Vaxtilə Turgenev Fetdən bəhs edəndə demişdi ki, “Fet haqqında mübahisə açılmaz, kim onu hiss etmirsə, demək, əsl poeziyanı tanımır”. Bəzi tədqiqatçılar Feti belə bir absurd motivlə günahlandırırdılar ki, o, müasir problemlərdən yan keçir, onlara toxunmur və buna görə də onu talantsız şair hesab edirdilər. Ancaq böyük lirik sayılan Höte də yaşadığı dövrün problemlərinə toxunmurdu, onun üçün əsas olan təbiətin və insan qəlbinin adi baxışla tutulması mümkün olmayan incəliklərini üzə çıxarmaq, onlardan bəhs etməkdir. Buna görə poeziyada şairin qəlbi - könül dünyası ən birinci öyrənilməli sahədir. Ancaq bu sahəni öyrənmək üçün bizim əlimizdə hər hansı metod varmı? Biz əksər hallarda tamaşaçı qismində qalırıq. Poeziyada əsas məsələ budur - şairin qəlbi. O, aləmin seyrinə dalır, düşünür, bəzən içində çırpındığı zamandan sıyrılır, bir quşun səsinə qoşulub başqa əyyamlara səfər edir, orda hansısa ağacın başındakı quş yuvasına sığınır, o məmləkətdə kiminsə kədərinə sahib çıxır, ordakı qüssəyə bələnib geri qayıdır və sinəsinə çəkdiyi hissləri yaşadığı zamanın əsl keyfiyyəti kimi rəsm edir və həm də bütün zamanları susdurur. Hər şey bir-birinə çox qəribə şəkildə qarışdığından ilk baxışdan onun yazdığı mətnlər anlaşılmaya bilər, çünki şair - bütün dünyanı, heç kəsin güzarı düşməyən yerləri gəzib dolaşan ruhun əks etdirdiyi dünya sadə və ilk baxışdan oxunan bir şey deyildir, sən onu oxuduqca onun dili açılacaq, onun özünəməxsus dili yaranacaqdır, sən, müəyyən müddət keçdikdən sonra özün də onun dilinin bir elementi olacaqsan: