsərlərindən tərcümələr etmişəm. Bir sözlə, gəncliyimin daşar axtarış çağlarından bəri Cibran Xəlil Cibran heç zaman məni tərk etməyib. Bundan da böyük doğmalıq olarmı?! “Peyğəmbər” isə ayrı bir aləmdir! Bu da həqiqətdir ki, Cibran Xəlil Cibran “Peyğəmbər”ədək uzun bir yol gəlib... Əslində, o bütün həyatı ilə bu əsəri yazmağa yetişib... Əgər onun dolğun həyatının bir sıra məqamlarına baxsaq, görərik ki, bu doğrudan da, belədir. 1883-cü ildə Livanın Bşarrə adlı dağ kəndində dünyaya gələn Cibran Xəlil Cibran 12 yaşından yoxsul ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarında mühacirət həyatı yaşamağa başlayıb. Çox ağır günlər görüb, həyatı dibindən zirvəsinədək yaşayıb. Hələ siz onun 15 yaşında Fred Holland Dey tərəfindən çəkilmiş fotosuna baxın: yazacağı bütün əsərlərin nişanəsi saçılır çöhrəsindən... Ailəsinin bütün sevimliləri dünyadan vaxtsız köçüblər... Şərqin və Qərbin sənət və fəlsəfə məktəblərindən keçib... Cəmi 48 il – bir Nəsimi ömrü yaşayıb... Qısa ömrünə dünyaları sığdırıb... Şair, yazıçı, publisist, filosof, ilahiyyatçı, rəssam kimi fəaliyyət göstərib... Maraqlıdır ki, “Peyğəmbər” əsərinə qrafik illüstrasiyaları da özü çəkib... Özü də necə çəkib! Sanki Ruhun cismaniləşdirilməsi kimi!.. Cibranın bütün dünyada yüzdən çox dildə on milyonlarla tirajda çap edilib yayılan “Peyğəmbər” əsəri – həm ərəb, həm də amerikan fəlsəfi romantizminin və esseistikasının zirvəsi sayılır... Belə əsərlər, əslində, bəşəriyyətin hər zaman, bütün yaşlarda oxunacaq dərsliyidir. Onu təkcə mən sevmirəm ki... “Peyğəmbər” – milyonların qəlbinə yol tapmış bir əsərdir. Çünki Sevginin tükənməz qaynağıdır! Buradakı hər söz-refleksiya oyandırıcı enerji yükünə malikdir. Dünya mədəniyyətində “Peyğəmbər” tək fəlsəfi dərinlik, zəngin metafora və bədiilik tutarına ilahi məhəbbətlə yüksəlmiş az əsər var. Yəqin hələ gizlinlərini tam açmamış füsunkarlığına görə ona dönə-dönə qayıdılacaqdır... Sizin sualınızın birbaşa cavabına gəldikdə isə, deyim: Yaranışından bəri insanın çırpına-çırpına axtardığı suallara Cibran Peyğəmbərinin verdiyi cavablar əks-tərəfin idealizə olunmuş fikri, baxışı, yanaşması deyil. Cibran Peyğəmbəri bu cavabları elə insanların özünün iç dünyasında dərinə, xəlvətə çəkilmiş, pərdələnmiş, ancaq zühur etmək üçün məqam gözləyən duyğulardan yoğurub yapır: “...Bu dünyada heç kəs sizin duyğu və idrakınızın oyuqlarında, kahalarında uyuyub gizlənənlərdən savayı heç nəyi sizə aşkar edə bilməz!” Beləcə, bəşəriyyətin “dilinin ucundakıları” Cibran bir Ustad bəyanında yenidən onun özünə qaytarır. Ona görə Cibran Peyğəmbərinin sözü insana doğma gəlir. Çünki bu söz kənardan deyilmir. Bu söz onun öz varlığından dərilib özünə qaytarılmasıdır. Günəş tək doğulan bu Söz onilliklərdir ki, məni də isindirir. Yadıma gəlir: doxsanıncı illərin əvvəllərində icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyirdim. Soyuq qış günündə qəfildən işdən çıxarıldım. Onda uşaqlarımız balaca idi. İşsiz qaldığım günlərdə ailəni necə dolandıracağımın dərdi götürmüşdü məni. Demə, məni işdən çıxaranlar bunu veclərinə almasalar da, mənin əbədi dostum Cibran bunu düşünürmüş. Onun dolabdan götürüb açdığım kitabının gözümə sataşan elə ilk cümləsi məni oyandırdı: “Üstünüzə qaranlıq çökəndə... deyin: “Bu qaranlıq hələ doğulmamış sübhdür. Olsun! Qoy mən işıq doğan gecənin ağrısını onunla birgə çəkim – mənim də sübhüm doğular!..” Bu sözlər mənim içimə sanki işıq seli axıtdı. Dirçəldim. Cəsarətləndim. Daha “işsizlik” kimi xırda olaylar məni dayandıra bilməzdi... Mən artıq həyatın bundan qat-qat ağır çətinliklərini dəf edəcək bir enerjiyə sahib idim... Bax, Cibran Peyğəmbərində insanı həyatın daha üst pillələrində hərəkətləndirə biləcək mənəvi enerji ehtiyatları var!..






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10