Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənov:-“Hüzr məclisində ehsan olmasın” təklifi necə reallaşa bilər?


Türkmənistan, Ukrayna, İran ... və bizim nümunələr. (Ölməyə hazırlaşmasam da, bunu vəsiyyətim  də saymaq olar)

Hüzr məclisləri ölkəmizin əksər yerlərində çox təmtəraqla keçir, böyük xərclər hesabına  başa gəlir. Vaxt var idi belə məclislər ən azı 40 gün, sonralar 7 gün, hazırda isə əksər yerlərdə 3 gün keçirilir. (Daha cümə axşamları, 40, il, qara bayram və və sairi demirik) .

Hüzr məclislərində bəzən eyni vaxtda  yüzlərlə insan üçün ehsan süfrəsi açılır. Bir çoxları bunu vəfat edən şəxsin ruhuna ehtiram kimi dəyərləndirsə də, bir çox insanlar  isə bunu israfçılıq kimi dəyərləndirirlər.

Bu mövzuda  bəzi ölkələrin, eləcə də bəzi rayonların konkret addımları barədə bir qədər sonra ətraflı bəhs edəcəyik.  Hələlik isə, bir məqama diqqət çəkmək istəyirəm.

Öncə başlığa çıxartdığım    “Hüzr məclisində ehsan olmasın” təklifi necə reallaşa bilər?” sualına cavab verək.

 Hüzr məclislərində ehsan olmasını istəməyən çox olsa da, ilk addımı atmağa bir çoxları tərəddüd edir. Əsas arqument də o olur ki, filankəs öz ölüsünü ucuz tutur.

Öncə təşəbbüs Naxçıvan Respublikasının bəzi kəndlərindən  gəldi, daha sonra səhv etmirəmsə, Ağsu rayonu bu təşəbbüsə qoşuldu.

Bəs bu məsələdə mənim təklifimdə fərqli nədir? (Buna “vəziyyət” də demək olar).

Mən dünyamı dəyişəndə

  1. Hüzr məclisim 3 gün olsun;
  2. Hüzrdə xərc yığılmasın;
  3. Övladlarım və qohumların imkanları varsa 50, imkanları zəifsə 30 kasıb ailəyə ərzaq, yaxud pul yardımı göstərsin. (Bunu ərazidəki yolu, bərbad məktəbi və sair sosial obyekti abadlaşdırmaq, imkansız tələbənin təhsil haqqına yardımçı olmaqla, 2-3 narkotik istifadəçisini müalicə etdirməklə də əvəzləmək olar.)

 

Bu sahədə Masallı rayonunda maraqlı nümunələr də var. Məsələn, Masallı İHB-nin sabiq müavini Nəsir Muxtarlı həm atası, həm anası dünyasını dəyişəndə xərc də yığmadı, məktəb və məscid yolunu da abadlaşdırdı, onlarla imkansıza yardım da göstərdi.

Elə bu günlərdə Masallı rayonun Mahmudavar kəndində Fərəcov qardaşları rəhmətə gedən atalarının hüzründə yığılan 4 min manatdan artıq pulu kəndin bərbad gündə olan küçələrinin abadlaşdılmasına sərf edib, bərbad yola 10 maşından artıq qum-çınqıl tokdürmüşlər 

Belə nümunə göstərənlər az deyil. Lakin onlar da ehsan verməkdən vaz keçmədilər.

 

Bəziləri deyir ki, bunu inzibati yollarla həll etmək olarmı? Sən demə olarmış?

 

Türkmənistan nümunəsi

 

Bir neçə il öncə Belorusiyada müailəcə də olarkən  Türkmənistandan gəlmiş  ailə ilə hüzr barədə söhbətimiz oldu.

Həmin şəxs dedi ki, bizim əksər kəndlərdə kimsə ölürsə, qalan işlər hökumətlik olur. 

Yəni, yerlərdəki Xeyir-Şər Evləri hüzr sahibindən heç  nə almadan ölünün yuyulmasını, “əhlət ağaclarını”, kəfən - dəfn məsələlərini həll edir. 

Hüzr sahibinə də 100-150 nəfər üçün 3 gün müddətində yas mərasiminə  görə çay və şirniyyat üçün vəsait ayırır.

Yəni ki, hökumət bu məsələni özü həll edir, sakinlərinə ixtiyarına buraxmır.

 

Ukrayna nümunəsi daha təqdirəlayiqdir

 

Bu barədə bir neçə dəfə yazsam da, heyf ki, bəyənən çox olsa da, onu reallaşdırmağa heç bir rəhbər təşəbbüs göstərməyib.

Belə ki, bir neçə 18 il öncə Ukraynanın Kremençuk şəhərində Beynəlxalq təcrübə keçəndə  (0 vaxt bu şəhərin 233 min əhalisi var idi), şəhərdəki  parkda gəzən zaman buradakı oturacaqların üzərində yazılar gördüm. Ukrayna dilini bilmədiyim üçün izah etdilər ki, kimin əzizi ölürsə, onun yaxınları həmin şəxsin, ( vəfat edən şəxsin adını yazdırmaqla)  adına xatirə - oturacaq hazırlatdırıb parka qoyur. 

 

Onu da əlavə etdilər ki,  bu təşəbbüsdən sonra həmin parka o qədər oturacaq gətiriblər ki, mer daha iki park salmaq üçün  torpaq sahəsi ayırıb. 

(Masallıda Viləş çayının  sağ-sol sahilində  park adı ilə ayrılan yüz min manatlar xərclənsə də, hələ də bu park istifadə halına gəlməyib).  Həmin ərazinin  işıqlandırılması da çox sadə məsəldir.

Lakin bu layihəni reallışdırmaq əvəzinə  Masallıda bir neçə il öncə əsaslı təmir olunmuş parkları yenidən təmir edirlər.

Təsəvvür edin ki, İki rayonu birləşdirən, 40-a yaxın istirahət mərkəzinə gedən bu  yolun üstündəki körpünün sağ-sol sahilindəki ərazini  işıqlandırmaqla ətrafda necə mənzərə yaranar. Hələ çay kənarındakı gəzinti imkanın demirəm.

Hələ Türkiyədə, bir sıra Avropa ölkələrində vəfat etmiş valideynlərinin adına tikilər məktəblər, xəstəxanalar (“Sebilcanın atasının adına məktəb”, “Tatlısəsin valideynlərin adına xəstəxana” və sair)

 Son söz əvəzi:

Hüzr məclisində ehsan olsa   nə olar,  olmasa nə olar?

Xahiş edirəm ziyalılar, din xadimləri, ictimai birlik üzvləri  bu müzakirədə fəal iştirak etsinlər, fikirlərini bildirsinlər.  Kim ilk nümunə göstərmək istəyir? 

Mənin vəziyyət  -  təklifim isə qüvvədədir:

Mən dünyamı dəyişəndə-

  1. Hüzr məclisim 3 gün olsun;
  2. Hüzrdə xərc yığılmasın:
  3. Övladlarım və qohumların imkanları varsa 50, imkanları zəifsə 30 kasıb ailəyə ərzaq, yaxud yardımı göstərsinlər. (Bunu ərazidəki yolu, bərbad məktəbi və sair sosial obyekti abadlaşdırmaq, yaxud, 1-2 imkansız tələbənin təhsil haqqına yardımçı olmaq, 2-3 narkotik aludəcəsini müalicə etdirməklə də dEyilənləri  əvəzləmək olar.)

Cenub.az. Zahir Əmənov

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10