Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası


 

Kulis.az Nəriman Əbdülrəhmanlının "Şəms Təbrizi: Bir qeybin anatomiyası" adlı yeni yazısını təqdim edir.

(“Şəms” roman-qeybnaməsinə sözardı)

Şəmsəddin Təbriziyə və “Şəms” romanınacan yolum uzun, çox uzun çəkdi – düz 30 il sürdü...
Bu yolun başlanğıcında Şəms Təbriziylə bağlı əlimdə qırıq-sökük məlumatlardan, “Məqalat”ındakı bəzi rəvayətlərdən, məşhur “İki ümmanın qovuşması” hekayətindən, bir də Orxan Pamukun “Qara kitab” romanında qəzetçi Cəlalın verdiyi sualdan (“Şəms Təbrizini kim öldürdü?”) başqa bir sanballı tutalğa yox idi...

Onda heç əsl adının Muhamməd, “Şəmsəddin”in təkkədə verilən ləqəb (ümumiyyətlə, “əd-din” əlavə olunmuş bütün adların təkkələrdə verilmiş ləqəblər) olduğunu da bilmirdim...

Sonra qəzet-jurnalları, ardınca internet materialları rastıma çıxdı, Türkiyəyə hər səfərimdə kitab dükanlarını onun haqqında, yaşadığı dövrlə bağlı beş-on kitab tapdım, muzeylərə baş çəkdim, sənədli və bədii filmlərə, seriallara baxdım, amma o yazılanlarda, göstərilənlərdə, ekrana çıxarılanlarda sanki biçarə Şəms 63 yaşınacan qeybdə yaşamış, qəfildən də Konyaya göndərilmiş, Molla Cəlaləddinin qarşısına çıxarılmış, dillərdə dastan olan görüşdən sonra xəlvətə çəkiləndən sonra da iki Haqq Aşiqiylə bağlı şayiələr baş alıb getmişdi. Sonra olub-keçəni də hamı bilir: Şəms bir neçə dəfə Şama qaçır, Cəlaləddinin sitəmlərinə dözməyib qayıdır, onun qızlığı Kimya xatunla evlənir, axırda oğulluğu Alaəddinin də içində olduğu dəstə onu öldürüb quyuya atır...

Bu məşhur əhvalatı Elif Şafak kimi Eşq dastanına çevirən də, Orxan Pamuk, Ahmet Ümit sayaq kriminal macəraya, Sinan Yağmur təki bayağı sevgi əhvalatına çevirən qələm əhli də vardı...

Amma heç birində Şəmsəddin Təbrizinin 63 illik ömründən, Molla Cəlaləddini mövlanalıq mərtəbəsinə qaldıran şəxsin ovaxtacan yaşadığı ömürdən bir kəlmə belə yox idi...

Üstəlik də, Mövlana Şəmsəddin Təbrizinin üzərinə yüzillər boyu Mövlana Cəlaləddin Ruminin qatı kölgəsi çökmüş, ömrünün 63 ilini gözişləməz qaranlığa gömmüşdü...

Belə bir vəziyyətdə o, 63 ilin izinə düşmək, yaşanmış bir ömrün xronologiyasını bərpa eləməyə çalışmaq, Şəmsin öz təbirincə desək, “xəlbirlə su daşımağa” oxşayırdı...

2.

Üstəlik, dərinə getdikcə, ağlagəlməz fərziyyələr, versiyalar, variasiyalarla da üzləşməyə başladım: sən demə, Şəmsəddin Təbrizi əxilərin mürşidi Əxi Evrannın müridiymiş, onun Qeysəriyyədəki dərgahında yaşayırmış; Şəmsəddin Təbrizi, əslində, səbzəvarlıymış, Söyütdən Konyaya Hacı Bəktaş Vəlinin müridi sifətiylə göndərilibmiş; Şəmsəddin Muhamməd Əlamut imamının oğluymuş, Konyaya da moğollara (monqol-tatarlara) qarşı ittifaq qurmaq məqsədiylə gəlibmiş, sultana sözü keçən Molla Cəlaləddinə də ona görə yaxınlıq göstərirmiş...

Bu da azmış kimi, Şəms Təbrizinin ölüm versiyaları da cürbəcür, əksəri isə ağlasığmaz idi: onu Kimya xatunda gözü olan, atasından inciyib əxilərə qoşulmuş Alaəddin və yoldaşları öldürüb quyuya atmışdılar; onu konyalıları istilaçılara qarşı qaldırmağa çalışdığına görə, moğol casusları karvansaraydakı hücrəsində qətlə yetirmişdilər; onu moğol tərəfdarı olduğu üçün xaşxaşi fədailəri aradan götürmüşdülər; onu moğol casusu olan Cəlaləddin Rumi moğollara qarşı çıxdığına görə öldürtmüşdü; Şəms Konyada ölməmişdi, kəsik başını qoltuğuna vurub Niğdəyə getmiş, orda can vermişdi, şəhərdəki Kəsikbaş türbəsi də məhz onundu; Mövlana Şəms ölümdən yayına bilmiş, Xoya getmiş, ömrünü orda baş vurmuşdu; Şəmsəddin Təbrizi təqibdən yaxa qurtarıb doğma şəhərinə qayıtmışdı; Şəms Həzrətləri məmləkətləri dolaşa-dolaşa Multana (indiki Pakistan ərazisində) gedib çıxmış, ordakı dərgahda yaşamışdı...

Şəms Təbrizinin qeybə çəkilməsiylə bağlı iddialar da az deyildi: deyilənə görə, o, özünü tanıyandan can atdığı Haqqa qovuşmaq səadətini yaşayıb, düşmənlərinin əlindən qurtulandan sonra Allahın dərgahına ucalıb...

Fərziyyələrə, versiyalara, variasiyalara müvafiq olaraq Şəms Təbrizinin məzarları da sübut kimi göstərilirdi: o məzarların ikisi Konyada, biri Niğdədə, biri Xoyda, biri Təbrizdə, biri Multandaymış...

Mövlana Şəmsin yeddinci məzarının Göy üzündə, Allahın dərgahında olduğunu yazanlar da vardı...

Həqiqət, daha doğrusu, həqiqətin zərrələri o iddiaların hansındaydı – bunu ayırd eləmək heç də asan deyildi...

3.
Fars dilini bilən dostların köməyilə İran mənbələrinə üz tutmağım da fayda vermədi: o mənbələrdə Şəmsin obrazı daha tutqun, həm də daha dolaşıqdı, üstəlik də mənşəyilə bağlı ağlagəlməz fərziyələrlə doludu...

Belə bir vaxtda da rastıma konyalı yazıçı və araşdırıcı Melahat Kıyak Ürkməzin kitabları çıxdı...

Melahat xanım əvvəlcə Mövlana Cəlaləddin Rumi haqqında monoqrafiya və roman qələmə alıb, hər iki əsərində də stereotipləri dağıtmağı, hər kəsi öz mərtəbəsində təsvir eləməyi bacarıb...

Sonra çıxdığı yol onu Mövlana Şəmsəddin Təbriziyə aparıb, uzun araşdırmalardan sonra “Diyar-i Eşq: İlahi qasid Şəms-i Təbrizi” romanını, “Şəms-i Təbrizi” monoqrafiyasını qələmə alıb...

Romanı, əsasən, məlum çərçivədən kənara çıxmasa da, tədqiqatçı kimi, monoqrafiyayla bağlı haqqını vermək lazımdı: Şəmsəddin Təbrizi haqqında hələ ki, əlimə çatan ən mükəmməl araşdırmadı: müəllif Şəmsin şəcərəsi, yetkinliyə doğru gedən yolu, Molla Cəlaləddinin həyatındakı rolu sarıdan fərziyyərə, versiyalara, əsilsiz iddialara deyil, yalnız mənbələrə söykənib, nəticədə ortaya hələ ki, Şəms Təbrizi barədə ən sanballı araşdırmanı çıxarıb...

Üstəlik, Melahat Kıyak Ürkməz o araşdırmasında Şəms Təbrizi ömrünün İlahi missiyasını dəyərləndirməyi də unutmayıb...

4.

Məncə, tarixi roman yazan qələm sahibinin də missiyası var, həmin missiya da - əlbəttə ki, bədii siqlətlə yanaşı - üz tutduğu dövrün, qəhrəmana çevirdiyi şəxsiyyətin haqqını verməkdi, buna isə yüzlərlə örnək gətirə bilərəm...

Mən “Könül elçisi...” romanında Oruc bəy Bayatın, “Yolçu”da Mirzə Yusif Tiflisinin, “Qurban”da Yusif Vəzir Çəmənzəminlinin, “Taclı”da Şah İsmayıl Xətayi və Taclı xanımın haqqını qaytarmağa çalışmışam - buna nə qədər nail olduğumu araşdırıcılar və oxucular bilərlər...

“Şəms” romanı da istisna deyildi, Şəmsəddin Təbrizinin haqqını ağ lövhəyə oxşar 63 ilin səhifələrini yazmaqla qaytarmaq istəyirdim: onun Təbrizdən çox-çox uzaqlardakı Konyada Molla Cəlaləddinlə üz-üzə gəlməsi adi təsadüfin, məqsədli niyyətin nəticəsi ola bilməzdi, burda, şübhəsiz, uzun illər ərzində yetişən İlahi məqam və hikmət vardı...

Yüzlərlə əsərin mövzusuna şevrilmiş o “iki ümmanın qovuşması” Haqqa doğru gedən iki Allah Məşuquna verilmiş butaydı, həmin buta da gec-tez gerçəkləşməli, Mövlana Şəms 63 illik ömrünün yükünü Molla Cəlaləddinə ötürməli, onun mövlanalıq mərtəbəsinə ucalmasına təkan verməliydi...
Amma Şəms Təbrizi o vaxtacan zamanından və məkanından kənarda yaşamamış, Konyada da qeybdən zühur eləməmişdi, Azərbaycanda atabəylərin hökmran olduğu, məmləkətin Cəlaləddin Xarəzmşahla moğolların ölüm-dirim çarpışması meydanına çevrildiyi, Xilafətin, Anadolu Səlcuqlu dövlətinin, Əyyubi məlikliklərinin başı üstünü işğal təhlükəsi aldığı, o kabusa qarşı əxi hərəkatının genişləndiyi bir dövrdə yaşamış, zəmanəsinin ab-havasını canından keçirmişdi...

Bu səbəbdən, azı, 25 il ərzində zərrə-zərrə topladıqlarımı ipə-sapa düzməyə düz dörd il sərf elədim...

5.
Mənim Şəmsim “yeri-yurdu bilinməyən dərviş”, “Təbrizli şeyx” deyildi, əslən Xorasan türkmanı atadan, təbrizli anadan dünyaya gəlmiş, ona anadangəlmə İlahi əlamətlər bəxş olunmuşdu, mədrəsədə müdərrislərin təlqin elədiklərinə yox, özünün duyduqlarına, anladıqlarına inanırdı...
Mənim Şəmsim Haqqa çatmaq üçün çox oxumalı deyil, çox gəzməli olduğunu dərk eləyib mürşidlərə müridlikdən boyun qaçırır, Təbrizdən yola çıxır, Ərbildə və Bağdadda şeyxlərlə ünsiyyətə girir, Dər-əs-Salamda ona Allahın dərgahına yetişmək üçün altı qapıdan keçməli olduğu, üstəlik, üstəlik, bunu Can Dostunu tapıb gerçəkləşdirə biləcəyilə bağlı vəhyi gəlir...

Mənim Şəmsim Xəlifənin moğol təhlükəsinə qarşı Əyyubi məliklərkiylə dil tapmaq üçün göndərdiyi Şeyx Şihabəddin Sührəvərdinin həmsöhbəti kimi getdiyi Şamda ilk dəfə Can Dostunun nəfəsini duyur: həmin vaxt o şəhərdəki mədrəsədə oxuyan, atasının yerinə təkkə şeyxi olmağa hazırlaşan Molla Cəlaləddinlə üz-üzə gəlir, amma bir-birinin varlığını duysalar da, qovuşmaq üçün “bişmədiklərinə” görə, həmin məqamda bayılırlar...

Mənim Şəmsim Hələbdən keçir, Qeysəriyyədə Surətini – Əxi Evranın müridi Təbrizli Şəmsi – tapır, əxilər aləminə bələd olur, Ərzurumdakı mədrəsədə dərs deyir, moğol basqını zamanı Ərzincana köçməli olur, təhlükə Qeysəriyyənin başı üstünü alanda özünü Surətinə çatdırır...

Mənim Şəmsim Surətinin xahişiylə Malatyaya yolanır, qoşun yığmaq üçün gedən vəzir Şəmsəddin İsfahaniyə moğol təhlükəsinin lap yaxınlaşdığını xəbər verir, amma Qeysəriyyənin talan edilməsinin qarşısını almaq mümkün olmur...

Mənim Şəmsim daha sonra Surətinin təmənnasıyla Konyaya gedir ki, Karakoruma yola düşməyə hazırlaşan vəzir Cəlaləddin Karataya əsir götürülmüş bacıların azad olunmasıyla bağlı xahişini, həm də Molla Cəlaləddinə zindanda olan Əxi Evranın əvf edilməsi barədə təvəqqesini yaxın ünsiyyətdə olduğu sultana çatdırsın...

6.

“İki ümmanın qovuşması” da elə o məqamda baş verir...

Bağdaddan bəri Can Dostunu arayan Şəms o məqamacan həmin bəndənin məhz Molla Cəlaləddin oduğunu bilmir: hər şey – Şəmsəddinin “bişirməyə”, Cəlaləddininsə “bişməyə” hazır məqama yetişməsi - qarşılaşma - anında ayan olur...

Şəms nə özünü mürşid, Can dostunu mürid sayır, onun İlahi missiyası Molla Cəlaləddini kütlənin içindən çıxarmaq, Allah Məşuquna çevirməkdi ki, bunu da bacarır: xəlvətdən çıxan Cəlaləddin mollalıqdan, şeyxlikdən, müdərrislikdən əl çəkib üzünü Haqqa tutur, dodaqlarından inci kimi şeirlər tökülür...

Şəms bu yolda ayrılığın eşqi körüklədiyini yaxşı dərk eləyir, Cəlaləddini üç dəfə sınağa çəkir, onun Can Dostunu geri qaytarmaq üçün hər şeyə hazır olduğunu duyanda da əsl ayrılıq məqamının yetişdiyini anlayır...

Şübhəsiz, Şəms Təbrizinin ölümü də adi - yəni, Can Dostunun oğlu, Kimya xatunda gözü olan, kütlənin qızışdırdığı Alaədinin intiqamı, yaxud moğolların həmləsi, ya da Əlamut fədaisinin qəsdi - ola bilməzdi...

Şəms Təbrizi qeybə çəkilməliydi ki, ömrü boyu yol gəldiyi vəzifəsini – Haqqa yetişmək missiyasını – İlahi məqamda tamamlasın...
Bu səbəbdən, Şəmsin ölümü haqqında yeddi nəfər yeddi versiya danışır – o versiyalardan hansı daha ağlabatandı, buna isə oxucu özü qərar verir...

7.

Şəms Təbrizi nə qədər bizimdi, yəni, nə qədər Azərbaycan türk düşüncəsinə, Azərbaycan mədəniyyətinə mənsubdu?
Bu barədə nə qədər axtarış apardımsa, sevindirici bir nəticəyə rast gələ bilmədim: nə haqqında sanballı araşdırma aparılıb, nə yubileyi keçirilib, nə adı küçələrə verilib...

Nizami, Şah İsmayıl Xətayi, Tufarqanlı Abbas, Məhəmmədhüseyn Şəhriyar... kimi, Şəms Təbriziyə də sahib çıxmasaq, onun haqqını qaytarmağa çalışmasaq, zamanın qoynunda qeyb ola bilər...

“Məqalat”ın nəşri, Məsiağa Məhəmmədinin məlum sxem hüdudlarında kiçikhəcmli “Şəms və Mövlana” araşdırması, Elbəyi Cəlaloğlunun “Eşq dənizləri qovuşanda” dərvişnaməsi, Səadət Şıxıyeva və Könül Hacıyevanın elmi məqalələri... hələ dəryadan, cəmi cümlətanı, bir neçə damcıdı...
Türkiyədə Şəms Təbrizi haqqında, az qala, bir kitabxanalıq kitab nəşr olunub, ən azı, bunu örnək kimi qəbul eləməliyik...

2016-cı ildə Xoy şəhərində Beynəlxalq Şəms Təbrizi Qurultayı keçiriləndə alimlərimizin iştirak eləyib-eləmədiklərini, həmin ərəfədə forumun keçirilməsinə etirazını bildirib, Şəms Təbriziyə qarşı homoseksualizm və Mövlananın namusuna təcavüz eləməklə bağlı ittiham irəli sürən fars axund Əli Safi İsfahaniyə layiqli cavab verilib-verilmədiyini də bilmirəm...

Amma gələn il Şəms Təbrizinin 840 illik yubileyidi, AMEA, yəni, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu sanballı araşdırmalar aparılmasına, dövlət səviyyəsində tədbir keçirilməsinə, TÜRKSOY xəttiylə 2025-ci ilin “Mövlana Şəmsəddin Təbrizi ili” elan edilməsinə, hətta bu faktın YUNESKO məqamına çatdırılmasına nail ola bilərlər...

Hər halda, buna ümidimi itirməmişəm...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10